Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Şirməmməd HÜSEYNOV

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

AZƏRBAYCANA KİMLƏR HAKİM?

 

Azərbaycana, bu guya “müstəqil” olan Azərbaycana kimlər hakimdir?

 

Bu xüsusda oxuyucular digər qisimlərdə ətraflı məlumat bulacaqdır.

 

Biz Azərbaycan sovet cumhuriyyətinin “əmələ-köylü müfəttişliyi” namını daşıyan komissarlığı (vəkaləti) ilə Azərbaycan komunist firqəsinin mərkəzi murakaba heyətinin Bakı qəzetələtində intişar edən (“Bakinski Raboçi” 22.VI.1931 ¹142) rəsmi statistikindən istifadə etməklə digər yazıları təkmil edəcəyiz.

 

Bu məlumat 12 sənəlik hakimiyyətdən və “Lenin milli siyasətinin” 12 sənəlik tətbiqindən sonra Azərbaycanda kimlərin hakim olduğunu, məmləkətin həqiqi sahibi bulunan türklərin nə vəziyyətdə olduqlarını göstərəcəyi üçün şayani-diqqət və iddialarımızı təyid edən tarixi bir vəsiqədir.

 

Təftişin nəticəsi şudur:

 

Qəzetə, Azərbaycanın mərkəzi icra komitəsi təşkilatını, komissarlar heyəti, ziraət, maliyyə, səhiyyə, daxiliyyə, ədliyyə, nəqliyyat, suvarma, hərbiyyə, dövlət bankası kibi mühüm vəkalət və təşkilatları qeyd etmiyor.

 

Bunun müqabilində diyor ki:

 

- “Mütəvəssit müəssisələrində vəziyyət daha da bərbaddır. Məsul məmur və mütəxəssislər nöqteyi-nəzərindən bu müəssisələrdə vəziyyət bu surətdə təsbit edilmişdir.

 

Məmur və mütəxəssis türklərin vəziyyəti komissarlıqlarda (vəkalətlərdə) 1928-də yüzdə 42, 1929-da 42, 1931-də 41.

 

İqtisad kooperativ və digər ticari və mali aparatlarda 1928-də türklərin nisbəti 19 ikən, 1929-da 21, 1931-də isə 17 olmuşdur...

 

“.... Mərkəzi dövlət müəssisələrinin ümumi təkamülü bu şəkildə olmuşdur.

 

1928-də cümhuriyyət təşkilat və müəssisələrində çalışan türklərin nisbəti yüzdə 23, 1929-da 27, 1931-də isə yüzdə 22-yə enmişdir.

 

Bütün mərkəzi təşkilatların verdikləri məlumatın göstərdiyi şudur: Türk məmurlar 1928-də 31, 1929-da yüzdə 33 ikən, 1931-də yüzdə 28-ə enmişdir. 1929 sənəsində türk məmurların nisbəti artmağa başlamış, 1931 sənəsində isə azalmağa üz tutmuş, hətta martdan sonra yüzdə 28-i bulmuşdur.

 

Bu statikdən çıxarılan nəticə nədir? Çıxarılan nəticə zavallı Azərbaycan üçün təbiətilə çox acı və fəcidir.

 

Azərbaycan ən azı yüzdə 72 nisbətində, bir çox sahələrdə 100-də 96 nisbətində, orta hesabla 90 faiz nisbətində Türk olmayan millətlər əlindədir. Bu türk olmayan millətlərə rus, erməni və yəhudilər daxil bulunmaqda isə də, iqtisadi, siyasi, əsgəri nəqliyyat (vapur və dəmiryolu) kibi məqamat yüzdə 100 ruslarda, digər təşkilatlarda ruslar erməni və yəhudilərə nisbətlə yenə yüzdə 80-90 təşkil etməkdədir.

 

Məsələnin fəci cəhəti türklərin getdikcə azalmalarıdır. Hətta Azərbaycan petrol idarəsi, kooperativ, kredi, banka, iskan və mesakin kibi müəssisələrdə yüzdə beşə enmişlərdir.

 

Orduda isə yüzdə sıfır etdiyinə şübhə yoxdur. Bu vəziyyət içində Azərbaycanın ruslaşmaqda olduğuna heyrət edilirmi? Azərbaycan məktəblərinin ruslaşması bu məlumatdan sonra qeyri-təbii ad edilə bilirmi?

 

Azərbaycana ruslar hakimdir.

 

Azərbaycan ruslaşdırılmaqdadır.

 

Azərbaycanın bir türk dövləti olması üçün Azərbaycanda hakimiyyət məmləkətin doğma övladı və həqiqi sahibi olan türk xalqına verilməlidir.

 

Milli mövcudiyyətimizi təhdid edən rusların hakimiyyətinə nəhayət vermək lazımdır.

 

Bu hər bir fikir və əqidələrin fövqündə olmalıdır.

 

Milli istiqlal və milli hakimiyyət...

 

İştə müştərək və milli qayə ki, Azərbaycanı bu fəlakətdən qurtara bilir.

 

Rusların hakimiyyətinə təhəmmül edənlər, onların süngüsünə dayanaraq iqbal təmin edən bədbəxt Azəri komunistləri müstövli imperialistlərin əmrlərini icra edən cəllad damğasıyla tarixə giriyorlar. Onlar millətə və milli hakimiyyətə, millətimizin hürriyyət və istiqlalına qarşı irtikab etmiş olduqları xəyanəti məntiqi vəziyyətinə vardırmaq istiyorlar. Düşdükləri sükutdan qurtulamıyorlar. Yarı da olsun kəndilərini toplamaqdan acizdirlər.

 

Çünki biliyorlar ki, rus süngüsü olmazsa, bir saat belə olsun, Azərbaycanda tutunamıyacaqlar.

 

Azəri xalqının onlara qarşı nə kibi intiqam kini ilə dolu olduğunu çox zaman, utanmadan, açıq etiraf belə ediyorlar.

 

M -

 

”Odlu Yurd” , temmuz (iyul) 1930, ¹18

 

AZƏRBAYCANIN SƏSİ

 

Aldığımız atidəki vəsiqəyi haiz olduğu əhəmiyyətinə görə eynən dərc ediyoruz.

 

Cəmiyyəti Əqvama, Müdafiəyi-Hüququ Bəşər Cəmiyyətinə və bilcümlə mədəni dünya əfkari-ümumiyyəsinə

 

On sənəyə qəribdir ki, qızıl rus ordusu tərəfindən istila olunan Azərbaycan Cümhuriyyəti biəman bir terror altında əziliyor.

 

Faiq bir qüvvət və cəbrlə məmləkətimizə soxulan və onu bu qüvvət gücilə sovetizə edən rus müstövlilərinə qarşı ta ibtidadan bəri əhali müxtəlif şəkillərdə müsəlləh qiyam və üsyanlarla müqavimət göstərmişdir ki, sovet statistiklərinə görə bu üsyanların ədədi aşağı-yuxarı 60-ı keçməkdədir. Bu qanlı protestolar miyanında başlıca olaraq, minlərcə qurbana malik bulunan Gəncə, Qarabağ, Zaqatala, Quba və Lənkəran üsyanları vardır.

 

Bu üsyanlar və izləri hələ Azərbaycan dağlarından əksik olmayan partizan hərəkatlarından maəda, millət bütün qüvvəti ilə bolşevizmin gərək iqtisadi və gərək kültürəl rejiminə qarşı yılmaq bilməyən bir mücadilə halındadır.

 

İqtisadi və eyni zamanda idari müxalifət, köylərdə partizanlıq kolxoz və sovxoz denilən kollektiv ziraət müəssisələrinə qarşı təcavüz, sovet komissarları ilə komunistlərə təərrüz, hökumət kooperativlərini yağma, natural vergiyi verməkdən imtina və köylünün kəndi ehtiyacından fəzlə əkin əkməkdən sərf-nəzər etmək şəkillərində təzahür etməkdədir.

 

Kültürəl və politik müxalifət isə - münəvvərlər və münəvvər gənclər tərəfindən milli tərbiyə və milli mətbuat və ədəbiyyat sahəsində göstərilən fəaliyyətlə sovet idarəsi və istila rejimi əleyhində təşəkkül edən xəfi təşkilat və nəşriyyatla təzahür edər.

 

Sadə milliyyət fikrini degil, bəşəriyyət məfhumunu da inkar edərək, ancaq siniflərin mövcudiyyətini tanıyan və bir sinfin digər siniflər üzərində mütləq hakimiyyəti prinsipini tərviç edən bu rejim, Rusiyadan gələn yabançı bir istila şəklində olması ilə məmləkət əhalisini adəta siyasi bir kölə halına qoymuşdur. Məmləkət sadə siyasi degil, iqtisadi köləliyə dəxi məruzdur. Azərbaycanı rus mühacirləri ilə iskandan ibarət olan bu qəziyyə yabançı kolonizasyon sistemindən ibarətdir. Bu köləligə qarşı ən məsum bir tərzdə səslərini yüksəltənlərin cavabı qətl, təhdid, həbs, nəfyi və hər dürlü insani haqdan məhrum buraxılmaqdır. Bu müddət əsnasında tək bir sənə yoxdur ki, yüzlərcə və bəzən minlərcə Azərbaycan vətəndaşı bu şeytani rejimin qurbanı olmasın.

 

Hal-hazırda məmləkətdə milli ədəbiyyat müntəsiblərinə qarşı açılan şiddətli hücumlar və təqiblərlə bərabər, Şimali Rusiya, Arxangel vilayəti sahillərində vaqe məruf Solovki mənfasına sürülmüş bulunan azərbaycanlı siyasi sürgünlərə qarşı dəxi qeyri-insani işgəncələr tətbiq olunuyor.

 

Axirən aldığımız mövsuq məlumata görə Solovkidə bulunan azərbaycanlı məhbuslar vəhşi bir müamiləyə məruz qalmışlardır. Kəndilərinə tətbiq olunan qeyri-insani rejimə qarşı protesto məqsədi ilə dəfələrlə aclıq qrevi elan edən və vəz etdikləri şəraitin qəbulu üzərinə qrevi bitirincə təkrar əski müamiləyə məruz qaldıqlarını görən bu sürgünlər, ən qəti bir çarə olmaq üzrə, bu dəfə “ölüm aclığı” elan eyləmişlərdir.

 

20 gün davam edən bu müdhiş qrev nəticəsində mücahidlərdən müəllim M.Əbdülqəni heç bir qida qəbul etmədən şəhid olmuşdur.

 

Bundan maəda digər 46 mücahidin bu qrev nəticəsində nə olduqları çox böyük bir təlaş və əndişəmizə mucib olmaqdadır.

 

Sürülənlər miyanında bulunan Azərbaycan alimlərindən ekonomist Mehmet Həsən Baharlının, gördügü bu vəhşətəngiz müamilə nəticəsində ağlını oynatdığı haqqında müəssif məlumat alınmışdır.

 

Böylə müdhiş bir vəsiləyə təvəssül edən məhbusların tələbatı isə şundan ibarətdir:

 

1-Kəndilərinin siyasi məhbus deyə tanınmaları və digər siyasilərə tətbiq olunan rejimin kəndilərinə də təşmili.

 

2-Kəndi lisanlarında evlərinə məktub yazmalarına müsaidə.

 

Böyləcə bəsit mətalibi qəbul etdirmək üçün aclıqdan ölmək kibi müdhiş çarələrə təvəssül zərurətində qalan biçarə vətənpərvərlərin sovet istilası altında nələr çəkdiklərini sadə təsəvvür etmək belə tükləri ürpətiyor. Böylə tüklər ürpədici işgəncələr altında qalanlar bir degil, on degil, yüz degil, minlərcədir. Bunlar miyanında zülmə, istibdada və istilaya təhəmmül edəmiyib də etiraz səsini yüksəldən vətənpərvərlərlə bərabər, heç bir şeydən xeyri olmayan, fəqət sadəcə vicdanını satmaq istəməyən məsumlar da çoxdur. Və hal-hazırda gün yoxdur ki, bir çox Azərbaycan münəvvəri həbs, nəfyi və qətl edilməsin!

 

Tarixdə ilk dəfə təəssüs edən bir Türk-Müsəlman Cümhuriyyətinin və müasir Avropa demokratisi prinsiplərini tətbiqlə Qərb mədəniyyətinə təvəssül etmək istəyən bir Şərq millətinin mədəniyyət və demokrasi düşmənləri tərəfindən icra olunan təzyiqlər altında mənəviyyatına, milli iradəsinə, hürriyyət və istiqlalına və eyni za-manda vətəndaşlarının şəxsi hürriyyət və bəşəri hüququna vüqu bulan bu barbarca təcavüzləri cahan əfkari-ümumiyyəsi qarşısında bundan nifrətlə bəhs edər, əsrin ən yüksək insani məfhumlarından qüvvət alan müəssisələrinizin bu xüsusda mənəvi yardımlarını və səsinizin bu məzlumlar lehində yüksəldilməsini hürriyyət və insaniyyət naminə rica eyləriz!

 

“Odlu-Yurd”, şubat (fevral) 1930, ¹ 12

Baş məqalə yerində

 

Bilcümlə - bütünlüklə, bütün

Biəman - amansız, zalım

İskan - məskən saldırma

Müntəsib - dayaq

Mənfa - sürgün yeri

Müstövli - işğalçı

 

(Ardı var)

 

Avqust, 2017-ci il

 

1917-ci il

 

1917 - 100 - 2017

 

Təqvim ili bitdi. Hər il qurtardıqda bir dönüb geri baxmaq, bir müddətdə nələr olduğunu nəzərdən keçirmək mənfəətdən xali degildir. Bilxassə ki, bütün aclığı, başsızlığı və hərci-mərcliklə bərabər bu keçən il behəqq “böyük və işıqlı” bir il idi.

 

Qarelərin yadında olsa gərək ki, 1917-ci il cahan jandarmı olan Rusiya hökumətinin zülm və istibdadının son dərəcəyə yetişməsi ilə başlanaraq məmləkət və 170 milyonluq əhali ölgün, düşkün, pozğun və pərişan bir hala gəlmişdi. Öylə bir hala ki, artıq böylə davam edəmiyəcəginə hər kəsdə bir qənaət hasil olmuşdu.

 

Nəhayət, dolmuş olan səbr kasasına xəlq nümayəndəligi, cəmaət səsi olan Q.Dumanın qapadılması xəlqin boğulması təşəbbüsü son damla olaraq atıldı, kasa daşdı. Millət və məmləkət boğazını bir an vəhşi pəncəsindən qurtararaq fevralın axırında səsini ucaltdı. Bəs-dir daha, dedi. Nikolay hökuməti məmləkətə toplar və pulemyotlar ilə cavab vermək istədi. Fəqət böylə şeylərlə insan dühası əzilməzdi.

 

3 günlük bir mübarizə nəticəsində Avropa jandarmlığı, hürriyyət hərəkəti müqabilinə “müqəddəs ittifaq” adı ilə istibdad qüvvəsi təşkil etmiş olan Romanov Xanədanının son nümayəndəsi olan Nikolay öz hökuməti və rejimilə mədumiyyətə çəkildi. Nikolay bir dekret ilə özünün və oğlunun tac və təxtindən əl çəkdiklərini, səltənəti Mixail Aleksandroviçə verdigini elan etdi. Eyni zamanda Dövlət Dumasının nümayəndələrindən bir müvəqqəti hökumət təşkil olundu. Haman günlər Mixail Aleksandroviç dəxi səltənətdən əl çəkib Məclisi-Müəssisan dəvətinədək məmləkəti müvəqqəti hökumətin öhdəsinə buraxdığını bildirirdi.

 

Fəqət o zaman təşkil edilmiş olan müvəqqəti hökumət Protopopov hökumətindən az fərqli olan kadetlərin, imperialistlərin əlinə düşmüş olduğundan böylə hökumətin dəxi uzun müddət ömür edəmiyəcəgi durbinlərə aşkar idi. Zira əvvəl gündən məlum oldu ki, yalnız burjuaziya nümayəndəligindən təşəkkül edən bir hökumət məmləkətin bütün qüvvələrinə istinad edəmiyor: xəlq ona tamamilə etimad göstərmiyor. Ona görə idi ki, böyük Rusiyanın hər tərəfindən göndərilən təbrik və təhdidlərdə “hökuməti-inqilab və hürriyyətin əsaslarına xidmət etdikcə var qüvvəmizlə onu müdafiə edəcək, saxlayacağız” deniliyordu.

 

Az keçmədi knyaz Lvov hökuməti xəlqin etimadsızlığının həqli olduğunu öz fəaliyyət və hərəkətilə isbat etdi; bir tərəfdən millətlərə hürriyyət vəd etdi, digər tərəfdən Nikolayın müttəfiqlərilə “son qələbəyədək” əl-ələ gedəcəgini bildirdi. Daxili siyasətlə özünün behəqq əski hökumət varisi olduğunu göstərdi. Məmləkət, hökumətin bütün əhaliyə istinad etməsinə lüzum gördü. Nəticədə ictimaiyyun-inqilabiyyun nümayəndəsi olan Kerenski başda olmaq üzrə yeni bir motəlif hökumət əmələ gəldi.

 

Lakin atalar sözüdür: bir əldə iki qarpız tutmaq olmaz!

 

Kerenski hökuməti bir tərəfdən inqilab fütuhatının genişlənməsi; inqilab şüarlarının hürriyyət əsaslarının icrasını vədlə inqilabçı demokratiyayı qənaətləndirmək, digər tərəfdən də sülhə ancaq qələbə yoluyla gedəcəgiz; bəşəriyyətin hürriyyət və səadəti müttəfiqlərin qələbəsi və Almaniya ilə yoldaşlarının izmehlalındadır bəhanəsilə əski siyasəti, xüsusən müharibə əməliyyatını davam etdirməklə sərmayədar və imperialistlərin ruhunu oxşamaya çalışdı və hürriyyət tarixində böyük qara ləkə təşkil edən 18 iyun hücumuna əmr verdi.

 

Kerenski siyasətinin əsas və bünövrəsinin çürüklügü haman hücumun müvəffəqiyyətsizligilə isbat edilmiş oldu. Kerenski hökumətinin havada asılı qaldığı anlaşıldı; fəqət Kerenski sabiq hökumətlər kibi tezcə təslim olmaq istəmədi. 3-5 iyul xürucu kömək etmədi. Bolşeviklər o vəqt zəif, koalisiyayı yeganə rahi-nicat görən çox idi. Kerenski Moskvada böyük bir şura çağırdı; Dövlət Şurası açıldı. Fəqət oraya gedənlər haman koalisiya tərəfdarları idi. Bunlar Kerenski proqramını təsviblə motəlif hökumət tərəfdarları idi. Bunlar firqə nümayəndələrindən ibarət parlaman qabağı adlı bir kontrol müəssisəsi təşkilinə qərar verdilərsə də, həqiqətdə Kerenski hökumətinə etimad və müzahirat bəyan etməkdən başqa bir iş görməmiş oldular.

 

lll

 

Moskvada vüqu bulmuş olan dövlət müşavirəsi nə qədər Rusiyanın nicatını ümum qüvvələrə istinad edən motəlif hökumətində görmək istəsə də, cəmaət ikiüzlü siyasətin yaxşı nəticə verəcəginə etimad edə bilmiyor və hər tərəfdən tənqidlər, etirazlar yağıyordu. Nəhayət, parlaman qabağı adıyla bir şura təşkil olunduqda rəylər ayrıldı.

 

Moskva Şurasında ordunun tənzimi və məmləkət idarəsinin islahı bəhanəsilə bir layihə təqdim etdi və diktatura tələb elədi. İnqilabçı demokratiya qəti surətdə özünü kənara çəkdi və Kerenski hökuməti layihəyə razı olduğundan bunlar etirazla parlaman qabağında da iştirakdan qətiyyən üz döndərdilər və məmləkətin, idarənin islahını demokratik bir şuraya tapşırmağı və Ümumrusiya Əmələ və Soldat və Kəndlilər Şuralarının qurultayı dəvət olunmasını tələblə hazırlanmağa başladılar.

 

Nəhayət, general Kornilov diktatura həqqindəki tələbi güc ilə keçirmək qəsdilə xüruc etdi. Cəbhədən qüvvələr gətirilərək Petroqrad üzərinə sövq edildi. Fəhlə və Əskər Vəkilləri Şurası müqabilinə daha doğrusu, inqilabçı demokratiya müqabilinə silah qaldıraraq vətəndaşlar müharibəsinin ibtidasını qoydu. Petroqradda bunların müqabilinə güclü qırmızı qvardiya müsəlləh fəhlə dəstələri ilə demokratiya tərəfdarı olan əskəri qitəmat çıxarılaraq Qatçina yanında müxtəsər bir toqquşma vaqe oldu. Fəqət aldanmış olduğunu qandıqda general Kornilov qoşunları əzcümlə Ümumrusiya müsəlman şurasının təşəbbüsilə Dikaya Diviziya hürriyyətə qarşı silah qaldırmayacaqlarını bəyanla demokratiya tərəfinə keçdilər. Bu surətlə Kornilov macərası da Kerenski hökumətinin qalibiyyətilə bitdi.

 

Bir daha bir neçə ay geri qayıdalım: İnqilabın ibtidasında Petroqrad fəhlələri təşkilat vücuda gətirərək hökumətin fəaliyyətini kontrol altına almaya qərar verdi və hökumətlə bərabər çalışaraq mürur ilə Ümumrusiyada Fəhlə və Əskər Vəkilləri Şuraları əmələ gətirərək böyük bir qüvvə təşkil etdi və füqərayi-kasibə sinfinin mənafeyini  tam ciddiyyətlə təqibə girişərək məşhur bir nömrəli əmrnamə ilə “soldatların hüququ”nun təmininə müvəffəq oldu. Hər yerdə hər əskəri qitədə Fəhlə və Əskər Vəkillər Şuraları və əskər komitələri təşkil etdi. Eyni zamanda fəhlələri silahlandıraraq qırmızı qvardiya əmələ gətirdi.

 

Nəhayət, Kerenski hökuməti böhran keçirən zaman iyul ibtidasında Petroqradda müvəffəqiyyətsiz bir xüruc etdi. Bundan məyus olmayaraq fəaliyyətini davam etdirdi. Axirüləmr demokratiya ilə imperializm arasını açan vəqt gələrək Kornilov xüruc etdikdə inqilabçı əskərlər ilə qırmızı qvardiya qüvvəsindən istifadə edərək onun müqabilinə çıxdı və bu dəfə tam mənasilə müvəffəq oldu.

 

Bundan sonra Rusiya inqilabı yeni bir səfhəyə girərək siyasi inqilabdan çıxıb sosializm inqilabı dövrünə girdi. Kerenski hökumətinin təqibi nəticəsində guşeyi-inzivayə çəkilmiş olan bolşevik pişrovları üzə çıxaraq tərəf müqabilini əksinqilabçı elan etdi və onunla ciddi mübarizəyə başladı. Oktyabr axırlarında iş böyük ciddiyyət kəsb edərək nəhayət, 26 oktyabrda Ümumrusiya Fəhlə, Kəndli və Soldatlar Şuraları qurultayının qərarilə Lenin hökuməti təşkil edildi və Kerenski hökumətilə əldə silah olaraq mübarizəyə başlandı.

 

Qırmızı qvardiya fəhlə dəstələri müqabilinə yunker, tələbə və sair sinif və silklərdən qvardiya təşkil edildi. Müsəlləh vuruşma başlandı. Bu dəfə demokratiya son və qəti zərbəsini çalaraq böyük müvəffəqiyyət qazandı. Nəticədə Kerenski voyenni feldşer libasında qaçdı. Lenin hökuməti paydar oldu.

 

Bu hökumət nələr etdi?

 

Birinci növbədə millətlərə “samoopredeleniye” - kəndi işlərini kəndisi idarə etmək həqqi verəcəgini bir dekretlə bildirdi və felən icra etdi. Zira Kerenski hökumətinin cəbrən qapatmış olduğu Finlanda seyminin açılmasına müzahirat etdi. Ukrayna hökumətini iqrar və təsdiq etdi. Hər kəs öz milləti üçün nə istiyor alsın, dedi. Onun müsaidətilə Rusiyada bir çox hökumətlər elan edildi, Finlanda müstəqil oldu, Ukrayna Milli Məclisi Ukraynayı muxtar elan etdi və ümum ədəmi-mərkəziyyət tərəfdarı olan millət və mahalların nüma-yəndələrini millətlər qurultayına çağıraraq professor Qruşefski dililə Ukraynayı daxili işlərdə müstəqil olmaq üzrə Rusiya Cümhuriyyətinin bir müştərək üzvi - deyə tanıtdırdı; sair millətlərə də bu yolda çalışmayı tövsiyə etdi. Millətlər isə gərək Romanov, gərək Knyaz Lvov və gərəksə Kerenski hökumətlərinin mərkəziyyətçi siyasətindən narazı olduqlarını bəyanla Ümumrusiya Qoşma Xəlq Cümhuriyyəti əsasını iləri sürüyərək bütün Rusiyanın və onun cüzi təşkil edən ayrı-ayrı ölkələrin səadətini ancaq ədəmi-mərkəziyyət əsasında görərək sözdən işə keçdilər. Latviya, Sibirya, Cənubi İdil və Ural, Türküstan, Moldova, Dağıstan, Don, Terek muxtariyyət elan etdilər.

 

Don, Terek və Kuban kazakları Cənub-Şərqi İttifaqı əmələ gətirərək Şimali Qafqasiyanın sərbəst millətlərilə Dağıstanı da ittifaqa cəlb etdilər. Zaqafqasiyada dəxi türklər, gürcülər və ermənilər ayrı-ayrı muxtariyyətlər elanına hazırlaşmaqla bərabər xüsusi şəraitdən dolayı hələlik milli arzularına yetişəmiyərək həm də məzkur üç millətin buna çalışmasını müvafiq görərək Zaqafqasiyada müştərək bir hökumət elan etdilər.

 

Bir daha geri dönəlim:

 

Nikolay və Ümumromanov Xanədanının dövründə Rusiya hökumətinin Rusiya türk-müsəlmanlarilə necə rəftar etdikləri məlumdur. 1917-ci il başlarında Rusiya müsəlmanlarının heç bir bəşər hüququna malik olmadığı da məlumdur. Fevral inqilabı Rusiyada bütün millətlərdən ziyadə türk-müsəlmanları sevindirdi. Nəhayət, zənciri-əsarətdən qurtaracaqlarına, hüquqi-bəşərə malik “inorodist” degil, “qrajdanin” olacaqlarına qənaət hasil oldu. Odur ki, inqilabı da hamıdan artıq müsəlmanlar şadlıqla qarşıladılar. Fəqət inqilabın iş başına keçirdigi müvəqqəti hökumət ilk qədəmdən məyusluğa bais oldu. Zira Knyaz Lvov hökuməti müsəlmanlarla haman Nikolay kibi rəftar edərək hətta hökumətin ən sol qanadına mənsub bir zat bir həqiqəti aşkar etmək istəməməklə böyük bir iclasda səda-rətdən imtina etdi. Zira iclasa gedəcək, sədarət edəcək olsa, mütləq müsəlmanlar nəfinə danışmaq məcburiyyətində idi.

 

Daha sonra Kerenski hökuməti gəldi. Hökumət başındakı adamlar dəgişdi, fəqət müsəlmanlara qarşı siyasət dəgişmədi. Yenə haman etimadsızlıq, yenə haman qeydsizlik davam etdi.

 

Kerenski iş başında olan zaman müsəlmanlar kəraətlə müxtəlif məsələlərin həlli üçün ona müraciət etdilər, ya cavab çıxmadı, ya da cavabi-rədd alındı. Bir məsələ həll edilmədi. Hətta ümummillətlərə milli qoşun təşkili ixtiyarı verildi, yalnız bizə verilmədi.

 

Nəhayət, oktyabrdan etibarən hökumət başına bolşeviklər keçdi. Bunlar müsəlmanlarla sərbəst vətəndaş dililə danışmaya başlamışlardır.

 

Bolşevik hökumətinin fəaliyyətindən ən artıq gözə çarpanı birinci qədəmdə sülh uğrunda ciddi tədabirə girişmələri və mütarikə elanına müvəffəq olmalarıdır. Bundan əlavə bolşeviklər sosializm proqramına əməl etməgə iqdamla fəhlə və topraq məsələsinin öz proqramlarıyla müvafiq surətdə həlli, bankların milliləşməsi və sair həqqində dekretlər verdi.

 

“Açıq söz”, 1, 2 yanvar 1918, ¹643, 644

 

Axirüləmr - nəticədə             

Mütarikə - müvəqqəti barışıq  

Mədum - mövcud olmayan

İnziva - dünyadan əl üzmə

İzmehlal - məhv olma  

Təsvib - təsdiq etmə

Xüruc - üsyan etmə

Samoopredeleniye - təyini-müqəddərat

Müsaidə - köməklik, izn

Müzahir - aşkar edən, aydınlaşdıran hami, nümayişçi

 

Qeyd: Bizcə bu qəzet redaksiyası məqaləsinin müəllifi “Açıq söz” qəzetinin naşiri və baş mühərriri M.Ə.Rəsulzadədir. (Bax: Əsərləri, IV cild, Bakı, 2013, səh.417-422)

 

525-ci qəzet.-2017.-30 dekabr.-S.20.