Tut Budağı, Ərik Budağı və
Sarı Bülbülün nağılı
ELÇİN
“Knyaz: ...yoxdu dünyada
Bundan da qəmli dastan...”
Şekspir. “Romeo və Cülyetta”.
Qış
qurtardı, yaz gəldi və Ana Tut Ağacı da yuxudan
oyandı, sərin sudan içə-içə, günəşin
altında qızına-qızına tumurcuqlamağa
başladı və o tumurcuqlardan da biri boy ataraq sütül
bir budaq oldu, sonra o sütül budaq da yarpaqlayaraq,
gözgörəti böyüməyə başladı.
Ana Tut Ağacının başqa budaqları bu təzə
Tut Budağına baxa-baxa heyrət edirdilər, çünki
o, həmişə gülümsəyirdi, ancaq nəyə
gülümsəyirdi? - bunu heç cürə başa düşə
bilmirdilər, çünki bütün ətraf onların da
hər gün gördüyü eyni ağaclar idi, göy
üzündə eyni günəş, eyni ay idi, ulduzlar idi;
heyrətlə baxırdılar, çünki o Tut
Budağı elə sürətlə boy atırdı,
yarpaqlayırdı və o yarpaqlar gün
işığında elə par-par bir yaşıllıqla
işıldayırdı ki, hətta o Ana Tut
Ağacının çox yaz görmüş qart
budaqları da bu işə heyrət edirdi - eyni Ana Tut
Ağacı idi, eyni su idi, eyni hava idi və bu cür
gülümsəyə-gülümsəyə işıldamağın,
beləcə gözgörəti böyüməyin səbəbi
nə idi? - heç cürə başa
düşə bilmirdilər.
Onların
başa düşmədiyini Ana Tut Ağacı yaxşı
bilirdi: bəli, eyni günəş idi, eyni ay, ulduz idi, Ana Tut
Ağacının torpağın dərinlərindən
sovurduğu eyni su idi ki, budaqlarına paylayırdı, eyni hava
idi ki, nəfəs alırdılar, ancaq bütün bunlarla bərabər,
bir səbəb də var idi ki, o səbəb təzə Tut
Budağına daha artıq istək, həvəs gətirir,
daha artıq qüvvə verirdi və o istəyin, həvəsin,
o qüvvənin adı - sevinc idi.
O Tut
Budağı bu dünyaya göz açdığı andan
sevinirdi: sevinirdi ki, günəşin belə istisi var, sevinirdi
ki, gecələrin bu cür ayı, ulduzları var,
bütün ətrafda qış yuxusundan oyanmış
ağaclar da onun çox xoşuna gəlirdi və sevinirdi ki,
o ağaclar da tumurcuqlayır, yarpaq açır, qol-budaq
atır, sevinirdi ki, torpağın cürbəcür
yamyaşıl otu hər tərəfi bürüyürdü,
güllər, çiçəklər
açılırdı və gün
işığının hərarəti ətrafdakı o
yamyaşıl otu da, o gülü, çiçəyi də
üşüməyə qoymurdu.
Məlum
məsələdir ki, ağaclar gecələr yatmır,
çünki payız başlayanda yuxuya gedib, bütün
qışı da yatıb yuxularını alırlar, ancaq
quşlar gecələr yatıb, sübh tezdən oyanırlar
və Tut Budağı sevinirdi ki, o quşlar sübh tezdən
o cür gözəl nəğmələr oxuyur, sevinirdi ki,
hardasa yaxınlarda axan çayın
şırıltısı gəlib ona da çatır,
axşam düşəndə qurbağaların
quruldamasını, cırcıramaların
cırıldamasını eşidir.
Tut
Budağı, əslində, özünün bu cür
gözgörəti böyüməyinin fərqində deyildi
- onu sərin sudan da, günəşin istisindən də
artıq bu sevgi, bu sevinc beləcə sürətlə
böyüdürdü və Tut Budağı bunu adi, təbii
bir şey hesab edirdi, elə bilirdi ki, elə-belə də
olmalıdır.
Ana Tut
Ağacı bunları öz budaqlarına deyə bilmirdi,
çünki ağacların dili yoxdur, onlar ancaq hiss edirlər
və başqa budaqlar da gərək bunu hiss edəydilər,
ancaq başqa budaqlar qış yuxusundan sonra ən çox sərin
suyu, bir də gözəl günəşin istisində
qızınmağı xoşlayırdılar. Onlar Ana Tut
Ağacının hiss etdiyini, yəqin, bir də ona görə
hiss etmirdilər ki, o budaqlar hər gün öz
yarpaqlarını sayırdılar və hər budağın
da ən böyük arzusu, istəyi öz yarpaqlarının
başqa budaqlardakı yarpaqlardan çox olması idi.
Ana Tut
Ağacı təzə Tut Budağının bu sevincini hiss
edir və sevinirdi ki, bu Tut Budağı dünyanın ən
xoşbəxtidir.
Tut
Budağı özü də özünü dünyanın ən
xoşbəxti hiss edirdi və bu xoşbəxtlik içində
bir ərəfə hissiyatı da var idi - o ərəfə
hansısa gözəgörünməz başqa bir xoşbəxtlikdən
xəbər verirdi.
Gözəl gecələrin birində Tut Budağı
göy üzünü bürümüş ulduzlara, aya
baxa-baxa xəyala dalmışdı - onun xəyal aləmi
ancaq gündüzlər gördüklərini yada salıb
sevinmək idi, çünki həyat onun üçün
yalnız bundan ibarət idi.
Və Tut
Budağı xəyala daldığı həmin gözəl
gecə heç bilmədi ki, səhər necə açılmağa
başladı və onu o xəyal aləmindən həmin
ana qədər heç vaxt eşitmədiyi bir quş nəğməsi
çıxartdı.
Tut
Budağı zərif yarpaqlarını qaldırıb ətrafa
boylandı ki, bu gözəl nəğməni oxuyan quşu
görsün, ancaq sübh çağının
ala-toranında quşu görə bilmədi, quş isə o
gözəl nəğməsini öt ki, ötürdü və
yalnız hava tamam işıqlananda Tut Budağı nəhayət
ki, o balaca sarı quşu - Sarı Bülbülü
gördü.
lll
O Ana Tut
Ağacından bir az aralı, üzbəüzdə bir
Ərik Ağacı da qış yuxusundan oyanıb,
yarpaqlamışdı və Sarı Bülbül o Ərik
Ağacının da bu yaz pırtlayıb boy atmış bir
budağına qonub, bitmək bilməyən o gözəl nəğməsini
oxuyurdu.
Sarı
Bülbül Ərik Budağının təptəzə
qırmızımtıl-yaşıl yarpaqları arasından
güclə görünürdü, ancaq Tut Budağı
Sarı Bülbülün nəğməsinə qulaq asa-asa,
qəribədir, Sarı Bülbülə yox, heç
özü də bilmədən o təzə Ərik
Budağına baxırdı və həmin anlarda o Ərik
Budağının da yarpaqlarından bir titrəyiş
keçdi, onun qırmızımtıl-yaşıl
yarpaqları diksinərək dikəldi.
Tut
Budağı dünyaya gözünü açandan o
böyük Ərik Ağacını görmüşdü və
o Ərik Ağacının yarpaqlarının rəngini
çox bəyənmişdi, o rənglər də Tut
Budağına sevinc gətirirdi, indi də Tut Budağı o
Ərik Budağına baxa-baxa eləcə sevinc hissinin
içində idi, ancaq indi bu sevinc hissinə nəsə
başqa bir hiss də qarışmışdı, Tut
Budağı isə bunun hansı hiss olduğunu bilmirdi.
Tut
Budağına elə gəlirdi ki, ilk dəfədi belə bir
Ərik Budağı görür və anlaşılmazı
da bu idi ki, Tut Budağı baxışlarını o Ərik
Budağından heç cürə çəkə bilmirdi.
Sarı Bülbülə vəhy gəlmişdi, nəydi? - dayanmaq bilmədən
dünyanın ən gözəl nəğməsini oxuyurdu,
ancaq Ərik Budağı Tut Budağına baxa-baxa Sarı
Bülbülün nəğməsini, elə bil, eşitmirdi,
halbuki sübh tezdən Sarı Bülbül uçub gəlib
ona qonanda və sübh nəğməsinə başlayanda
Ərik Budağı çox fərəhlənmişdi, hətta
qürurlanmışdı ki, Sarı Bülbül onu
seçib, ona qonub və elə bil, bu nəğməni də
onun üçün oxuyur.
Ərik
Budağı ilə Tut Budağının baxışları
bir-birinə zillənmişdi, onlar baxışlarını bir-birlərindən
ayıra bilmirdilər və elə bil, bu dəm həmin
baxışlardan başqa da nə isə istəyirdilər, nə
isə çatışmırdı, ancaq onlar bir-birlərinə
baxmaqdan başqa nə edə bilərdilər?
Və elə bu vaxt Sarı Bülbül qəflətən
susdu, hər tərəfə sükut çökdü, ancaq
bu sükut həmişəki sükutdan fərqli idi - fərq
nədə idi? - Tut Budağı da, Ərik budağı da bunu bilmirdi,
ancaq o fərqi hiss edirdilər və Sarı Bülbül qəflətən
də havaya qalxıb, ağacların arasında dövrə
vurdu, sonra da eləcə qəflətən uçub o Tut
Budağına qondu.
Qəribədir, Sarı Bülbül onların bir-birinə
zillənmiş baxışlarını
görmüşdü?
Yəni
quşlar ağacların baxışlarını görə bilir?
Onda bəs, Sarı Bülbül niyə o böyük, o
qollu-budaqlı tut ağacında həmin Tut Budağına
qondu?
Və
Sarı Bülbülün balaca və zərif caynaqları Tut
Budağını qucaqlayanda, budağa elə gəldi ki,
Ərik Budağı ona toxundu və bu hiss onun daxilindəki
sevincə elə təsir etdi ki, elə bil, o sevinc də bir zəmi
idi, birdən-birə çiçəklədi, gül
açdı - bu, elə güclü bir duyğu oldu ki, hətta
bayaqdan Sarı Bülbülün nəğməsinə qulaq
asa-asa mürgüləyən Ana Ağac da diksindi, əvvəlcə
Tut Budağına, sonra bütün ətrafa baxdı, ancaq bir
şey görmədi, heç nə də başa düşmədi
- yəqin ona görə ki, daha qocalmışdı və
dünyanın qəribə işləri artıq onun
yadından çıxmışdı.
Sarı
Bülbülün Tut Budağını qucaqlamış incə
caynaqlarından gələn hərarət günəş
istisinin hərarəti deyildi, bu, nəsə, başqa bir
duyğuydu və bu duyğuda bir doğmalıq var idi, bu
duyğu Tut Budağının bütün
varlığına yayılırdı, bu duyğuda o
doğmalıqla bərabər, xoş bir naməlumluq da var idi
- bəlkə bu, həmin ərəfə hissiyatının
davamı idi? - ancaq Tut Budağı elə
bir həyəcan içində idi ki, heç nə fikirləşə
bilmirdi.
Sonra
Sarı Bülbül yenə nəğməsinə başlayıb,
o sükutu pozdu, bir müddət də o gözəl nəğməni
ötdü, sonra birdən susub, pırıltıyla havaya
qalxdı və uça-uça gözdən itdi, ancaq Tut
Budağı istəmirdi ki, Sarı Bülbül uçub
getsin, Tut Budağı istəyirdi ki, Sarı Bülbül təzədən
Ərik Budağına qonsun və onun balaca, zərif
caynaqları Tut Budağının deyə bilmədiklərini
Ərik Budağına çatdırsın.
Ərik
Budağı da uçub gedən Sarı Bülbülün
ardınca baxdı və onun
qırmızımtıl-yaşıl yarpaqları xəfifcə
titrədi, çünki Ərik Budağı da istəmirdi
ki, Sarı Bülbül uçub getsin, Ərik Budağı
da istəyirdi ki, Tut Budağından qalxan Sarı
Bülbül yenə gəlib ona qonsun.
Tut
Budağı, əlbəttə, Ərik Budağının
yarpaqlarının o titrəyişini elə o andaca
gördü, ancaq bu, təkcə görmək deyildi,
çünki o titrəyiş, elə bil, nəsə çox
yüngül, çəkisiz bir meh kimi Tut Budağına tərəf
əsirdi və o çəkisiz meh, elə bil, Sarı
Bülbül uçub gedəndən sonra Tut Budağına təskinlik
vermək üçün əsirdi.
Günəş
günorta yerinə gəldi, sonra əyildi, axşam
düşdü, gecə gəldi və Ərik Budağı
qaranlıq içində daha görünmədi.
Tut
Budağı bilirdi ki, nə qədər baxsa da, qaranlıqda
Ərik Budağını görməyəcək, ancaq
baxışlarını o səmtdən çəkə
bilmirdi və Tut Budağı bunu da hiss edirdi ki, Ərik
Budağı da o qaranlıq içində ona tərəf baxır.
Tut
Budağı heç özü də bilmədi ki,
yavaş-yavaş necə xəyala daldı, ancaq bu dəfə
onun xəyal aləmi yalnız gündüz gördüklərini
xatırlamaqdan ibarət deyildi - birdən-birə ona elə gəldi
ki, yarpaqları Ərik Budağının yarpaqlarına
toxundu.
Bu, o qədər
gözəl bir hissiyat idi ki, Tut Budağı o hissiyatdan ayrılmaq
istəmirdi, ancaq bu hissiyatı yavaş-yavaş bir qəm,
qüssə, kədər bürüdü, çünki Tut
Budağı başa düşürdü ki, bu xəyal həmişə
xəyal olaraq da qalacaq və onların yarpaqları heç
vaxt bir-birlərinə toxunmayacaq.
Və bu
vaxt Tut Budağı yenə o Sarı Bülbülün nəğməsini
eşitdi - sübh çağının ala-toranında
Sarı Bülbülün ancaq qaraltısı
görünürdü, ancaq Tut Budağı nəğməsindən
tanıdı ki, bu, onların Sarı Bülbülüdür
və Sarı Bülbül yenə Ərik Budağına
qonmuşdu.
Sonra
Sarı Bülbül bir xeyli nəğmə ötəndən
sonra qəfil pırıltıyla havaya qalxıb, Ərik
Ağacı ilə Tut Ağacının arasında dövrə
vurub, onu gözləyən Tut Budağına qondu və yenə
o gözəl nəğməsinə başladı.
Sarı Bülbül o nəğməsində nə
deyirdi? - Tut
Budağı quşların dilini bilmirdi, ancaq Sarı
Bülbül o nəğməni ötdükcə, Tut
Budağına elə gəlirdi ki, elə bil, bu nəğməni
ona Sarı Bülbülün gözəl səsiylə
Ərik Budağının özü oxuyur.
Sarı Bülbülün zərif caynaqlarındakı o
hərarət, əlbəttə, Ərik Budağından gətirdiyi
hərarət idi və Tut Budağı bunu bütün incə
varlığı ilə duyurdu. Tut Budağı bunu duyduqca, elə
bil, onun içinə işıq dolurdu, elə bil, o, hava ilə
yox, gün işığı ilə nəfəs
alırdı.
Sarı
Bülbül nəğməsini kəsdi, bir neçə an ətrafa
çökmüş sükuta qulaq asdı və havaya
qalxdı, uçub getdi, ancaq dünyanın ən gözəl
işi o oldu ki, bir müddətdən sonra Sarı
Bülbül yenə uçub gəldi, yenə Ərik
Budağına qonub, nəğməsinə başladı, yenə
havaya qalxıb, ağacların arasında bir dövrə vuraraq
uçub zərif caynaqları ilə Tut Budağını
qucaqladı və yenə nəğməsinə
başladı.
lll
Bundan
sonra hər gün səhərin gözü
açılmamış Ərik Budağına qonmuş
Sarı Bülbül nəğməsini başlayırdı,
sonra uçub Tut Budağını qucaqlayırdı və
Sarı Bülbül, elə bil, zərif caynaqlarının məhrəmliyi
ilə Ərik Budağının danışa bilmədiyi
sözləri Tut Budağına çatdırırdı - o
zaman Tut Budağının incə varlığını elə
bir həyəcan bürüyürdü ki, Ana Tut Ağacı
da bu həyəcanı duyurdu və təəccüb edirdi,
çünki Ana Tut Ağacı belə hissiyatlardan uzaqlarda
idi - indi o, kökləri ilə torpağın dərinlərinə
can atırdı ki, oradan doyunca su, gübrə çəkib,
budaqlarına ötürə bilsin və çoxlu tut
yetişdirsin.
Sarı
Bülbül o gözəl nəğməsini oxuduqca, elə
bil, Ərik Budağındakı yarpaqların qırmızısı,
yaşılı gün işığında daha artıq
işıldamağa başlayırdı və bir-birinə
qarışan o rəngbərəng işartı Tut
Budağının bütün varlığına
yayılırdı.
Sarı
Bülbül hər səhər beləcə uçub gəlirdi
və Ərik Budağı da, Tut Budağı da səhəri
beləcə onun nəğməsi ilə
açırdılar, ancaq bir gün sübh alatoranı da
işıqlandı, gün də çıxdı, günorta
da oldu - Sarı Bülbül uçub gəlmədi. Tut
Budağı da Ərik Budağı da yarpaqlarını qaldırıb bir-birlərinə
baxa-baxa Sarı Bülbülü gözlədilər, ancaq
sarı Bülbül gəlmədi.
Bir
gün də keçdi, iki gün də keçdi, üç
gün də keçdi - Sarı Bülbül gəlmədi və
hissiyatı Tut Budağına dedi ki, nəsə olub, Sarı
Bülbül bir də heç vaxt uçub gəlməyəcək,
bir də heç vaxt Ərik Budağına qonub nəğməsini
başlamayacaq, zərif caynaqları ilə onu qucaqlayıb,
Ərik Budağının dediklərini ona
çatdırmayacaq.
Ərik Budağı ilə Tut Budağı bütün
günü yarpaqlarını qaldırıb bir-birlərinə
baxırdılar və Ərik Budağının
yarpaqlarındakı o rəngbərəng işartı
gündən-günə solmağa başlamışdı.
Tut
Budağı bunu görürdü və onun incə
varlığını başdan-başa bir qüssə
bürümüşdü - bu qüssə içində onun
öz yarpaqları da solmağa başlamışdı.
Başqa
tut budaqları təəccüb edirdilər ki, payız hələ
gəlməyib, Tut Budağının yarpaqları niyə indidən
solmağa başlayıb və əlbəttə, heç nə
başa düşmürdülər.
Tut
Budağının daha gücü çatmırdı ki,
yarpaqlarını qaldırıb Ərik Budağına
baxsın və o, yenə xəyala dalmaq istəyirdi, istəyirdi
ki, yenə yarpaqları Ərik Budağının
yarpaqlarına toxunsun, ancaq daha heç cürə xəyala da
dala bilmirdi.
Ana Tut
Ağacı Tut Budağını bürümüş bu
qüssəsini hiss edirdi və bunu payızın
yaxınlaşması ilə yozurdu, fikirləşirdi ki, eybi
yox, payız bitəcək, sonra qış gələcək,
Tut Budağı yatacaq, yazda yuxudan oyanıb təzədən
yarpaqlayacaq, böyüyəcək, sevinəcək.
lll
Yay bitdi,
payız gəldi, sonra qış, sonra da növbəti yaz gəldi
və qupquru
qurumuş Tut Budağı daha tumurcuqlamadı
Həmin yaz Ana Tut Ağacı həmişəkindən
daha artıq qol-budaq atmışdı, qayğıları
çoxalmışdı, yəqin buna görə də
keçənilki kiçik bir budağın quruması onun
üçün elə də mühüm bir hadisə
olmadı və Ana Tut Ağacının bundan da xəbəri
olmadı ki, üzbəüzdəki o Ərik
Ağacının keçənilki bir budağı da qupquru
quruyub.
525-ci qəzet.-2017.-30 dekabr.-S.14-15.