Məhəbbəti rədd edilən qadının faciəsi

 

Dekabrın 14-də Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı əsasında dramaturq Çingiz Ələsgərlinin yeni versiyada işlədiyi "Qətibə İnanc" əsərinin ilk tamaşası nümayiş etdirildi.

 

Tamaşanın quruluşçu rejissoru, xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatı Kamil İsmayılov, işıq rəssamı Raəfael Həsənovdur. Deməliyəm ki, yaradıcı qrup bütövlükdə qarşılarına qoyduqları məqsədə nail olaraq, maraqlı və baxımlı bir tamaşa ərsəyə gətiriblər.

 

Hər şeydən əvvəl mən yeni səhnə versiyası haqqında fikirlərimi çatdırmaq istəyirəm. Çünki peşəkar səhnə versiyası olmadan peşəkar tamaşadan söhbət belə gedə bilməz. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanı tədqiqat xarakterli, mürəkkəb bir tarixi əsər olub, Azərbaycanda 12-ci əsrdə baş vermiş İntibah dövrünə həsr edilib. 12-ci əsr ictimai və siyasi baxımdan Azərbaycanın çox mürəkkəb bir dövrü olub. İntibah dövrünün dahi şəxsiyyəti isə, söz yox ki, Şeyx titulu qazanaraq bütün Şərq aləmində məşhur olan Nizami Gəncəvidir. Nizami Gəncəvi belə bir mürəkkəb dövrdə yaşayaraq, həm dünya miqyasında qiymətləndirilən ədəbi şedevrlərini yaratmış, həm də Atabəylər hökmdarlarının ideoloqu olmuşdur. Səhnə versiyasında Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnanc, Qızıl Arslan, sərkərdə Hüsaməddin, sərkərdə Fəxrəddin, Sultan Toğrul və sair obrazlar canlandırılıb. Əsər Qətibə İnancın ilk gənclik illərində Nizami Gəncəviyə bəslədiyi cavabsız məhəbbətinə həsr olunub. Məhəbbəti cavabsız qalan gözəl qadında insanlara və xüsusən kişilərə qarşı məkr, hiddət və qəzəb yaranıb. Bu obraz Qərb ədəbiyyatında yaradılmış saysız-hesabsız məkrli qadın obrazlarını xatırladır.

 

Dramaturq Çingiz Ələsgərlinin qələmə aldığı "Qətibə İnanc" pyesini ("səhnə versiyası" adlandırmağa dilim gəlmir) dramatik hadisələrin peşəkar düzümünə, konfliktin mükəmməlliyinə və obrazların möhtəşəmliyinə görə kamil dram əsəri hesab edirəm. Tamaşa başlanan andan sona qədər, dramatik hadisələrin gərginliyi daim tamaşaçını intizarda saxlayır. Əsər Qətibə İnanca, onun rədd edilmiş, uğursuz məhəbbətinə, daha dəqiq desək, gözəl bir qadının faciəsinə həsr olunsa da, əslində, dahi filosofa, dahi şairə, dünyada mövcud olan bütün elmlərin kamil bilicisinə Seyx Nizami Gəncəviyə, onun gələcək nəsillərə ibrət ola biləcək kişilik qürur, dəyanət və vüqarına həsr olunub. Maraqlı süjeti ilə diqqətçəkən tamaşa pərdə açılan andan, səhnə tərtibatı ilə tamaşaçıları cəlb edir. Əsas pərdə açılır və adətən pərdədə seyr etməyə adət etdiyimiz görüntünu, bu dəfə, fərqli olaraq, qara pərdədə izləyirik. Günəş batır, qaranlıq çökən kimi, şər qüvvələrə, kin və küdurətə meydan verilir.

 

Pərdə açılan kimi görünən yerə sancılmış çoxsaylı nizələr təqdim olunacaq dramatik hadisələrin gərginliyindən xəbər verir. Dairə və sair konfiqurasiyalarda yerə sancılmış nizələrin hər biri, əslində, canlı insan, daha doğrusu, döyüşçülərdir. Sanki bu döyüşçülər baş verəcək tarixi hadisələrin həm izləyicisi, həm də iştirakçısıdır. Səhnə tərtibatında arxa planda verilmiş qala bürcləri və onların davamı kimi qəbul olunan oturacaqların qızıl suyunda işləmələri tamaşaçanı təqdim olunan dövrə yaxınlaşdırır. Musiqi isə, baş verəcək hadisələrin gərgin dramatizmindən xəbər verir. Maraqlı və baxımlı rəssam tərtibatı, rəngarəng və daş-qaşla bəzədilmiş geyimlər 12 əsri gözümüz qarşısında canlandırır. Həm səhnə tərtibatı, həm obrazların xarakterinə uyğun biçilmiş kostyumlar yüksək rəssam zövqünün nəticəsidir. Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlunun zövqü, bacarığı və zəhməti xüsusi qeyd olunmalıdır. Musiqi tərtibatı da Kamil İsmayılovun istedad və zövqünün nəticəsi hesab olunmalıdır. Musiqi sanki gərgin dramatik hadisələrin təqdimedicisi, izləyicisi və tamamlayıcısı funksiyasını daşıyır. Demək olar ki, bütün tamaşa boyu musiqi kəsilmir. Həm Kamil İsmayılov, həm də quruluşçu rejissor Mərahim Fərzəlibəyov musiqi seçimində milli anlamdan çıxaraq, bilərəkdən beynəlxalq anlama yaxınlaşmışlar. Bu isə, Dahi Nizami Gəncəvinin dünya miqyasda şöhrətinə işarə hesab olunmalıdır.

 

Az qala bütün Şərq və dünya ölkələri Nizami Gəncəvini öz şairi hesab edirlər. Nizami Gəncəvinin isə, bir vətəni, bir yurdu var, o da Gəncədir, Azərbaycandır. Tamaşa, əvvəldən sona kimi, dəqiq seçilmiş musiqi parçaları ilə təqdim olunur. Musiqi elə seçilib ki, bəzən onun seçilmə və yığılma olduğu belə unudulur. Bütün bunlar, söz yox ki, baxımlı və maraqlı tamaşaları ilə hər zaman tamaşaçıları heyrətdə qoymağı qarşısına məqsəd qoyan quruluşçu rejissor Mərahim Fərzəlibəyov istedadının nəticəsi hesab olunmalıdır. Bəziləri bunu tərif hesab etsələr də, bu, əslində, çox böyük bir həqiqətdir. Səhnənin dairəsi fırlanır və arxası zala tərəf nizələrin yanında dayanmış on iki iştirakçı tamaşaçıların qarşısından keçirlər. Bu keçidi, hardasa baş verəcək hadisələrə giriş də adlandırmaq olar. Gözümüz qarşısında bütün vücudu ilə kin püskürən Qətibə İnanc canlanır. Xalq artisti Bəsti Cəfərovanın təqdimində Qətibə İnanc həm sevən, həm atılan qadın, həm yeganə oğlunu canından artıq sevən ana, həm Mələkəliyi, kraliçalığı uğrunda mübarizə aparan, bu yolda qətllər törətməkdən belə çəkinməyən gözəl qadındır. Onun həyatda iki istəyi var. Biri yaşadıqca Mələkəliyini saxlamaq, ikincisi, yeganə oğlunun Vəliəhdliyini təsdiq etmək. Bu iki istək, onun həyat amalıdır. Lakin qəlbinin dərinliyində bir tənha məhəbbət yaşayır və ömrü boyu ona əziyyət verir. Qətibə İnancın "səmavi kişi" adlandırdığı, ilk gənclik illərindən sonsuz məhəbbətlə sevdiyi şəxs isə, hələ sağlığında əfsanəyə çevrilmiş Seyx Nizami Gəncəvidir. Yaxşı bilirik ki, hər bir tamaşa sintetik bir sənət olub, müxtəlif sənətləri özündə birləşdirir. Adıçəkilən tamaşanın bütövlüyünü təmin edən daha bir komponent dəqiq tapılmış işıq həllidir. Tamaşanın dəqiq tapılmış işıq həlli Rafael Həsənova məxsusdur. Düzgün işlənmiş rəssam işi, musiqi və işıq həlli olmadan tamaşa bütövlüyündən danışmaq olmaz. Lakin unutmamalıyıq ki, bütün bunlar peşəkar rejissor yozumu üçün əlavə köməkçi vasitələrdir.

 

Tamaşanın ən əsas komponenti dəqiq düşünülmüş rejissor yozumu və bu yozumun dəqiq ifadəçisi olan aktyor oyun tərzidir. M. S. Ordubadinin "Qılınc və qələm" romanı və o cümlədən, "Qətibə İnanc" dramı tarixi janrdadır. Demək, Mərahim Fərzəlibəyovovun rejissor yozumunda aktyor ifaları məhz bu janra köklənməlidir. Tamaşa Qətibə İnancın-Bəsti Cəfərovanın təqdimi ilə başlayır. Hər bir insanın, xüsusən sevən qadının məhəbbəti bir anda məkrə çevrilə bilər. Akrisanın hərəkət-mizan toplusu, mimika və diksiyası bir-birinin davamı kimi təqdim olunur. Onun hissləri qəzəb, nifrət, qisas, qorxu, kədər və sair hisslərin qarışığıdır. O, müxtəlif səhnələrdə və müxtəlif adamlarla görüşərkən təklif olunmuş vəziyyətə uyğun dəqiq oyun tərzi nümayiş etdirir. O, sevgisində də, mübarizəsində də, qisasında və məğlubiyyətində də ifa bütövlüyü nümayiş etdirir. O, Nizami Gəncəvi və Qızıl Arslandan başqa, onu əhatə edən hər kəsi, öz məqsədləri üçün istifadə edə bilir. Qətibə İnanc-Bəsti Cəfərova Mələkə obrazının xarici və daxili dünyasının təsvirində mükəmməl ifaya nail ola bilir. Nizami Gəncəvi-Əməkdar artist Sabir Məmmədov Qətibə İnanci yaxşı tanısa da, onun gözəlliyinə qiymət versə də, məkrindən də xəbərdardır. Aktyor təqdim və təklif olunmuş vəziyyətdə dəqiq ifa toplusu nümayiş etdirir. O, Qətibə İnancın ağlına da, bacarığına da yüksək qiymət versə də, ehtiyatı əldən vermir. O, məğrurluq və kişilik nümunəsi olan dahi şəxsiyyətin möhtəşəm obrazını dəqiqliklə təsvir edir. Dramatik vəviyyətə uyğun mizan-hərəkət toblusu Şeyx Nizami obrazını tamlıqda gözümüz qarşısında canlandırır. Qızıl Arslan-Rüstəm Rüstəmov obrazın daxili dünyasını, keşməkeşli həyatını, şübhə ilə dolu daxili çırpıntılarını inandırıcı boyalarla təsvir edir. Qızıl Arslan şücaətlərlə zəngin bir döyüş yolu keçmiş hökmdardır. Bütün bu keyfiyyətlər aktyorun ifasında dəqiqliklə bilinir.

 

Tamaşaçı inanır ki, Qızıl Arslan kimi tarixi şəxsiyyət, məhz bu paltarda, bu davranışda və bu xarakterdə ola bilər. Xarici portret daxili portretlə üst-üstə düşür. Sərkərdə Hüsaməddin-Rövşən Kərimduxt oyun tərzində sevən və aldanan, lakin sonda səhvini anlayan aşiq obrazını dəqiq cizgilərdə təqdim edir. Adətən sevən insan sevdiyinin səhvlərini görə bilmir. Elə bir hadisə baş verməlidir ki, onun sevgidən kor olmuş gözləri açılsın və ətrafında baş verən fitnə-fəsadı görsün. Sərkərdə Fəxrəddin-İlyas Əhmədov obrazın portret cizgisi ilə daxili dünyasının vəhdətini taparaq, dramatik vəziyyətin hərəkət dinamikasının təsvirinə nail ola bilir. Tamaşaçı İlyas Əhmədovun Fəxrəddin obrazında aktyor ifasının dəqiqliyinə inanır və onu maraqla izləyir. Tamaşaçı aktyorun daxili çırpıntıları və çılğınlığının əyani təsvirinin şahidi olur. Sultan Toğrul obrazının təsvirində Ayşad Məmmədov emosional plastik oyun tərzi nümayiş etdirərək, aktyor diapozonunun aydınlığını nümayiş etdirir. Aktyor obrazın təsvirində səs tonu ilə hərəkət-nizan toplusunun dəqiqliyinə nail olur. Şəhla Əliqızının təqdimatında Səba maraqlı, baxımlı və rəngarəng bir obrazdır. Bu obraz dramatik vəziyyətə uyğun, bir anda dəyişən, həm tanınan, həm də tanınmayan bir qadındir. Onun qorxusu da, məhəbbəti də, etibarı da inandırıcı təsir bağışlayır. Obrazın daxili dinamikası ilə xarici təsviri vəhdət təşkil edir. Elnur Qədirovun Qutluğ obrazı təklif olunmuş vəziyyətə uyğun təsvirində inandırıcı təsir bağışlayır.

 

İnanırıq ki, Mələkənin, əsərdə özünün dediyi kimi, fərsiz oğlu, ancaq belə ola bilər. Aktyor Qutluğ obrazınıqorxusunu, həyəcanını, əyyaşlığını əxlaqsızlığını və digər mənfiliklərinn inandırıcı təsvir vasitələri ilə canlandıra bilir. Mirzə Ağabəyli Vəzir obrazında maraqlı və baxımlıdır. Onun ağır hərəkətləri, amiranə danışıq tərzi Vəzir və Qızıl Arslan münasibətlərinin mürəkkəbliyindən xəbər verir. Bu tamaşada daha bir maraqlı ifa haqqında yazmaq istəyirəm. Əsərdə Yaşlı Qətibə obrazının xəyalı, gəncliyi, daxili məni olan bir obraz da var. Gənc Qətibə obrazını Bəsti Cəfərovanın qızı Fidan Cəfərova canlandırır. O, həm xəyal, həm güzgüdəki əks, həm ötüb keçmiş gənclik, həm də daxili səsdir. Fidan Cəfərova istər güzgülərlə, istərsədə kənarda təklif olunmuş vəziyyətə uyğun ifalarla tamaşaçıya təsir edə bilir. O, həm həqiqət, həm də xəyal olub, yaşlı Qətibənin yatmış vicdanını oyatmağa çalışır. Qeyd etməliyik ki, Fidan Cəfərova ixtisasca teatr rejissorudur. Bu tamaşaya və məhz bu rola dəvət etməklə, quruluşçu rejissor Mərahim Fərzəlibəyov ana ilə qızın xarici oxşarlığından daha çox hisslərin oxşarlığına ümid edib və istəyinə nail olub. Deməliyik ki, bu təqdim və təsvir forması tamaşaçılar tərəfindən maraqla qarşılanır.

 

Cümşüd Zeynalov Zindan keşikçi obrazında sarsaq kişi surətinin maraqlı və baxımlı ifasına nail olub. Məzahir Cəlilovun Qazı və Əlvida Cəfərovun Saray əyanı obrazları da dramatik hadisələrin düzüm xəttinə və konfliktə uyğun təqdim olunub. Əsərin ideyası adları çəkilən obrazların məhz bu şəkildə təqdim və təsvirini tələb edir desək, yanılmarıq. Maraqlı və baxımlı tamaşa haqqında fikirlərimizi əsərin finalı ilə bağlı fikirlərimlə tamamlamaq istəyirəm. Tamaşa Nizami Gəncəvinin xalqına ünvanlanmış arzuları ilə bitir və şair onun üstünə tuşlanmış iki işıq topasını zala, yəni millətinin və insanların üzərinə səpir. Zalda əyləşmiş insanlar işıq selinə bürünürlər.

 

Tamaşada iki əks qütbdə, bir-birinə qarşı olan Qutluğ-Elnur Qədirov və Fəxrəddin-İlyas Əhmədov hərəsi yerə sancılmış nizələrdən birini çıxararaq səhnə önünə qoyulmuş qalxanın üzərinə çarpaz şəkildə qoyaraq, bununla da bütün münaqişə və müharibələrə son deyirlər. Bu isə bütün dünyaya sülh, insanlığa barış mesajı deməkdir. Dram əsəri və tamaşa haqqında düşündüklərimi bitirib, fikirləşdim ki, oxucular və teatrsevərlər yazımı təriflə başlayıb, təriflə bitməyimi mənə irad tuta bilərlər. Düşünərlər ki, yəni böyük bir tamaşada irad tutulası heç nə yoxdur? Mən bu suala belə cavab verirəm. Hər bir tamaşada olduğu kimi, bu tamaşada da bəzi xırda çatışmazlıqlar var. Lakin tamaşada mövcud olan xırda-para çatışmazlıqlar yüksək peşəkarlıqla işlənmiş, maraqlı və baxımlı tamaşada görünməz olur. Sadəcə olaraq tamaşanın müsbət tərəfləri xırda-para çatışmazlıqları görünməz edir. Daha dəqiq desəm, maraqlı bir tamaşada, sadəcə olaraq, mən onları görmək istəmirəm. Tamaşanın geniş tamaşaçı audidtoriyasının marağına səbəb olacağına mən çox inanıram.

 

Arif MƏDƏTOV

Dramaturq

525-ci qəzet 2017.- 27 dekabr.- S.6.