Əbdürrəhim
bəy Haqverdiyev – Diplomat
Azərbaycan Xalq
Cümhuriyyəti - 100
Vilayət QULİYEV
Həqiqi diplomat kimi Ə.Haqverdiyev yalnız dağlı
“iqtidarı” ilə deyil, “müxalif” dairələrlə də
əlaqə yaratmağı məqsədəuyğun
saymışdı.
Bu mənada Azərbaycan diplomatının
Dağıstanın dini və siyasi lideri, həyatının
son ilində özünü Şimali Qafqaz Əmirliyinin
başçısı elan edən Uzun Hacı (1848-1920) ilə
görüş və danışıqları diqqətəlayiqdir. “Dünən
onun yanında oldum, - deyə rusca da ana dilindəki kimi
şirin təhkiyə ilə yazmağı bacaran
Əbdürrəhim bəy xarici işlər nazirinə məlumat
verirdi. - Məni çox səmimi qarşıladı, Azərbaycana
salamını çatdırmağı xahiş etdi. Bildirdi
ki, müstəqilliyimizi təbrik etmək
üçün tezliklə Bakıya xüsusi heyət
göndərəcək. Hacı balaca boylu (əleyhdarları
onu ələ salmaq üçün bilərəkdən
adının əvvəlinə malik olmadığı keyfiyyəti
- “uzun” sifətini əlavə etmişdilər -V.Q.), gözləri
qəribə işıqla parıldayan, eyni zamanda, güc və
qüdrətinin fərqində olan qocadır. Təsiri
tək Dağıstanda deyil, bütün Çeçenistanda
çox güclüdür. Bu baxımdan
ona bəslənən ümidlər də böyükdür.
Parlamentə yuxarıdan aşağı
baxır. Yaxın əhatəsinin dediyinə
görə, hökumətdən Azərbaycandan
alınmış pulların (1919-cu ilin əvvəlində
Bakı Dağlılar Respublikasına 10 milyon bon miqdarında
uzunmüddətli borc vermişdi - V.Q.) hara xərclənməsi
ilə bağlı hesabat tələb edir. Göründüyü kimi, dağlılar
arasında ikinci Şamil olmaq, Dağıstan və
Çeçenistan üzərində hakimiyyəti ələ
keçirmək niyyətindədir”.
Ə.Haqverdiyevin Dağlı Respublikasında diplomatik
nümayəndə kimi qaldığı müddət ərzində
gündəlikdə dayanan ən mühüm məsələ
hələlik dövlət kimi formalaşa bilməyən bu
qurumun Azərbaycanın siyasi himayəsini qəbul etməsi,
yaxud ölkəmizin tərkibinə daxil olması idi. Dağlı
dövləti həm Denikinin, həm də bolşeviklərin
hədəfinə tuş gəlmişdi. Britaniya
hərbi qüvvələrinin mövcud olduğu və yeganə
fəaliyyət qabiliyyətli dövlət qurumu kimi Fətəli
xan Xoyski hökumətini tanıdığı Azərbaycanın
tərkib hissəsi sayılmaq bu təhlükələri
müəyyən qədər azalda, hətta sovuşdura bilərdi.
Hər halda, 1919-cu ildə belə
görünürdü. Məsələ ilə bağlı diplomatik
nümayəndə kimi ona hətta açıq mətnlə
də müraciət edirdilər. “Dağıstanın Azərbaycana
birləşdirilməsi çox ciddi şəkildə
müzakirə olunur, - deyə Əbdürrəhim bəy
hökumətə yazırdı: - Bir çox ictimai xadimlərin
istəyi ilə sizə şifrəli teleqram göndərmişəm.
Azərbaycan tərəfin prinsipial
razılığını xahiş etmişəm. Müvafiq zəmin hazırdır. Ölkədəki 10 dairədən 4-ü artıq
birləşmənin lehinə səs verib. Qalanları da gizli şəkildə eyni şeyi
arzulayırlar. Bu istiqamətdə
istisnasız olaraq yerli adamlar özləri işləyirlər.
Yaxın günlərdə məsələ ilə
bağlı general Xəlilov - hərbi nazirin keçmiş
müavini Bakıya gəlmək niyyətindədir. Cavabı sürətləndirməyiniz rica olunur”.
1919-cu il aprelin 16-da dağlı hökuməti baş
nazir Pşemaxo Kotsevin sədrliyi altında keçən
toplantısında Dağıstanın Azərbaycan
Cümhuriyyətinin tərkibinə daxil olması haqqında qərar
qəbul etmişdi. Daha sonra məsələ
İttifaq Şurasının - Parlamentin müzakirəsinə
verilmişdi. Həmin gün, yəni aprelin 28-də
Ə.Haqverdiyev öz ölkəsinin XİN-nə
yazırdı: “Dağıstan hərbçiləri bölgənin
Azərbaycana birləşdirilməsi ilə bağlı
Parlament qarşısında məsələ
qaldırıblar. Təklif bu gün hərbçilərin, Parlament
üzvlərinin, ruhanilərin və ziyalıların birgə
iclasında müzakirəyə çıxarılıb.
İclasın davamı sabah axşam olacaq. Xahiş
edirəm, müsbət qərar verildiyi təqdirdə necə
hərəkət edəcəyimlə bağlı mənə
lazımi təlimat göndərəsiniz”.
Hökumətdən
Azərbaycan tərəfinin mövqeyi ilə bağlı
şifrəli teleqram alandan sonra Ə.Haqverdiyev nazir M.Y.Cəfərova
9 may 1919-cu il tarixli 6 saylı məxfi məktubunda
məsələ ilə əlaqədar daha geniş məlumat
vermişdi. Məktubdan parlament müzakirələrinin
demək olar ki, üç gün çəkdiyi, ortaya fərqli
mövqelər qoyulduğu aşkara çıxır. Bunlardan biri hərbçilərin, digəri
ziyalıların, üçüncüsü isə inquş
nümayəndəsi Vassan Cabaqiyevin təklifi idi. Əvvəllər
yalnız Dağıstanın Azərbaycana birləşdirilməsini
istəyən zabitlər mövqelərini dəyişmişdilər:
indi onlar birləşmiş hərbi qüvvə ilə
Könüllü orduya qarşı çıxmaq, Denikin təhlükəsi
aradan qaldırılandan sonra iki müsəlman
respublikasını federasiya, yaxud konfederasiya prinsipi əsasında birləşdirməsi, yaxud
Dağıstan üzərində Azərbaycanın hakimiyyətini tanınması fikrini müdafiə
edirdilər. Lakin bu zaman şərt kimi Azərbaycanın
Dağıstana daxili muxtariyyət verməsi, habelə şəriət
məhkəmələrini qüvvədə saxlaması təklifi
irəli sürülürdü. Bəziləri
isə vəziyyət sabitləşənə qədər
gözləmək, birləşmə qərarını
bütün Şimali Qafqaz xalqlarının təmsil
olunduğu İttifaq Şurasında vermək fikrinə tərəfdar
çıxırdılar. Əvvəl özünü
Azərbaycanın dostu kimi qələmə verən general Xəlilov
isə mövqeyini tam dəyişmişdi: indi o,
Dağıstanın Dağlı ittifaqından ayrılıb
Azərbaycanın ağuşuna atılmasını Həmzət
bəyin, Şeyx Şamilin ruhuna xəyanət sayırdı.
Ə.Haqverdiyevin əldə etdiyi məlumata görə,
çeçenlər də Azərbaycanla birlikdə
olmağın tərəfdarı idilər. Dağlı
xalqlarının tanınmış liderləri - Qazı
Dibirov, Uzun Hacı kimi kütlələri öz arxasınca
aparmağı bacaran nüfuzlu şəxslər hətta tək
Dağıstan deyil, bütün Şimali Qafqazda Azərbaycanın
idarəçiliyinin yayılmasını istəyirdilər. Eyni səciyyəli müzakirələr Parisdə,
Versal sülh konfransının azərbaycanlı və
dağlı nümayəndə heyətləri arasında da
aparılmışdı. Ağıllı və
uzaqgörən diplomat kimi Əbdürrəhim bəy Dağlı
Respublikasının Azərbaycana
birləşdirilməsinə ilk növbədə öz
ölkəsinin təhlükəsizliyinə zəmanət kimi
baxırdı. Hətta daha irəli gedərək
Könüllü ordunun cənuba doğru irəliləmək
fikrinə düşəcəyi təqdirdə milli silahlı
qüvvələrin bir alayanın Temirxanşuraya göndərilməsi
təklifini irəli sürür və bu məsələ ətrafında
Dağlı hökuməti ilə danışıq aparmaq
üçün səlahiyyət istəyirdi. Çünki çox
doğru müşahidə etdiyi kimi “Azərbaycanın taleyi
Dağıstanın etibarlı müdafiəsindən
asılı idi”. Yerlərdən
aldığı informasiya, sıravi insanlarla ünsiyyət əsasında
o, qəti əmin idi ki, dağlı əhali Azərbaycan əsgərini
xilaskar kimi qarşılayacaq.
Lakin məsələ ilk baxışdan
göründüyü qədər sadə deyildi. Burada hər
şeyi dağlı, yaxud azərbaycanlı əhalinin niyyəti
və istəyi həll etmirdi. Birləşmə məsələsinin
müzakirə predmeti olduğu günlərdə xarici işlər
naziri M.Y.Cəfərov baş nazir N.Yusifbəyliyə 7 may
1919-cu il tarixli məlumatında Zaqafqaziya konfransında Azərbaycan
nümayəndə heyətinin rəhbəri F.Xoyskinin Müttəfiq
qoşunların komandanı general Tomsonla görüşü
ilə bağlı məlumat göndərmişdi. Məlumatda bildirilirdi ki, Britaniya hərbçisi
ictimai fikrin ifadəsi kimi Dağlı Respublikasına
silahlı yardım haqqında rəsmi “Azərbaycan” qəzetində
çıxan yazılardan narahat olub. Dediyinə
görə, Müttəfiq qüvvələr bolşeviklərə
qarşı mübarizədə Denikini dəstəkləyir.
Azərbaycan isə açıq şəkildə Denikinə qarşı
çıxmaqla əslində, Antantaya müharibə elan
etmiş olur. Generalın fikrincə, məhz bu
amili nəzərə alıb Dağlı Respublikasına hərbi
yardım fikrindən hər vəchlə uzaq durmaq lazım
idi. Eyni zamanda, Tomson həmin görüşdə
Dağıstanın Azərbaycana birləşməsini mümkün saymış,
lakin Şimali Qafqazda mütəşəkkil dövlət
qurulması ideyasına şübhə ilə
yanaşmışdı. Söhbətin sonunda o,
Denikinin müttəfiqlər tərəfindən müəyyən
olunmuş demarkasiya xəttini keçməyəcəyi və
Azərbaycan ərazisinə girməyəcəyi ilə
bağlı zəmanət vermişdi.
Mayın
19-da “məxfi” qrifi ilə
ölkəsinin XİN başçısına göndərdiyi
məlumatda Ə.Haqverdiyev Dağlı Respublikasında hakimiyyət
dəyişikliyi, daha doğrusu, özünün dəqiq ifadəsi
ilə desək, “dövlət çevrilişi” baş
verdiyini bildirirdi: “Bu kabinet dəyişikliyini dövlət
çevrilişi və maskalanmış hərbi diktatura cəhdi
kimi dəyərləndirmək lazımdır. Son
günlər hamı fəal şəkildə belə bir
diktatura haqqında danışırdı. Əvvəl də
xəbər verdiyim kimi
P.Kotsev hökumətinin üzvləri baş nazirin
yürütdüyü siyasətlə razı
olmadıqlarından bundan sonra birlikdə işləyə bilməyəcəkləri
ilə bağlı kollektiv müraciət təqdim etmişdilər”.
Hökumətə təsir gücünə
malik hərbçilər bütün hakimiyyətin bir nəfərin
əlində cəmləşdiyi diktaturanın tərəfdarı
idilər və yeni diktator rolunda Çeçenistanın hərbi
qubernatoru polkovnik Cəfərovu görürdülər.
Lakin onun təklifdən
qətiyyətlə boyun qaçırmasından sonra general Xəlilov, polkovnik Cəfərov
və Uzun Hacıdan ibarət direktoriya yaratmaq qərara
alınmışdı. Burada isə tezliklə çar generalı, Denikinin əlaltısı,
“vahid və bölünməz Rusiya” mövqeyində dayanan M.Xəlilovun
“birinci skripka” olduğu aşkara çıxmışdı.
Yeni
hökumətin formal tərkibi haqda məlumat verdikdən sonra
Ə.Haqverdiyev yazırdı: “Beləliklə, hakimiyyət
faktiki surətdə Könüllü ordu ilə əlaqədə
şübhəli bilinən zabitlərin əlinə
keçib. Lakin general Xəlilov bu fikri qətiyyətlə
rədd edir. Mən hər ehtimala qarşı xarici işlər nazirliyinə
sorğu hazırlamışam”.
Paris
sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin
rəhbəri Ə.Topçubaşov Müttəfiq dövlətlərin
hökumətlərinə göndərdiyi 28 may 1919-cu il tarixli notada Azərbaycan üçün
böyük əhəmiyyətə malik bir sıra məsələlərlə
birlikdə artıq süquta uğramış Dağlı
Respublikasına da münasibət bildirmişdi. Notada
Könüllü ordunun işğalına məruz qalan qonşu dövlətin taleyi ilə
bağlı deyilirdi: “Azərbaycan əhalisi başdan-başa
müsəlmanlardan ibarət Dağıstan, İnquşetiya,
Kabarda, Osetiya, Çeçenistan və b. ərazilərin
daxil olduğu Dağlı Respublikasının öz müqəddəratını
sərbəst təyin etmə hüququ əsasında müstəqil
dövlət kimi formalaşması məsələsində qətiyyətli
mövqe tutur və bu ölkəyə hər hansı bir
iddiası yoxdur. Lakin Dağlı Respublikasının müqəddəratının
xalqın istəyinə
uyğun olmayan tərzdə həll ediləcəyi təqdirdə
yuxarıda adlarını çəkdiyim ərazilərin əhalisi
Azərbaycan hakimiyyətindən başqa hər hansı
özgə hakimiyyəti
tanımaq niyyətində deyil”.
Təəssüf
ki, hadisələr nə Azərbaycana dost münasibəti bəsləyən
dağlı liderlərin, nə də Azərbaycan hökumətinin
istəyinə uyğun ssenari üzrə inkişaf edirdi.
Əbdürrəhim bəy 7 iyun 1919-cu il tarixli digər “məxfi”
qrifli məktubda son zamanlara qədər yalnız kağız
üzərində mövcud olan Dağlı
Respublikasının parçalandığı, Şimali
Qafqazın nəzarətdən çıxdığı,
general Xəlilovun isə Könüllü ordu
komandanlığı tərəfindən sadəcə
Dağıstan hakimi təsəvvür edildiyini xəbər
verilirdi. Temirxanşurada Denikinin
nümayəndəsi general Erdelini duz-çörək,
ikona, musiqi, hərbi marşlar və əsgəri rəsmi-keçidlə
qarşılayan Xəlilov “ali qonağı” üçün
düzəltdiyi dəbdəbəli ziyafətdə “vahid və
bölünməz Rusiyanın” şərəfinə badə
qaldırmışdı. Görünür, onun
yarınmaq baxımından lap ağını
çıxardığını və çox uzağa getdiyini
düşünən Erdeli Könüllü ordunun Azərbaycan
sərhədlərini pozmaq niyyətində
olmadığını, yalnız əvvəlcədən
müəyyən edilmiş Qızılburun-Zaqatala xəttinə
qədər irəliləyəcəyini bildirmişdi.
Öz hökumətinə göndərdiyi məlumatlar
Əbdürrəhim bəyin qısa müddət ərzində
etibarlı məlumat qaynaqları təmin etdiyini göstərir. Məsələn,
daimi əlaqə saxladığı keçmiş hərbi
nazir polkovnik Nuhbəy Tarkovski Dağıstana gələn
Könüllü ordu hissələrində 5 min nəfərə
yaxın əsgər və zabitin olduğunu xəbər
vermişdi. Lakin polkovnikin bilərəkdən onu
yanlış məcraya yönəldə biləcəyini
düşünən Ə.Haqverdiyev alternativ qaynaqlardan da məlumat
əldə etməyə çalışmış və
sonda məqsədinə çatmışdı. Say polkovnikin
bildirdiyi qədər böyük olmasa da, ciddi təhlükə
mənbəyi idi. Vəziyyətə denikinpərəst
qüvvələrin nəzarət etməsi həmin təhlükəni
daha da artırırdı. Petrovskla
(Mahaçqala) Rostovu birləşdirən dəmiryol xəttinin
Könüllü ordunun nəzarətinə keçməsi də
bir vaxtlar Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil
almış Əbdürrəhim bəyin fikrincə
denikinçi hərbi birləşmələri mütəmadi
şəkildə yeni canlı hərbi qüvvə və
silah-sursatla təmin etmək baxımından geniş imkan
açırdı. Bir
sözlə, dost ölkədəki xoşagəlməz dəyişikliklər
həm də Azərbaycana qarşı kobud hərbi müdaxilə
riskinin artmasından xəbər verirdi.
İyunun
ilk günlərində vəziyyət aydınlaşmışdı.
Şimali Qafqaz
parlamentinin Dağıstan fraksiyası general Xəlilovun
başçılığı altında ayrıca hökumətin
yaranmasına səs vermişdi. Çeçenistanda qanlı
cəza əməliyyatlarından sonra Petrovsk və Dərbəndi
ələ keçirən ağqvardiyaçı general
D.P.Dratsenko dərhal “dağıstanlıları müdrik qərar
münasibəti təbrik etmiş” və “Dağıstanın
hərbi hakiminin” - milliyyətcə lak olan general Mikayıl Xəlilovun
ziyarətinə tələsmişdi.
Artıq
Dağıstanın Azərbaycanın nüfuz dairəsinə
veriləcəyi ilə bağlı Müttəfiq qüvvələr
komandanlığının dəfələrlə təkrarlanan
vədinin boş bir illüziyaya, ilğıma çevrildiyini
görən Ə.Haqverdiyev öz hökumətini
“Könüllü ordu hissələrini Dağlı
Respublikasının ərazisindən vurub çıxarmaq”
üçün təcili şəkildə təsirli, zəruri
və kifayət qədər radikal
tədbirlər görməyə
çağırmışdı. Hətta vəziyyətə
bələdlikdən irəli gələn bir hərəkət
planı da cızmışdı: “Güman edirəm ki,
Kürə, Qaytaq-Tabasaran, Samur vilayətləri əhalisinin
Azərbaycana birləşmək istəyinə əsaslanaraq
bu əraziləri və Petrovsku tutmaq, eyni zamanda, müvazi
şəkildə ingilis komandanlığı
qarşısında üzərimizə Xəzər sahilini
bolşevik hücumlarından qorumaqla bağlı təhəddüd
götürmək məqsədəuyğun olardı. Petrovsk əlimizə keçəndən sonra
Dağıstanın qalan hissələri, Çeçenistan və
İnquşetiya da Azərbaycan hakimiyyətini qəbul edəcək.
Əhali hadisələrin bu tərzdə inkişafına hazırlanıb. Daha sonra isə Azərbaycanın protektoratı
altında Dağlı Respublikasını bərpa etmək
olar. Xilasımız yalnız bundadır!”
Könüllü
ordunun Petrovsk və Dərbəndi işğal edərək Azərbaycan
sərhədlərinə yaxınlaşması, general Xəlilovun
xəyanəti Azərbaycan Məclisi-Məbusanının 25
may 1919-cu il tarixli iclasında geniş
müzakirə edilmişdi. Millət vəkillərinin tələbi
ilə Parlamentin iclasına gələn baş nazir Nəsib bəy
Yusifbəyli Dağıstanda cərəyan edən son hadisələrdən
danışmış və fikirlərinin əsaslandırmaq
üçün Ə.Haqverdiyevin hökumətə göndərdiyi
son teleqrama istinad etmişdi. Baş nazir
Könüllü ordunun tək bir əsgərinin də Azərbaycan
torpağına ayaq basmayacağına dönə-dönə
zəmanət versə də, bütünlükdə
Dağıstan hadisələrinin Azərbaycana xoşagəlməz
təsiri ilə bağlı qayğılı və nigaran
atmosferi aradan qaldırmaq mümkün olmamışdı.
Öz
diplomatik nümayəndəsinin israrlı
çağırışlarını nəzərə alan Azərbaycan hökuməti nəhayət
Müttəfiqlərin amorf vədləri ilə
hesablaşmayaraq ciddi addımlar atmaq qərarına gəlmişdi.
Xarici işlər nazirinin müavini A. Ziyadxanın imzası ilə
1919-cu il iyunun 16-da Temirxanşuraya, Ə.Haqverdiyevə göndərilən
1686 nömrəli şifrəli teleqramda Azərbaycanın hərbi
və diplomatik uğurlarını təbliğ etmək,
Dağlı Respublikasında müvəqqəti Azərbaycan hərbi
kontingenti yerləşdirməklə bağlı müvafiq zəmin
hazırlamaq və lazımi danışıqlar aparmaq
tövsiyə olunurdu. Denikin Müttəfiqlərin müəyyən
etdiyi demarkasiya xəttinə qədər geri çəkildikdə
Dərbəndin və digər ərazilərin Azərbaycan
ordusunun nəzarətinə keçməsi üçün əhali
arasında hazırlıq işləri görülməsi,
silahlı qüvvələrin Dağıstana mümkün qədər
problemsiz girməsi istiqamətində mümkün olan hər
şeyin edilməsi
tapşırılırdı.
Lakin artıq gec idi. Denikinin yaxın
silahdaşlarından biri, Tersk-Dağıstan vilayətinin
komandanı general İ.Q.Erdeli
Ə.Haqverdiyevə 30 iyun 1919-cu il tarixli teleqramında
onun tanınmamış Azərbaycan Respublikasının
diplomatik nümayəndəsi kimi Temirxanşuradakı fəaliyyətinin
qanunazidd və yolverilməz olduğunu bildirir, dərhal (ədibin
özünün tərcümeyi-halında göstərdiyi
kimi, “24 saat ərzində”) Azərbaycan hüdudlarına
qayıtmasını tələb edirdi. Ə.Haqverdiyev
Dağıstanın hərbi hakimi general M.Xəlilova
Temirxanşurada iki ölkənin hökuməti
arasındakı razılıq nəticəsində qanuni əsaslarla
fəaliyyət göstərdiyini, ona qarşı atılan
addımın zorakılıq və ədalətsizlik
olduğunu bildirsə də, həyatının üç gərgin,
məsuliyyətli ayını keçirdiyi Şimali Qafqazdan
ayrılmaqdan başqa çıxış yolu
qalmamışdı. Sadəcə generaldan qonşu ölkənin
diplomatı və ziyalı şəxslə centlmencəsinə
davranmağı, missiyanı köçürmək
üçün sərəncamına vaqon ayırmağı
xahiş etmişdi...
Xarici
işlər naziri M.Y.Cəfərovun 6 noyabr 1919-cu il tarixli 69
saylı əmri ilə noyabrın 1-dən etibarən
Dağlı Respublikası hökuməti yanında Azərbaycan
diplomatik nümayəndəliyi ləğv edilmidi. Əslinə baxanda, artıq Dağlı
Respublikası da daha mövcud deyildi. Qısa müddətdə
özünü mahir diplomat kimi göstərmiş
Ə.Haqverdiyev isə daha mürəkkəb yerdə - Ermənistanda ölkəsini
təmsil edirdi...
P.S. Xaosun hökm sürdüyü Şimali Qafqaz Respublikası həmin dövrə qədər ictimai fikir və ədəbiyyatda yetərincə yaxşı tanınan, təəssübkeş milli ziyalı imici qazanmış Əbdürrəhim bəyin diplomatik sahədə debütü idi. Lakin o, ilk gündən özünü heç nədən qorxub çəkinməyən, cəsarətlə ölkəsinin maraqları keşiyində dayanmağı bacaran yüksək peşəkarlığa malik diplomat kimi göstərə bilmişdi. Yaşına, bilik və təcrübəsinə arxalanaraq bəzən hətta yenicə təşəkkül tapmış ölkə XİN-nin mərkəzi aparatında çalışan həmkarlarına məsləhət verməkdən, yol göstərməkdən də çəkinmirdi. Məsələn, 7 iyun 1919-cu il tarixli “məxfi” qrifli məktubdan götürülən aşağıdakı sətirlər onun işinə nə qədər məsuliyyətlə yanaşdığını göstərir: “Dünən aldığım şifrəli teleqramda nazirlik mənə yalnız ciddi şəkildə yoxlanmış məlumatları mərkəzə göndərməyi tövsyyə edir. Belə bir mühüm vəzifə tutduğum halda yoxlanmamış məlumat göndərilməsinin yolverilməz olduğunu yaxşı bilirəm və məsuliyyətimi tam şəkildə başa düşürəm. Dəqiqliyinə inanmadığım məlumat heç bir halda göndərilmir, doğru təsiri bağışlayan şayiələrə əsaslananlar isə xüsusi qeyd-şərtlə diqqətə çatdırılır”.
Heç şübhəsiz, Azərbaycan Cümhuriyyəti hökuməti daha uzun ömürlü olsaydı, Əbdürrəhim bəy Haqverdiyev onu dünyanın istənilən ölkəsində, istənilən beynəlxalq təşkilat yanında yüksək peşəkarlıq və ləyaqətlə təmsil edə bilərdi.
Bakı,
noyabr, 2017
525-ci qəzet.-2017.-30 dekabr.-S.18-19.