Bəbir Hüseynov: 85 yaşın işığında

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar jurnalist, "Qızıl qələm" mükafatı laureatı Bəbir Hüseynovun 85 yaşı tamam olur.

 

1932-ci ilin dekabrın 26-da Ağdamın Novruzlu kəndində dünyaya göz açan qocaman jurnalistin mətbuata gəlişi bir qədər dolaşıq yollardan keçib. Doğulub boya-başa çatdığı kənddə 7 illik məktəbi bitirdikdən sonra Bəbir müəllim Ağdam Pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra o, Azərbaycan Dövlət Universitetinin (red: indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinə qəbul olunub, tarix müəllimi ictimaiyyətçi ixtisasına yiyələnib. Təhsil aldığı dövrdən öz yaşıdlarından fəallığı ilə fərqlənən Bəbir müəllim məktəbdə tarix müəllimi, daha sonra yerli komitə sədri, partiya təşkilat katibi kimi məsul vəzifələrdə çalışıb. 1979-cu ildən isə jurnalistika sahəsindəki fəaliyyət dövrü başlayıb. Həmin ildən etibarən Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinin redaktoru vəzifəsində işləyib. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan Bəbir müəllim qısa müddət ərzində yaradıcı gəncləri bir araya toplayaraq qəzetin fəaliyyətində yeni cığır açmağa nail olub. Ağdamın mövcud problemlərinin həlli, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli mənlik şüurunun inkişaf etdirilməsini qəzetin səhifələrinin daimi mövzularına çevirib.

 

Dostları, həmkarları Bəbir müəllim haqqında danışarkən ilk növbədə uğurlu təşkilatçılıq, novator idarəçilik keyfiyyətlərinə toxunur, doğma torpağın problemlərinə olduqca həssas yanaşan insan kimi xarakterizə edirlər. Qocaman jurnalist həyat yaradıcılığına işıq tutduğu "Ömrümdən qalan izlər" kitabında onunla bağlı çoxsaylı xoş xatirə yazılarına rast gəlmək olar.

 

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli qeyd edib ki, Bəbir müəllim işində həmişə birinci olub: "Onu məktəbdən qoparıb Ağdam  Rayon Partiya Komitəsinə işə qoyublar. Bir az da keçib Bəbir müəllimin jurnalist yaradıcılığı üzə çıxıb. Onu Ağdamda nəşr olunan "Lenin yolu" qəzetinə redaktor təyin ediblər... Bəbir müəllimin redaktor olduğu qəzet mənə doğma idi. Bu qəzeti müntəzəm oxuyurdum. Çünki nəşrin mövzu dünyası, janrları çoxşaxəli olurdu, dili üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında idi. Həmişə hiss olunurdu ki, bu qəzetə jurnalistikanı fəhmlə bilən, Qarabağın, doğma Ağdamın problemləri ilə yaşayan vətəndaş, bir insan rəhbərlik edir".

 

Filologiya elmləri namizədi, nasir Sadıq Murtuzayev Bəbir müəllim haqqında danışarkən qeyd edib ki, o, müdrikliyi ilə seçilən bir ziyalı kimi dövlətçiliyə sadiq bir adamdır: "Cəmiyyətin böyük təbliğatçısı olan mətbuat orqanına bacarıqla rəhbərlik edirdi, onun kollektivin nüfuzunu qoruyub saxlaya bilirdi. Çox ziddiyyətli məqamlarda belə, öz təmkinini itirməz bu da həmin ziddiyyətləri aradan qaldırmağın həlledici faktoruna çevrilirdi... Qətiyyətlə təsdiq edə bilərəm ki, Bəbir müəllim ləyaqətli davranışları, təvazökarlığı, təmizliyi, mədəniyyəti, heç bir dedi-qoduya məhəl qoymaması, yeri gələndə prinsipial mövqeyi ilə rayonda irada tuş gəlməyən çox nadir adamlardan idi".

 

Bəbir müəllimin polad kimi möhkəm, həm çiçək qədər incə həssas qəlbə sahib olduğunu deyən Əməkdar jurnalist Ziyəddin Sultanovsa yubilyar haqqında bildirib ki, ixtisasca jurnalist olmasa da, təxminən 20 il rayonda çıxan "Lenin yolu" - "Ağdam" qəzetinə böyük səriştə bacarıqla rəhbərlik edib.

 

Z.Sultanov hesab edir ki, Bəbir Hüseynov ruhən, fitrən jurnalist, yaradıcı, qurucu təşkilatçıdır: "Onun mətbu orqanda redaktor kimi fəaliyyətə başlamasından sonra qəzetin səhifələrinə aktual rəngarəng mövzular gəlib, maraqlı forma axtarışları aparılıb, yazıların dili üslubu canlı, aydın dinamik olub. Həmin illər Bəbir müəllim əldə etdiyi ciddi yaradıcılıq uğurlarına görə, respublikanın Əməkdar jurnalisti adına layiq görülüb".

 

"Qarabağa doğru yol" qəzetinin baş redaktoru Əli Mahmud ilk növbədə onun insani keyfiyyətlərinə toxunub: "Bəbir müəllim səmimi insandır. Həyatın gediş-gəlişini düşünən, sözünün yerini bilən, qayğıkeş, mümkün qədər hamıya, hər kəsə hörmət etməyə, ehtiram göstərməyə çalışan adamdır".

 

Ə.Mahmud qeyd edib ki, Bəbir müəllim milli məsələlərdə çox inadkardır: "O, öz həqiqətlərimizi heç bir marağa dəyişən deyil. Bu da təbii ki, onun yurda, millətə, vətənə bağlılığının açıq təzahürüdür".

 

Yazıçı-publisist Xanış Məmmədova görə, Bəbir Hüseynov ağır oturub, batman gələn, gözütox, əli təmiz, sözü kəsərli, alicənab şəxsiyyətdir: "O, hamının dərdinə şərik olub mərhəmətini əsirgəməyəndir".

 

Bəbir müəllimin tələbkarlığı təşkilatçılığı ilə həmişə fərqləndiyini deyən X.Məmmədov qeyd edib ki, adam var, onu vəzifə şərəfi tanıdır, adam da var, vəzifəyə şərəf gətirir: "Bəbir müəllim, həqiqətən vəzifəyə şərəf gətirənlərdəndir".

 

Tibb elmləri namizədi, həkim-kardioloq Məmməd Məmmədov Bəbir müəllimi orijinal adam adlandırıb: "Qanı durulmaz, bulanıq ürək sahiblərindən fərqli olaraq bütün gücü, ruhu aləmi, hissləri, əməlləri, arzu istəkləri ilə doğma xalqına bağlı olduğunu sübut edib. Bəbir müəllim bayağı yarımçıq yaşamağa öyrəşməyən dağvüqarlı, məğrur insandır. Ağıllı, dərin hikmətli, mənalı məzmunlu məsləhətləri ilə insan şüurunun sağlamlaşdırılmasına xidmət edir. Bəbir müəllim əsl xalq ziyalısıdır".

 

Azərbaycan Auditorlar Palatasının üzvü İbiş Əliyev isə deyib ki, Bəbir müəllim alicənablığı, təvazökarlığı, mədəniyyəti, insanpərvərliyi digər yüksək keyfiyyətləri ilə başqalarından həmişə fərqlənib: "Belə keyfiyyətlərinə görə Bəbir müəllim insanların ürəyində özünə əbədi məskən salan, rayon ictimaiyyəti arasında dərin hörmət nüfuza malik şəxsiyyətdir".

 

Ömrünün 30 ilindən çoxunu mətbuata həsr edən Bəbir Hüseynov Qarabağa qarşı erməni təcavüzünün yeni dalğasının başlandığı dövrdən onların alçaq niyyətlərinin ifşası, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində silsilə yazılarla çıxış edib. 1990-cı ildə mətbu orqanın adının dəyişdirilməsindən sonra dağılmaqda olan Sovet İttifaqında Ermənistanın işğalçı hücumlarına məruz qalan Azərbaycanda düşmənlə ikinci cəbhədə - informasiya məkanında mübarizə aparanlardan biri də "Ağdam" qəzeti idi. Həm də bu cəbhə müharibə meydanından uzaqda deyildi. 1993-cü ildə Ağdam Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan "Ağdam" qəzetinin, o cümlədən, Bəbir Hüseynovun köçkünlük həyatı başlayıb. Ona görə də yubileyi ərəfəsində qocaman jurnalistdən ən böyük arzusununolduğunu soruşmağa ehtiyac duymadıq. Çünki qəlbi doğma torpaq, el-oba həsrəti ilə döyünən qarabağlı kimi, şübhəsiz, Bəbir müəlimin də ən böyük arzusu erməni vəhşiliyinə son qoyulması və ata yurdu - Ağdama qayıtmaqdır...

 

Ceyhun ABASOV

 

525-ci qəzet.-2017.-26 dekabr.-S.5.