Atı qanadlı atlı
Rafael HÜSEYNOV
Akademik, Milli Məclisin deputatı
Möcüzələr yaradan, özü də bir
möcüzə olan insanlarla eyni zaman içərisində
yaşamaq, onlarla təmas saxlamaq, qeyri-adiliklərini bilə-bilə
adi insanlardan biri kimi onlarla gülüb-danışmaq, fikir
bölüşmək, yol yoldaşı olmaq bəxtiyarlıqdır. Çünki onların əsərləri
ilə hamıya bağışladıqları gözəlliklərdən
savayı, bu ünsiyyətlər sənə əlavə bir
işıq, güc verir, onlarla nəfəslərini duyacaq qədər
yaxınlıqdan zənginləşirsən, hər an canlı tarixlə birgə olduğunu
duyursan.
Düşünürsən
ki, axı 50, 100, 200 il keçəndən
sonra da bu əsərlər qalacaq və artıq bizlərin
olmadığımız çağlarda da yeni-yeni insan nəsillərini
məftun edəcək, düşündürəcək,
onlarla da danışacaq.
Yaxud sənin
bunca yaxın olduğun yaradıcı şəxsiyyət elə
indinin indisində də lap çoxları üçün əlçatmazdır,
sadəcə adını bilirlər, uzaqdan-uzağa
tanıyırlar, sənsə, az qala, hər
gün onunlasan.
Xatırlayıram, Filarmoniyada böyük dirijorumuz
Niyazinin məşqlərini, çaldığı yerdə
arada orkestri dayandırmasını, kiməsə əsəbiləşməsini,
hansısa parçanı təzədən izah etməsini, o məqamda
bəzən əmisi Üzeyir bəyli, ya dünənin
hansısa digər dahi sənətkarı ilə bağlı
xatirələrini danışmasını.
Məşq bitərdi, gedərdik evlərinə, şam
edərdik, köhnə, nadir bir əlyazma kimi vərəq-vərəq
açılaraq yenə söhbətləriylə məni
heç bir kitabda oxuya bilməyəcəyim maraqlı aləmlərə,
xatirələrinin əlvan dünyasına aparardı.
O və
onun kimi neçə belə müstəsna şəxsiyyət
ki 1970-80-ci illərdə, artıq xeyli yaşlı
çağlarında məni tale onlarla həmsöhbət,
simsar etmişdi, çoxdan haqq dünyasındadırlar. Lakin işıqları mənimlə qalır. Onlar olmasaydı, mən mən olmazdım, mənəviyyatca
belə olmazdım. Özləri gediblər,
əsərləri qalıb. Bu gün mən
onların əsərlərində məhz həmin unudulmaz
görüşlərimin sayəsində hər kəsə
müəssər olmayan çox gözəllikləri, sirləri
görə bilirəm. Əsərlərini
seyr edirəm, dinləyirəm, oxuyuram, yanımdaymış
kimi hənirlərini duyuram, o əsərlərlə
bağlı şərhlərini, yozumlarını, hansısa
tarixçələri sanki öz səslərində yenidən
eşidirəm.
Çaplinin
qızları xatırlayırdılar ki, atamız, dünya
kinosunun həmin təkrarsız Çarlisi hələ
heç kəsə görsənməmiş səssiz filmlərini
böyük ekranlara çıxmazdan əvvəl evə gətirərdi,
bizimçün nümayiş etdirərdi, arada
danışardı, izah edərdi, bax bunu çəkəndə
filan hadisə oldu deyə nağıl edərdi və biz o
zaman təsəvvür etməzdik nə qədər nadir
insanlarıq ki, Çarli Çaplinin səssiz filmlərinə
onun öz səsinin müşayiəti ilə baxa bilirik.
Böyük heykəltəraşımız Ömər
Eldarovun yaratdıqları, - bu, sadəcə ehtimal yox, qəti
inamımdır ki, bizdən sonra yüzillər boyu
yaşayacaq. Ən əvvəl ona görə ki, bu əsərlərin
əksəri vaxtın nimdaşlaşdıra bilmədiyi, ovub,
qocaldıb sıradan çıxarmaqda aciz olduğu qranitdən,
tuncdan, mərmərdən düzəldilib. İkincisi və ən əsası isə o səbəbdən
ki, bunların hərəsi bir qənirsiz gözəlliyin
daşıyıcısıdır.
Xoşbəxtəm ki, indi meydanlarımızı bəzəyən
o əsərlərin neçəsini hələ heç kimə
görünmədiyi çağlarda, yaranış əsnasında
heykəltəraşın emalatxanasında görmüşəm,
ay-ay, gün-gün necə yarandıqlarına şahid kəsilmişəm. Hətta həmin
dəqiqələrdən bəziləri tarixiləşib də.
Hüseyn Cavid haqqında 1992-ci ildə çəkdiyimiz
sənədli-publisistik “Qayıdış” filmində
şairin qızı Turan xanımla Ömər müəllimin
emalatxanasında olduğumuz anlar var. Hələ “Cavid” orada -
emalatxananın divarları arasındadır. Ya həmin
filmdən başqa kadrlar - oçağkı Nərimanov, indiki
Cavid prospektində kamera qarşısında növbəti
müsahibimlə üz-üzəyik, indi heykəlin
ucaldığı yerdə isə qazılmış iri bir
çuxur var ki, ora abidə üçün təməl
töküləcək...
Ömər Eldarovun yaratdığı nə varsa, hərəsi
özünə görə sevimlidir, vaxt ötdükcə
onların dəyəri qat-qat artacaq, əsərlərinin
hansısa tamamlanmamış fraqmentləri belə qiymətəsığmaz
dəyər qazanacaq. Necə ki, bu gün Parisdə Rodenin
muzeyində onun yalnız bəlli əsərləri deyil, hətta
qaralamaları belə heyrətli cazibəsi ilə
sıra-sıra insanı uzun dəqiqələr boyunca
qarşısında dayanmağa, seyr edib valeh qalmağa, fikrə
dalmağa sövq edir.
Amma bütün böyüklüyünü anlaya-anlaya
bir məqam var ki, orada Ömər Eldarovla şərik deyiləm. Onun ən
gözəl əsərlərindən biri şairə
Xurşidbanu Natəvanın heykəlidir. 1960-cı ildən
Bakıda, indi öz adına olan məkanda
ucalan “Natəvan”ın qarşısında bir dəfə
Ömər müəllimlə dayanmışdıq. Söylədi ki, bu heykəlin yeri çox gözəl
olsa da, bir baxımdan ürəyimcə deyil - abidə
işığa qarşıdır. Günün
çox saatında onun yaxşı şəklini çəkmək,
heykəli əsl görülməli olduğu kimi görə
bilmək mümkün deyil.
Ustadın bu qənaətini heç vəchlə qəbul
etmirəm. Mənə görə, Natəvan heykəlinin ən
dəqiq, ən münasib yeri elə məhz indiki nöqtədir.
Nə bir metr oyana, nə bir metr bu yana.
Mən, bəlkə də, yeganə adamam ki, hər
gün Ömər Eldarovu görürəm. Yalnız əyani
görüşlərimizi nəzərdə tutmuram. Əlbəttə, günlərlə
görüşmədiyimiz, söhbətləşmədiyimiz
də olur. Lakin hər gün işə gəlirəm və
mənim Nizami muzeyindəki iş otağımın pəncərəsindən
o heykəl görünür və yaratdığını
seyr etmək də elə müəyyən mənada sənətkarın
özünü görməyə bərabərdir.
Ömər Eldarov kimi müstəsna sənətkarlarınsa
yaratdıqlarının hər birində mütləq öz
surəti, öz dünyası da var. Doğrudur, heykəltəraş
çox zaman sifariş yerinə yetirir, ona
tapşırılan obrazı yaradır. Ancaq iş onun əlindən
çıxdığından o, öz ruhunu,
varlığını, daxili dünyasının özünəməxsusluqlarını
da hökmən nə şəkildəsə əsərinə
əlavə edir.
Ömər Eldarovun yaratdığı heykəllərin
hər birində əzəmət, məğrurluq var. Bu da
görkəmli heykəltəraşın yaradıcılıq
fəlsəfəsidir ki, onsuz da böyük olan qəhrəmanlarını
əsl həyatda olduğundan da üstün, nəhəng,
daha da qəhrəmanlaşdıraraq təqdim etməyi sevir. Di gəl, bu
abidələrin hər birində həm də xəfif kədərin,
çəkilmiş hansısa dərdin, yaşanmış
hansısa ömür müşküllərinin izi də
duyulur.
Bu, bütün rəngarənglikləriylə həyatdır,
elə gerçək ömürdə də hər insan, adətən,
məhz belə olur. Lakin orası da var ki, bu cür
yanaşmanı hər heykəltəraşın yonduğu hər
abidədə görmürük. Ona
görə də bolluca abidələrin əksəri elə
soyuq daş, hisslərimizi tərpətməyən cansız
bürünc heykəllər olaraq qalır. Ömər Eldarovun yaratdığı heykəllərin
hamısı isə sanki nəfəs alır, diridir.
Ömər Eldarovun yaradıcı ömrü uzundur və
heykəl yapmağa (doğrudur, hələ plastilindən) 6
yaşından başlayıb. 1933-cü ildən,
Bakıda gənc istedadlar üçün rəssamlıq
studiyasına gedib-gəlməyə başladığı
vaxtdan indiyəcən Ömər Eldarov əsl sayını
özünün də müəyyən etməkdə çətinlik
çəkəcəyi qədər çoxlu əsərlər
yaradıb. Əksəri də bir-birindən
gözəl. Fəqət mənim
gümanımca, onun sürəkli yaradıcılıq həyatı
boyu doğurduqları həm mövzu, həm icra
baxımından nə qədər müxtəlifsə də,
hamısını qovuşduran bir cəhət var.
Ömər
Eldarovun ilk böyük əsəri 1951-ci ildə indiki
Sankt-Peterburqda, ovaxtkı Leninqradda İ.Repin adına
Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq
İnstitutunu bitirərkən düzəltdiyi “Gənc
qvardiyaçılar” adlı çoxfiqurlu kompozisiyadan ibarət
diplom işidir. Ömər Eldarov 1941-1945
müharibəsi əyyamlarının məhrumiyyətlər
dadmış uşaqlarından idi. Və
üstəlik, həmin davanın müdhiş günlərini
bütün dəhşətiylə yaşamış
Leninqradda 1945-51-ci illərdə təhsil almışdı.
Həmin vaxtın gəncliyinə isə vətənpərvərlik
duyğuları çox xas idi. Ona görə
də faşizmə qarşı mübarizədə ad
çıxarmış, 100-ə yaxın üzvü olmuş
gizli təşkilat haqqında gənc Ömərin əsər
yaratmaq istəyi təbii idi. Yəni ən
kiçiyinin 14 yaşı olmuş bu qəhrəmanlara o vaxt
da, ondan sonra da xeyli sənət əsəri həsr edildi.
Gənc qvardiyaçılar, bir növ,
mübarizliyin, yenilməzliyin, düşmən
qarşısında əyilməzliyin rəmzinə
çevrilmişdilər. Ömər
Eldarovun tuncdan olan bu qorelyefində həmin sınmaz gənclərdən
səkkizi təsvir olunmuşdu. Qəhrəman
ruhu, düşmənlə barışmazlığı, son
qanınadək mübarizəyə hazır olmaq təəssüratını
bu əsəri görən elə ilk baxışdanca hiss
edirdi. Lakin sovet ideolojisinin qəhrəmanlar
anlayışına baxışı bir qədər fərqli
idi. Sovet realizmi öz qəhrəmanlarının
ütülü, qüsursuz, əyər-əskiksiz
olmasını tələb edirdi. Diplomçu
Ömər Eldarovun əsərindəsə gənc qəhrəmanların
qüruru, igid duruşu ilə yanaşı, çəkdikləri
əzablar, məruz qaldıqları ağrı,
aldıqları yaralar da qabarıq tərzdə gözə
çarpırdı. Hər halda, müəllimləri
özləri də püxtə sənətkarlar, dərin
bilicilər olduqlarından bu işi çox bəyənmişdilər.
Ömərgil İ.Repin institutunun müharibədən
sonrakı ilk buraxılışı idilər və ona
görə də xeyli dərəcədə təbliğat məqsədi
ilə, mətbuatda bu barədə qələbədən
sonrakı daha bir təhsil, sənət uğuru kimi söz
açmaq niyyəti ilə diplomçuların işlərindən
ibarət sərgi təşkil edilir, Sovet İttifaqı
Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri,
Büro üzvləri - yəni o dövrün ən ali hakimiyyət
pilləsinin yüksək təmsilçiləri həmin
işlərə baxmaqçün instituta təşrif gətirirlər.
Nisbətən
cavan və vəzifəcə aşağı olanlardan biri
Ömərin “Gənc qvardiyaçılar”ını görən
kimi çımxırır: “Bu nədir? Siz neyləmisiniz,
belə də qəhrəmanlar olar?! Bunlar
ki cır-cındır içindədirlər!”
Əsərinin
yanında dayanmış bəstəboy Ömər sanki bir az da balacalaşır, zəif səslə nəyisə
izah etməyə, əsaslandırmağa, özünə bəraət
qazandırmağa ürkək bir cəhd edir.
Partiya
işçisi kobud şəkildə onun sözünü kəsir:
“Nədir, fikrimizlə razılaşmaq istəmirsən?”
Əslində, zahirən o məmurun dediyində
gerçək vardı. Belə olmağına, həqiqətən,
belə idi. Təsvir olunan gənclərdə
hansınınsa yaxası cırılmışdı,
hansısa yaralı idi, yıxılmasın deyə
dostlarına dirsəklənmişdi, hansınınsa heç əynində
köynəyi yox idi, bir başqasının yorğun sifətinə
o anlarda çəkdiyi ağrının kölgəsi
qonmuşdu. Lakin bu, bir müharibə səhnəsi
idi, onlar bəzənib-düzənib teatra tamaşaya gəlməmişdilər.
Ancaq sovet dövrünün adətlərinə görə,
bu səviyyəli partiya və dövlət adamlarının
sözünü həqiqətin ən ali
ifadəsi sayar, müzakirəsiz qəbul edərdilər,
etirazdan-filandan söhbət gedə bilməzdi.
İndi təsəvvür
edin ki, həmin məmurun sözü keçir və Ömərin
diplom işi qəbul edilmir, adı düşür sovet
gerçəkliyini təhrif edənlərin “qara
siyahı”sına, hətta diplom alıb-almayacağı da
qalır sual altında.
Bircə anda bütün gələcəyi həll oluna
bilərdi.
Lakin
işin avandlığından gələn rəsmi qonaqlardan
daha təcrübəli olan bir başqası əslində
bayram kimi düşünülmüş bu baxış mərasimini
xırdaca bir qanıqaralığın poza biləcəyini
sezərək dərhal həmkarına etiraz edir: “Niyə, hər
halda fikir aydındır, pis deyil”.
Və təhlükə sovuşur.
Sonra Ömər Eldarov çox əsərlər
yaradacaq, gün gələcək, Sovet İttifaqı da
dağılacaq, gənc qvardiyaçılar mövzusu da cəlbediciliyini
itirəcək, tarixin arxivinə çökəcək, “Gənc
qvardiyaçılar” Ömər Eldarovun möhtəşəm
əsərləri sırasında çox zaman heç yada
düşməyəcək.
Həmin
dövrün, həmin ideologiyanın diktəsi ilə
Bakıda və Azərbaycandan kənarlarda Ömər Eldarovun
inqilab və müharibə mövzusunda yaratdığı
başqa əsərlər də olub ki, sənət
baxımından nə qədər dəyərli idilərsə
də, onları doğurmuş ideologiyanın süquta
uğraması ilə əsərlər də ölüb.
Sözün birbaşa mənasında!
Bakıda Ömər Eldarovun düzəltdiyi A.Caparidzenin
abidəsi vardı. Hanı? Heç izi də
qalmayıb! Yaxud Sevastopolda “Qırmızı bayraqlı Azərbaycan
atıcı diviziyasının həlak olmuş
döyüşçülərinə ucaldılmış
monument”.
Və ya sıra-sıra Lenin heykəlləri, sovet
mövzularında Ömər Eldarov və digər məşhur
heykəltəraşların yaratdıqları, çox zaman sənət
baxımından yetərincə uğurlu abidələr.
Əlbəttə,
mən arzu edərdim ki, onların hamısı yerləşdiyi
məkanlardan yığışdırılsa da, ayrıca bir
ərazidə, açıq səma altındakı muzeydə
saxlanılsın, sovet onilləri içərisində həyatımızın
mənzərəsini göstərən, yaşanmış
tarixin mərhələlərini əks etdirən səhifələr
kimi, ibrət dərs kimi sabaha da çatsın. Heyhat, 1990-cı illərdə bu qəbil abidələrin
əksərini bizdə də, digər sabiq sovet
respublikalarında da, sosialist blokuna daxil bəzi Avropa ölkələrində
də məhv ediblər. Lakin bu təfərrüatlara
varmaqda məqsədim ayrıdır. Həmin
“Gənc qvardiyaçılar”a qayıdıram. Mənim fikrimcə, o ilk böyük əsəri
Ömər Eldarovu yaradıcı ömrü boyu izləyib və
elə indi də onunladır. O ilk əsərdə
Ömər Eldarovun bir sənətkar olaraq başlıca fəlsəfəsi
- zahiri əzəməti və batini incəliyi qovuşdura
bilmək ustalığı əks olunmuşdu və həmin
keyfiyyət daim onunla qaldı, yaradıcılıq
üslubuna, özlüyünə çevrildi. Mahiyyəti
ilə bir leytmotivə dönən həmin ilk böyük əsərin
notları Ömər Eldarovun yaratdığı sonrakı
irili-xırdalı hər əsərindən “eşidilməkdədir”.
Gəlişi ilə heykəltəraşlığı
yasaq etmiş İslamiyyətdən əvvəl Azərbaycanda
mükəmməl heykəltəraşlığın da, rəssamlığın
da olmasına şübhə yoxdur. Yaşı minillərlə
ölçülən və Azərbaycan boyu olan daş heykəllərimiz,
qayaüstü rəsmlərimiz bunun əyani sübutudur.
Ancaq bu da tariximizin həqiqətidir ki, yeni
dövrdə Bakıda ilk şair heykəli 1922-ci ildə
ucaldılıb. Yakov Keylixisin düzəltdiyi həmin
Sabir abidəsi ilə bugün arasında məsafə tarixin
arşını ilə ölçüləndə bir an qədər qısadır. O heykəlin elə
indi Cəlal Qaryağdının yaratdığı qat-qat
gözəl Sabir abidəsinin yerində qoyulduğu ildən 5 il sonra gələcəyin böyük heykəltəraşı
Ömər Eldarov doğulub. Görün bunca
gödək zaman ərzində Azərbaycan heykəltəraşlığı,
o sıradan elə rəssamlığımız,
teatrımız, musiqi sənətimiz, bütövlükdə
mədəniyyətimiz necə xariqüladə,
sıçrayışlı tərəqqi yolu keçib,
dünya səviyyəsinə qalxan və etiraf edilən sənətkarlar
və inciləryetirib.
Ömər Eldarovun cavankən, hələ uzaq 1954-cü
ildə yaratdığı və Fəxri xiyabanda Üzeyir bəyin
məzarı üstündə ucalan abidə indiyədək
musiqimizin peyğəmbərini canlandıran əsərlərin
ən canayatanlarındandır.
Üzeyir bəy ilk milli operamızı 1907-ci ildə bəstələmişdi
və dünya opera sənətinin tələbləri və qəlibləri
baxımından hələ bu böyük operaya doğru gedən
yolda birinci addım sayıla bilərdi. 1937-ci ildə
isə Üzeyir bəyin həm öz
yaradıcılığının, həm də Azərbaycan
opera sənətinin zirvəsi sayılan “Koroğlu” səhnəyə
gəldi. “Leyli və Məcnun”dan
“Koroğlu”ya qədər olan yol Azərbaycan operasının,
həm də elə müasir musiqi mədəniyyətinin sadədən
mürəkkəbə doğru keçdiyi yol deməkdir.
Üzeyir bəy təsdiqləyirdi ki,
Avropanın 300 ilə qət ediyi həmin yolu Azərbaycan 30
ilə adladı. Eynən heykəltəraşlığımızda
da Avropanın əsrlərcə yol aşaraq yetdiyi nailiyyətlərə
Azərbaycan Fuad Əbdürrəhmanov, Cəlal
Qaryağdı, Ömər Eldarov, Tokay Məmmədov, Mirələsgər
Mirqasımov, Münəvvər Rzayeva, Akif Əsgərov, Natiq
Əliyev və digər onlarla istedadlı sənətkarımızın
sayəsində qat-qat qısa zaman kəsiyində çata
bildi.
Hər yaratdığı ilə bu millətə və
insanlığa yeni bayram bağışlayan Ömər
Eldarov təqvimin sıradan olmayan, təməlindən bayram
sayılan bir günündə doğulub. Dekabrın
21-də 1927-ci ildə, Dəmirqapı Dərbənddə.
Dekabrın 21-i ilin ən uzun gecəsidir, payızın bitib
qışın girdiyi gecə. Həmin gün
böyük çillə başlanır və ilin ən uzun
- 14 saat 43 dəqiqə sürən o gecəsindən etibarən
yaza aparan yol başlanır, hər gün gecələr
qısalmağa, gündüzlər uzanmağa üz qoyur. Ona görə də qədim zərdüştilər
o gecəni işığın zəfəri günü,
günəş tanrısı Mitranın doğum günü
sayaraq bayram tutmuşlar. Dekabrın 21-i həm
də gecələrin ən şairanəsi sayılır.
Şəbi-yeldanı klassik şeir dönə-dönə
tərənnüm edib, onu gözəllərin uzun, qapqara
saçlarına bənzədib.
İnsanın taleyi ilə ulduzlar dünyası
arasında bağlantı birbaşadır və Azərbaycan sənətinin
ən parlaq ulduzlarından olan, işığın zülmət
üzərindəki qələbəsi günündə
dünyaya gəlmiş Ömər Eldarovun hər əsərində
diqqəti çəkən ən əvvəl onlardakı
işıq və şairanəlikdir.
Ən kədərli, lap faciəvi mövzudakı əsərində
belə o işıq qabarıqdır. Ömər Eldarov
yaradıcılığının bir mühüm qanadı
da memorial heykəltəraşlıqdır. Onun bir sıra abidələri var ki, məzarlıqdadır.
Bakıda və Azərbaycanın müxtəlif
guşələrində. Hətta o əbədi
sükut məskənlərinə belə həmin abidələr
sanki işıq qatır, gözəlliyin əbədiliyi hekayətini
söyləyir, işıqlı dünyadan biryolluq
ayrılmış əzizlərinin xatirəsi ilə
görüşə gələnlərdə həyat eşqi
və ümidi artırır. Dirijor Niyazinin, bəstəkarlar
Fikrət Əmirovun, Tofiq Quliyevin, pianoçu Vaqif Mustafazadənin,
yazıçı Yusif Səmədoğlunun, elm adamları Zərifə
Əliyevanın, Həsən Əliyevin, Aida
İmanquliyevanın, Ziya Bünyadovun qəbirüstü abidələrini
göz önünə gətirin. Bu əsərlər
yerləşdikləri məkanların kədər
ovqatını, bütövlükdə o yerin
estetikasını dəyişmək gücündə olan
gözəllik örnəkləridir. Yəni
əslində, bu, Ömər Eldarovun millətimizə daha bir
yaxşılığı haqqında söz deməyə
ipucu verən mətləbdir. O çoxsaylı əsərləri
ki, Ömər Eldarov yaradıb, onların arasında dəzgah
heykəltəraşlığının nümunəsi olan,
adətən muzeylərdə, hansısa daimi sərgilərdə
saxlanılan, ya sənətkarın öz evində,
emalatxanasında qalan, hərdən-hərdən fotoları
kitablarda, kataloqlarda nəşr edilən və beləliklə
də az adama görünənləri də
az deyil. Lakin bağlarda, meydanlarda, küçələrdə
yüksələn Ömər Eldarov əsərləri daha
çoxdur ki, onları hər kəs hər günmü,
günaşırımı, həftəaşırımı
istər-istəməz seyr edir. Hətta bəzən
heç müəllifin kim olduğunu bilmədən
çoxları bu abidələrin yanından keçib gedir və
onları hər halda görür. Görürlərsə,
demək, həmin andan o abidələr başlayır işləməyə.
İnsanların zövqünü, ruhunu tərbiyə
eləməyə, yaxşının, gözəlin məhz bu
cür olduğu anlayışını şüurlara həkk
etməyə. Gözü, qəlbi bu
gözəlliyə alışanlara sonralar ortababı bəyəndirmək
olmur. Beləcə, Ömər Eldarov hiss
olunmadan böyük bir Azərbaycan auditoriyasına öz
zövq müəllimliyi dərslərini verməkdə davam
edir.
Doğulduğu gecənin şairanə ovqatı Ömər
Eldarovun varlığına ilk uşaqlıq
çağlarından, dünyanı duyduğu, dərk etdiyi əvvəlinci
anlardan qaynayıb-qarışıb. Həmin şairanəlik
sənətkarın hər əsərində özünü
büruzə verir, bu, öz yerində. Amma artıq
ahıl çağlarında keçmişlərə dalan,
dünənləri xatırlayan Ömər Eldarov qulaq asın
görün nə deyir: “Uşaq vaxtı böyük ölkənin
bu şəhərindən o biri şəhərinə tez-tez
köçərdik. Yollarda rahatlıq olmasa da,
hər yer maraqlı idi. Bakı, Dərbənd,
Gəncə, Şamaxı, Azərbaycan və
Dağıstanın müxtəlif qəsəbələri və
kəndləri, yay vaxtları Moskva ətrafı, Saltıkovka
və ya Belarusun məşhur olan Mstislavl şəhəri.
Dərbənd! Dünyanın heç bir yerində belə
üzüm bağları, ucsuz-bucaqsız qəbiristanlıqlar
və belə möhtəşəm qalalar yoxdur.
...Ömrüm
boyu bunları xatırlayıram və onlar məndə təəccüb
və qürur hissi oyadır”.
Ömrün ixtiyar çağında böyük sənətkar
onun duyğularını, düşüncələrini, həyata
baxışlarını şəkilləndirən cizgiləri
yada salmağa çalışır və hansısa qeyri-adi
hadisələri anmır. Dan üzü həyətlərdən
inəkləri səsləyən naxırçının
harayını, balıqçıların daş sobasını,
qoyun dərisi ilə örtülmüş o sobanın
üstünə uzananda canına yayılan xoş istiliyi, evlərinin
damından baxanda qədim qalanın nəhayətsiz kimi
görünən ululuğunu, hər səhər gün qalxan
kimi tay-tuşları ilə baş vurduğu dənizin və
yalın ayaqları ilə usanmadan gəzib-dolaşdığı
qumlu sahilin ilıqlığını... xatırlayır. Üzdən baxanda adidən-adi anlardır. Amma o dəmlər olmasaydı, Ömər Eldarov bu
cür yaratmazdı, yaratdıqlarında bu qədər hiss, həyəcan,
sevgi, mərhəmət, ilıqlıq, mehribanlıq, ürək
döyüntüsü olmazdı.
Şairanəlik heykəl dilinə çevriləndə
məzmundan əlavə həm də plastika deməkdir və
Ömər Eldarov da Azərbaycanın bu baxımdan
bütün dövrlər üçün ən seçkin
heykəltəraşlarındandır. Hər heykəltəraşlıq əsərinin
nə şəkildə işlənməsinə müvafiq
olaraq umduğu bir material var. Elə heykəl var ki, son olaraq o,
mütləq tuncdan tökülməlidir, hansısa kompozisiya
qranit istəyir, hansısa əsər gərək mərmərdən
ola. Yəni gözəllik
naminə, tutalım, bürüncdə yerinə yetirilməli
olanı mərmərə köçürə bilərsən,
amma davamsız alınar, tez zədələnər, hansı
hissələrisə sınar, sıradan çıxar. Ancaq bütün bunları bilə-bilə, nədirsə,
mən Ömər Eldarov üslubuna və ruhuna ən doğma
materialın, onun plastikasını bütün zərifliyi ilə
ifadə edə bilməkçün ən münasibgələnin
bəmbəyaz mərmərin olduğunu zənn edirəm.
Hətta hərdən xəyalən onun başqa
materiallarda olan əsərlərini də təsəvvürümdə
mərmər kimi canlandırmağa çalışıram.
Onun tuncdan olan Natəvanı da var, amma daha əvvəl
1953-də yonduğu mərmər Natəvan da. Həmin mərmər
Natəvandan Xan qızının misralarının kövrəkliyi,
axıcılığı, həzin musiqisi eşidilir elə
bil. Geyiminin, saçlarının,
üstündəki zinətlərin ən xırda
naxışları, dalğaları, xətləri elə heyrətli
plastikada ifadə edilib ki, sanki bu, heç sərt mərmərdən
yonulmayıb, incə uclu bir qələmlə,
fırçayla nəqş edilib. Ya maestro Niyazinin
artistizmlə dolu ifasını, uçan əllərini,
dünyanın ən məşhur orkestr şeflərinin belə
həsəd apardığı plastikasını, Vaqif
Mustafazadənin muğamla cazın vəhdətindən törəyən,
insanı riqqətə gətirən ideal improvizələrini
elə özü də öz sahəsində həmin
dünyaduyumu və qabilliyin sahibi olan Ömər Eldarov kimi sənətkar
belə görümlü, belə musiqi kimi axıcı bir tərzdə
vücuda gətirə bilərdi. Həmin plastikanı Ömər
Eldarov elə mərmərdəki kimi, amma ondan da bir az isti təsir təsir oyadan ağacdan
hazırladığı abidələrdə ifadə edə
bilər. Bir tərəfdən bu istilik elə
ağacın mərmərə nisbətən daha məhrəm
olan təbiətindən gəlirsə, digər tərəfdən
sənətkarın ağacı həssaslıqla duymasına,
ağac üzərinə atdığı çökmə və
qabartmalara elə hərəkətdə olan yaşıl
ağacdakı sayaq canlılıq verə bilməsinə
bağlıdır.
Torpağı, yurdu körpə vaxtlarından
bütün rayihələri, rəngləri, dadları,
isti-soyuğu, yalın ayaqları ilə duymasındandır
ki, təbiət onun əsərlərində, adətən, əsas
qəhrəmanı ilə birgədir.
Əmircanda Səttar Bəhlulzadənin abidəsi. Səttar ləpələri
qırçınlanan gölün, yaşıllanan təpənin
tuşunda, həmişə sonsuz ustalıq və məhəbbətlə
fırçaya aldığı təbiətin qoynundadır.
Əlində artıq çəkib
tamamladığı iki rəsm əsəri. Tamamlanmış ona görə ki, hər ikisində
təbiətin bir parçasının təsviri aydınca
görünür. Lakin bu, heykəltəraşın
kəşfidir. Əslində, bunlar sadəcə
boş çərçivələrdir. Lakin
həmin boş çərçivəni arxadan görünən
mənzərə doldurur. Bürünc Səttar
özü tərpənməz halda yerindədir. Lakin səhər olur, günorta gəlir, axşam
düşür, gecə çökür. Təbii ki, dəyişən işıqla o çərçivədəki
mənzərə də başqa cür görünməyə
başlayır. Beləcə, Ömər Eldarovun Səttar
Bəhlulzadəsi hər gün, həm də gün ərzində
bir neçə dəfə sanki eyni mənzərəni tamam
başqa rənglərdə, çalarda fırçaya
alır...
Ya görkəmli coğrafiyaşünas alim, Azərbaycan
təbiətini qəlbən sevən, daim onun qorunması
üçün həyəcan təbili çalan akademik Həsən
Əliyevin qəbirüstü abidəsi. Əlində
fotoaparatı rəhmətlik Həsən müəllim Azərbaycanı
qarış-qarış gəzərdi. Və
Ömər Eldarov da onu torpaqdan ayırmayıb. Elə həyatda
olduğu kimi sadə görkəmi, mehribanlıq yağan
çöhrəsi ilə təsvir edib - pyedestalsız, elə
torpaq üstündə addımlayarkən...
Heykəltəraşlığın digər sənətlərdən
bir mühüm fərqi onun xeyli dərəcədə
asılı olmasıdır. Heykəltəraş ədib,
ya musiqiçi kimi hüdudsuz sərbəstliyə malik deyil.
O, sifarişə riayət etməyə məhkumdur. Xüsusən monumental heykəltəraşlıq
mütləq dövlətin iradəsinə tabedir. Heykəlin hansı ölçüdə
olmasını, harada qoyulacağını, bəzənsə
hətta hansı materialdan hazırlanacağını da
hökumət müəyyənləşdirir. Bu baxımdan da Ömər Eldarov ən çox bəxti
gətirmiş sənətkarlardandır. Həm tale onu
elə dövrdə dünyaya gətirərək elə onillərdə
yaşatdı ki, heykəltəraşlığa dövlətin
xüsusi həssas münasibəti ortadaydı, digər tərəfdən
də ikiqat şanslıymış ona görə ki, tale onu sənəti
həm dərindən duyan və bilən, həm də sənətkara
qayğıkeş, nəvazişkar münasibətilə
seçilən unudulmaz Heydər Əliyevlə
rastlaşdırdı. Məhz Heydər Əliyevin Ömər
Eldarov şəxsiyyəti və
yaradıcılığına rəğbətləri səbəb
oldu ki, Ömər Eldarov zəngin yaradıcılıq
imkanlarını dolğunluğu ilə göstərmək
fürsəti qazandı, bir sıra mühüm dövlət
sifarişlərini bir başqasına deyil, məhz ona etibar
etdilər. Yaxşı heykəltəraşlarımız az deyildi və Cavid abidəsini
hazırlamağı bir başqa tanınmışa da həvalə
edə bilərdilər. Yüksək peşəkarlar
olduqlarından onlardan hər biri məqbul əsər də
yaradardı. Hətta belə təşəbbüslər
də vardı, mənə şəxsən bir neçəsinin
ilkin cizgiləri də bəllidir. Amma
onlarda Ömər Eldarovun doğurduğu bu cavidanəlik
olmayacaqdı, qətiyyən olmayacaqdı.
Ömər Eldarovadək bizdə heç o biçimdə,
o ruhda, o təqdimatda ayrı bir şair obrazı da
yaradılmamışdı. Bəzi
ayrıntıları ilə Füzuli abidəsi haradasa
azacıq da olsa Ömər Eldarovun Cavidi ilə səsləşir.
Ancaq “Füzuli”nin də müəlliflərindən
biri Tokay Məmmədovla yanaşı, elə Ömər
Eldarovun özüdür.
Və müdrik heykəltəraş Cavidin sinli
vaxtlarının, hafizələrdə qalan son yaradıcı
illərinin deyil, məhz poeziyasının romantik ruhunu daha sərrast
ifadə edən 25-30 yaşları arasındakı
görüntüsünü əsas götürməkdə
necə də haqlıdır. Cavidi qəhrəmanlarının
dünyasında, misralarının arasında, xeyirlə şərin,
nurla qaranlığın çarpışdığı
mühitdə təsvir etməklə, əslində, Ömər
Eldarov bir abidə içərisində həm Cavidin
özünü, həm də sözünü təsvir etməyi
bacarıb. Elə bir əsər yaradıb ki,
onun qarşısından ayaq saxlamadan, dayanıb
düşünmədən ötüb keçmək
mümkün deyil. Lakin bu abidədə həm
də Cavidin öz taleyi, öz həyatı, vaxt
qasırğalarının ondan ayırdığı
doğmalarının, istəklilərinin çəkmiş
olduqları müsibətlərin də əks-sədası
var.
1980-ci illərin ortalarında Cavid yadigarı Turan
xanımla Ömər müəllimin emalatxanasına tez-tez gedər,
hələ yaranmaqda olan bu əsərin dünyaya gəlişi
gedişatını izləyər, saatlarla söhbət edərdik. Bir dəfə Ömər
müəllimin emalatxanasından çıxıb qayıdarkən
yolda Turan xanım atasının iki misrasını yada
saldı:
Hey fələk,
keçdi həyat dalğa kibi,
Elə bir dalğa ki, qorxunc, əsəbi.
Bu sətirləri söyləyəndən sonra Turan
xanım fikirli-fikirli əlavə etdi ki, sanki Ömər
müəllim bu misraların obrazını yaradıb. Cavan Cavid artıq
olmadığı gələcəkdən bütün məhrumiyyət
və fərəhləri ilə xeyli arxada qalmış
ömrünü düşünür...
Ömər
Eldarov geridə qalan uzun ömür yolu haqda düşünərkən
bir dəfə belə yazıb: “Uşağın gözləri
dünyaya geniş açılır, onu əhatə edən
aləmə valeh olur, hər şeyi sevinclə mənimsəyir,
ona elə gəlir ki, həmişə yaşayıb, həyat
ondan başlayıb, bu həyat son dərəcə maraqlı,
sevindiricidir. Və o əmindir ki, səadət
üçün doğulmuşdur”.
Ömər
Eldarovun qəhrəmanı Cavidin misraları var:
Bəxtiyarsan,
əgər çəkdiyin əmək
Cahan sərgisinə versə bir çiçək.
Hər insan dünyaya xoşbəxt olmaq
üçün gəlir və əslində, ömür o qədər
qısadır ki, hər biri Allahın yaratdığı təkrarsız
əsər olan hər insanın məsud yaşamağa
haqqı var.
Ömər Eldarov hadisələrlə, insanlarla, sənət
zəfərləri və sevincləriylə ləbələb
sağlam, əsasən rahat, təmin olunmuş bir həyat
yaşayıb.
Ona nəsib olmuş istedada heç vaxt dönük
çıxmayıb, müdam zəhmətkeş olub, işləməkdən
doymayıb, həyatı boyu çalışıb ki,
yaxşı adam olsun, kimsəyə pisliyi
dəyməsin. Nümunəvi ailəsi, qabiliyyətli
balaları da ona taleyin bir ayrı töhfəsinə
çevrilib. Şöhrətin bütün
şirinliyini də dadıb, alına biləcək ən
yüksək təltiflərin, mükafatların da, az qala, hamısına layiq görülüb. Həm dövlət, həm xalq tərəfindən
daim əzizlənib, sayğısı uca tutulub. Lakin
xoşbəxt olubmu, ümumən hansısa böyük sənətkar
tam xoşbəxt ola bilərmi?! Axı həmişə
ruhu yüksək, dilindən incə yumoru, şux zarafatı əskik
olmayan həyatsevər Ömər müəllimin gözlərinin
dərinliyində bir kədər də var. Həm də
qüssə izi onun baxışlarına yalnız istedadlı
balası, unudulmaz dostumuz Müslümü cavan yaşında
itirməsindən sonra hopmayıb, elə gəncliyindən bəri
bu dalğınlıq, daxilən məhzunluq həmişə
onunla olub. Səbəb bircədir: dünyaya və insanlara
çox ucalardan baxa bilmək, başqalarının
yanından ötüb-keçdiyi çox mətləblərə
biganə qalmamaq, gördüklərinin hamısını
ürəyindən də keçirmək. Bu cür hissiyyat,
bu təhər görə, düşünə bilmək
qabiliyyəti Üzeyir bəydə də olub, Natəvanda da,
Füzulidə də, Mahatma Qandidə də, Rabindranat Taqorda
da, Səttar Bəhlulzadədə də, Caviddə də... Elə
həmin səbəbdən Ömər Eldarovun
yaratdığı bu surətlərin hər birinin
çöhrəsində, baxışlarında həmin
dünya qəmindən bir əlamət var...
Ömər Eldarovun bu xalqa və Azərbaycana öz
misilsiz yaradıcılığından savayı bir ərməğanı
da budur ki, Rəssamlıq Akademiyası kimi vacibdən-vacib təhsil
ocağının yaranmasına nail olub və illərdir ki,
ora rəhbərlik edir. Çünki heykəltəraşlıq,
rəssamlıq bizim XX əsrdə qazandığımız
elə sərvətlərdir ki, onları biz həmişə
qoruyub inkişaf etdirməliyik, nəsillər arasında rabitələrin
qırılmasına imkan verməməliyik. Bu akademiya
xeyli dərəcədə məhz Ömər Eldarovun
nüfuzu, dövlətin onun şəxsiyyətinə bəslədiyi
ehtiram və inamın bünövrəsində
yaradılıb, bu gün də nə xoşdur ki, o, nəvəsi,
nəticəsi yaşlı gənclərlə
yanaşıdır, onlara həm rektor, həm müəllim, həm
də davam edən yaradıcılığı ilə örnək
olmağı bacaran həmkardır.
Ömər Eldarov xasiyyətcə yumşaq,
qılıqlı, mədəni bir insandır və sanki ondan
sərtlik gözləmək mümkün deyil. Lakin sənət
və insanlığın yüksək dəyərlərindən
söz gedəndə bu mülayim insan qədərincə sərt,
kəskin olmağa da qadir bir şəxsiyyətdir. Onun prinsipiallığına, insani
dürüstlüyünə dəlalət edən və qəlbimə
yaxın olan bir əhvalatı xatırlatmasam, bəlkə də,
onun portreti tam dolğun çıxmaz. Elə
həmin akademiyada çalışan ən istedadlı,
tanınmış heykəltəraşlardan birinə
qarşı son dərəcə namərd hərəkətlər
etmiş və özü də miyana sənətkarlardan olan
birisi günlərin birində həm də sənətşünas
olmağı qət edir və dissertasiyasını
akademiyadakı Elmi Şuraya təqdim edir. Ömər
Eldarov həmin şuranın sədri, mənəviyyatca
çürük iddiaçının incitdiyi, təbiətcə
çox üzüyola, ona qarşı törədilmiş namərdliyi
bağışlamağa hazır olan sənətkar da
akademiyanın professorlarından biri. Ömər
müəllim müzakirədən qabaq soruşur ki, bu adama,
bu işə münasibətiniz necədir?
Görəndə
ki, mövqe yetərincə yumşaqdır, dözmür, nadir
hallarda üzə çıxan həmin sərt sifətini
göstərir: “Siz öz sənət yoldaşına
qarşı belə xəbislik törədənin, mənəviyyatı
belə şikəst olanın alimlərin mötəbər cərgəsinə
qoşulmasını necə rəva görürsünüz?”
Mən
Ömər müəllimi həm də istər insani
davranışlarda, istərsə də sənətdə zərurət
anında belə güzəştsizliyinə görə
çox istəyirəm!
Ömər Eldarovgilin nəslinə “Atlı” deyərmişlər. Bir köhnə el
bayatısı dolanır yaddaşımda:
Burdan bir atlı keçdi,
Atı qanadlı keçdi.
Gün
kimi şəfəq saçdı,
Könlü muradlı keçdi.
Böyük Azərbaycan heykəltəraşı, xalq rəssamı,
akademik Ömər Eldarov yaratdığı gözəllik
dünyası ilə həmin Atlı sülaləsinə də,
xalqımıza da, yurdumuza da şöhrətlər gətirdi. Onun imzası
Azərbaycanın ən mötəbər imzalarından birinə
çevrildi. Bu gün Türkiyədə təhsil
qurucusu, nurlu insan, əslən kərküklü
soydaşımız İhsan Doğramacının heykəli
dikilirsə, Orta Asiyada Şərqin böyük mütəfəkkiri
İbn Sinanın onun zəka nəhəngliyinə yaraşan
abidəsi ucalırsa, XI əsrin mütəfəkkiri Nasir
Xosrov heykələ çevrilərək yenə insanlar
arasındadırsa, tacik ədəbiyyatının klassiki Sədrəddin
Ayni özü və qəhrəmanları ilə birgə yenə
hər gün Düşənbədə tunc abidəsindən
insanlara salam verirsə, bu, o yerlərdə Ömər Eldarovla
yanaşı, həm də Azərbaycanın imzası deməkdir.
Bayatı
düppədüz deyir: Ömər Eldarov, sənətimizin bu
atı qanadlı qüdrətli yaradıcısı Azərbaycana
və dünyaya günəş kimi şəfəqlər
saçıb.
Könlü muradlı, ürəyi yeni-yeni yaradıcı arzularla, sabah gözlərimizi sevindirəcək bir-birindən sevimli təzə surətlərlə aşıb-daşan Ömər Ustad bu an da ilhamla, güclə, yaratmaq eşqi və həvəsiylə doludur.
Atlı hələ yoldadır!..
Atı həmişə qanadlı olsun!..
525-ci qəzet.-23 dekabr.-S.18;20.