Səlim Babullaoğlu:
“2017-ci ildə kifayət qədər uğurlu
işlər görmüşük”
“BAŞA
ÇATAN BU İLİ BƏDİİ TƏRCÜMƏ
VƏ ƏDƏBİ ƏLAQƏLƏR MƏRKƏZININ
FƏALİYYƏTİ BAXIMINDAN ƏLAMƏTDAR SAYMAQ OLAR”
Bugünlərdə Qazaxıstanın Türküstan
şəhərində səfərdən
yenicə qayıtmış
Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
sədri, şair və tərcüməçi
Səlim Babullaoğlu
ilə görüşümüzün
əsas məqsədi
onun səfər təəssüratlarını öyrənmək idi.
Ancaq söhbətimiz
elə vaxta təsadüf etdi ki, istər-istəməz,
ilin ədəbi yekunlarına və onun sədri olduğu Mərkəzin
2017-ci ildəki fəaliyyətinin
nəticələrinə də
diqqət yetirdik.
Dekabrın 20-dən 22-nə kimi Türkiyə Yazarlar Birliyinin dəvəti ilə Qazaxıstanın Türküstan şəhərində
“Türkcənin XII Beynəlxalq
Şeir Şöləni”ndə
ölkəmizi təmsil
edən S.Babullaoğlu
səfərdən və
orada Azərbaycan poeziyasına, ümumilikdə
ədəbiyyatımıza maraqdan məmnun qaldığını söylədi:
“Türküstana Azərbaycandan
3 nəfər dəvət
almışdı. İş elə
gətirdi ki, təkcə mən getdim. Əhməd Yəsəvi adına türkcə-qazaxca Beynəlxalq
Universitet, Türkiyə
və Qazaxıstan Yazarlar Birliyi, eləcə də Türkiyənin Mədəniyyət
müşavirliyinin təşkilatçılığı
ilə keçirilən
tədbirdə, demək
olar, bütün türkdilli ölkə və topluluqlardan təmsilçilər iştirak
edirdi. Dolğun bir proqram hazırlanmışdı, tədbirlər,
görüşlər, şeir
gecəsi keçirildi.
Hər bir tədbir türk xalqına məxsus bir böyük şairin adı ilə bağlanmışdı. İştirakçılara
xüsusi diplomlar, üç şairə isə xüsusi ödül verildi. Bu Şeir Şöləni
yeni əlaqələrin
qurulması, tanışlıqlar
yaradılması, ən
əsası isə ortaq türkcənin yaradılmasına cəhd
olmaq baxımından böyük əhəmiyyət
kəsb etdi. Səslənən şeirlər çox
müxtəlif idi.
Məsələn, həmin gün
mən, çox sevdiyim mərhum şairimiz Adil Mirseyidin doğum günü idi deyə, onun “Bir gecə oyandım
yağış səsinə”
şeirini oxudum”.
Şeir
Şöləni çərçivəsində
Əhməd Yəsəvi
adına türkcə-qazaxca Beynəlxalq
Universitetində Səlim
Babullaoğlu ilə görüş də keçirilib. Şair həmin görüş haqqında məlumat verərkən dedi ki, orada müxtəlif
türkdilli xalqlardan olan tələbələrin
ədəbiyyatımıza marağı onu çox sevindirib: “Təxminən 60-70 tələbənin
iştirakı ilə
görüş oldu. Orada azərbaycanlı tələbələr
də vardı. Gənc şairimiz Ruslan Dost Əlini də orada görmək məni sevindirdi. Müxtəlif məzmunlu suallar
verdilər, onları cavablandırdım, müasir
ədəbiyyatımız haqqında
məlumat verdim.
Düşünürəm ki, bu görüş də hər iki tərəf
üçün faydalı
oldu və qalıcı izlər buraxdı”.
İlin
ədəbi yekunlarından
söz açan S.Babullaoğlu önəmli
və dəyərli saydığı bir sıra faktları qeyd edib: “Bu il ərzində tərcümə sahəsində
diqqətimi çəkən
və məmnunluqla qeyd edə biləcəyim
bir neçə əsər oldu. “Dünya ədəbiyyatı”
dərgisinin baş redaktoru Seyfəddin Hüseynlinin tərcüməsində
Culian Barnsın “Aqibət duyğusu” romanı, Qismətin çevirdiyi iki kitab - “Nabokovun mühazirələri” və
“Ədəbiyyatsız dünya”,
müasir İran poeziyasını əhatə
edən “Dostun evi haradadır” antologiyası yüksək
təqdirlə qarşılandı.
Fərid
Hüseynin yenicə çap olunan “Hər kəsin öz eşqi” kitabını da çox lazımlı nəşr hesab edirəm”.
Bədii
Tərcümə və
Ədəbi Əlaqələr
Mərkəzinin 2017-ci ildə
həyata keçirdiyi
layihələr barədə
danışan sədr
deyib ki, başa çatan bu ili Mərkəzin
fəaliyyəti baxımından
əlamətdar saymaq
olar: “Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzi bu il xeyli iş
görüb və ciddi nəticələr alıb. Mərkəzin nəşri olan
“Dünya ədəbiyyatı”
dərgisinin iki sayı çap edilib. Bunlardan biri İngiltərə,
digəri isə
Moldova ədəbiyyatı sayıdır
və hər ikisində bu ölkələrin onlarla ədibinin olduqca maraqlı əsərləri
toplanıb. May ayında Moldovanın paytaxtı Kişinyovda “Avropa şairlərinin baharı” adlı poeziya festivalında iştirak etdim. Həmin festivalda Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzi ilə
Moldova Yazıçılar Birliyi arasında əməkdaşlıq memorandumu
imzaladıq. Memoranduma əsasən,
biz burada Moldova, onlar isə orada Azərbaycan ədəbiyyatının
tərcümə və
təbliğini öhdəmizə
götürdük. Bu işə Moldova Azərbaycanlıları
Konqresi və konqresin sədri Vüqar Novruzov çox yaxından dəstək verdi.
Qurulan əməkdaşlıq çərçivəsində
görkəmli şair
Arkadie Suçevyanunun
“Qağayı ilə göndərilən məktub”
şeirlər toplusunu,
tanınmış yazıçı
İqor Volnitskinin “Mənə ölməyi öyrət” romanını
nəşr etdik.
Birinci kitaba daxil olan
əsərləri Qismət
və mən, romanı isə Azad Yaşar çevirib.
“Dünya ədəbiyyatı”
dərgisinin “Moldova” sayında,
15-i şair olmaqla,
40-a qədər moldovalı
müəllifin əsərləri
yer alıb. Eyni zamanda, bizim əməkdaşlıq çərçivəsində
moldovalılar Azərbaycan
nəsri antologiyasını
hazırlayırlar. Yəqin ki,
gələn ilin əvvəlində hazır
olacaq. Kitaba akademik İsa
Həbibbəyli ön
söz yazıb.
Xalq yazıçısı Anarın
“Ağ qoç, qara qoç” romanı da Moldovada çap edilir. Düşünürük ki, yanvar-fevral
aylarında bizim nəşrlərimiz burada,
onların nəşr
etdikləri kitablar isə orada təqdim olunacaq. Həmin ərəfədə Bakıda
“Moldova kitabı günləri”
keçirməyi də
planlaşdırırıq. Ümidvaram ki, bu prosesdə
Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi də yaxından iştirak edəcək.
Biz bir neçə
ay öncə Bakıda
İran ədəbiyyatı
ilə bağlı silsilə tədbirlər keçirdik. İranın ölkəmizdəki səfirliyinin
mədəniyyət müşavirliyi
ilə əməkdaşlıq
əsasında görkəmli
İran yazıçısı
Mustafa Məsturu Bakıya
dəvət etdik, akademiyanın Elmi Kitabxanasında, Səməd
Vurğun adına muzeydə və bir çox başqa yerlərdə onunla görüşlər,
mühazirələr oldu.
Bu il “ATV kitab” layihəsi çərçivəsində 16 kitab çap edildi ki, bu işdə də Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi yaxından iştirak etdi. Həmin kitabların yarısı tərcümə ədəbiyyatına aid idi.
Yekun vuraraq deyə bilərəm ki, 2017-ci ildə kifayət qədər uğurlu işlər görmüşük və bu sahədə yeni layihələr, tədbirlər üzərində düşünürük”.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-30 dekabr.-S.19.