Tüstü də var ocaq söndürür

 

Paşa QƏLBİNUR

 

Dünyanın ən qorxunc, arzu olunmayan ömür qayçısı xəstəliyi - xərçəng! Əmələ gəlməsinin saysız səbəbləri var. Onların içərisində 1-ci yerdə olan tüstüdür- papiros, siqar, qəlyan... tüstüsü!!!

 

Bu məlum həqiqətin qələmin, ürəyin, ağlın gücüylə mübarək ifadəsini, yüksək gərginlikdə təlqinini Hacı Cəfər Həkim Quliyevin sanballı "Tüstü də var ocaq söndürür" elmi publisistik monoqrafiyasını mütaliə edəndə görürəm. (Ləman nəşriyyat poliqrafiya "MMC", 2017). Bu kitab dünya ədəbiyyatında bu mövzuda tətqiq olunanların ən əhatəlisi, sanballısıdır,  desək yanılmarıq.

 

Bu qiymətli əsərin üzərində həkim sözü kiçik hərflərlə yazılmışdı, mən öz yazımda onu böyük hərflərlə bağladım.

 

Doktor Cəfər Quliyev vaxtilə Azərbaycan cərrahlığının öncüllərindən professor Mahmudbəyovun, Məmmədovun tələbəsi olmuş, sovet imperiyasının bir çox qabaqcıl klinikalarında tibb eyitimi almışdır. Ömrü boyu Sumqayıtda çalışıb işləmiş, çalışdığı xəstəxanada öz vəsaiti hesabına sonralar səhiyyəmizi qiymətli töhfələri ilə mükafatlandıracaq eksperimental laboratoriya yaratmışdır. Çoxsaylı elmi araşdırmalar aparmış, öd kisəsi ilə appendektomiya əməliyyatının eyni zamanda effektli icrası üsulunu işləyib hazırlamış   kliniki praktikaya tətbiq etmiş, böyük elmi toplantılarda sunmuş, elmi dərsliklərdə çap etdirmişdir. O, əlli ildən artıqdır ki, Sumqayıt şəhəri   ətraf rayonların əhalisinə  yüksək səviyyəli cərrahi xidmətin təşkilatçısı və daşıyıcısıdır. Ancaq fikrimcə, bu qiymətli və böyük zəhmətin zirvəsində illərdir tətqiq edib yazdığı və oxucuların istifadəsinə təqdim etdiyi haqqında bəhs edəcəyimiz monoqrafiya durur. Çoxlarının yaddaşında  həkim-cərrah, Məmməd Arazın ən yaxın silahdaşı, xilaskarı, səhiyyəmizin, mədəniyyətimizin, Sovetlər birliyinin bir çox irili-xırdalı şəhər və bölgələrində yorulmaz təbliğatçısı kimi qalan Cəfər həkim Quliyev indi mənim üçün dünya durduqca qalacaq, insanlara fayda verəcək, təkrar-təkrar nəşr olunacaq bu monoqrafiyanın müəllifi kimi həmişə insanlara canlı xidmət edəcək.

 

Bu qiymətli əsəri oxuduqca onun yazılmasına sərf olunan çox böyük zəhmət və zaman gözlərimiz önündə canlanır. Əsərdə qeyd olunmasa da, məlum olur ki, müəllif bu əsəri ömrü boyu yazıb, tətqiqatlarını təkrar-təkrar cilalayıb. Tətqiq olunan mövzunun da tarixi bəşəriyyətin tarixindən başlayır. Müəllifin mövzuya dair ədəbiyyat xülasəsi ən qədim əlyazmalarından bu günümüzə qədər olan bir dövrü əhatə edir. Nüfuzlu mənbədən təlqin olunan ideya - tüstünün insan orqanizminə olan zərərli təsiri inandırıcı bir dildə, həkim ürəyinin yanğısı ilə təqdim olunur. Bu olduqca zərərli-öldürücü vasitənin necə tarixən bir silah vasitəsi kimi istifadə olunması, düşmənlərimizin başına gətirilən faciəvi olaylarda da istifadəsi təkzib edilməz dəlillərlə bir həkim, bir alim tərəfindən təsvir olunur.

 

Dünya təbiblərinin bu yöndə qazandığı dürlü-dürlü, ürəkağrıdan nəticələrini incələyib, öz əlavələrini edən müəllifdən bir neçə örnək:

 

1492-ci ildə Xristofor Kolumb səyahət zamanı (Amerikanı kəşf edəndə) Quanaxanı adasında (sonralar o bu adaya San Salvador "Müqəddəs xilaskar" adı verdi ). "Petuno" otundan çəkərkən rəzil bir vəziyyətə düşdüyünü görür. Kolumb bu vəhşi otu "Siqara" adlandırır və matroslara onu çəkməyi qadağan edir. Ancaq sonradan tütünün Avropaya gətirilməsi Xristofor Kolumbun adı ilə bağlanır. Həyatda qadağa həmişə həvəsi və ehtirası artırır deyirlər.

 

XVI əsrin ikinci yarısından XVII əsrin sonlarına qədər Avropada və Rusiyada papiros çəkənlərə müxtəlif cəzalar, boyunlarına ip salıb küçələrdə gəzdirməkdən tutmuş, falaqqa (ayaq pəncəsinə 80 ağac zərbəsi), burunu, və qulaqlarını kəsmək,  meydanda asmaq, başlarından su töküb dondurmağa qədər müxtəlif cəzalar tətbiq olunurdu.

 

Çox təəssüf ki XVIII əsrin əvvəlindən siqaret əksinə təbliğ olunmağa başlandı.

 

1761-ci ildə ingilis həkimi C. Hill tarixdə ilk dəfə olaraq tütünün xərçəng xəstəliyi yarada bilməsi haqqında elmi məqalə yayınladı. Göstərilən tarixdən günümüzə qədər siqaretin insan orqanizminə müxtəlif ziyanlı təsirini tətqiq edib aşkarlayan minlərlə elmi araşdırılmalar aparılmış, insanların diqqətinə çatdırılmışdır. Bu işlərin nəticəsində dünyanın çox sayda ölkələrində inzibati qadağalar müəyyənləşmiş, bu tədbirlər bu ziyanın ölüm faizini nəzərəçarpacaq qədər aşağı salmışdır. Bu sırada Cəfər Quliyevin geniş oxucu kütləsinə təqdim olunan bu sanballı monoqrafiyası öz əhəmiyyətinə görə çox qiymətlidir:

 

Keçmiş Sovetlər ölkəsi Azərbaycanı kimya poliqonuna, kimya laboratoriyasına, Kimya nişangahına çevirmişdi. Böyük Allahın bizə bəxş etdiyi Xəzər kimi gözəl bir dünya məleykəsini (onun daxili sərvətləri, heç bir dünya dənizlərində olmayan cürbəcür balıqlar) kimya zəhərinin qəbiristanlığına döndərmişik.

 

Uzun illər boyu respublikamızın ən gözəl təbiətə malik rayonlarında, Naxçıvan Muxtar Respublikası, Balakən, Cəlilabad, Goranboy, Dağlıq Qarabağ, İsmayıllı, Kəlbəcər, Qax, Qazax, Qəbələ, Zəngilan, Qubadlı, Laçın, Lerik, Masallı, Oğuz, Şəki, Tovuz, Yardımlı, Zaqatala və s. tütün bitkisi əkmişik. Əkilən tütündən istər-istəməz cavan oğlanlarımız və qızlarımız gizlin də olsa bir neçə dəfə  "dadmaqla" iyləməklə bir natəmiz vərdişə - mədəni narkomaniyaya qoşulmuşdur.

 

Sovet dövründə respublikamızın bir sıra rayonlarında pambıq, tütün tarlalarında hələ 1959-cu ildə kənd təsərrüfatında ziyanvericilərə qarşı mübarizə məqsədilə kimya sənayemizin yeni bir "hökümlü addım" atması və heksaxloran istehsalına başlaması ilə rayonlarımızın sovxoz və kolxozlarının pambıq tarlalarına zümrüd qanadlı təyyarələrdən - göydən yerə zəhərlər yağdırmışıq.

 

Pambıq tarlalarında təyyarədən yerə səpilən heksaxlorandan kol-kosun arasında "kölgələnən" körpə uşaqlarımızın pərvanə qanadlarının qırılması, cürbəcür xəstəliklərə düçar olmaları, hələ hamilə qadınlara uşaqsalma, ölü doğuşlar və s. demirəm...

 

Artıq xalq da bunu görür və başa düşürdü ki, haqqın varlığı mənimlədir. Mənim Sumqayıtda "Vətənin ekologiya dərdi" barədəki çıxışım o zamanlar çox narahatçılıq törətdi. Mən isə həqiqətin az faizini aşkar etmişdim və bir daha erməni daşnağı olan Konstantovun (keçmiş SSRİ-nin kimya naziri) bilavasitə Azərbaycanda tikilən zavodlarda əlinin olmasını qamçılayıb ifşa etmişdim. Kimya zavodlarının dayanmasını yox, ancaq respublika ərazisində zavodların uyğun normativ daxilində işləməsini bir həkim kimi tələb etmişdim. Və bilirdim ki, Ulu Tanrı bütün dünyanı və insanları təbii kimyanın normal birləşməsindən yaratmışdır. Onu da bilirdim ki, Tanrı bütün canlıların vücudunu ancaq kimya birləşmələri əsasında bərqərar etmişdir. Odur ki, bütün bunları bilə-bilə heç vaxt mən kimya müəssisələrinin bağlanmasını tələb etməmişəm. Ancaq o vaxt da və indi də xlorun civə üsulu ilə istehsalının tam əlehinəyəm və onun istehsalının tam dayanmasını tələb etmişəm və nail olmuşam.              

 

Tək onu qeyd etmək istəyirəm ki, mən o zaman Respublikamızda yaranmış kimyanın GENOSİD addımından (1992-ci il "Gənclik jurnalı") Sumqayıtın cəhənnəm libasından, Xəzər dənizinin zəhərlərə hopmuş iniltili göz yaşlarından, ana və uşaq ölümündən dünyaya yenicə göz açmış körpə balalarımızın əlilliyəndən, cavan gəlinlərimizin uşaqsalmalarından  yazmışdım. Milliyyətcə erməni daşnağı, keçmiş SSRİ-nin kimya naziri Konstantovun vəsiyyətini dilə gətirmişdim. O, Mikoyana və Baqramyana "Mən azəri türk dünyasında, onların yaşadığı ərazidə elə bir kimyəvi zəncirvari birləşmələr qoyub gedirəm ki, heç Allahları da gəlsə, bu milləti kimya tələsindən qurtara bilməz! Biz türk dünyasının mədəni məhvini ancaq Azərbaycanda kimyanın inkişafında görürük", - demişdi tünbətün.

 

Allah bütün yaxşı insanlara rəhmət eləsin. Akademik Həsən Əliyev və Respublikanın baş prokuroru İsmət Qayıbov - hər ikisi məni şər-böhtandan xilas etdi.

 

Şəhəri və ümumiyyətlə, Respublikamızın hər yerini bürüyən və yaxud bəzəyən papiros reklamlarının yerində dahilərimizin müdrik kəlamları ilə əvəz etsəydik daha yaxşı olmazdımı?

 

Papirosun tərkibində 40-dan çox narkotik maddə 4000-dən çox zəhərli kimyəvi maddə 5000 izotop birləşmələri var. Bunlardan ən təhlükəlisi Karbon monooksid, hidrogen sionid, ammonyak, arsenik, benzin, kadmium, toluol, radon, polonium, DDT, naftalin, nikotin, propilen-qlikolol, sionid turşusu, arsenat (aran turşusu),  süleymani, uran, metil spirtidir.

 

Narkotik və başqa kimyəvi maddələrin təsirindən papiros çəkənlərdə fiziki asılılıq yaranır və insanlar bu zəhərli tüstüyə düçar olurlar.

 

Müəllifin 1970-ci ildən bəri apardığı araşdırmalar onu göstərir ki, heç bir teroristin fəaliyyəti siqaret qədər öldürücü ola bilməz.

 

Amerika Xərçəng Cəmiyyətinin hesabatına görə, dünyada ağciyər vərəminin 70%-i papiros çəkənlərdə müşahidə edilmişdir. Aşağı və yuxarı ətrafların qanqrenasının 75%-i siqaret çəkənlərin payına düşür.

 

Statistik məlumatlara görə, yer kürəsində 1 milyard 250 milyon insan siqaret çəkir. Bunun da 35%-ni qadınlar təşkil edir.

 

Siqaret insan əzalarının-orqanlarının hamısına ağır xəstəliklər bəxş edir. Ümumdünya sağlamlıq qurumunun araşdırmalarına görə, hər 8 saniyədən bir insanlar siqaretin yaratdığı xəstəliklər səbəbindən dünyasını dəyişir. Hər il 50 milyon insan ölümünün səbəbi siqaretdir. Elmi hesablamalara görə, 2020-ci ildə hər üç nəfərdən birinin ölümü siqaretdən olacaqdır.

 

Beləliklə, Cəfər Məşədi Əsəd oğlu Quliyevin 40 ildən artıq ömür sərf etdiyi "Tüstü də var ocaq söndürür" monoqrafiyası irəli sürülən problemin aktuallığı, fundamentallığı, elmi, praktiki, kliniki əhəmiyyəti ilə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının bütün tələblərini təmin etdiyi üçün tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiqdir.

 

Monoqrafiyanin çox nüfuzlu rəyçilərinin (Akademik B. Budaqov, B. Ağayev, R. Rəhimov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri professor M. Salahov, C. Rüstəmov, F. Məmmədov) yekdil rəylərinə əsasən, tətqiqatçının gəldiyi elmi nəticələr dürüstdür, böyük elmi praktiki əhəmiyyət kəsb edir.

 

Monoqrafiyanın başqa dillərə tərcüməsi, təkrar nəşri vacibdir. Bu tədqiqatların nəticəsi olan kitab sağlığında Hacı Cəfər Həkim Quliyevə qoyulan əbədiyaşar abidədir. O, bizim ölümün, zəlilliyin qarşısına çıxan Hürmüzümüz, böyük təbibimiz, alimimiz, müdrikimizdir!

 

 

525-ci qəzet.-2017.-26 dekabr.-S.4.