“Muğam ifaçılığında təkəbbürə
qapılmaq olmaz”
XALQ
ARTİSTİ ZABİT NƏBİZADƏ: “BELƏ QARIŞIQ
DÜNYADA MUĞAMLARIMIZI QORUYUB GƏLƏCƏYƏ
ÖTÜRƏ BİLSƏK, İGİD ADAMLARIQ”
Müasir
Azərbaycan xanəndələri sırasında Xalq artisti
Zabit Nəbizadənin məxsusi yeri var. Onunla bugünlərdə
gerçəkləşən görüşümüzdə
özünün yaradıcılığı, müasir
muğam ifaçılığı ilə bağlı bir
sıra mətləblər ətrafında söhbətləşdik:
- Zabit müəllim,
çağımızda texnologiyanın sürətli
inkişafı, məşğulluq sahələrinin gündən
günə artması muğam sənətimizə nəyi
qazandırır və nəyi alır?
- Əvvəlcə onu deyək ki, muğam nə
qazandırır insana. Muğam mənəvi bir dəyərdir.
Bu dəyərdən kimlər faydalanırsa, elə
onlar da çox şey qazanmış olar. Muğamdakı
qəzəliyyat, muğamda ifa olunan çalarlar mənəvi
bir bütövlükdür. Ondan o tərəfə
heç nə qazanmaq və qazandırmaq olmaz. O ki
qaldı zamana, elə həmin zamandı, dövran həmin
dövrandı. Dəyişən biz insanlarıq.
Muğamı sevən və ona əksinə,
laqeyd yanaşan insanlar əvvəllər də olub, indi var.
Muğama laqeyd yanaşan insanlara görə muğam dəyişən
deyil. Yəni nə qazanır, nə də
itirir. Mənim uşaqlıq illərimdə,
yadımdadır ki, toylarda deyərdilər, “xanəndə bir
şey oxusun, qulaq asaq”. İndi isə deyirlər: “Bir
şey oxusun, oynayaq”. Biz bunu indi atırıq
zamanın üstünə, amma zamanın günahı yoxdur.
Bu, biz insanlardan asılıdır. Ancaq indinin özündə bəzi yerlər var ki,
orada toylarda sırf muğama qulaq asırlar. Məsələn,
Masallı, Ağcabədi, Şamaxı, Tovuz, Mingəçevir
kimi bölgələrimizin də elə kəndləri var ki,
orada muğamı çox sevir və böyük məhəbbətlə
dinləyirlər.
- İfa
zamanı nə kimi hisslər keçirdiyiniz
maraqlıdır...
- Əslində, bunu ifaçı özü etiraf edə
bilməz, dinləyici hiss edər. Mənə elə gəlir
ki, musiqinin daxilinə vardıqca, oxuduğun qəzəlin təsvirində
tərki-dünya olursan. Bu sözü mənə
bir neçə nəfər də deyib. Mən
özüm isə bunu bir neçə xanəndədə hiss
etmişəm.
- Özünüzü hansı
muğamda tapırsınız?
-
Muğamların hamısı mənimçün doğma və
əzizdir. Bəlkə də adi bir
ifaçı olsaydım, fərq qoyardım. Ancaq ifaçı və müəllim kimi tədris
vaxtı görürəm ki, muğamları bir-birindən
ayırmaq heç mümkün deyil. Bəzən
isə elə muğam və ya şöbələri olur ki,
onu oxuyanda insan bir ayrı ləzzət alır. Məsələn, “Şikəsteyi-Fars”ı oxuyarkən
bir ayrı cür həzz alıram. “Segah”
isə ana laylasıdır elə bil. Onu bəlkə
də hər kəsin ifasında sevə bilərəm.
- Bəs hansı muğamı
özünüzə, qəlbinizə uzaq hiss edirsiniz?
- Uzaq o
zaman ola bilər ki, ya oxuya bilməyəsən,
ya da hiss etməyəsən. Bu da mənim gənc
vaxtlarımda olub. Məsələn, gəncliyimdə
“Zabul” muğamını oxumaqdan həmişə
qaçmışam. Çünki o dövrlərdə
səsim o qədər çılğın idi ki, bəzən
cilovlamaq çətin olurdu, “Zabul”un maye pərdələrinə
oturmurdu, zil oxumağa can atırdı. Hətta
el şənliklərinə gedəndə Allaha
yalvarırdım ki, məndən bu muğamı istəməsinlər.
Ancaq bir gün toyların birində məndən
bunu istədilər. Həmişə dinlədiyim solo tar
yolu ilə bu muğamı ifa etdim və oradakı bir
yaşlı dinləyicidən “Bərəkallah” da qazandım.
Bundan sonra başladım bu muğam üzərində
işləməyə və onu daha da yaxşı öyrənməyə.
- Köhnə mahnıların yeni tərzdə
ifası tendensiya halını alıb. Buna
münasibətiniz necədir?
- Elə
mahnı var ki, ona aranjman yaraşır, elə bir mahnı da
var ki. qəbul edilmir. Bəzən
görürsən ki, mahnının ortasına rəqs
salırlar, hansısa başqa bir mahnı ilə sintez edirlər,
girişini başqa bir mahnıya yamayırlar. Ataların
bir misalı var, yüz ölçüb,
bir biçmək lazımdır.
- Davamlı olaraq muğam müsabiqələri
keçirilir. Bunların hamısı sənətəmi
xidmət edir?
-
Muğam sənəti çox ağır sənətdir. Bunu ancaq sənətin içərisinə girəndən
sonra daha yaxşı anlamaq mümkündür. Müsabiqəyə qatılıb, dörd ay efirdə
olmaq o demək deyil ki, artıq hər şeyi bildin, bununla da sənin
işin tamamlandı. Bu sənət
yarımçıqlığı xoşlamır. İndiki gənclərdən çox azını
görmək olar ki, muğama tam mənası ilə yiyələnsin,
özünü bu sənətin içində tapsın.
Hər kəs öz üzərində daha
yaxşı çalışsa, vəzifəsini layiqincə icra
etsə, qazanan da sənət olacaq.
- Musiqini ifa etmək, yoxsa dinləmək
daha zövqlüdür?
- Əgər musiqini gözəl dinləyicisi olsa, onda
ikisi bir-biri ilə vəhdət təşkil edəcək. Yaxşı
ifanı dinləmək, yaxşı dinləyici
üçün də ifa etmək zövqlüdür.
- Muğamdan başqa hansı musiqiləri
dinləyirsiniz?
- Yaxşı estrada mahnılarını dinləməyi
sevirəm. Klassiklərdən Rəşid Behbudovun, Mirzə
Babayevin, müasirlərdən Azər Zeynalovun, İlqar
Muradovun ifalarını sevirəm. Yaxşı
musiqinin hamısını dinləyə bilərəm. Məsələn, illər öncə
yazılmış bir mahnı var, caz tərzindədir, daha
doğrusu, cazla estradanın qarışığıdır.
O mahnını çox bəyənmişəm, hətta
fikrim var ki, ifa edim. Mahnı hələ heç
yerdə oxunmayıb, Elza Seyidcahanın mahnısıdır.
- Toylarda muğamlar ifa edirsinizmi? Öz repertuarınızla qəbul edirlərmi sizi?
- Sırf
xanəndə kimi kənd toylarında dəstgah oxuyuramsa, deməli,
bunu sifariş edirlər. Orada repertuar çox da
rol oynamır. Şadlıq evlərində
isə hər kəsin öz repertuarı var. Çox zaman mən
elə publikaya baxıb repertuarımı seçirəm.
- Bəzən ifaçılar zildən
oxumaqla qışqırmağı səhv salırlar. Zildən oxumaq şərtdirmi?
- O, bir
dövrdür. Xüsusən gənclərdə
daha çox rastlaşırıq. Mən
bunu pis qəbul etmirəm. Çünki özüm də
gənc vaxtı zildən oxumağa can atırdım. Düzdür, bunu mənə irad tutan olmurdu,
çünki bəmdən də oxuyurdum. Bir
müddətdən sonra bu da öz yoluna düşür.
Qışqırmaq isə, əlbəttə,
yolverilməzdir.
- Tez-tez xarici səfərlərdə,
qastrollarda olursunuz. Bu zamana kimi sizi ən
çox hansı ölkənin tamaşaçıları təəccübləndirib?
Hansı ölkəni Azərbaycana
oxşatmısınız?
- 1996-1997-ci
illərdə dəyərli sənətkarlarımız
Möhlət Müslümov və Fəxrəddin Dadaşovla
İngiltərəyə festivala getmişdik. Orada
böyük bir kilsədə çıxış etdik.
Təsəvvür edin ki, kilsədə 2-3 min nəfərlik
yer var idisə, elə bir o qədər adam
da ayaqüstə, qapı ağzında dayanıb dinləyirdi
bizi. Həmin illərdə oradakı səfirimiz Mahmud Məmmədquliyev
konsertdən sonra bizə dedi ki, bu zamana qədər burada
çox konsertlər olub, amma belə alqış, maraq
olmayıb. Təbii ki, bu, tar-kamanın,
muğamın dəyəridir. Fransada, Hollandiyada, Taylandda
çox maraqlı çıxışlarımız olub. Cənubi Azərbaycan öz yurdumuzdur,
doğmadır, orada da çox gözəl tədbirlərimiz
olub, bu yaxınlarda da Təbrizdə konsertimiz olacaq.
Türkiyədə olarkən özümüzü Azərbaycanda
kimi hiss edirik. Belçikada bir dəfə
konsertdə insanların sevgisini görəndə elə
bilmişdim zaldakılar azərbaycanlılardır. Sonradan mənə dedilər ki, burada bizdən
başqa azərbaycanlı yoxdur. Musiqinin
dili olmaz, onlar bu musiqini sözlərini anlamasalar da,
sevmişdilər.
- Necə
düşünürsünüz, nə zamansa yeni muğamlar
yarana bilərmi?
- İnanmıram ki, yaransın. Hələ bizə qədər
yaranmış bu muğamları belə qarışıq
dünyada qoruyub gələcəyə ötürə bilsək,
igid adamlarıq. Mən istərdim ki,
muğamlarımız dədə-babadan necə varsa, elə də
qalsın, düzgün oxunsun. Bu zamana qədər
yeni muğam yaranmayıbsa, yəqin ki, daha yaranmaz.
- Xanəndələrimizə az qəzəl bilməyi irad tuturlar. Siz necə düşünürsünüz? Qəzəlxanlardan
qəzəllərini, şeirlərini oxumanız
üçün müraciət edənlər olurmu?
- Qəzəldən
çox qəzəl var. Niyə oxumamaqlarının isə səbəbi
başqadır. Bəzən təzə qəzəli
oxuyub dinləyiciyə çatdırmaq, qəbul etdirmək
olmur. Mən bacardığım qədər
muğamlarımızı ayrı-ayrı, yeni qəzəllər
üzərində oxumağa çalışıram. Məsələn, tədris vaxtı muğamı
öyrətdiyim qəzəlləri özüm məclislərdə,
efirdə oxumaram, başqa qəzəllər oxuyuram. Bu zaman bir muğamın da fərqli qəzəllər
sayəsində yeni və fərqli çalarları, nəfəsləri
yaranır. Bəzən isə xanəndələrimizin
ifasında qəzəlin sözləri başa
düşülmür. Bu da dinləyicinin
qəzəli anlamasını və qəbul etməsini çətinləşdirir.
Qəzəlxanlardan təkliflər gəlir,
kitablarını da göndərirlər. Sadəcə,
indi qəzəli əzbərləmək çətindir mənə.
Gənclikdə tez əzbərləyərdim,
indi isə yox. Efirdə üzündən
oxumağı isə həmişə özümə ayıb
bilmişəm. Ona görə də mən
də gənclərə tövsiyə edərdim ki, hər dəfə
muğamları başqa-başqa qəzəllərlə
oxusunlar. Həm qəzəl ehtiyatları
çox olar, həm də muğamları fərqlənər.
- Sizcə, layiq olduğunuza nail ola bilmisinizmi?
- Bu günümüzə çox şükür. Əməyim hər zaman dövlətimiz tərəfindən qiymətləndirilib. Xalq artisti fəxri adına layiq görülmüşəm, müəyyən titullara, mükafatlara sahib olmuşam. Bir neçə Xalq artisti var ki, Heydər Əliyev Fondu yaranandan oranın üzvüdür. Onlardan biri də mənəm. Cavan yaşımdan buna sahiblənmişəmsə, deməli, muğamın hesabınadır. Bunun üçün də dövlətimizə minnətdaram.
- Sənətkarın
özünü təsdiq etməsi üçün fəxri
ad lazımdırmı?
- Fəxri ad dövlətin öz sənətçisinə diqqəti, qayğısıdır. Bu, sənətçinin özünü təsdiq etməsi üçün deyil, özünü təsdiq etmiş sənətçiyə verilir. Sənətinlə dövlətin işinə yaramalısan, onu layiqincə təmsil etməlisən, dövlət tədbirlərində iştirak etməlisən. Heç nə asan başa gəlmir, qazanmaq və layiq olmaq lazımdır.
- Hər xanəndə
muğam bilicisidirmi?
- Deyirlər ki, hər oxuyan Molla Pənah ola bilməz. Hər xanəndə müəllim, hər müəllim də yaxşı xanəndə ola bilməz. Muğamat çox zəngindir, hər xanəndə onu dərinliklərinə qədər bilmir. Elə xanəndələr var ki, muğamları qarışdırır. Hətta bunları bir-birindən ayırmağı bacaran xanəndələrin sayı barmaqla sayılacaq qədərdir. Əgər on nəfər varsa, mən sevinərəm. İndi hamımıza sənətkar deyirlər. Bu isə çox dəyərli sözdür.
- Muğam
ifaçılığını bölgələrə
bölmək nə dərəcədə düzgündür?
- Bu, çox səhv fikirdir. Azərbaycanın bir “Rast” muğamı var. Onu Cəlilabadda da, Qarabağda da, Bakıda da eyni cür oxuyurlar. İndi bunu üç məktəbə bölürlər. Bəs, Cəlilabaddan Sabir Mirzəyev, Teymur Mustafayev, Canəli Əkbərov kimi böyük sənətkarlarımız çıxıb. Bunları hansı məktəbə yazaq? Mən bölgələrimizin hamısında el şənliklərində, tədbirlərdə olmuşam, orada ayrı-seçkilik görməmişəm. Xalq özü özünü ayırmırsa, biz niyə ayıraq ki?!
- Müəllim
kimi tələbələrinizdə, ümumən gənc xanəndələrimizdə
sizi nə qane etmir?
- Tələbənin hamısı müəllimi qane edə bilməz. Əsas problem odur ki, bəzi gənclərimiz sənəti yarımçıq öyrənirlər. Bu dəqiqə gənclərimiz əsasən muğam müsabiqələrinin hesabına tanınırlar, dörd ay ərzində məşhur olurlar. Bu dörd ayda nə öyrənirlərsə, onunla kifayətlənməsinlər. Muğam ifaçılığı ağır sənətdir, burda təkəbbürə qapılmaq olmaz. Çox təəssüf ki, bir çox gənclərimizdə də bu var. Ümumiyyətlə, insan gərək Allahın verdikləri üçün qürrələnməsin, eləcə də səslə. Bu sənətə gələn insanlar nə qədər sadə olsalar, o qədər yaxşıdır.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-30 dekabr.-S.24.