Mədəniyyət və turizmlə
bağlı ilin yekunları müzakirə
olundu
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyi Aparatının işçiləri və
nazirliyin strukturuna daxil olan qurumların
rəhbər şəxslərinin
iştirakı ilə
2017-ci ilin yekunlarına
həsr olunmuş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev gündəlikdə duran məsələlərlə bağlı
məlumat verib.
Nazir çıxışında
2017-ci ildə ölkəmizdə
keçirilən möhtəşəm
tədbirlərdən, mədəniyyətin,
turizm imkanlarının
təbliği istiqamətində
görülən işlərdən,
həyata keçirilən
layihələrdən, əldə
olunan nailiyyətlərdən
ətraflı söz açıb.
Nazirliyin
işinin ölkə başçısının tapşırıq
və sərəncamlarına
uyğun həyata keçirildiyini qeyd edən natiq vurğulayıb ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə
ev sahibliyi
edən ölkəyə
çevrilib. Nəzərə çatdırıb ki, mədəniyyətin inkişafı
ilə bağlı görülən işlər
çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirləri
xüsusi qeyd etmək lazımdır.
Bu il ərzində qazanılan uğurlardan söz açan nazir deyib ki,
Bakıda mayın 5-də
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatı, Avropa
Şurası, ISESCO-nun tərəfdaşlığı
ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi,
sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi
açılışı olub. Forum çərçivəsində
beynəlxalq təşkilatların
rəhbərlərinin ilk dəfə
birgə yüksək
səviyyəli görüşü,
40-dək sessiya və
tədbir keçirilib.
Forumda
800-dən çox xarici
nümayəndə iştirak
edib.
Diqqətə çatdırılıb ki,
Parisdə UNESCO-nun baş
qərargahında Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında
daimi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə ölkəmizin
UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində
böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin
vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu il həm də UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi və ölkəmizin
UNESCO yanında daimi nümayəndəliyinin almanların
Qafqaza gəlişinin
200 illiyi münasibətilə
birgə təşkil
etdiyi sərginin açılış mərasimi
olub. Tədbir Azərbaycan Respublikası
Prezidentinin Cənubi Qafqaz regionunda alman məskənlərinin
salınmasının 200 illiyi
haqqında Sərəncamına
əsasən təşkil
edilib.
"Mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi "Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Sessiyada, həmçinin, Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib", - deyə nazir vurğulayıb.
Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Ə.Qarayev ötən müddət ərzində şuranın gördüyü işlər də toxunub: "Ötən il dekabrın 27-də Prezident İlham Əliyevin daha bir Fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Təkcə şuranın keçirdiyi öncəki beş iclasda 110 qərar qəbul olunub. Bu qərarlardan 81-i tam icra olunub. 25 qərarın icrası davam edir. 4 icra olunmamış qərarın da həyata keçirilməsi istiqamətində işlər görülür. Turizm Şurası üçün prioritet məsələlərdən biri də "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Həmin sənəddə ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalar yer alıb. Artıq bu yolda bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq il ərzində iki dəfə Bakı Şopinq Festivalı keçirilib. Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib".
Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı təsdiq edilib.
525-ci qəzet 2017.- 28 dekabr.- S.7.