Vətən sevgisi - "Vətən" Cəmiyyəti

 

YENİ TARİXİMİZDƏ ÖZÜNƏMƏXSUS ROLU OLAN "VƏTƏN" CƏMİYYƏTİNİN YARANMASININ 30 İLLİYİNƏ

Abid TAHİRLİ

 

(Əvvəli ötən sayımızda)

 

"Vətən" Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağdan qaçqın, köçkün düşənlərin problemləri ilə yaxından maraqlanır, imkan daxilində onlara maddi, mənəvi yardım edirdi.

 

Cəmiyyət Bakı Dövlət Universitetinin tələbələrinə və Bülbül adına musiqi məktəbinin şagirdləri üçün Əhməd bəy Ağaoğlu və Xan Şuşinskinin adına təqaüdlər təsis etmişdi.

 

Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Məhəmməd Kəngərli ilk siyasi mühacir lideri kimi Azərbaycana səfərə gəlmişdi. Əlbəttə, indi bu fakt bəlkə də adi hadisə kimi qəbul edilə bilər. Amma dəmir pərdənin, rejimin, KQB-nin mövcud olduğu  vaxtlarda bu düşünmək, bu təşəbbüsdə bulunmaq belə böyük risk idi. "Vətən" Cəmiyyəti İstanbuldakı Azərbaycan türkləri kültür və dayanışma dərnəyinin təşkilatçılığı ilə 1989-cu il noyabrın 3-6-da keçirilən Azərbaycan Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq qurultayının işində fəal iştirak etmişdir.

 

1990-cı il noyabrın 26-da "Vətən" Cəmiyyətinin dəvəti ilə ölkəmizə gələn ABŞ konqresinin üzvü, Demokratlar Partiyasının liderlərindən biri, tanınmış siyasi xadim Cim Mudi və onu müşayiət edən nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilmiş, ABŞ konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, erməni təcavüzü ilə bağlı hərtərəfli, geniş məlumat verilmişdi. Cim Mudinin timsalında ilk dəfə Şəhidlər Xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar üzərinə əklillər qoyulmuşdu.

 

1991-ci il yanvarın 22-də "Vətən" Cəmiyyətində Ankaradakı Azərbaycan Milli Mərkəzinin və Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş katibi Əhməd Qaraca, həmin cəmiyyətin məsul üzvü Yəhya Daşdələn, "Türkiyə" qəzetinin Vaşinqton təmsilçisi Əhməd Əli Arslan, Stokholmdakı "Azərbaycanın səsi" radiosunun rəhbəri Əlirza Ərdəbili və digər həmvətənlərlə respublikanın tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərinin görüşü keçirildi. Yenə həmin il "Vətən" Cəmiyyəti Bakıda Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş Beynəlxalq elmi simpoziumun keçirilməsində fəal iştirak etdi. Tədbirin iştirakçıları ilə Cəmiyyətdə maraqlı görüş təşkil olundu.

 

"Vətən" Cəmiyyəti haqqında danışarkən bir məsələni də vurğulamaq lazımdır. Bu cəmiyyətin fəaliyyətə başlaması ölkəmizdə mühacirətşünaslıq elminin yaranmasına da zəmin olub. Məhz bundan sonra mühacirət problemi, onun tarixi, ədəbiyyatı, mətbuatı elmi-tədqiqat obyekti kimi öyrənilməyə başlanılıb.

 

"Vətən" Cəmiyyətinin ümummilli maraqlara, müstəqilliyə xidmət edən çoxşaxəli, səmərəli və şəffaf fəaliyyəti xaricdə və daxildə müəyyən dairələri təmin etmədiyindən onlar müxtəlif üsullarla Cəmiyyətin işinə kölgə salmağa, böhtan, yalan və şayiələrlə  onun fəaliyyətini gözdən salmağa cəhd göstərirdilər. İş o həddə çatmışdı ki, "Vətən" Cəmiyyətinin fəaliyyəti Sov.İKP MK-nın Politbüro iclasında müzakirə edilmiş, o zaman SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işləyən keçmiş xarici işlər naziri Andrey Qromıko "Vətən" Cəmiyyətinin əleyhinə kəskin çıxış etmişdi. Bu qərəzli, bəzi hallarda düşmən münasibətdən çəkinməyən və sarsılmayan Cəmiyyətin ən böyük müttəfiqi ədalət və həqiqət idi ki, bu da ona xalqın yaddaşında-tarixində həmişəyaşarlıq haqqını qazandırdı.

 

"Vətən" Cəmiyyəti fəaliyyət göstərdiyi dövrün tarixinə, ictimai- siyasi proseslərə, milli azadlıq hərəkatının daha geniş vüsət almasına, erməni seperatizminin və erməni vəhşiliyinin ifşasına, demokratik dəyərlərin, xüsusən söz azadlığının, yeni dövr müstəqil mətbuatın formalaşmasına, ədəbi-mədəni həyata, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, mühacirlərlə səmərəli münasibətlərin qurulmasına misilsiz töhfələr vermişdir. Ayrı-ayrı məqalə, müsahibə, məruzə və çıxışlardan gətirilən sitatlar fikrimizi bir daha təsdiqləyir.

 

Xalq yazıçısı Elçin:  - Sovet İttifaqı qapalı bir ölkə idi və o qapalı ölkədə "Vətən" Cəmiyyəti xarici dünyaya açılan bir gözlük idi. ...Biz Sistemin unutdurmağa çalışdığı və heç vəchlə yaxına buraxmaq istəmədiyi Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Xan Xoyski, Yusif bəy Nəsibbəyli və bu kimi siyasi-ictimai xadimləri yenidən xalqa təqdim etdik, Məmməd Kəngərli kimi bir sıra siyasi mühacirləri ilk dəfə Azərbaycana dəvət etdik və onları sovet KQB-sinin hər cürə təxribatlarından qoruduq.

 

1990-cı ilin 20 yanvar qətliamından sonra Azərbaycanın xarici aləmlə yeganə əlaqəsi "Vətən" Cəmiyyətinin teleksi idi. O ağır günlərdə biz gecə-gündüz Bakıda sovet qoşunlarının törətdiyi vəhşiliklər haqqında materiallar hazırlayıb, həmin telekslə yalnız həmvətənlərimizə yox, xarici ölkələrin informasiya agentliklərinə, məşhur qəzet redaksiyalarına, görkəmli dövlət xadimlərinə, Oljas Süleymenovdan tutmuş Çingiz Aytmatova, Yevgeni Yevtuşenkoya, Andrey Voznesenskiyə, Mahmud Esenbayevə və bir çox başqa tanınmış sənət adamlarınacan göndərirdik.

 

"Vətən" Cəmiyyəti dünya informasiya vasitələrinin diqqətini Azərbaycana cəlb etmək, bizdəki xalq hərəkatının mahiyyəti haqda dünya ictimai dairələrinə obyektiv məlumat vermək baxımından çox işlər gördü.

 

Diplomat, professor Vilayət Quliyev: - 1987-ci ildə "Vətən" cəmiyyətinin qurulması, ölkədə və onun hüdudlarından kənarda yaxşı tanınan görkəmli ziyalı və ictimai xadim, xalq yazıçısı Elçinin bu quruma rəhbər təyin edilməsi tarixi zərurətdən doğmuşdu. Mirzə Cəlil təbiri ilə desək, "Vətən" cəmiyyətini təbiət özü yaratmışdı, zəmanə özü yaratmışdı. Çünki artıq elə bir dövr gəlmişdir ki, Azərbaycan dünyaya açılmalı idi. Bir tərəfdən vətənimiz, onun tarixi, mədəniyyəti, uğur və problemləri ilə bağlı  həqiqətləri yaymaq, o biri tərəfdən isə dünyanın onlarla ölkəsinə səpələnmiş on minlərlə soydaşımızın diqqətini Ana Vətənə çəkmək lazım idi. Normal fəaliyyət göstərən Xarici İşlər Nazirliyimizin, xaricdə diplomatik təmsilçiliklərimizin və formalaşmış diaspora hərəkatının olmadığı bir dövrdə bu çətin vəzifələrin icrası tezliklə xalq arasında böyük populyarlıq qazanan "Vətən" cəmiyyətinin üzərinə düşdü. Və cəmiyyət bu işlərin öhdəsindən uğurla gəldi. 1990-cı ilin Qara yanvarında səsimiz dünyaya buradan yayıldı. Kiçik formatlı "Odlar yurdu" qəzeti xalqı öz gerçək tarixi və gizlədilmiş həqiqətlərlə tanış etmək baxımından qeyri-adi iş gördü. "Vətən" cəmiyyəti sayəsində onlarla soydaşımız uzun illərin həsrət və intizarından sonra vətənə qovuşdular.

 

Vətən intəhasızdır. Vətənə xidməti amalına çevirən bu Cəmiyyət tariximizin mühüm və məsul dövründə milli-mədəni həyatımıza misilsiz töhfələr vermişdir.

 

 Azərbaycanşünas alim, professor Əli Yavuz Akpinar: - Vatan Cemiyeti bence zamanında çok önemli bir rol oynadı. Sovyet Döneminde sizlerin de çok iyi bildiği gibi Azerbaycan da diğer ülkeler gibi "demir perde" ardında kalmış, dünya ile irtibatı kesilmişti. Her şey Moskova kanalıyla idare ediliyordu. Vatan cemiyyeti, sanırım yine belli ölçüde KGB-nin kontrolü altında idi. Böyle olmasına rağmen bu cemiyet Azerbaycanı dışarıya açtı, onun Sovyet yönetimi altında da olsa, kendi şahsiyetini, kendi medeniyetini muhafaza ettiğini dünyaya gösterdi.

 

Diğer ülkelerle ilişkiler ne idi bilemiyorum, ama Türkiye, İran ve Almanya gibi ülkelerdeki Azerbaycan Türkleriyle irtibaat kurmada, onlara çağdaş Azerbaycanı tanıtmada bu cemiyet büyük rol oynadı. Özellikle belirtmeliyim ki, Vatan Cemiyyeti siyasi şartlar itibarıyla daha yumuşak bir zamanda kurulmuştu ve başında bulunan Elçin Efendiyev Bey, çok daha faal hizmet gösterebiliyor, hatta xariçteki Azerbaycan siyasi muhacirlerini bile arayıp buluyor, onlarla ve ya onların aileleriyle ilişkiler kuruyor, onların bir kısmını Azerbaycana davet ediyor ve ya onlardan bulunan bazı kitap ve ya belgelerin Bakuya getirilmesini sağlıyordu. O yıllarda böyle cesarete isteyen işleri yapmak pek kolay değildi. Bunda şüphesiz muhterem Elçin Beyin vatanseverliği, ziyalı cesareti ve mesuliyeti büyük rol oynamıştır ve ben onun bu cesaretine, şuurlu davranışına hayran olduğumu bir kere daha açıkça ifade etmek isterim.

 

Dünya şöhrətli yazıçı Banin (Ümmülbanu Mirzə qızı Əsədullayeva) (Paris): - 70 il əvvəl tərk etdiyim ana Vətənim Azərbaycanı bir anlığa da olsun unutmamışam. Həmişə onun mehriban qucağını, gözəl təbiətini, mərd insanlarını xatırlamışam. Əsərlərimdə bu duyğuları ifadə etməyə çalışmışam.... "Odlar yurdu"nda, "Azərbaycan"da, "Gənclik" jurnallarında haqqımda çıxan yazılardan, əsərlərimin çapından, eləcə də son günlərdə Elçinin mənim haqqında dərc etdirdiyi essedən sonra Bakıdan, respublikanın digər yerlərindən, ümumiyyətlə Sovet İttifaqından ünvanıma saysız-hesabsız məktublar gəlir. Ədəbiyyatşünas və tənqidçi alimlər, müəllim və tələbələr, fəhlə və kəndlilər, qohumlarım mənə məktub yazırlar.

 

ABŞ konqresmeni Cim Mudi: - Hadisələr (Xalq hərəkatı nəzərdə tutulu - T.A) başlayanda məndə Bakıya gəlmək fikri yaranmışdı. Lakin o vaxt Bakı, Azərbaycan, ümumiyyətlə Zaqafqaziya xaricilər üçün, hətta jurnalistlər üçün bağlı və təhlükəli rayon idi. Bir neçə ay bundan əvvəl "Vətən" Cəmiyyətinin sədri cənab Elçindən dəvət aldıq. Bu, bizi çox sevindirdi.... Dəvətdən məmnuniyyətlə istifadə etdik. Dəvət və qonaqpərvərlik üçün "Vətən" Cəmiyyətinə, şəxsən Elçinə təşəkkürümü özümə borc bilirəm. Mən Azərbaycana səfərimdən çox məmnun oldum. Gəlib hər şeyi öz gözlərimlə gördüm, ilk mənbələrdən məlumat aldım. Vətənə qayıtdıqdan sonra Amerika Birləşmiş Ştatlarının konqresində çıxış edəcəyəm, mətbuat konfransları keçirəcəyəm, əsl həqiqətin ABŞ ictimaiyyətinə çatdırılmasına çalışacağam.

 

Mahir qarmonçalan Rəhman Əsədullahi (Almaniya): - Qan qardaşlarım, əziz sirdaşlarım, ay Vətənimin şərəfli qızları, oğulları! Özünüz bilirsiniz ki, tarix boyu biz azərbaycanlılara nə qədər zülmlər olub. Hətta öz dilimizdə danışmağa, yazmağa imkan verilməyib ki, kökümüzdən xəbərimiz olsun. ... "Vətən" Cəmiyyəti yarananda qürbətdəki həmvətənlərimiz kimi mən də çox bəxtiyar oldum. Gəlib Cəmiyyətin işçilərini, fəaliyyətlərini görmək məni feyziyab elədi. Sağ olsunlar!

 

Avropanın məşhur rəssamlarından İbrahim Əhrari (Almaniya): -"Vətən" cəmiyyəti bizlərin gözünə nur, dizinə qüvvət, beyninə qida verdi.

 

İstedadlı və tanınmış rəssam Əyyub İmdadian ( Paris): - Körpə şirin yuxudan ayrılmaq istəmədiyi kimi, mənə də Bakıdan getmək çətindir. "Vətən" Cəmiyyəti xaricdə yaşayan azərbaycanlı rəssamların sərgisini təşkil etməyi planlaşdırmışdır. Təsəllim odur ki, yenə Azərbaycana gələcək, yenə görüşəcəyik.

 

Tanınmış naşir, redaktor, publisist Həmid Turan (Türkiyə): - "Vətən" Cəmiyyətinin yaranmasını Azərbaycandan uzaqda yaşayan böyük sevinclə qarşıladılar. Biz inanırıq ki. "Vətən" Cəmiyyəti öz fəaliyyəti ilə qəlbimizdəki həsrətə, nisgil oduna su səpəcək.

 

Adlı-sanlı fotoqraf Rza Diqqəti (Paris): - Heç yuxuma da girməzdi ki, nə vaxtsa Bakıya, Azərbaycana gəlib Vətənin bir parçasını öz gözümlə görəcəyəm, can bir, qan bir qardaşlarımla görüşəcəyəm. Buna görə "Vətən" Cəmiyyətinə, bizim bura gəlişimizi təşkil edən qardaşlarımıza öz minnətdarlığımı bildirirəm.

 

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatov (Qırğızıstan): - "Vətən" Cəmiyyətinin xaricdəki həmvətənlərlə mədəni əlaqələr yaratmaqda rolu böyükdür. Tarixi şərait üzündən eyni qandan, eyni candan olan adamlar ayrı düşüb. Gərək onlar heç vaxt bir-birilərini gözdən itirməsinlər. Bu insanlar arasında onları birləşdirən daimi ünsiyyət körpüsü olmalıdır. "Vətən" Cəmiyyəti məhz bu körpü rolunu bacarıqla yerinə yetirməlidir. "Odlar yurdu" qəzetinin oxucularına, uzaq yerlərdə yaşayan türkdilli qardaş ellərə xoşbəxtlik arzulayıram

 

Tanınmış yazıçı, ədəbiyyatşünas, professor Əzizə Cəfərzadə: - "Vətən" Cəmiyyəti qürbət xəstəliyinə tutulmuş həmvətənlərimizə yardım əli uzatmaq üçün yaranmışdır.

 

Xalq şairi Sabir Rüstəmxanlı: - Dünyan

 

ın hansı ölkəsində olmuşamsa, "Odlar yurdu"nun necə yayıldığının, necə oxunduğunun şahidi olmuşam... Biz bu gün tam dərk etməsək də, "Odlar yurdu" böyük tarixi yük daşıyır, onun əməkdaşları xoşbəxtdirlər ki, bu böyük əqidəyə xidmət edirlər...

 

Professor Tehran Əlişanoğlu: - Elçinin 1987-ci ildən Vətən cəmiyyəti xətti ilə başlatdığı son dərəcə vacib və əhəmiyyətli işlər nəinki mühacirətşünaslığın gəlişməsinə start vermiş, habelə bu sahədə gələcək kadrların yetişməsinə də təkan olmuşdur.

 

Böyük Millət Məclisinin sabiq millət vəkili Səbri Aras (Türkiyə): - "Odlar yurdu" ən çox sevdiyim, ən çox oxuduğum qəzetlərdəndir. "Odlar yurdu"nu təkcə oxumuram, həm də onun qızğın təbliğatçısıyam. Hər dəfə parlament poçtumdan bu qəzeti alır, oxuyur, sonra dostlarıma verirəm. Qəzetin əməkdaşlarına, ümumiyyətlə "Vətən" cəmiyyətinin fəallarına daha böyük uğurlar arzulayıram.

 

"Amerikanın səsi" radiosunun əməkdaşı Bulud Mehmandarlı (ABŞ): - Mən "Vətən" Cəmiyyətinin qonağıyam. Bakıya gəlməkdə iki əsas məqsədim var: birincisi, təbii ki, Azərbaycanı görmək, qardaşlarımızla daha yaxından tanış olmaq, buradakı vəziyyəti öyrənmək, ikincisi isə peşəmlə bağlı müəyyən niyyətlərimi həyata keçirməkdir.

 

Yazıçı-publisist, ədəbiyyatşünas alim Məhəmmədəli Fərzanə (Təbriz): - Ömrümün 60 ilini Bakını görmək arzusu ilə yaşamışam. Şükürlər olsun ki, gec də olsa, arzuma çatdım.

 

Yeri gəlmişkən xüsusi vurğulanmalıdır ki, "Vətən" Cəmiyyətinin, onun orqanı "Odlar yurdu" qəzetinin vasitəsi ilə illərlə bir-birinə həsrət qalmış onlarca qardaş-bacı, qohumlar bir-birinə qovuşmuşlar.

 

"Vətən" Cəmiyyəti Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi səviyyəsində razılıqla təsis olunsa da, çar hökumətinin icazəsindən sonra nəşrə başlayan "Əkinçi", "Molla Nəsrəddin" kimi Azərbaycanın tarixində əbədi iz buraxdı və ölkəmizin müstəqilliyin bərpa edilməsi ərəfəsində  mühüm rol oynadı. Bu qənatə gəlmək üçün "Vətən" Cəmiyyətinin fəaliyyəti aşağıdakı aspektlərdə və istiqamətlərdə təhlil olunmalı və dəyərləndirilməlidir. "Vətən" Cəmiyyəti və:

 

- xaricdəki həmvətənlər problemi (məskunlaşdığı ölkələr, fəaliyyət dairələri, sosial tərkibi, təşkilatlanması, təhsili, siyasi baxışları, həyat və təfəkkür tərzləri, həmvətənlərlə əlaqə vasitələri, onların mətbu və digər nəşrlərlə təmin edilməsi, həmvətənlərin mətbu orqanları, mədəniyyət mərkəzləri, ocaq və əncümənləri, ana dili kursları, yerli xalqlarla əlaqə və münasibətləri və s.);

 

- Azərbaycan Xalq Cümhuriyyəti haqqında həqiqətlər;

 

- milli azadlıq hərəkatında onun yeri, rolu;

 

- 20 Yanvar faciəsi haqqında həmvətənlərin, beynəlxalq ictimaiyyətin məlumatlandırılması;

 

- ölkəmizin ərazi bütövlüyü və Dağlıq Qarabağ problemi;

 

- "Odlar yurdu" qəzeti;

 

- mühacirətşünalıq məsələləri;

 

- milli-mənəvi dəyərlər, adət, ənənələr və onların təbliği;

 

- Azərbaycan dili və tarixinin, ədəbiyyatı və mədəni irsinin xaricdəki həmvətənlər arasında təbliği, tanıdılması problemi;

 

- müxtəlif tarixi hadisələr zamanı itkin düşən həmvətənlərin axtarışı, onların Ana Vətəndəki qohumları ilə görüşü və s.

 

Bütün sadalanan bu məsələlər kompleks şəkildə araşdırıldığı və obyektiv dəyərləndirildiyi zaman "Vətən" Cəmiyyətinin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şərəfli yeri və tarixi rolu bariz şəkildə üzə çıxacaq.

 

30.XI.2017

 

 

525-ci qəzet  2017.- 28 dekabr.- S.6.