Fərhad Bədəlbəylinin 70 illik yubiley tədbiri keçirildi

 

Dekabrın 26-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli pianoçu, Akademiyanın rektoru, Xalq artisti, Dövlət mükafatı laureatı, "İstiqlal" ordenli, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyilə bağlı tədbir olub. Tədbirdə dövlət və hökumət nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi və başqaları çıxış edərək yubilyara təbriklərini çatdırıblar.

 

 

Bildirilib ki, Bakıda görkəmli rejissor, Azərbaycanın Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açan Fərhad Bədəlbəyli 1965-1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969-1971-ci illərdə isə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B.Davidoviçin sinfində) oxuyub. Hələ gənc yaşlarından böyük uğurlara imza atan pianoçu qısa vaxtda şöhrət qazanıb. O, Bolqarıstan, Yunanıstan, Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, Portuqaliya, Tunis, Türkiyə, Finlandiya, Fransa, Çexoslovakiya, İsveçrə, Yaponiya və başqa ölkələrdə mədəniyyətimizi layiqincə təmsil edib. Hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edən Fərhad Bədəlbəylinin gənc ifaçıların yetişməsində böyük xidmətləri var.

 

Sonra Xalq artisti Fərhad Bədəlbəyli səhnəyə dəvət olunub. Yubilyara gül dəstələri və xatirə hədiyyələri təqdim olunub.

 

Fərhad Bədəlbəyli tədbirdə çıxış edərək yaradıcılığına göstərilən diqqət və qayğıya, Azərbaycanın ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilə təltif edilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, musiqi xadimlərinə və gənc musiqiçilərə uğurlar arzulayıb.

 

Sonda Akademiyanın tələbələrinin və müəllimlərinin ifasında yubilyara həsr edilmiş maraqlı konsert proqramı təqdim olunub.

 

XƏDİCƏ

525-ci qəzet  2017.- 28 dekabr.- S.7.