İtaliyaya səfər: keçmişin əks-sədası
və gerçəklik
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Biz qondola ilə dar Saray kanalı (Rio di Palazzo) ilə gəzəndə
mən qondolyordan “Ahlar” körpüsünün harada
olduğunu soruşdum, o, mənə yuxarı baxmağı məsləhət
gördü.
Orada kanalın əks sahillərindəki iki binanın
arasında kiçik, örtülü keçid olduğunu
görüb, güman etdim ki, qondolyor italyanlara məxsus
qaydada, yəqin ki, zarafat edir. Sonra onun
sözünün həqiqət olduğuna əminlik
tapdım. “Ahlar” körpüsü köhnə
dustaqxanaları yeniləri ilə əlaqələndirir.
Yeni dustaqxananın daş divarları və dəmir
hasarı Kazanovanın tarixçəsini yada salır, axı
o, Prombi məhbəsindən qaçmışdı. Venetsiyada Otello və Dezdemonanı yada
salmadıqları halda, fırıldaqçı və
qadın düşkünü Kazanova tez-tez xatırlanır.
San Marko meydanı möcüzə xarakteri
daşıyır. San Corco Maccioredən isə onun
akvatoriyasına özəl mənzərə
açılır. Meydan Venetsiyanın mərkəzi
olmaqla, heç vaxt boş olmur. Yay
vaxtı, iyulun sonunda biz də burada idik, kafe stollarının ətrafına
turistlər bəndi uçurmuş su axını kimi
hücum çəkirdilər.
Venetsiyanın ən maraqlı əyləncələrindən
biri qondolada kallelər - su küçələri olan dar
kanallarla gəzməkdir. San Marko meydanın yanında qondolaya
oturmaq daha sərfəlidir. Çünki
meydan yaxınlığında maraqlı bir səyahət
imkanına malik olursan.
Qondola ənənəvi avarlı qayıq olmaqla,
Venetsiyanın simvolu hesab olunur. Qondolalar indi ancaq gəzinti
üçündür, vaxtilə onların sayı 10 minə
çatırdı. Bu növ qayıqları xüsusi
metodlara uyğun olaraq hazırlayırlar, çünki mühəndislik
tələblərini hərtərəfli qaydada nəzərə
almaq lazım gəlir, burada estetik cəhətlər də az rol oynamır. Qayığın klassik
parametrləri: uzunluğu 11 m, eni 4,4 m, çəkisi 600 kq
olsa da, suda çox yüngül görünür. Qondolanın hazırlayanda doqquz növ ağacdan
istifadə olunur. Korpusdan əlavə, burun
hissəsində ənənəvi bəzək olan ferro,
avarı bərkidən fiokola və remo adlanan avar vardır.
Bizə “remo” sözü musiqi müsabiqələri
keçirilən şəhər olan San-Remodan
tanışdır. Uzun assimmetrik qayıq
ziqzaqvari hərəkət edir və qondolyorun təcrübəli
əlləri ilə asanlıqla idarə edilir. Qondolalar qara rəngdədir, bu, heç də matəm
əlaməti deyildir, gözəllik xüsusiyyəti kimi qəbul
edilir. Venetsiya ənənəsinə
görə, hüznü bildirən rəng
qırmızıdır. Ferro 6 dişli polad plastiklərdən
ibarət olmaqla, qara qayığın fonunda ağ
rəngi ilə yaxşı görünür. Bu
plastiklər şəhərin rayonlarının sayını
bildirir.
Qondolada gəzmək nə qədər
maraqlıdırsa, həm də bir qədər qorxuludur. Çünki
burada heç bir təhlükəsizlik vasitəsi gözə
dəymir. Qayıq bəzən çox
küt bucaq altında əyilir. Sərnişində
bu vaxt laqunanın dərin suyuna düşmək qorxusu
yaranır. Yalnız qondolyorun
ustalığı qayığı düz vəziyyətə
gətirə bilir. Qayıq kanallarda üzəndə
sərnişinin yerini dəyişməsinə və ya
ayağa durmasına icazə verilmir, qayığı tərk
edənə qədər kresloda oturmalısan. Çünki azacıq tarazlığın
pozulması iti altlığı olan qondolanı aşıra
bilər.
Dar kanallardan birində gəzərkən binanın
üstndəki “Viva Vivaldi” - “Yaşasın Vivaldi”
şüarı diqqətimi cəlb etdi. Minnətdar
venetsiyalıların məşhur “Dörd fəsl”in müəllifi
olan öz həmyerlilərinə belə hörmət bəsləməsi
diqqətəlayiqdir. XVII əsrin sonu, XVIII
əsrin birinci yarısında yaşamış Antonio Vivaldi əvvəlcə
skripkaçı və dirijor kimi tanınmış, sonralar bəstəkar
kimi şöhrət tapmışdı.
Rialto körpüsünün altından keçmək də
çox maraqlıdır. Qrand kanaldakı digər
saray Ka d`Oro adlanır, bu da “Qızıl Ev” deməkdir. Venetsiyalılar “casa” - “ev” sözünü “ca” kimi tələffüz
edirlər. Ka d`Oro sarayı üçmərtəbəli,
gözəl sütunları və mərmər şəbəkəsi
olan binadır və Venetsiya qotikası nümunəsi hesab
olunmaqla, ilk dəfə onun bəzədilməsində zərvərəq
qızıldan istifadə olunmuşdur, ona görə də
“Qızıl ev” adını almışdır. Burada
Titsianın “Venera”, Andrea Mantenyanın “Müqəddəs
Sebastyan” tabloları nümayiş etdirilir.
Venetsiya arxipelaqının ən böyük
adalarından biri olan Muranoda dünyada şöhrət
tapmış şüşə istehsalı mövcuddur. Buranın
görməli yeri Şüşə muzeyidir. Digər ada olan Buranoda isə çoxlu monastırlar
tikilmişdi, indi onlardan yalnız “Le Kappuççino”
qalmışdır. Monastıra göndərilən
qızlar krujeva hörməklə məşğul olurdular və
onların məhsulu
bütün dünyada şöhrət tapmışdı. Krujevalar muzeyi də buradadır.
Venetsiya həm də öz karnavalı ilə məşhurdur. Hamı, hər
iki cinsdən olanlar qədim dəbə məxsus olan paltarlar
geyinib bəzənir, həm də maska taxırlar. Ümumiyyətlə, İtaliyada karnaval
başlıca yaz bayramı hesab olunur. “Karnaval”
sözü oruc (post) tutmaq dövrünün
başlandığı günü bildirir, latın
sözünün azacıq dəyişdirilməsi ilə “ətdən
imtina etmək” mənasını verir. Venetsiya
karnavalına da Rio de Janeyro karnavalı kimi başqa ölkələrdən
də pərəstişkarlar axışırlar.
San
Markodan dəmiryol vağzalına qayıtmaq istəyəndə,
səfər yoldaşlarımızdan biri - öz liderlik
xüsusiyyəti ilə seçilən, bərədə - su
tramvayında sərnişin sıxlığından nəfəsin
dayandığını bəhanə edərək, su taksisi
ilə qayıtmağımızı təklif etdi, onu da əsas
gətirdi ki, həm də bu, qondolada gəzməkdən də
xeyli rahatdır. Motorlu qayığın
divanları, həqiqətən də, rahat olmaqla
yanaşı, qondoladan fərqli olaraq, onda heç bir qorxu hiss
etmirsən və həm də taksi ətrafındakı
gözəllikləri daha yaxşı müşahidə etməyə
imkan verir. Doğrudan da, bu qayıq elə
bil ki, bizi şəhərdə yenidən gəzdirdi və biz
gözəlliklərə əlavə valeh olmaq imkanı
qazandıq.
Şəhər
turistlərə sevinc, bayram əhval-ruhiyyəsi bəxş
edirsə, bu, heç də o demək deyildir ki, şəhər
əhalisi az qala “cənnət məkanında”
yaşayır. Venetsiyalıların (burada
ümumilikdə 170 min nəfər sayda əhali
yaşayır) dörddə bir hissəsi pis yaşayış
şəraitindən əziyyət çəkir, 10 min ailə
köhnə məhəllələrdəki su basan mərtəbələrdə
məskunlaşmışlar. Son 100 ildə
Venetsiya rayonunda dənizin səviyyəsi 33 sm
qalxmışdır. Şəhər hər il, demək olar ki, 5 mm aşağı
düşür.
Şəhərin əsas problemi ətraf mühitə
aiddir. Venetsiya tez-tez təkrar olunan güclü
daşqınlardan əziyyət çəkir, onlara səbəb
astronomik və meteoroloji qabarmaların birləşməsidir,
bu vaxt cənub və cənubi-şərq küləyi suyu
şəhərin üstünə qovur. Bütün
bunlar sənət əsərlərinin dağılması
qorxusunu heç yada salmadan belə, bu unikal şəhərin
mövcudluğunun özünə təhlükə törədir.
1867-ci illə 1967-ci illər arasında baş
verən 58 daşqın vaxtı su normal səviyyədən 3
fut yuxarı qalxmışdı. 1960-cı
ildə baş verən daşqının bədbəxtliyinə
görə isə YUNESKO həyəcan siqnalı
çalmışdı. İndi Venetsiya əvvəlki
əsrlərə nisbətən, demək olar ki, üç dəfə
böyük sürətlə suya batır.
İtaliya
ilə vidalaşdıq
Nəhayət, İtaliya ilə vidalaşmaq anı gəlib
çatdı, biz bu ölkəni olduqca xoş hisslərlə
tərk edirdik.
Böyük fransız filosofu Volter bir neçə həftəni
Niderlandda keçirdikdən sonra, Amsterdamdan vətənə
qayıtdıqda, şəhərə olduqca qəzəblə
müraciət etmişdi: “Əlvida qazlar, kanallar və
haramzadalar!” Amsterdam kanalları və qazları
ilə məşhur idi. Volterin Müqəddəs Roma İmperiyası barədəki
sözlərindən istifadə etsək, o, bu üç
sözün mahiyyətə qətiyyən uyğun
olmadığını demişdi, biz də İtaliyada nə
qaz, nə kanal görmüşdük, nə də hansısa
bir haramzada ilə qarşılaşmışdıq. Bu ölkəyə, onun hansısa bir şəhərinə
acı sözləri işlətməyə dilimiz də gəlməzdi,
belə rəy bizim tərəfimizdən sırf nankorluq əlaməti
olardı. Əksinə, minnətdarlıq hisslərimizi
tam fərqli sözlərlə ifadə etdik: “Əlvida abidələr,
dağlar, dahilər!” Bu üç amilin hər
biri isə ehtirama və heyranlığa layiqdir.
Hindistanda ilk Moğol imperatoru olan Babur da
özünün “Baburnamə” kitabında işğal etdiyi həmin
ölkə və onun xalqı haqqında xoş sözlər
işlətməmişdi. Bəlkə də
Hindistanın onun vətənindən fərqli olan və səhranı
andıran təbiəti onun mənfi fikrə düşməsinə
daha çox təsir göstərmişdi. Böyük və
qədim mədəniyyətə malik olan bir xalqı
aşağılamaq heç də yaxşı bir iş
deyildir. İtaliyaya gəldikdə, onun heç də reklama ehtiyacı
yoxdur və barəsində Babur sayağı danışmaq isə
yalnız ədalətsizlik olardı.
Mənim İtaliya ilə ilk qiyabi tanışlığım Alberto Moravianın 1957-ci ildə çapdan çıxmış məşhur “Çoçara” (“La ciociara”) romanını hələ orta məktəbdə oxuyarkən rus dilində mütaliə etməyimlə başlandı. Kitabı ixtisası kübarlığına, fərqli davranışına uyğun gəlməyən Gəncədən olan gənc kolxoz zootexniki marağımı nəzərə alaraq mənə bağışlamışdı. Sonralar həmin yazıçının “Romalı qız” (“La Romana”) adlı nisbətən zəif, erotik romanını oxudum. Antik Roma tarixi, ədəbiyyatı, hüquqşünaslığı ilə əsaslı qaydada tanış olmağıma baxmayaraq, müasir italyan ədəbiyyatına müraciət etməyimlə öyünə bilmərəm. Neorealizm üslubundakı italyan filmlərinə isə daim maraq göstərmişdim. Sofi Lorenin baş qəhrəman rolunu oynadığı “Çoçara” filminə də böyük maraqla baxmışdım. Həm kitab, həm də film İkinci Dünya müharibəsin illərində nə qan tökülməsindən, nə insanların kütləvi şəkildə həlak olmasından deyil, sadə bir qadının lap sonda bədbəxtliyə düçar olmasından, əziyyətlə böyütdüyü yeniyetmə qızının təcavüzə məruz qalmasından söhbət açır. Özü də bu zərbəni faşistlər vurmamışdılar, İtaliyanı azad etməyə gələn Müttəfiq qoşunlarının tərkibindəki Mərakeş əsgərlərinin sadəcə vəhşiliyinin nəticəsi idi. Müharibə bu fağır qadını da öz qeyri-adi dəhşəti ilə haqlayır, onun da həyatını öz cəhənnəm alovu ilə qarsır.
Səfər dostlarımdan biri İtaliyaya marağımı, tarixi abidələrə vurğunluğumu, daha çox öyrənmək istəyimi o qədər də təqdir etmir, bəzən hansısa obyektə baxmaq təklifini də könülsüz qəbul edirdi. Mən buna təəccüblənmirdim, tarixə laqeydliyin daha inadkar nümunəsi kimi acı təcrübəyə malik olmaqla, ən sərt aqnostiklə də mübahisə etməli olmuşdum. Lakin təskinlik verici nəticə də əldə etməmişdim. Müasirlikdən həzz alan indiki gənc dostumla mübahisəyə girişməkdən vaz keçdim və ona daha böyük nüfuz sahibi olan Yuli Sezarın sözləri ilə cavab verməyi lazım bildim: “Ağılın sərhədlərini genişləndirmək, imperiyanın sərhədlərini uzağa çəkməkdən daha yaxşıdır”. Sezar isə öz dövlətinin sərhədlərini çox genişləndirmişdi, onun ərazisinə Qalliyanı, Britaniya adasını, Misiri və Pont çarlığını əlavə etmişdi. Lakin ağılın artmasını, itilənməsini bunlardan daha vacib saymışdı.
Milanın Malpensa beynəlxalq hava limanından vətənə dönəndə Bakıya uçan bir italyan jurnalisti azərbaycanlı olduğumuzu bilib, öz ölkəsi barədə rəyimizi öyrənmək istədi. Mən italyanca bildiyim sözlərlə cavab verdim: “Mi piace l`İtalia. Bellissimo!” - “İtaliya mənim xoşuma gəlir. Əladır!” Bu, tam səmimi sözlər idi və doslarım da bundan daha əlvan şəkildə və ifadələrdə öz rəylərini bildirdilər. Həm də əlavə etdilər ki, yəqin ki Azərbaycan da sizin xoşunuza gələcəkdir, orada Şərqin və Qərbin heyranedici bir sintezini görəcəksiniz.
Bakıya qayıdıb təyyarə limanı ilə addımlayarkən, gedəndə binanın ikinci mərtəbəsindəki stilizə olunmuş alaçıqların (yurtaların) yanında kofe içdiyimiz an yadıma düşdü. Onlara diqqətlə baxdığımı görən yol yoldaşım marağımın səbəbini soruşduqda, onların fotoşəklinin Piter Frankopenin 2015-ci ildə Londonda çapdan çıxmış “The Silk Roads” - “İpək yolu” kitabında verildiyini söylədim. Fotoşəkil bu sözlərlə müşayiət olunurdu: “Azərbaycan. Bakı. Heydər Əliyev limanı. Yeni İpək Yolu üstündə tikilmiş dövlət nəqliyyat hablarından biri”. Vətənpərvər insanlara müasir tikililərimiz, gündən-günə abadlaşan paytaxtımız nəinki xoş gəlir, onlar dillərinə gətirməsələr də, bununla öyünürlər. Yaxşı haldır ki, xoş yeniliklərin sorağı dünyanın ən inkişaf etmiş ölkələrinə də gedib çatır və onlar da əksər hallarda inkarı kənara atıb, adekvat münasibət nümayiş etdirirlər. Özümüzə gəldikdə, böyük ingilis hümanisti Tomas Morun sözlərini bir qədər dəyişərək, demək istəyirsən ki, vətənin qumu da, hətta ondan az müddətə ayrılan adama qızıl dənəsi kimi görünür.
SON
525-ci qəzet.-2017.-30 dekabr.-S.22.