Ankara... Ankara
PƏRVİN
XOŞBƏXT ÖKÜZ...
ESENBOĞA!
Şəhərlər Hava limanlarından başlayıb
elə orda da bitir. Əlbəttə, çağdaş
zamanda. Qəribə bir asudəlik,
azadlıq hissi də gətirir bu hava limanları.
Üzücü mərhələləri keçib “free
zonaya” - Azad sahəyə keçincə özünü qu lələyi
təkin yüngül hiss edirsən. Havalanmaq, qanadlanıb uçmaq
üçün hazır olursan sanki... Uzun və yorucu
uçuşdan sonra yenə də “nəzarət məntəqələri”ni
keçib havaya çıxırsan, sərinliyi ciyərlərinə
çəkirsən və elə bu an da qəfəsdən
qurtulan quş kimi azad, rahat hiss edirsən özünü.
Türkiyəyə gedəndə isə bu hiss ikiqat artıq
olur. Bilmirəm nədəndi? Doğma yerə,
əzizlərimiz arasına düşdüyümüzü
hiss etdiyimizdənmi, yaxud qardaşlığımızı
“diktə” edən genlərimizin dinclik tapmasındanmı, illərdi
tanıdığımız, sevdiyimiz dostlarla
qovuşmağımızdanmı,
nəzakətdə, qonaqpərvərlikdə bir çox
xalqlarla yarışa girə biləcək türklərin hər
arzumuza gülümsəmələrindən, hər istəyimizə
“tabii” demələrindənmi? Bəlkə də
bunların hamısıdı. Amma qəribə
bir sufiyanə ovqat, ruh halı gəlir insana Türkiyədə.
Elə bilirsən ki, bütün sualların
cavabını tapacaqsan, sıxıntılarından xilas
olacaqsan burda. Yaxud zen-buddizmdə deyildiyi kimi, birdən-birə
İlahi həqiqəti dərk edəcəksən...
Əslində isə hər şey çox sadədi. Gündəlik
qayğıları, məişəti, problemləri,
qovdu-qaçdını uzaqda, arxada qoyub gəldiyin
üçün rahatlaşırsan, özün haqqında,
daha xoş hisslərin barədə düşünməyə
başlayırsan... Amma axı “heç bir təyyarə,
heç bir gəmi, heç bir nəqliyyat vasitəsi
insanın özünü özündən uzaqlaşdıra
bilmir?!”... Sadəcə bir neçə günlük
yükünü atmaq imkanı tapırsan, vəssalam!
Ankaranın Hava limanı da özünə bənzəyir,
sakitdir.
Esenboğa! Nə deməkdi? Burdakı “əsən” və “boğa-buğa”
sözləri çoxlarını çaşdırır.
Sözü “gurlayan, əsən buğa” kimi
yozurlar. Bu adın tarixçəsi
başqadı amma.
Sözün başındakı “əsən” hissəciyi xoşbəxt
mənasına gəlirmiş. “İsenbuğa” -
“xoşbəxt öküz” deməkmiş. Teymurun sərkərdələrindən birinin adıdı
İsenbuğa. Çingiz Xan soyundan olan İsen Buğa 1402-ci
ildə Yıldırım Bəyazid ilə Teymur arasında
Ankara ətraflarında gedən döyüşlərdə öz qərargahını məhz
burda qurubmuş. İndi Hava limanını da bu
şərəfə belə adlandırıblar.
Qədim inanca görə dünya bir öküzün
buynuzları üstündə dayanıb-durub. Sanki Ankara da bu xoşbəxt
öküzün - Esenboğanın iri buynuzları
üstündə, havadan asılı qalıb...
ŞEİRSİZ
ŞƏHƏR...
Ankaraya gəlişimin
xoş bir səbəbi var... Avrasiya Yazarlar Birliyinin keçirdiyi
“Kitabi Dədə Qorqud” pyes yarışmasında “Aşar
keçər Arazı” pyesim yer tutub, TÜRKSOY-da olacaq
mükafatlandırılma mərasiminə dəvətliyəm.
Avrasiya Yazarlar Birliyinin əməkdaşı
İlyas bəy qarşılayır bizi. Hava
limanından uzaqlaşdıqca ədəbiyyat “mərəzim” tutur.
Böyük şairlər Ankaraya şeir
yazıblarmı görən, düşünürəm.
Yadıma sala bilmirəm. Türk
şeirində İstanbulu vəsf edən sonsuz sayda şeir
var, həm də məşhur, unudulmaz. İlyas
bəydən də soruşuram, o da yadına sala bilmir, deyəsən.
İndi bu yazıya hazırlaşanda Google-da da
axtardım, o da qeyri-adi nə isə çıxarmadı
qarşıma. Əlbəttə,
ayrı-ayrı adamların, daha çox çağdaş
şairlərin şeirləri var, amma türk, ya dünya
poeziyası hadisəsinə çevrilən bircə şeir də
tapa bilmirəm. Səbəb isə
çox sadədi. Ankara İstanbulun
çılğınlığı, dəliqanlılığı,
təzadları ilə müqayisədə çox rahatdı,
sakitdi. Harda görünüb ki,
üzüyola biri ilham mənbəyi olsun?! İncitməyənə,
çaşdırmayana şeir yazılmaz! Ankara indiki
haylı-küylü İstanbulla müqayisədə çox
asudə və həzin görünür... Nədirsə
müasir dinamik, yorğun, tıxaclı həyatda bu həzinlik
xoş gəlir adama. Elə ona görə
də Ankarada yaşayan, gündəlik həyatın
rahatlığını görən çoxları
İstanbulun səs-küyündən, tıxaclarından
qaçırlar.
Mustafa Kamal Atatürkün Qurtuluş savaşını
buradan idarə etməsi ilə Ankara mərkəz olub. 1920-ci ilin
aprelində Ankarada Türkiyə Böyük Millət Məclisi
təsis ediləndə Osmanlı hakimiyyətinə alternativ
hökumət qurulub. 1923-cü il
oktyabr ayının 13-ü isə Ankara yeni Türkiyə
Cümhuriyyətinin paytaxtı elan edilib. Amma ilk
vaxtlar bu sakit, adamsız, nizamsız şəhəri paytaxt
kimi qəbul etmək, bura yovuşmaq, isinişmək çətin
olub adamlara. Ankara Andersenin “çirkin
ördək balası” kimi sonralar gözəlləşəcəkdi.
Bu haqda əsərlər də yazıldı hətta...
YAQUB
QƏDRİ QARAOSMANOĞLU... TANPINAR...
Ahmet Hamdi
Tanpınar “Beş şəhər” əsərində “sevdiyimiz şeylər bizimlə
birgə dəyişir və dəyişdikləri
üçün də həyatımızın zənginliyitək
bizimlə birgə yaşayır...” - deyir. Böyüyən,
dəyişən, dəyişdikcə başqalaşan, amma həm
də gözəlləşən şəhərlərdən -
Ankaradan, Ərzurumdan, Konyadan, Bursadan, İstanbuldan
danışır. Ankaraya, paytaxta ilk gəlişini,
şəhərin qədim hissəsində gəzib, dörd
dövrəsinə heyranlıqla baxmağını
xatırlayır. Amma əslində,
bütün paytaxta gələnlərin bir xəyal
qırıqlığı olur əvvəldə. Ankaranın da qəbul edilməsi, sevilməsi asan
olmayıb. Paytaxt elan olunandan sonra şəhərin
inkişafı bir neçə mərhələdən
keçib. Türk romançısı
Yaqub Qədri Qaraosmanoğlu isə “Ankara” romanında şəhərin
paytaxt kimi inkişafını bir ailənin, bir qəhrəmanının
taleyi ilə paralel olaraq göstərib. Əsərin
qəhrəmanı Səlma xanım əri Naziflə birgə
böyük xəyallar və arzularla İstanbuldan Ankaraya gəlir.
Əsərdə göstərilir ki, ümumiyyətlə,
istanbullulara görə Ankara bir ümid, qurtuluş deməkdir.
Və bu hisslərin özü də o qədər təbiidir
ki... Çünki insan bəzən məkanı,
bəzən şəraiti dəyişməklə nəyinsə
daha yaxşı olacağına inanır.
Əsərdə Səlma xanımın həyatı,
taleyi fonunda bir şəhərin, ölkənin tarixinin
mühüm mərhələləri əks olunur.
Birinci bölümdə Sakarya savaşı öncəsi
- 1922-ci illərə qədərki mərhələ, ikinci
bölümdə Cümhuriyyətin elan olunmağa
başladığı dövr - 1926-cı illərə qədərki
mərhələ, üçüncü bölümdə -
Cümhuriyyətdən sonrakı illər təsvir edilir. Beləliklə,
əsər həm Ankaranı, onun keçdiyi yolu, həm də
paytaxta gəlib təzadlı hisslər keçirən
insanın düşüncələrini anlamağa yol
açır:
“... Nazif alt-üst
olmuş düşüncələriylə evə dönərdi. Və o vaxta qədər
qaranlıq
düşərdi artıq. Küçələrdə,
tək bir fənər belə yoxdu. Bəzən
o qədər zülmət qaranlıq olardı ki Nazif, getmək
üçün yalnız ayaqlarının deyil, əllərinin
də köməyinə ehtiyac duyardı. Çıkrıkçılar
yoxuşunu bir sincab çevikliyi ilə dırmaşar və
yoxuşun lap təpəsində tənginəfəs
olardı. Bir müddət
aşağıya baxardı. Stansiyadakı
elektrik lampalarının işığından başqa bir
işıq dəyməzdi gözünə. Sol tərəfdə
isə həbsxana olaraq istifadə edilən köhnə
daş binanın ağır və dəhşətli silueti də
daha bir zülmət
kimi idi. Və o vaxt, içini bir
qorxu alardı, Samanbazarına doğru daha sürətli gedərdi.
Oradan Tacətdin məhəlləsinə gedən dar
yoxuşlardan birinə atardı özünü...”
Əsərdən gətirdiyim kiçik bir parça həm
Ankara, həm də türk xarakteri barədə
düşündürür. Təxminən yüz il ərzində
bu cür qaranlıq, işıqsız məkan
çıraqban olub,
dünyanın ən inkişaf etmiş şəhərlərindən
birinə, türk dünyasının siyasi, iqtisadi, mədəniyyət
mərkəzinə çevrilib. Beynəlxalq Türk Mədəni
Təşkilatının - TÜRKSOY-un da burda yerləşməsi
bu mənada çox şeyi deyir. Elə bizim də
mükafatlandırma mərasimimiz burda, TÜRKSOY-un
binasında həyata keçiriləcək...
DƏDƏ
QORQUDUN ADI İLƏ
Bir neçə ay öncə “Kitabi Dədə Qorqud”
pyes yarışması elan olunanda Qazaxıstanın
Türküstan şəhərində Novruz mərasimlərinə
qatılmışdım. Avrasiya Yazarlar Birliyinin
rəhbəri Yaqub Öməroğlu ilə söhbətimizdə
- pyeslərin dastanın motivləri əsasında
yazılması şərtdirmi? - soruşdum.
Xeyr, mövzu sərbəstdir - dedi. Bəs onda məhz Dədə
Qorqudun adına olmasının səbəbi
nədir? Yaqub bəy özünəxas yumorla - heç kəsi
incitmək istəmirik - dedi. Məsələ
burasındadır ki, müsabiqəyə türk
dünyasının hər yerindən, müxtəlif türk
dillərində yazılmış əsərlər
qatılır, bir xalqın sənətkarına ithaf olununca,
digərində sual yarana bilər. Dədə
Qorqud isə ortaq dəyər, ortaq abidədir və heç kəsdə
etiraz doğurmur. Elə o vaxt bu müfəssəl
cavabdan başa düşmüşdüm ki, Yaqub bəyin və
onun rəhbərlik etdiyi təşkilatın yalnız bir
amalı var - türk dünyasını birləşdirmək.
Əslində, bütün görülən
işlərə ötəri olsa belə, nəzər salanda
bu gəldiyim qənaət son dərəcə bonal səslənir.
Amma neyləməli, müdriklər deyirlər
ki, bəzi şeylər həqiqət olduğu
üçün şablonlaşır.
O zaman
müsabiqəyə qatılmaq ağlıma gəlmirdi. Amma rejissor Bəhram Osmanovla söhbətimizdə bu
haqda danışanda - Niyə də yox? - dedi və
ağlıma maraqlı bir mövzu da saldı. İkinci
dünya müharibəsi illərində baş verən
“Boraltan” faciəsi... Bunu bir çox
tarixçilər, şərhçilər xəyanət kimi
yozurlar nədənsə. Amma bu haqda bir çox tarixi mənbələrə
müraciət edib, faktları tutuşduranda onu da anladım
ki, əslində, azərbaycanlı əsirlərin Sovet
hökümətinə geri verilməsinin yalnız və
yalnız siyasi səbəbi var. Və türk qardaşlığına
həmin hadisənin özü də heç bir kölgə
sala bilməz. Ona görə bu tarixi hadisəni
ayrı yöndən yazmağa çalışdım. Qərarı isə münsiflər verdilər.
Beləliklə,
birinci yerə Qazaxıstanda yaşayan, 80 yaşlı uyğur
dramaturqu Əhmədcan Aşırının, ikinci yerə
Türkiyədən yazıçı Lütvü
Şahsuvaroğlunun, üçüncü yerə isə mənim
pyesim çıxdı. İran Türkmən Səhrasından
Oğulmaya Semizadə isə həvəsləndirici
mükafata layiq görüldü. Bu
cür yaşlı və təcrübəli
yazıçılarla yanaşı mükafat almaq mənim
üçün böyük stimuldu, əlbəttə. Və elə tədbirdən əvvəl də, sonra
da, süfrə arxasında da, yolda gələndə də, hər
yerdə, hər zaman söylədiyim kimi həm də
böyük məsuliyyətdir.
Mükafatlandırma
mərasimində türk dünyasının aydınları -
TÜRKSOY sədri Düsen Kaseinov, Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini Hüseyn Yayman, millət vəkili
Nəbi Avcı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu
çıxışlar edib bu cür müsabiqələrin
faydasından danışırlar. Və bu
insanların hər birinin böyük amal, birlik uğrunda,
türk mədəniyyətini dünyada tanıtmaq və
türkdilli ölkələr arasında mədəni əlaqələri
genişləndirmək üçün
çalışdıqlarını duya bilirik.
Türkiyənin keçmiş Mədəniyyət və
turizm naziri, yazıçı, millət vəkili Nəbi
Avcı “Kitabi Dədə Qorqud” dastanından Dədə
Qorqudun öyüdlərini, xeyir-duasını oxuyur. Həmçinin,
gənc nəslin maariflənməsinin mühüm olduğunu
dilə gətirir. Nəbi bəy uzun illərdən
bəri onu narahat edən bu kimi məsələləri -
kütlə mədəniyyətini, cəmiyyətin
inkişafını, savadlı, bilikli olmasını əsərlərində,
özəlliklə də “Enformatik cəhalət” romanında
da önə çəkib.
TÜRKSOY sədri Düsen Kaseinov bu günlərdə
Qazaxıstanın Türküstan şəhərində vəzifəsinə
yenidən seçilib. Doğrusu, heç bilmirəm TÜRKSOY-u
Düsen aqasız təsəvvür etmək olarmı? İnsanın bir vəzifəni icra etməsi ilə
gördüyü işlə yaşaması tamam fərqli məsələlərdir.
Düsen Kaseinov bu işlə yaşayır.
Şəkidə bir söhbətimizi
xatırlayıram. Şəki Türk
dünyasının Mədəniyyət Paytaxtı olanda
ordakı tədbirlərdən birində
görüşüb söhbət etmişdik, qəzetimiz
üçün müsahibə almışdım Düsen bəydən.
Birdən gənclərdən ibarət
TÜRKSOY xorunun uğurlarını
xatırlamışdı, noutbukda videoları açıb həmin
müsabiqələr haqda danışmışdı və o
böyük uğurları xatırladıqca gözlərinin
yaşardığını, kövrəldiyini
görmüşdüm. Məhz bu cür adamın
ümumtürk mədəniyyəti adına
belə böyük işlər görməsi təsadüfi
deyil. Necə ki, Düsen Kaseinovun yenidən bu vəzifəyə
seçilməsi təsadüf yox, zərurətdir.
Bütün
bu böyük işlərinə görə Yaqub Öməroğlu
elə tədbirdəcə Düsen Kaseinova Avrasiya Yazarlar
Birliyinin medalını təqdim edir...
Sonra Yaqub Öməroğlu müsabiqələrin
türk dillərinə, xüsusən kiçik xalqlara təsirini
dilə gətirir. Məsələn, İran Türkmən Səhrasında
bizim Kaşğarlı Mahmud hekayə yarışmasına qədər
bircə nəfər də olsun yazar doğma dilində
yazmırdı, hamısı farsca yazırdılar. Müsabiqəyə qatılmaq üçün ilk dəfə
öz dillərində yazdılar və indi təxminən
40-dan çox əsər bu dildə qələmə
alınıb - deyir. Bütün məhrumiyyətlərə
baxmayaraq, son dərəcə savadlı, istedadlı, məlumatlı
yazıçı xanım, müsabiqədə yer tutan
Oğulmaya Semizadə isə artıq kiçik hekayə yox,
miflər, əsatirlər əsasında pyes yazıb öz
doğma dilində.
Bütün
bunlar, elə yüksək səviyyədə tamamlanan “Kitabi Dədə
Qorqud” pyes yarışmasının özü də Avrasiya
Yazarlar Birliyinin səbrlə, addım-addım, bəzən
lap zərrə-zərrə qazandığı
uğurlardır...
ATATÜRK. ÇANKAYA KÖŞKÜ...
Ahmet Hamdi
Tanpınar “Beş şəhər” romanında Ankaradan bəhs
edərkən şəhərdəki əsas söz-söhbətin
Atatürklə bağlı olduğunu, Atatürk mifinin
insanların beynini çulğaladığını -
yazır:
“Bu, harada nəşr edildiyi bilinməyən, hətta
heç əlinizə keçməyən, amma sizdən
başqa hamının oxuduğu və
ağız-ağıza verib sizə nağıl elədiyi qəzetə
oxşayırdı. Belə ki, eyni əhvalatı hamının az qala zəruri olaraq bir neçə dəfə
bir-birinə rast gəldiyi bu şəhərdə bir saat ərzində
iyirmi adam sizə danışa bilərdi”.
Yaşayaraq
mifə çevrilmək hər tarixi şəxsiyyətə
nəsib olan iş deyil təbii. Atatürkün boyu ucadan
ucadı, qəhvəni tünd içir, yeməyi bu cür
xoşlayır, filan kitabı oxuyur - tipli söhbətlərin
sayı-hesabı olmayıb.
İndi də
bizlər Atatürkün bir neçə il
yaşadığı bu xudmani köşkü - bağ evini
ziyarət etdikcə həm özəl həyatı, həm də
onunla bağlı miflər haqqında öyrənirik. Hər şeydən əvvəl evin kiçikliyi,
sadəliyi təəccübləndirir insanı. Çağdaş dövrdən baxanda lap, belə
lap inanılmazdı. Balaca bir “hakimiyyəti”
olan adamların ucaltdığı imarətlərin, yerin
altından başlayıb dağın başında bitən
sarayların yanında Atatürkün evi hədsiz adi və
“kasıb” görünür. Amma məgər
məkanları dəyərli edən insanlar deyilmi?! Bu ölkənin, bu şəhərin, bu millətin
tarixində isə Atatürk qədər qiymətlisi olmaz.
Ona görə zahiri sadəlik altındakı dəyəri
anlamağa, duymağa çalışıram.
Evdə Atatürkün anası Zibeydə xanımın
sadə otağından tutmuş, xüsusi sifariş
olunmuş mebellərə, bilyard stoluna kimi hər şey cazibədardı. Məşhur
“Çankaya süfrəsi”nə baxdıqca eleqantlıq,
zövq göz oxşayır. “Çankaya
süfrəsi” Mustafa Kamal Atatürkün yaxın ətrafı
ilə birgə Qurtuluş Savaşı illərində və
ondan sonrakı dövrdə önəmli qərarlar verdiyi
mübahisə süfrədir. Bələdçi
burda olan söhbətlərdən, xidmətçilərin
Atatürkün bir jestindən nə demək istədiyini anlamasından,
süfrənin xüsusi bəzənmə qaydasından
danışdıqca nəyin reallıq, nəyin mif olduğunu
ayırd etmək çətinləşir. Və ən
böyük heyrəti kitabxanada keçiririk: Atatürk təxminən
dörd min kitab oxuyubmuş, səhifələrdə qeydlərini
də edib. “Dörd min? DÖRD MİN?”
- deyib heyrətlənirəm. Realist Rəşad
Məcid - axı bu qədər dövlət işinin içərisində
kitab oxumağa vaxt hardaydı? - deyir sakitcə.
Şübhəsiz Atatürk mütaliəli adam
olub, amma dörd min rəqəmi də bir az şişirdilib yəqin
- söyləyir. Bir az dərinə gedib
düşünürəm - həqiqətən, axı məsələ
məhz dörd min kitabın oxunub-oxunmamasında deyil, məsələ
xalqın sevgisində, inamında və öz liderini o zirvədə
görməsindədir.
Bir
neçə il öncə Vilayət
Quliyevin qəzetimizdə yayımlanan “Şair, hökmdarın
hüzurundasan” məqaləsi böyük marağa səbəb
olmuşdu. Müəllif məqalədə Əhməd
bəy Ağaoğlunun Atatürklə münasibətləri
fonunda o zamanki Türkiyənin, Ankaranın, yeni qurulmuş
hökümətin ab-havasını
çatdırırdı. Həmçinin,
Atatürkün söz-sənət adamlarına münasibətini
göstərən detalları açıqlayırdı.
Vilayət müəllimin həmin yazısında bir məqam
xüsusi diqqət çəkir:
“Hansı bucaq altında baxılırsa baxılsın, proseslərin mərkəzində Atatürkün qeyri-adi şəxsiyyəti, daim irəliyə can atan zəkası, məmləkəti dəyişdirmək və yeniləşdirmək ehtirası dayanırdı. “Sükun və istiqrar Qazi üçün yabançı bir aləmdir, - deyə Əhməd bəy böyük müasirinin səciyyəsini açıqlayaraq yazırdı: - Onun daim coşqun, öz içinə sığmayan, aşıb-daşan ruhu durmadan hərəkət istər. Onunla birlikdə gecələri gündüzə çevirənlər yaxşı bilirlər ki, o, durmadan yeyər, durmadan içər, durmadan danışar və durmadan mübarizə axtarar. Yalnız yatarkən, yəni haldan düşmüş vücudunu istər-istəməz bir qədər dinləndirərkən sükun bular. Çox qısa sürən bu dincəlmə zamanı keçər-keçməz, hələ yataqda ikən yenidən aşıb-daşmağa başlar”.
Atatürkün bu coşqun, yorulmaz, inadkar xarakterinin simgələri evin hər küncündə, hər bucağındadır. Əslində isə bütün bunlar çağdaş Türkiyənin simgələridir...
GERİYƏ... BAKIYA
Ankarada olduğumuz bir neçə gündə həqiqətən unudulmaz anlar yaşadıq deyə bilərik. Dostların qayğıkeşliyi, maraqlı görüşlər, sənət söhbətləri günlərimizi nağıl kimi sürətli etdi. Qazaxıstanın Türkiyədəki səfirliyində görüşümüz, türk alimi Əhməd Bican Ərcilasunun maraqlı söhbətləri, şair Əli Ağbaşın türk şeiri, türk sözlərinin etimalogiyası barədə fərqli düşüncələri, həmçinin, Düsen Kaseinovun, Nəbi Avcının düzənlədiyi məclislərdə ümumtürk birliyi, sənəti, ədəbiyyatı ətrafında polemikalar hələ uzun zaman yaddaşımızdan silinməyəcək. Və əlbəttə mükafat...
Bəzən soruşurlar ki, mükafatların yaradıcı adama müsbət, yaxud mənfi təsiri ola bilər?! Hər ikisi ola bilər, əlbəttə... Amma məsuliyyətli adam mükafat alanda da, almayanda da eyni ciddiliklə yanaşacaq peşəsinə. Ancaq onu da etiraf edək ki, mükafatların da öz yeri, öz mənası olur bioqrafiyalarda...
Ona görə son olaraq bir daha elə bu yazı vasitəsiylə müsabiqənin təşkilatçılarına, Avrasiya Yazarlar Birliyinə, Yaqub bəy Öməroğluna minnətdarlığımı bildirirəm... Ömrümüzə yazılan günlər üçün təşəkkürlər!
525-ci qəzet.-2017.-30 dekabr.-S.16-17.