“Ozan” elm
və sənət toplusu nəşrə
başlayıb
Dekabrın
25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan
Aşıqlar Birliyinin (AAB) yeni nəşri olan “Ozan” elm və
sənət toplusunun birinci buraxılışının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nın dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.
Kitabxananın direktoru, professor Kərim Tahirov nəşrin əhəmiyyətindən danışıb.
Jurnalın baş redaktoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı nəşrin aşıq sənətinə töhfə olduğunu bildirib. Vurğulayıb ki, ildə bir dəfə buraxılması nəzərdə tutulan və redaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin məqsədi bu ulu sənəti yaşatmaqdır.
Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Fikrət Babayev, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Sənubər Bağırova, sənətşünaslıq doktoru İradə Köçərli, professor İsmayıl Məmmədli, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu və başqaları qədim aşıq sənətinə dövlət səviyyəsində göstərilən yüksək qayğıdan söhbət açıblar.
Sonda Əməkdar Mədəniyyət İşçisi Gülarə Azaflının “Çeşmə” folklor qrupu, Əməkdar mədəniyyət işçiləri - Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, gənc aşıq Gözəl Kəlbəcərli və başqaları aşıq havaları ifa ediblər.
525-ci qəzet 2017.- 26 dekabr.- S.7.