İstedadın cazibəsi

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Fərhad Bədəlbəyliylə şəxsən tanış olmazdan qabaq onunla bağlı xoş soraq çatdı mənə.

 

İş elə gətirdi ki, Fərhadın Lissabonda pianoçular yarışmasında Baş mükafat - Qran pri alması haqqında xəbəri mən maestro Niyazinin evində qonaq olarkən eşitdim. Bu xəbəri Niyaziyə telefonla çatdırdılar. Böyük dirijorun necə ürəkdən sevindiyini unuda bilmirəm.

 

"Qobustan" toplusunu  bu vaxt çapa hazırlayırdıq elə ilk sayında Fərhad haqqında geniş   qeyri-adi material verdik. Pianoçu  haqqında beş suala atası Şəmsi Bədəlbəyli, anası Leyla xanım, əmisi Əfrasiyab Bədəlbəyli, müəllimləri M.R.Brenner A.A.Kalantar, sinif yoldaşları Firəngiz Əlizadə Eldar Rüstəmov, həmkarı Rafiq Quliyev hətta kiçik yaşlı bacısı oğlu Emin cavab verirdilər. Sualların arasında belə biri vardı: - Sizcə Fərhadın ən böyük qüsuru nədir?

 

Cavab verənlərdən heç biri belə bir qüsur tapmadılar. Tək bir Rafiq Quliyevdən başqa. Rafiq: futbol oynayanda sol ayağının zərbəsi zəifdir - cavabını vermişdi.

 

Az sonra Fərhadla tanış olduq qısa müddətdə çox yaxından dostlaşdıq. Mən ümumiyyətlə insanlara çətin yovuşuram, amma Fərhad  o qədər ünsiyyətli, münasibət qurmaqda açıq idi ki, müəyyən yaş fərqimizə baxmayaraq, çox məhrəm həmfikir olduq - sənətə, ədəbiyyata, ictimai həyata baxışlarımız bir-birinə tam uyğun idi, adamları  - yaxşılarını da,  yaxşı olmayanlarını da   eyni cür qiymətləndirirdik.

 

Fərhad çox yapışıqlı insandı dilimizdə olan gözəl ifadəylə desək, üzündə bir "gəlbərisi" var. Təbii aristokratizmi ziyalılığı ürəyimcədir. Axı Fərhad kökü keçən əsrlərə çatan   zadəgan nəslindəndir. Ata tərəfdən babaları  Qacar şahları sülaləsinə mənsub olublar.  Ana tərəfdən Səfərəlibəylilər zadəgan nəslindəndilər. Bəzən zarafatla deyirəm ki, sənin Ağa Məhəmməd şah Qacara da, onu öldürən Səfərəli bəyə qohumluğun çatır.

 

Fərhadın doğma babası - Üzeyir bəyin qohumu Bədəl bəy Bədəlbəyli - görkəmli maarifçi olub. Bakıda məşhur "Bədəl bəyin məktəbi" kimi tanınan təhsil ocağını yaradıb. Bədəl bəyin qardaşı Əhməd Ağdamski keçən əsrin əvvəllərində opera operettalarımızda qadın rollarının mahir ifaçısı olub. Fərhadın atası Şəmsi Bədəlbəyli görkəmli teatr xadimi, rejissor bir çox filmlərdə çəkilmiş aktyor idi. Əmisi bəstəkar dirijor Əfrasiyab Bədəlbəyli ilk Azərbaycan baleti "Qız qalası"nın müəllifidir.

 

Bütün bu çox çeşidli cəhətlər  -  aristokratizm, ziyalılıq,  maarifçilik, musiqi, teatr ədəbi istedad inanılmaz  şəkildə bir şəxsiyyətdə birləşib Fərhad Bədəlbəyli fenomenini yaradıb. Mahir pianoçu, bəstəkar,  Musiqi  akademiyasının  rektoru professoru Fərhad vaxt macal tapıb  Fikrət Əmirovun "Sevil" operasının, Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin yeni  quruluşlarına bədii rəhbərlik edib.

 

Hələ bu harasıdır? Şairliyi var  Fərhadın. Dostlarına həsr etdiyi  şeirləri dərinliyinə,  lirizminə,  yumoruna görə  həqiqi professional poeziya örnəkləridir. Fərhad fenomeninin İntibah genişliyinə heyran olursan.

 

Pianoçu kimi onun ifasını təhlil etmək imkanlarım xaricindədir. Bunu peşəkar musiqişünaslar edir edəcəklər. Amma Fərhad ifaçılığının hansı zirvədə durduğunu dərk etməkçün ən nüfuzlu beynəlxalq müsabiqələrdə çaldığı qələbələrlə, Avropanın, Amerikanın, keçmiş SSRİ-nin ən böyük şəhərlərində, ən mötəbər konsert salonlarında çıxışlarıyla, musiqi sərraflarının  onun sənətinə verdikləri yüksək qiymətlərlə tanış olmaq hər şeyi deyir. Şöhrət sarıdan gözü tox insan kimi Fərhad heç vaxt özü öz uğurlarından danışmır.  Buna ehtiyac da yoxdur. Hər şey göz qabağındadır.

 

Fərhadın zəngin  musiqi bilikləri bu səviyyədə sənətkarçün təbiidirsə, geniş ədəbi erudisiyası   təəccübləndirir.  Bədii  təəssüratlar yalnız internetdən alınan   bir zamanda Fərhad bir an belə canlı mütaliədən qalmır,  klassiklərə yaxşı  bələd olmaqla yanaşı, çağdaş ədəbiyyatı da mütəmadi izləyir. Sanki bütün varlığına musiqi  poeziya hopmuşdur. Şeirlərində  Puşkin Lermontovla, Sədi Mayakovski ilə, Axmadulina Voznesenskiylə səsləşmələri sezmək olur. Fərhadın yay, payız, qış, bahar haqqında şeirləri Vivaldinin Çaykovskinin "İlin fəsilləri" silsilələrini xatırladır.

 

Fərhad istedadının bir tərəfi onun orijinal yumor duyumudur. İstər dostlarına həsr etdiyi  şeirlərində, istərsə bir vaxtlar Musiqi Akademiyasında həmkarları - müəllimlərlə, eləcə tələbələriylə bir yerdə qurduqları gülməli, əyləncəli səhnəciklər yaddan çıxmır. İstedadlı musiqiçi jurnalist Natavan Faiq Fərhada həsr etdiyi essedə  onu   "uşaq qəlbli professor" adlandırır  bu, tamamilə doğrudur.

 

Deyirlər ki, bir insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq, ya hansısa sınaqlardan birgə keçmək vacibdir. Fərhadla  bu iki situasiyanın ikisini yaşamışıq, Parisdə Berlində, Moskvada Leninqradda, İstanbulda Ankarada birgə keçirdiyimiz günlərdə onu daha da yaxından tanıdım. Dostumda  zərrə qədər olsun özündən razılıq, lovğalıq, mənəm mənəmlik yoxdu bu,  mənimçün çox mühümdür,  önəmlidir. Hey özündən, ancaq özündən  deyən adamlarla təmasda sıxılır tez  yoruluram.

 

Sınaqlara gəlincə həyat xalqımızı bizi tragik sınaqlara da çəkdi. Bəzi qınına çəkilmiş sənətdaşlarımızdan  fərqli olaraq Fərhad Qarabağ faciəsi başlanan gündən, necə deyərlər, mənəvi səngərlərdə idi. Respublikanın o vaxtkı siyasi rəhbərləri  "ayılmamışdan" Qarabağ təxribatına ilk sərt  münasibət göstərən  yazıçılar  oldu. Ölkə rəhbərlərinə  ünvanladığımız qəzəb etiraz məktublarına  qol çəkənlərin sırasında yazıçılarla bərabər, Fərhad da vardı. O, başqa həmkarlarının da bu bəyanatlara qoşulmasıyçün təbliğat  aparırdı.

 

Qarabağ təxribatının "ilham pərilərindən"  biri, erməni şairəsi Silva Kaputikyan  Moskvada beynəlxalq forumda çıxış edərkən demişdi ki,  "biz, ermənilər, mədəniyyətimizlə qisas alacayıq".

 

Bu şairədən çox-çox cavan olan Fərhad isə cavabında daha müdrik sözlər dedi: mədəniyyəti bölüşmək olar, mədəniyyətlə sevindirmək olar, mədəniyyətlə qürur duymaq olar, amma mədəniyyətlə qisas almaq mümkün deyil.

 

Həyat bizi yalnız ictimai sınaqlara deyil, şəxsi, ailəvi sınaqlara da çəkir. Fərhadla dostluğumuzun davam etdiyi illərdə o atasını, anasını, əmisini itirdi. Bir il qabaq isə son dərəcə nəcib kübar qadın olan həyat yoldaşı - Nailə xanım rəhmətə getdi. Fərhad ən təsirli musiqi bəstələrindən birini  - "Dəniz"i  xanımına həsr etmişdi bu məhəbbətin tarixçəsi hər ikisinin şəxsiyyətləri kimi zəngin işıqlıdır.

 

Bu ağır itkilərdən  də Fərhad əsl kişi dözümüylə şax çıxdı, dərdə əyilmədi, bədbinliyə təslim olmadı, taleyindən küsmədi. Gündəlik yorulmaz fəaliyyətiylə bütün itirdikləri əzizlərinin əvəzinə də yaşayır, yaradır, təcrübəsini gənclərlə  bölüşür.

 

Fərhadın 70 yaşı tamam olur, onu həmişəki kimi gümrah, nikbin, yaradıcılıq niyyətləriylə dopdolu sənətkar kimi görmək məni çox sevindirirdostuma yalnız bir şey demək istəyirəm: - Əzizim Fərhad! 80 yaşı haqlamış  insan kimi səni əmin edirəm ki, hələ çox şey qabaqdadır. Hələ azad olunmuş  Şuşamızda sənin konsertinə gedəcəyik, inşallah.

 

525-ci qəzet.-2017.-26 dekabr.-S.4.