Milli Kitabxanada Bülbüllə bağlı
elmi konfrans
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanada böyük sənətkar Bülbülün
120 illiyinə həsr
edilmiş elmi konfrans keçirilib.
Konfrans çərçivəsində
görkəmli müğənniyə
həsr edilmiş “Bülbül. Biblioqrafiya” kitabının və
“Bülbül” elektron
məlumat bazasının
təqdimatı olub.
Tədbirdə kitabxananın direktoru Kərim Tahirov “Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından nəşr etdikləri kitabın Azərbaycan professional vokal
məktəbinin görkəmli
nümayəndəsi Bülbülə
həsr olunduğunu söyləyib. Kitabda böyük müğənninin
həyat və yaradıcılığı, tərtib
etdiyi musiqi əsərləri, məqalələri,
ictimai-siyasi fəaliyyətinə
aid sənədlər toplanıb.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Prezident İlham Əliyevin dünya şöhrətli
müğənni Bülbülün
120 illik yubileyinin keçirilməsi haqqında
müvafiq Sərəncamının
icrası ilə əlaqədar Milli Kitabxana tərəfindən
çap olunan biblioqrafiyanı və “Bülbül” elektron məlumat bazasını mədəniyyət hadisəsi
kimi dəyərləndirib.
Sonra Bülbülün
həyat və yaradıcılığına dair
film nümayiş olunub.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Xalq artisti Arif Babayev, professorlar Zemfira Qafarova, Gülnaz Abdullazadə, Lalə Hüseynova, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədov və başqaları çıxış ediblər. Onlar mədəniyyətimizin, incəsənətimizin inkişafında, milli musiqi xəzinəmizin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasında böyük sənətkar Bülbülün müstəsna xidmətlərindən danışıblar. Milli Kitabxana tərəfindən tərtib olunmuş “Bülbül. Biblioqrafiya” kitabının əhəmiyyətini qeyd edərək natiqlər informasiya ilə zəngin olan bu vəsaitin Bülbül yaradıcılığı və irisi ilə maraqlananlar üçün mühüm mənbə olduğunu söyləyiblər.
Bülbülün klassik vokal sənətinə ustalıqla yiyələnərək xalq musiqisi üçün səciyyəvi olan xüsusiyyətləri, ənənələri pozmadan yeni üslub yaratdığı diqqətə çatdırılıb. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənninin xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olaraq, Azərbaycanda ilk professional vokal ifaçılığının bünövrəsini qoyduğu söylənilib.
Tədbirdə kitabxananın şöbə müdiri Rübabə Səfərova “Bülbül” elektron məlumat bazasını iştirakçılara təqdim edib.
Böyük müğənninin ailəsi adından çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Bülbül sənətinin ölkəmizdə hər zaman yüksək qiymətləndirildiyini, adını daşıyan festival və müsabiqələrin təşkil edildiyini, təkrarsız yaradıcılığının gənc nəslə təbliğ olunduğunu diqqətə çatdırıb.
O, xalqımızın öz qüdrətli sənətkarını – Şuşa torpağının yetirməsi olan, yüksək zirvələri fəth etsə də öz yurddaşlarını yaddan çıxarmayaraq son konsertlərini də Şuşada vermiş böyük Bülbülün adının, sənətinin yaşadığını və ruhunun bəlkə də bu gün Şuşanı dolaşdığını bildirib, Bülbül işığına yığışanlara təşəkkür edib.
Tədbirdə ölməz Bülbülün ifasında “Ölkəm” və “Sevgili canan” romansları səsləndirilib.
Sonda iştirakçılar “Bülbül-Azərbaycan professional vokal sənətinin banisi” adlı sərgi ilə tanış olublar.
Xədicə RƏHMAN
525-ci qəzet 2017.- 26 dekabr.- S.7.