Türkçülük və romantizmin vəhdəti
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor
Böyük şəxsiyyətlər fiziki həyatlarını
başa vurduqdan sonra əbədiyyət ömrü
yaşayırlar. Hər yeni doğulan nəsil klassikin
yaradıcılığında öz fikri-mənəvi
suallarına cavab tapır, klassiklər hər nəsillə
yenidən doğula bilirlər.
Azərbaycan ədəbiyyatında belə sənətkarlardan
biri əqidəsinə görə totalitar sovet rejimi tərəfindən
repressiyaya məruz qalmış romantik şair və filosof
Hüseyn Caviddir. O qədirbilən milləti tərəfindən daim
xatırlanır, dərin məzmunlu, bədii-fəlsəfi
siqlətli əsərləri dönə-dönə çap
olunur, yeni-yeni nəsillər tərəfindən maraq və
ehtirasla oxunur. Hüseyn Cavidin bir şəxsiyyət və sənətkar
kimi böyüklüyü Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyevin klassik irsə ehtiramı və
böyük qədrşünaslıqla imzaladığı 24
oktyabr 2017-ci il tarixli sərəncamda
Hüseyn Cavidin ədəbi-tarixi mövqeyi obyektiv nəzəri
əksini tapmışdır.
Böyük
şair və dramaturqun 135 illik yubileyinin keçirilməsi
haqqında bu tarixli sərəncamda deyilir: “Hüseyn Cavid son dərəcə
dərin məzmunlu yaradıcılığı ilə
çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə
tarixi-mədəni dəyərlər bəxş etmiş
qüdrətli söz sənətkarıdır. O, Şərqin
zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək
və dünya romantizm ənənələrindən uğurla
bəhrələnərək Azərbaycan xalqının ədəbi-bədii
fikir salnaməsinə parlaq səhifələr
yazmışdır. Mütəfəkkir sənətkarın
neçə-neçə oxucu və tamaşaçı nəslinin
estetik zövqünü müəyyənləşdirən əsərləri
bu gün də öz monumentallığını və
yüksək təsir gücünü qorumaqdadır”. Hüseyn Cavid yaradıcılığına bu
konseptual qiymət gələcək tədqiqatlar
üçün yeni nəzəri metodoloji meyar rolunu oynayacaqdır.
XX əsr
Azərbaycan romantizmi beş mütəfəkkir
üzərində bərqərar olur: Əli bəy
Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd Hadi, Abdulla
Şaiq və Abbas Səhhət! Azərbaycan romantizminin
dünya romatizmindən fərqi və üstünlüyü
onda idi ki, o, qədim tarixə malik türkçülük məfkurəsi
ilə vəhdət təşkil edirdi. Adlarını çəkdiyimiz
beş romantik şair həm də beş
böyük türkçü idi. Bunlardan ikisi
Əli bəy Hüseynzadə romantizmin nəzəri,
Hüseyn Cavid isə bədii-fəlsəfi baneyi-karı hesab
oluna bilər. Azərbaycan romantizminin nəzəriyyəsi
və bədiyyəsi “Həyat”da və “Füyuzat”da sərgilənirdi.
Hüseyn Cavid ədəbiyyatımız və mədəniyyətimiz
tarixində bir böyük icadı - ona banilik səlahiyyəti
verən bu idi ki, Cavid mənzum dramaturgiyanın əsasını
qoydu və bununla da Azərbaycan poetik teatrını
yaratdı.
Hüseyn Cavid (24 oktyabr 1882-5 dekabr 1941) 1905-ci ildə
yaradıcılığa başlayıb. 1095-1913-cü
illərdə “Keçmiş günlər”, 1905-1917-ci illərdə
isə “Bahar şəbnəmləri” kitabına daxil olan
lirik-romantik şeirlərini yazıb. 1906-1908-ci
illərdə İstanbul Universitetinin tələbəsi ikən
yazdığı “Vərəmli qız” şeiri mükafata
layiq görülüb. Hüseyn Rasizadə
1909-cu ildə mənasəi “əbədi” olan “Cavid” təxəllüsünü
qəbul edib. Hüseyn Cavid aşağıdakı dram əsərlərini
yazıb: “Ana” (1910), “Maral” (1912), “Şeyx Sənan” (1914),
“Şeyda” (1916), “Uçurum” (1917), “İblis” (1918), “Afət”
(1921), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz”
(1929), “Səyavuş” (1932), “Xəyyam” (1934), “Şəhla”
(1935), “İblisin intiqamı” (1937). Bu on dörd əsərdən
beşi “Maral”, “Şeyda”, “Afət”, “Topal Teymur”, “İblisin
intiqamı” nəsrlə, qalanları isə nəzmlə
yazılmış mənzum dramlardır. Bu əsərlərdən
dördü tarixi mövzudadır. Burada müəyyən
mübahisəli məqamlar da var. Məsələn, mövzusu
sufi ədəbiyyatdakı bir hekayədən
götürülmüş “Şeyx Sənan” faciəsindəki
Şeyx Sənanın tarixi şəxsiyyət olması
mübahisəlidir. Eləcə də “Səyavuş”
əsərinin mövzusu birbaşa tarixdən yox,
Ə.Firdovsinin “Şahnamə” poemasından
götürülüb.
Azərbaycan mədəniyyəti tarixində poetik
teatrın banisi H. Caviddir. Şübhəsiz ki,
mənzum dramın özünəməxsus səhnə həlli
var. Əgər nəsrlə yazılmış dram əsərində
sözlərin tam surətdə hərəkət və əməllə
dolması şərtdirsə, mənzum dramda aktyor həm də
şeiriyyətin gözəlliyini tamaşaçıya
çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə
çatdırılması deməkdir. Burada
sözün fəlsəfi tutumu aktyorun ifasında aydın
verilməlidir.
Öz sağlığında H.Cavidə münasibət
ziddiyyətli olub. Bu münasibəti müxtəsər
söyləsək, deyə bilərik ki, 1920-1937-ci illərin ədəbi
tənqidi, bəzən kifayət qədər H.Cavidi başa
düşməyib. Yaşar Qarayevin məlum
qənaəti ilə desək, marksist tənqid romantik Cavidə
realizm ölçüləri ilə yanaşıb, “romantizm məhz
bir romantizm kimi rəhlil əvəzinə realizmin xüsusiyyətləri
baxımından təftiş edilir” (Yaşar Q. Realizm: sənət
və həqiqət Bakı, Elm, 1980, s.25). Y.Qarayev
20-30-cu illərdə H.Cavid ətrafında gedən mübahisələri
qiymətləndirərək yazıb: “Vulqar əyrintilər və
ifratlar nəzərə alınmazsa, Cavid ətrafında ədəbi
elmi mübahisələrin də əsas pafosunu, “Cavid
uğrunda mübarizə” devizi ilə ifadə etmək olar. Hüseyn Cavidə qarşı ən kəskin
ittihamlarında da ciddi əbədi tənqid onun böyük və
bənzərsiz istedadına, heysiyyət və şəxsiyyətinə
hörmət çərçivəsindən kənara
çıxmamışdır” (Yaşar Q. Ədəbi
üfüqlər. B.Gənclik. 1985. S.114.). Tənqidçinin “Sənətkar və tarix”
adlı geniş tədqiqat məqaləsindən gətirdiyimiz
bu fikir belə bir həqiqəti ifadə edir ki, H.Cavid və
onun bənzərsiz irsi şairin sağlığında da
müasirləri tərəfindən yüksək qiymətləndirilib.
20-30-cu illərdə H.Cavid barəsində ən
çox və ən yaxşı yazan ədəbiyyatşünas
və tənqidçi 1937-ci ildə H.Cavidlə bərabər
repressiya qurbanı olmuş Hənəfi Zeynallı idi.
Onun “Şeyda” xüsusunda qısa bir mülahizə” (1923),
“Maral xüsusunda qısa mülahizə” (1923), “Hüseyn
Cavidin yazdığı “Peyğəmbər” haqqında
mülahizələrim” (1926), “Şeyx Sənan” haqqında
mülahizələrim” (1926) məqalələri həm
20-30-cu illər tənqidinin, həm də Azərbaycan
cavidşünaslığının qiymətli nümunələri
hesab oluna bilər. H.Zeynallı “Peyğəmbər” əsərinə
həsr etdiyi məqalədə yazır: “Hüseyn Cavid bir
Osmanlı ədəbiyyat dəstpərvərdəsi, bir azərbaycanlı
balası olduğu üçün ədəbiyyatımızda
göstərdiyimiz dairə xaricinə çıxmamış
qalmışdı.
Kim bilir, bəlkə bu hal müvəqqəti bir zaman
üçündür. Bəlkə də biz burada bu sətirləri
mütaliə edərkən möhtərəm şairimiz nə
kimi möhtəşəm və böyük bir mövzu
düşünür ki, birdən-birə parlasın, əsrinin
fövqünə çıxmış olsun.
Böyük mövzu dedik; məhz Cavidin ən zəif
nöqtələrindən biri də böyük
mövzuları alıb üzərində çox
çalışmamasıdır.
Cavid bir
“Şeyx Sənan” yazar, bir “Uçurum” açar, bir “Afət”
doğurar, bir “İblis” rəqs etdirər, bir “Peyğəmbər”i
yaratmağa qeyrət edər, bəlkə də indi bir
Çingiz, yarın bir İskəndər, ertəsi gün də
bir Lenin diriltməyə can atacaqdır”
(Cavidşünaslıq II-III cild. 2007, s. 190-191.) Bu mülahizələrdə 20-ci illər tənqidinin
- vulqar sosioloji tənqidin özünün nəzəri-metodoloji
ziddiyyətləri əksini tapıb. Xoşbəxtlikdən
H.Cavid “Lenin diriltmədi”, bir türk olaraq həbsxananı
seçdi.
H.Cavidin mənzum dramları, o cümlədən, tarixi
dramlar Azərbaycan romantizminin poetika və estetikasını
özündə əks etdirən bitkin nümunələrdir. Bu əsərlər,
xüsusilə, “Şeyx Sənan” bütün rişələri
ilə Şərq mənəviyyatına, 1300 ildən
artıq tarixi olan böyük təsəvvüf ədəbiyyatına
və fəlsəfəsinə bağlıdır. Ümumən Şərq mədəniyyətləri
üçün xarakterik olan təkamülü inkişaf
meyli XX əsr Azərbaycan romantizminə də öz əsaslı
təsirini göstərmişdir. “Bu cərəyana mənsub
olanlar, səsi çox uzaqlardan, qoca Şərqin “İncə
hikmətlər” fəlsəfəsindən gələn
“ümumi məhəbbət” ideyasını təbliğ
edirdilər, onu ən böyük xilaskar ideya
sayırdılar” (Məmməd Cəfər. Azərbaycan ədəbiyyatında
romantizm. Seçilmiş əsərləri.
II c. S.19.). Bu bir həqiqətdir ki, təkcə
Azərbaycan romantizminin Ə.Hüseynzadə, M.Hadi, H.Cavid,
A.Şaiq, A.Səhhət və b. kimi görkəmli nümayəndələri
yox, həmçinin, Türkiyə romantizminin Ə.Hamid, T.Fikrət,
R.Tofiq, N.Kamal kimi qüdrətli şəxsiyyətləri orta
çağlar Şərq romantikası və sufizmlə - təsəvvüflə
sıx bağlı olmuşlar. Hətta belə
demək olar ki, həm Türkiyə, həm də Azərbaycan
romantizmi dahi Füzulinin XX əsrə gətirilməsi idi.
Akademik Məmməd Cəfər Cəfərov belə bir fikrə
gəlir ki, “Cavidin dramları içərisində dram sənəti
nöqteyi-nəzərindən nisbətən zəif əsərlər
“Peyğəmbər” və “Topal Teymur”dur” (Məmməd Cəfər.
Seçilmiş əsərləri. s. 226.).
Beləliklə, müqayisədə belə nəticəyə
gəlmək olar ki H.Cavidin nəsrlə yazdığı
dramlar, nəzmlə yazdıqlarından bir qədər zəifdir. H.Cavid
dramaturgiyası öz poeziyası ilə güclüdür.
Böyük dramaturq şeirin gücü, fəlsəfəsi,
pafosu ilə güclü ehtiraslara malik xarakterlər yarada
bilir. Görkəmli alim (Məmməd Cəfər
- G.Ə.K.) H.Cavid dramaturgiyasının sənətkarlığını,
bədii-fəlsəfi qüdrətini şərh edərək
aşağıdakı qənaətlərə gəlirdi.
“Cavidin dramları əsas etibarilə xarakterlər
dramıdır”.
Cavidin öz poetikası var. O, bir sistem təşkil edir. Əruzşünas
alim Ə.Cəfər qeyd edir ki, H.Cavidin eyni şeirdə həm
əruz, həm də heca işlətməsi poetik yenilikdir.
Belə poetik novatorluq onun həm poeziyasında,
həm də mənzum dramlarında çoxdur. H.Cavidin mənzum dramları yüksək poeziyası
ilə deyil, həm də dramaturgiyası ilə səhnənin
bütün tələblərinə cavab verir. H.Cavid dilə və şeiriyyətə hakim sənətkar
idi. X.Əlimirzəyev bu barədə yazır: “H.Cavid
şeirin, poeziyanın daxili sirlərini, mexanikasını,
estetik imkanlarını yaxşı bilən qüdrətli
şair, parlaq istedad sahibi idi. Yüksək
şeiriyyət, bədii vüsət onun həm ümumi
yaradıcılığı, həm də dram əsərləri
üçün eyni dərəcədə səciyyəvidir.
Güclü romantik pafosa, psixoloji təsirə malik lirik, tragiq
dialoq və monoloqlar ustası olan H.Cavidin pyeslərində
şeir dili dram sənətinin və səhnə dilinin tələblərinə
uyğun olaraq, yeni məna və ifadə çalarları,
xüsusi dramatizm kəsb edir, hadisə və obrazların bədii
siqlətini, emosionallığını artırır, fikir və
ideyanın daha yaxşı açılmasına, dərindən
qavranılmasına imkan yaradır, bütünlüklə
poetik məziyyətə çevrilir” (Əlimirzəyev X.
Dramaturgiyamızda ideal və qəhrəman. S.
156). Bu mülahizələri eynilə “Cavid teatrı”na da aid etmək olar.
H.Cavidi
dünyanın böyük romantik sənətkarlarından fərqləndirən
qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi
Şərqin və bütün dünyanın ən kamil fəlsəfi
cərəyanı olan sufizm bulağından dirilik suyu
içib. Onun qəhrəmanları Haqqın dərgahına
gözəllik və sevgi qanadlarında gedib çata bilərlər.
“Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm
də səma şairiyəm” - misraları H.Cavidin
bütün çərçivələri
söküb-dağıdan, əngin səmalara qapı
açan romantik fəlsəfəsidir. Xudanın
hələ heç kimin görmədiyi hüsnü ən
kamil hüsndür. H.Cavid bu məchul, fəqət
əbədi gözəllik mənbəyi olan ilahi hüsnü
tərənnüm edir.
Şeyx Sənan ona “piri-mürşid” - deyə müraciət
edir. O,
Xumarı görüncə, “Lailahə illəllah!” - deyə kəlmeyi-şəhadət gətirir,
ona ilahi bir varlıq kimi səcdə qılır, onu “nuri-həqq”
adlandırır. Xumar da Şeyx Sənanı
eyni ucalıqda qiymətləndirir.
Əvət,
ən möhtərəm, nəcib insan...
Hələ
dursun kəmalı, mərifəti
Onda var
sanki evliya sifəti
Bu, artıq insani yox, ilahi-mistik bir qiymətləndirmədir. Şeyx Sənan sevgini
ucalığa doğru hərəkət, ülvi bir yüksəliş
hesab edir: “Bəni hər kim sevərsə,
yüksəlsin!” - deyir, “Şeyx Sənan” əsəri
mistik-sufi bir sonluqla başa çatır. Romantik
faciənin səbəbi ilahi eşqdir. Eşq
və etiqad, ibadət və məhəbbət
arasındakı konfliktdə eşq etiqada... qalib gəlir.
Şeyx Sənan Xumara olan ilahi sevgidə məxluqdan
Xaliqə gedən yolu intixab edir. Şeyx Sənanın (Məcnun
kimi!) adi insanlıqdan çıxdığını
artıq iki adam dərk edir: Dərviş və
Xumar! Dərviş Sənana deyir:
Fəzli-həqq
runüma kəmalında,
Parlıyor nuri-həqq cəmalında.
Səndə
bir əhli-hal əlaməti var,
Səndə əlan xuda qiyafəti var.
Göründüyü
kimi, H.Cavid Dərvişin dili ilə Şeyx Sənanı
sırf sufi qəhrəman kimi təqdim
edir. Dərviş H.Cavidin öz obrazı idi.
Sidqi Ruhulla xatirələrində yazır: “H.Cavidin “Şeyx Sənan”
faciəsinin tamaşasında mən həmişə dərviş
rolunu ifa edirdim. Sonralar bu rolu bəzən başqa artistlər
də ifa edirdilər... Mərhum H.Cavid həmişə mənə
deyərdi: “Qardaşım Sidqi! Bu əsərdəki
Dərviş mən özüməm. Unutmayın
ki, Siz məni oynayırsınız”. Beləliklə
də Dərviş əsərdə dramaturqun bədii-fəlsəfi
qayəsini, estetik idealını əks etdirən obrazdır.
Və
daha bir fakt maraqlıdır: Xumar Şeyx Sənanın aləminə
röyada, xəyalda daxil olur. Amma Cavid onu
röyada saxlamır, yerə endirir, Sənana real şəkildə
təqdim edir. Sənan öz qeyri-adi, ilahi
məhəbbəti ilə onu yerdən göyə-səmalara
qaldırır, ona mələk kimi uçmaq qüdrəti bəxş
edir. Şeyx Mərvan Şeyx Sənanı
bir qadından ötrü dini-imanı atmaqda qınayanda Sənan
Xumar “qadın deyil, mələkdir” deyir, onu “üluhiyyət
heykəli” adlandırır.
XX əsr Azərbaycan romantizmi XIX əsr Avropa romantizmindən
fərqli olaraq dini-moralist romantizm deyil, vətəndaş
romantizmi idi. Avropada romantizmi bir ədəbi-fəlsəfi cərəyan
kimi sentimentalizm hazırlamışdı. Ona
görə də Avropa romantizmində emosionallıq, bundan
dolayısı dini-moralist istiqamət güclü idi. Vətəndaş idealının tərənnümünə
Avropa romantikləri - İngiltərədə Bayrom və
Şelli, Fransada Viktor Hüqo, Almaniyada daha zəif şəkildə
Helderlen çox-çox sonralar gəlib çıxdılar.
Azərbaycan romantizmi əslində, Avropa
romantizminin bitdiyi, tükəndiyi yerdən başlandı.
Bu, tamamilə yeni dövrün - tarixdə milli azadlıq hərəkatları
epoxasının idealları ilə nəfəs alan
romantizm idi. Azərbaycan romantizminin bir fərqli
cəhəti də var idi, o, məsələn, M.Hadinin
yaradıcılığında diqqəti Millət, Azadlıq
və Vətən taleyinə yönəltməklə bərabər,
həm də özünün insan idealında millilik və
ümumbəşəriliyi birləşdirdi. Hər halda, romantizm millətin diqqətini onun
özünə yönəldə bildi. Bütün
hallarda romantizmin bir bədii-fəlsəfi cərəyan kimi
dönməz prinsipi dəyişməz qalırdı. O
prinsip belə idi: “İncəsənət varlığın təhlili
deyil, ideal həqiqət axtarışıdır” (Jorj Sand). Azərbaycan
romantizminin korifeyi, filosof şair Hüseyn Cavid də məhz
H.Cavid təkcə XX əsr romantizminin qüdrətli nümayəndəsi
deyil, həm də Azərbaycan poeziyasında dahi M.Füzuli
yaradıcılığında zirvələşən
romantikanın qanuni, istedadlı varisidir. H.Cavidi göylərə
qaldıran həm də insanı məcnunlaşdıran sufi əbalı romantika idi. H.Cavid
ideal həqiqət axtara-axtara əsrlərin üstündən
adlayıb məxluqun xaliqə məhəbbətini
ideallaşdıran Füzuliyə gəlib
çıxmışdı. Bu ülvi
görüş, təbii ki, yerlərdə yox, səmalarda
baş tutmuşdu.
Romantiklər millətin dərdlərini, vətənin
müşkül taleyini, insan əzablarını
görüb, onlara əlac edə bilməyən, elə buna
görə də səmalarda səadət axtaran şairlər
idi. Öz
dövrünü “Libası gecələrin
qaranlığından biçilmiş mühit” adlandıran
M.Hadi ürək qanı ilə yazırdı:
Dağa
dersən eşidər, sonra verər əksi-səda
Daşa dönmüşlərə əks eyləmədi
fəryadım.
Böyük
filosof H.Cavid isə belə deyirdi:
İdrakı
sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə
oyuncaq.
H.Cavid xəyal,
şübhə və həqiqət arasında
çırpınır, böyük ümidlə ideal həqiqət
axtarırdı:
Hər
qaranlıqda çırpınır bir nur
Hər həqiqətdə bir xəyal uyuyur.
H.Cavidə
görə, “mütləq həqiqət eşqdir”, “kədər
idrak və düşüncə əlamətidir”, “məhəbbətdir
ən böyük din”, “fəda olmaq yaşamaqdan
üstündür”.
Romantiklərin, o cümlədən, böyük filosof şair H.Cavidin faciəsi bunda idi ki, onların səmalarda xəyaldan qurduqları büllur səadət sarayları yer həqiqətləri ilə üz-üzə gəlib toqquşur və çilik-çilik olurdu. Bu, əslində, romantik ülviyyətin bədii-fəlsəfi təsdiqi idi.
XX əsrin 20-ci illərini yeni proletar ədəbiyyatı vintçiliyi, təkərçiliyi tərənnüm etdiyi bir dövrdə, ədəbiyyatın Lenindən və Stalindən böyük adam tanımadığı bir dövrdə səhnəyə türkün böyük oğlu Əmir Teymuru, ulu peyğəmbər Məhəmməd Əleyhüssəlamı, filosof-şair Ömər Xəyyamı çıxardı. Bu, böyük cəsarət, yenilməz iradə, möhtəşəm tarixi uzaqgörənlik idi. Bu, eyni zamanda, H.Cavid romantizminin türkçülüklə bağlılığından irəli gəlirdi.
525-ci qəzet.-23 dekabr.-S.25.