Vətən sevgisi - "Vətən" Cəmiyyəti

YENİ TARİXİMİZDƏ ÖZÜNƏMƏXSUS ROLU OLAN "VƏTƏN" CƏMİYYƏTİNİN YARANMASININ 30 İLLİYİNƏ

Abid TAHİRLİ

 

Şəkildə soldan ayaqüstə duranlar: Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, "Vətən" Cəmiyyətinin əməkdaşı Hüseyn Heydərov, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə, Xalq yazıçısı, "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri Elçin, "Vətən" Cəmiyyətinin əməkdaşı Elxan Ələsgərov, "Dağyeli-Ferlaq" nəşriyyatının (Almaniya) direktoru İldırım Dağyeli, "Odlar yurdu" qəzetinin məsul katibi Abid Tahirli,  Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri Nazim İbrahimov, Xalq şairi Bəxtiyar Vahabzadə, prof. İren Məlikova (Fransa); əyləşənlər (soldan): prof. Sərvər Tanilli (Fransa), Topqapı muzeyinin (İstanbul) direktoru İlbər Ortaylı.   

 

1986-cı ildən SSRİ-də cərəyan edən ictimai-siyasi proseslər Azərbaycan üzərində müstəqillik mehini yenidən əsdirdi.

 

Milli azadlıq duyğusu oyandı, coşdu. Mənfur və nankor erməni qonşularımızın yeni torpaq iddiaları xalqın səbir kasasını daşdırdı və o, meydanlara axışdı. Beləliklə, Sovet imperiyasının dayaqlarını sarsıdan, bütün dünyanın diqqətini çəkən Meydan hərəkatı başladı. 1988-ci ilin 17 noyabrından Bakının Azadlıq meydanında başlayan fasiləsiz izdihamlı dinc mitinqlərin dekabrın 5-də vəhşicəsinə yatırılması, 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Sovet qoşunlarının öz haqqını tələb edən əliyalın xalqı  qırğına məruz qoyması  çürüməkdə və çökməkdə olan imperiyanın ömrünü bir qədər də qısaltdı, ölkəmizin müstəqillik yolunu işıqlandırdı. Sovet İttifaqı rəhbərliyinin ikibaşlı, çirkin siyasəti, "şanlı Sovet Ordusu"nun mənfur əməlləri, Partiyanın "işıqlı kommunizm" qurmaq ideya və çağırışlarının puça çıxması xalqın Mərkəzə - Moskvaya inamını, ümidini birdəfəlik qırdı, onu xəyal qırıqlığına uğratdı.

 

Tarixin belə bir təbəddülatlı və dönüş nöqtəsində Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqə Cəmiyyətinin - "Vətən" Cəmiyyətinin təsis edilməsi zamanın tələbi idi. Cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun qərarı ilə yaradılması da təsadüfi deyildi. Niyyət bu yolla xalqın  gözündə qayğıkeş görünmək, onun problemlərinə biganə qalmadığını nümayiş etdirmək və bu vəsilə ilə də kükrəməkdə olan qəzəb dalğasının qarşısını almaq idi. Əlbəttə, bu məqsədi xalqın qabaqcıl ziyalıları yaxşı anlayırdı. Lakin bu tarixi fürsətdən yararlanmaq, Cəmiyyətin imkanlarından maksimum istifadə edərək Vətən həsrəti ilə yaşayan soydaşlarımızla səmərəli əlaqələr yaratmaq, onların da gücündən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq, eyni zamanda, müstəqillik mücadiləsinə qoşulmaq, bu müqəddəs davaya töhfə vermək şansını dəyərləndirmək lazım idi. 1987-ci il dekabrın 28-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Cəmiyyətin təsis konfransı keçirildi. Tədbir başlamazdan əvvəl Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsindən - tələbəlik illərindən cəsarətli çıxışları, işıqlı fikirləri ilə tanıdığım professor Abbas Zamanovun bir qrup ziyalının əhatəsində dediyi sözlər indiki kimi yadımdadır: "Moskvanın bu addımı da bizə nə qədər ögey münasibət bəslənildiyinə dəlalət edir. Hələ 1964-cü ildə Ermənistanda Xaricdə Yaşayan ermənilərlə əlaqələr üzrə Dövlət Komitəsi yaradılmışdır. Yerevanda beynəlxalq hava yolları fəaliyyət göstərir. Biz xaricə yalnız Moskvadan uça bilərik. Xaricdəki həmvətənlərlə mədəni əlaqələr üçün hələ indi bizə cəmiyyət təsis etməyə icazə verirlər. Əlbəttə, bu da bizə sevgidən deyil, xalqın könlünü almaq, imperiyanı xilas etmək üçün atılan addımlardandır.

 

Beləliklə, "Vətən" Cəmiyyəti yaradıldı. Təsis konfransında Xalq yazıçısı Elçin Cəmiyyətin Rəyasət heyətinin sədri, respublikanın 76 nəfər görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimi Cəmiyyətin Şurasına, 26 nəfər isə Rəyasət heyətinə üzv seçildi. "Vətən" Cəmiyyəti fəaliyyətə başladığı ilk gündən məlum oldu ki, bu təşkilat sovet rejiminin başına bəla olacaqdır, nə Kommunist Partiyasının direktiv göstərişləri, qərarları, senzuranın qaydaları, qadağaları onu öz yolundan - xaricdəki həmvətənləri, xüsusən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin qürbətdəki mənəvi varislərini də cəlb etməklə müstəqilliyə xidmət missiyasından döndərə bilməyəcəkdir.

 

30 nəfərə yaxın əməkdaşın çalışdığı Cəmiyyətin bir neçə şöbəsi, üç əlifba ilə iki həftədən bir nəşr olunan tirajı 250 mindən çox olan "Odlar yurdu" qəzeti fəaliyyət göstərirdi. Azərbaycan sovet mətbuatı tarixində M.Ə. Rəsulzadə haqqında ilk məqalənin "Odlar yurdu" qəzetində dərc edilməsi (¹17, sentyabr 1988) "Vətən" Cəmiyyətinin gələcək fəaliyyətinin istiqamətindən xəbər verirdi və bu, bir tərəfdən mövcud rejimə açıq-aşkar meydan sulamaq idisə, digər tərəfdən xalqı tariximizin şanlı səhifələri, azadlıq aşiqlərinin mücadilə yolu ilə tanış etmək məqsədini daşıyırdı. Bu yazıdan sonra qəzetdə Azərbaycan Xalq Cümhuriyyətinin digər liderlərinin həyat və fəaliyyəti, Şərqin ilk milli demokratik dövlətinin atributları, qısa zaman ərzində müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar işıqlandırılmağa, Azərbaycan tarixi və Azərbaycan dili ilə bağlı silsilə məqalələr davamlı şəkildə verilməyə başlanılmışdır. Cəmiyyətin sədri Elçin qəzetin fəaliyyətini istiqamətləndirir, ona qayğı göstərir, dövrü nəşrin daha məzmunlu və sanballı çıxmasına çalışır, nüfuzu, inadkarlığı, fədakarlığı hesabına qəzeti partokratların, senzuranın, xüsusi xidmət orqanlarının təzyiqindən, təsirindən, təhdidlərindən qoruyurdu. Qəzetin nüfuzlu və populyar olmasında Cəmiyyətlə yaxından əməkdaşlıq edən  Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xudu Məmmədov, Nurəddin Rzayev, Mövsüm Əliyev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Əzizə Cəfərzadə, Qəzənfər Paşayev... kimi qələm sahiblərinin, eləcə də Hurəddin Qərəvi, Əli Yavuz Akpinar, Yücel Feyzioğlu, Əhməd Mehribani və başqa soydaşlarımızın xidməti də böyük olmuşdur.

 

Gündən-günə fəaliyyət dairəsini genişləndirən "Vətən" Cəmiyyəti ölkənin görkəmli mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərini xarici ölkələrə ezam edir, onların vasitəsi ilə həm həmvətənlər, həm xarici ölkə ictimaiyyəti arasında Azərbaycanın qədim, zəngin tarixini, milli-mənəvi dəyərlərini tanıdır, təbliğ edir, ölkəmizdə baş verən ictimai-siyasi hadisələr, Dağlıq Qarabağ problemi haqqında, erməni seperatizmi və vəhşiliyi barədə obyektiv məlumatlar yayır, əsl həqiqətlər haqqında fikir formalaşdırırdılar. Bu qəbildən olan tədbirlər - çoxsaylı konfranslar, görüşlər SSRİ hökumətinin, Sovet İttifaqı Kommunist Partiyasının respublikamıza qarşı qərəzli, əslində, qatı düşmənçilik, təcrid etmək, informasiya blokadasında saxlamaq siyasəti zamanında xüsusi ilə mühüm əhəmiyyət daşıyırdı. "Vətən" Cəmiyyətinin xətti ilə xarici ölkələrə (Almaniya, Danimarka, Hollandiya, Türkiyə, İsveç, Norveç, Avstriya, Finlandiya, ABŞ və s.) ezam olunan onlarca tanınmış mədəniyyət, elm xadimi, incəsənət ustaları əslində, o zamanlar xaricdə heç bir nümayəndəliyi, səfirliyi olmayan ölkəmizi təmsil edir, Vətənimizin ədalətli mövqeyini müdafiə edirdilər.  Xaricdə yaşayan həmvətənlərin ünvanına hər il 10-minlərlə ədəd kitab, qəzet, albom, digər elmi-kütləvi nəşrlər göndərilirdi. Bu işdə Cəmiyyətə yaxından yardım edən yaşlı poçt işçisinin dedikləri əsl həqiqətdən xəbər verirdi: "50 ildir ki, poçt xidmətində işləyirəm. Bu müddət ərzində bütövlükdə Azərbaycandan xaricə göndərilən məktub, bağlamadan bəlkə də 100 dəfədən çoxunu "Vətən" Cəmiyyəti bir gün ərzində yola salır".

 

 "Vətən" Cəmiyyəti yaradılması xəbərini xaricdə yaşayan soydaşlarımızın əksəriyyəti böyük ruh yüksəkliyi ilə qarşıladı. Onların bir qismi bu təşkilatla həvəslə əlaqə yaradır, əməkdaşlıq edir, onun fəaliyyətini təqdir edir, alqışlayırdı. Bir faktı demək kifayətdir ki, Cəmiyyət fəaliyyətə başladığı birinci il ərzində həmvətənlərdən müxtəlif mövzuda 1000-dən çox məktub alınmışdır. Cəmiyyətin fəaliyyətə başladığı 1988-ci il ərzində 18 nəfər həmvətənimiz, o cümlədən,  London Universitetinin professoru Turxan Gənceyi, "Ana dili" qəzetinin (Bonn) redaktoru Nurəddin Qərəvi, "Xəzər" jurnalının (İstanbul) baş redaktoru Həmid Turan, şöhrətli rəssam Əkbər Behkəlam (Berlin), tələbə Səid Rəfipur (Almaniya), Fransa Müqavimət Hərəkatının iştirakçısı İbadulla Əzimzadə "Vətən" Cəmiyyətinin dəvəti ilə Azərbaycanda olmuşlar. Sonrakı illər onlarca həmvətən, yaxud Azərbaycan xalqının, mədəniyyətinin dostu, o cümlədən,  İstanbuldakı Azərbaycan kültür və dayanışma dərnəyinin sədri Nihad Çətinqaya, Stokholmdakı Azərbaycan əncüməninin sədri Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənimiz dr.Hadi Amidi, Madriddə çıxan "Dədə Qorqud" jurnalının redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari, "Amerikanın səsi" radiostansiyasının Azərbaycan bölməsinin rəhbəri Həsən Cavadi, həmin radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas Məmmədəli Fərzanə "Vətən" Cəmiyyətinin qonağı olmuşdur. Buradaca bir məsələni xüsusi vurğulamaq lazım gəlir. Azərbaycan mühacirətinin özünəməxsus formalaşma tarixi, mərhələsi və coğrafiyası olduğu üçün "Vətən" Cəmiyyəti bir sıra ciddi problemlərlə qarşılaşırdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xaricə üz tutan həmvətənlərin övladlarının, nəvələrinin, eləcə də İkinci Dünya Müharibəsindən sonra sərhədin o tayında qalan soydaşlarımızın qəlbində Vətən sevgisi olsa da, sovet xofu, qorxusu onların bəzilərində Azərbaycanla əlaqədə müəyyən tərəddüd və şübhələr  yaradırdı. Məlum tarixi hadisələrə görə, İrandan ötən əsrin 40-cı illərinin sonlarından, 80-ci illərindən qürbətə üz tutan soydaşlarımız tamamilə başqa mühitin, fərqli ideoloji şəraitin yetirmələri idi. Onların bir qismində Azərbaycan sevdası İrana məhəbbət dalğasında itib-batırdı. "Vətən" Cəmiyyəti hər bir həmvətənlə dil tapmağa, onda Azərbaycana münasibəti hər cür partiya, qrup, məzhəb mənafeyindən üstün tutmağı təşviq və təbliğ edirdi.

 

R. Mustafayev adına Dövlət İncəsənət muzeyində xarici ölkələrdə yaşayan həmvətən rəssamlarımızdan İbrahim Əhrari, Əkbər Behkəlam, Davud və Əyyub İmdadiyan qardaşları və digər sənətkarlara məxsus 90 tablodan ibarət sərgi açılmışdır.  Böyük mütəfəkkir-yazıçı Mirzə Fətəli Axundovun anadan olmasının 175 illik yubileyi münasibəti ilə "Vətən" Cəmiyyətində xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən görüş (31 oktyabr, 1988) həm miqyası, həm də məzmunu ilə tarixə düşmüşdür. "Vətən" Cəmiyyəti Rəyasət heyətinin sədri Elçinin açdığı və geniş nitq söylədiyi tədbirdə adlı-sanlı elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri xaricdən - İren Melikoff, Turxan Gənceyi, Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli, Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari, Canpyero Bellinceri, Əli Yavuz Akpinar, Şirin Melikoff, İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və Davud İmdadian qardaşları, Rza Diqqəti, ölkəmizdən Bəxtiyar Vahabzadə, Anar, Vilayət Quliyev, Polad Bülbüloğlu, Lütfiyar İmanov, Fərhad Xəlilov, Nazim İbrahimov iştirak və çıxış etmişlər. Mirzə Fətəli Axundovun xatirəsinə ehtiram əlaməti olan bu irimiqyaslı tədbir, həm həmvətənlərlə əlaqə və əməkdaşlığın yeni səhifələrini açdı.

 

1990-cı il qanlı 20 yanvar hadisəsi - Bakıya Sovet Ordusunun təcavüzü ilə bağlı əsl həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində "Vətən" Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə aldı: Bakıda fövqəladə vəziyyət, komendant saatı olmasına baxmayaraq, Sovet əsgərlərinin Bakının küçələrində törətdiyi cinayətlər, onların izləri video və fotolara köçürüldü, teleks və telefonlar vasitəsi ilə xarici KİV, həmvətənlər, onları birləşdirən mədəniyyət mərkəzləri məlumatlandırıldı. "Odlar yurdu" hərbi senzuranın qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini "Səhər" qəzeti ilə birlikdə ölkədə ilk dəfə bütün çılpaqlığı ilə öz səhifəsində işıqlandırdı. "Vətən" Cəmiyyəti yeganə mətbu orqandır ki, Azərbaycan SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş fövqəladə sessiyası barədə məlumatı və onun "Bakı şəhərində Fövqəladə vəziyyətin ləğv olunması haqqında" qərarını dərc etmişdir. Sessiyanın keçirilməsində Elçinin xüsusi rolu olmuşdur. Cəmiyyətin sədri Elçin müsahibələrinin birində həmin dövrdə baş verən hadisələri xatırlayarkən demişdir: "O ağır günlərdə Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə getməsi və Bakıda törədilən vəhşiliyə görə SSRİ rəhbərliyini ittiham etməsi hər vasitə ilə ört-basdır edilirdi. Biz həmin hadisənin videokassetini əldə etdik və Heydər Əliyevin ittihamını, əlimizin altında nə qədər ünvan var idi, hamısına göndərdik.  Şeyxülislam A.Paşazadənin də kəskin bəyanatı var idi, biz o bəyanatı da bir çox ölkələrin rəhbərliyinə göndərdik və Pakistanın o vaxtkı baş naziri B.Bhutto bizim teleksə istinad edərək, Politbüroya etiraz notu göndərmişdi. Hörmətli şeyximiz bütün bunları yaxşı bilir. "Vətən" diaspor ilə Azərbaycan arasında mənəvi körpü yaratmışdı və bu körpü ikitərəfli hərəkata malik idi: Azərbaycan - diaspor, diaspor - Azərbaycan. Biz gəmidə oturub, gəmiçi ilə dava edirdik. O zaman - 80-ci illərin sonu, 90-ın əvvəlləri - mən Azərbaycan SSR Ali Sovetinin deputatı idim və bu status "Vətən"in hər gün rastlaşdığı çətinlikləri aradan qaldırmaqda mənə çox kömək edirdi.

 

...Bütün bunları tədqiq etmək, "Vətən" Cəmiyyətinin xalqın milli oyanışında, siyasi yaddaşının bərpa edilməsində, Azərbaycanın müstəqil bir dövlətə çevrilməsində oynadığı rolu müəyyənləşdirmək gələcək tarixçilərin işidir və mən qətiyyən şübhə etmirəm ki, onlar bu işi görəcəklər" (Yaşarın Xalq yazıçısı Elçinlə söhbəti. "525-ci qəzet", 19 noyabr-20 yanvar 2011).

 

Ən ağır dövrlərdə "Vətən" Cəmiyyəti Ulu öndər Heydər Əliyevlə daim əlaqə saxlamışdır. Yazıçı-publisist, "Vətən" Cəmiyyətinin şöbə müdiri Əkrəm Qaflanoğlu xatırlayır: "Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdığı ağır günlər idi. Elçin müəllimin tapşırığı ilə Stokholmdakı "Azərbaycanın səsi" radiosunun rəhbəri Əlirza Ərdəbili ilə Naxçıvana uçduq. Məqsəd Heydər Əliyevlə görüşmək, ondan müsahibə götürmək idi. Heydər Əliyev bizim gəlişimizdən məmnun olduğunu dilə gətirdi, Elçinin bu cəsarətli addımını təqdir etdi, Xalq yazıçısı İlyas Əfəndiyevlə bağlı unudulmaz görüşləri xatırladı. Müxbirə həvəslə müsahibə verdi, birgə şəkillər çəkdirdik. Mən bu barədə sonralar mətbuatda çıxışlar etmişəm. Heydər Əliyev söhbət əsnasında ətraf aləmdən tam təcrid edildiyini, hətta qəzet və jurnallar almadığını dedi. Mən Bakıya qayıtdıqdan sonra Elçin müəllimə bu barədə danışdım. O, mənə hər gün Heydər Əliyevə "Vətən" Cəmiyyəti adından qəzet göndərməyi, ünvana çatıb-çatmadığına nəzarət etməyi tapşırdı. Həmin gündən Heydər Əliyev Ali Sovetə sədr seçilənədək mən bu işlə ciddi məşğul oldum".

 

Cəmiyyət Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı mütəmadi informasiyalar yayır, erməni vəhşiliyinə qarşı xalqımızın qəzəb və nifrətini ifadə edərək həmvətənlərimizi ermənilərin və onların havadarlarının fitnəkar planlarını ifşa etməyə, həqiqəti dünya ictimaiyyətinə çatdırmağa, Azərbaycanın ərazi bütövlüyü və azadlığı naminə öz haqq səslərini ucaltmağa çağırırdı. "Vətən" Cəmiyyətinin sədri Elçin, Cəmiyyətin bütün əməkdaşları, o cümlədən, Heydər Məmmədəliyev, Əkrəm Qaflanoğlu, Faiq Bağırov, Elxan Ələsgərov, Ramiz Əsgər, İradə Cabbarova, Şəhla Abbasova, Kərim Güləndam, Sabir İslam, Hüseyn Heydərov və digərləri gecə-gündüz demədən Moskva tərəfindən informasiya blokadasına alınmış respublikamız haqqında həqiqətlərin yayılmasına çalışır və buna çətinliklə də olsa, nail olurdular.

 

(Ardı var)

525-ci qəzet  2017.- 27 dekabr.- S.6.