Üçcildlik "Azərbaycan
teatr ensiklopediyası"nın təqdimatı
oldu
Dekabrın
26-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında
üçcildlik "Azərbaycan teatr
ensiklopediyası"nın təqdimatı olub.
Nəfis
tərtibatda çap olunan kitabın müəllifi sənətşünaslıq
doktoru, professor İlham
Rəhimli, layihənin
rəhbəri mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, əlaqələndiricisi
nazir müavini Ədalət Vəliyev, redaktoru Əməkdar mədəniyyət İşçisi
Atababa İsmayıloğludur.
Redaksiya heyətinə respublikanın
tanınmış elm və
mədəniyyət mütəxəssisləri
daxildirlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Ə.Qarayev çıxış
edərək ensiklopediya
haqqında məlumat verib. Bildirilib ki, kitab Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan
teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramına
əsasən Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
hazırlanaraq çap
edilib. Elmi xarakterə malik,
akademik meyarlar əsasında yaradılan
bu ensiklopediya kütləvi mahiyyətlidir,
geniş oxucu kütləsi üçün
nəzərdə tutulub.
Nəşrin incəsənətin müxtəlif sahələrində
çalışanlar üçün
böyük əhəmiyyətə
malik olduğunu bildirən nazir qeyd edib ki,
burada milli teatr sənətimizin və ümumilikdə, Azərbaycan incəsənətinin
şərəfli tarixi
ətraflı işıqlandırılıb.
O deyib: "Hesab edirəm ki, kitab milli mədəniyyətimizə
layiqli töhfədir".
Təqdimat mərasimində Milli Məclisin deputatları, akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov,
Nizami Cəfərov və başqaları çıxış edərək
kitabın məziyyətləri
barədə danışıblar. Bildirilib ki,
ensiklopediya uzun müddət teatr işi ilə məşğul olan insanların fəaliyyətinə
nəzər salır.
Kitabın nəşrini bu
peşəyə minnətdarlıq
kimi dəyərləndirən
natiqlər kitabdakı
hər məqalənin
arxasında müəllifin
gərgin əməyinin
nəticəsi olan geniş tədqiqatın dayandığını qeyd
ediblər.
Sonda nəşrin
müəllifi İ.Rəhimli
çıxış edərək
tədbirin təşkilatçılarına
və iştirakçılarına
təşəkkürünü bildirib.
525-ci qəzet 2017.- 27 dekabr.- S.3.