Əlvida 17, salam 18!

 

“Səhər-səhər” rubrikası

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

Düz bir il bundan qabaq “525-ci qəzet”in redaksiyası mənə hər həftə  Səhər-səhər” adlı rubrikaya yazılar yazmağı təklif etdi.

 

Razılaşdıq ki, qəzetin hər şənbə nömrəsində dərc ediləcək çeşidli yazılar ən müxtəlif mövzularda, müxtəlif janrlarda olacaq. Doğrudan da bir il ərzində bir şənbəni də boş buraxmadan bu rubrika üçün fərqli janrlarda yazılar yazdım - esselər, məqalələr, kiçik hekayələr, şeir tərcümələri, xatirələr, yubiley təbrikləri, resenziyalar, romandan parçalar, müsahibələr... Bir çox hallarda ölkədə və dünyada baş  verən ictimai siyasi hadisələrə münasibət bildirildi, mədəniyyətlə, ədəbiyyatla, sənətlə bağlı problemlər barədə mülahizələr söyləndi. Və budur 2017-ci iln son günlərində bu rubrikanın son yazısını yazıram.

 

Əlbəttə, mənə doğma olan “525-ci qəzet”ə də, başqa mətbuat orqanlarına da ara-sıra müxtəlif mövzularda, müxtəlif  janrlarda yazılar təklif edəcəm. Amma hər həftə mütəmadi davam edən “Səhər-səhər” rubrikası  əvvəldən razılaşdığımız kimi yalnız bir ilə hesablanmışdı.

 

İndi diqqətinizə təqdim etdiyim  yazımın adı da bununla bağlıdır.

 

Hər il kimi  2017-ci ildə də həm ictimai-siyasi həyatımızda, həm ədəbiyyat aləmində, həm də hər birimizin şəxsi ömürlüyündə ən müxtəlif hadisələr baş verib - fərəhlisi, sevinclisi də olub, bizi incidən, ağrıdanlar da. Ölkəmizin uğurlarıyla qürur duymuşuq, dünyanın ikili standartlarıyla qarşılaşanda  pəjmürdə olmuşuq... Bir dəstə yazıçı Çocuq Mərcanlıya gedib Lələtəpədə dalğalanan bayrağımızı iftixarla seyr etdik. Balaca Zəhranın  qətlindən sarsıldıq. Suriyada, İraqda baş verən qanlı döyüşlər, Qərb və Şərq  ölkələrində  günahsız insanların məhvi - dəhşətli terror aktları... Zəlzələlər, fırtınalar, sunamilər, yanğınlar,  vulkan püskürmələri nəticəsində minlərlə insanın tələf olması və ölkəmizə çox yaxın ərazilərdə baş verən  hər növ fəsadların müqabilində Azərbaycanımızın  sabitlik, stabillik adası kimi yaşaması...

 

2017-ci ilin bir yox, bir neçə yazıya, cild-cild kitablara sığmayan hadisələri - sabahdan artıq tarixin salnaməsinə çevrilir. 2017-ci ilə əlvida deyib ömrümüzün bir parçasından ayrılırıq, qarşıdan gələn 2018-ci ili salamlayırıq.

 

Şübhəsiz, qarşıdan gələn il də bir-birindən fərqli, bir-birindən zəngin hadisələrlə dolu olacaq. Amma bizimçün bu ilin böyük bir özəlləiyi də var: bizim vətənimizdə - Azərbaycan torpağında Azərbaycan xalqı   tərəfindən qurulmuş  ilk Şərq Cümhuriyyətinin 100 illiyi... Hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamıyla bu tarix geniş qeyd olunacaq.

 

Azərbaycan xalqı Yaxın Şərqin ilk dramaturqu Mirzə Fətəli Axundzadəni yetirdi, Rusiyada ilk türkdilli qəzeti -  Həsən bəy Zərdabinin “Əkinçi”sini nəşr etdi, ilk Avropa tipli teatr yaratdı, Şərqin ilk operasını - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”unu  meydana çıxardı, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər  Sabir, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmmədağa Şahtaxtinski, Ömər Faiq kimi alovlu qələm sahiblərini  tanıtdı. Bütün bu ictimai-mədəni fikir təlatümlərinin, arınıb-durulan siyasi düşüncələrin məntiqi yekunu olaraq müsəlman Şərqində ilk sekulyar-dünyəvi, demokratik, dini və milli tolerantlığa əsaslanan, sinfi, cinsi bərabərlik prinsipini rəhbər tutan bir dövlət quruldu.

 

Hələ iyirmi il bundan qabaq Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyini böyük iftixar hissiylə  bayram edirik. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub    xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin  təməlini qoyubdur. Məhz buna görə də biz Azərbaycanın bütün vətəndaşları -  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, onun fəaliyyətini və Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik”.

 

Mayın 27-də indi Ulu  öndərin adını daşıyan sarayda təntənəli toplantıda  Heydər Əliyev xüsusi qeyd etdi ki, “Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökümətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır”.

 

Ulu öndərimizin bu tarixi sözlərini rəhbər tutaraq və Prezident İlham Əliyevin sərəncamına əsaslanaraq 2018-ci ildə hər sahədə ilk Cümhuriyyətimizin xatirəsini müxtəlif formatlarda və şəkillərdə  əbədiləşdirməyə çalışmalıyıq. Bununla bağlı bəzi mülazihələrimi və təkliflərimi həm oxucularla, geniş ictimaiyyətlə bölüşmək, həm    əlaqədar təşkilatların diqqətini çəkmək istəyirəm...

 

Əvvəla,  2018-ci ilin bütün mühüm hadisələri -  bolşevik-daşnak Bakı Kommunasının Azərbaycan xalqına qarşı törətdiyi mart soyqırımı, mayısın 28-də Tiflisdə Azərbaycanın müstəqilliyinin elan olunması, hökümətin Gəncəyə gəlməsi, sentyabr ayında Bakının Qurtuluşu və  gənc dövlətin  paytaxtının həmişəlik təsdiq olunması ...Təbii ki, sonra baş verənlər - ta Cümhuriyyətin faciəvi  sonluğuna qədər... Bütün bu hadisələr çoxseriyalı TV bədii sənədli dizi filmlərində əks olunmalıdır.

 

Şübhəsiz, indyəcən çıxan qiymətli elmi tədqiqatlara yeni kitablar da əlavə olunacaqdır...

 

Cümhuriyyət hökümətinin Gəncədə yerləşdiyi binada indi elmi müəssisə  yerləşir. Müəssisə başqa binaya köçürülsə, bu tarixi binada Şərqin ilk Xalq Cumhuriyyətin müzeyi yaradıla bilər. Ayrıca böyük bir divar-lövhədə müstəqillik bəyanatı və ona imza atanların adları həkk oluna bilər. Lövhə orijinalda olduğu kimi əsgi əlifbayla və bugünkü əlifbamızla təqdim oluna bilər. Görkəmli Cümhuriyyət xadimlərinin büstlərinin ucaldılması da savab iş olardı.

 

Bolşeviklərin riyakar vədlərinə aldanıb (ayrı çarə də yoxdu əslində) XI Qızıl orduya  müqavimət göstərilməməsinin ləkəsini tariximizdən, Ceyhun bəy Hacıbəylinin yazdığı  kimi, Gəncə üsyanı  sildi. Gəncə üsyanı tariximizin qürurverici hadisəsi kimi, qurbanlar bahasına baş tutmuş qeyrət aktı kimi xüsusi abidəyə layiqdir. Belə bir abidənin yeri də Gəncənin özüdür...

 

Təbiətimiz etibarıyla biz  ağlağan, sızlayan millət deyilik, daima yaralarımızdan, başımıza açılan bəlalardan danışmağı sevmirik. Amma yaddaşsız xalq da deyilik. Xalqımızın müxtəlif dövrlərdə qarşılaşdığı müsibətləri unudası da deyilik. İllər boyu verdiyim təklifi bir daha təkrar etmək istəyirəm. Bakıda Şəhidlər dağında (bu dağı  belə adlandırmaq olar  -  “dağ” sözünün hər iki mənasında) keçmiş “Drujba” restoranının münasib binasında  Şəhidlər muzeyi necə də yerinə düşərdi. Şəhidlər Xiyabanını ziyarət edənlər, o cümlədən,  şəhərimizin qonaqları, gənc nəsillər xalqımızın Şəhidlik zirvəsinə hansı əzablı yollarla yüksəlməsiylə əyani şəkildə bu  muzeydə tanış ola bilərdilər.  Fotolar, sənədlər, xüsusi sifarişlə çəkilmiş şəkillər, kino-video materiallar, başqa eksponatlar xalqımızın XX əsr boyu rastlaşdığı müsibətləri əks etdirərdi. 1905-ci ilin erməni-müsəlman davası, 1918-ci ilin mart soyqırımı, 1920-ci ilin bolşevik işğalı və ilk ÇK qurbanları, 37-ci il repressiyaları - sürgünlər, həbslər, edamlar, Qarabağ şəhidləri, Bakıda 90-cı ilin Qara yanvarı, Xocalı dəhşəti, Qarakənd səmasında dikuçar (helikopter) qəzası, tank tırtılları altında əzilmiş maşının - alimləri aparan maşının, patrladılmış metro vaqonlarının, parçalanmış avtobusun maketləri... Bbunları unutmamaq və yeni nəsillərin unutmaması üçün əyani şəkildə nümayiş etdirilməsi vacibdir. Yeni nəsilləri ermənilər sayağı qisasçılıq, kin, başqa xalqlara nifrət hissləriylə böyütməməliyik, amma unutqanlığa, tarixin dərslərinə biganəliyə də yol verməməliyik. Muzeyin ən mühüm guşəsində  Qara yanvar günlərində Moskvada Daimi nümayəndəliyimizdə Heydər Əliyevin tarixi çıxışı səslənməli və göstərilməlidir.

 

Bir neçə kəlmə də nəzərdə tutulan Xocalı abidəsi haqqında. Bu abidəyçün böyük sahə ayrılıb. Amma  abidənin nə səpgidə yaradılacağı ictimaiyyətə bəlli deyil. Yenə də ənənəvi heykəl, ya heykəllər qrupu şəklindəmi?  Xocalı  tarixdə bənzəri olmayan bir vəhşət örnəyidir. Adətən savaşlarda işğalçı hərbi hissələrlə vuruşur. Xocalıda qəsdlə, xüsusi qəddarlıqda  qaçqınları, körpə uşaqları, qocaları, əlilləri qətl etdilər. Bütöv bir şəhər  yerlə yeksan olundu. Sonra da  quldurbaşı həyasızlıqla bəyan edir ki, azərbaycanlılara dinc əhalini qırmaqdan da çəkinməyəcəyimizi göstərdik.

 

Bu görünməmiş qəddarlığın  abidəsi   fərqli olmalıdır. Ənənəvi abidələrdən daha orijinal təsir gücünə malik olmalıdır. Mən bu abidəni belə təsəvvür edirəm. Ayrılmış boş sahədə uçürulmuş evlər, uçuq divarda boşluğa açılan qapı,  çilik-çilik olmuş pencərələr, pərən-pərən səpələnmiş məişət əşyaları - samavar, qazan, televizor, uşaq beşiyi, külə-kösövə dönmüş ev avadanlığı,  közərən topalar, torpağın müxtəlif yerlərindən  süzülən tüstü. Və bu  fonda ara-sıra atəş səsləri və qadın fəryadlarıyla müşayiət olunan ən qəmli muğamlarımız - “Şüştər”, “Humayun”... Bəlkə də bu fantaziyalar çoxuna qəribə gələcək, amma hər halda peşəkarlardan kimlərisə düşündürərsə, məmnun olardım.

 

Yeni il qabağı yazdığım bu yazını belə ağrılı mətləblərə həsr etdiyimçün oxucularımdan üzr diləyirəm. Amma bir gözümüz güləndə bir gözümüz ağlayır axı... Unutqanlığın  bədəli çox ağır ola bilər. Keçən müsibətlərimizi xatırlayaraq ona da inanaq ki, Uca Tanrı  bir də heç vaxt bizə belə dözülməz dərdlər nəsib etməz.

 

Qarşıdan gələn tarixi il həm Yaddaş ili olsun, həm də yeni Uğurlar, yeni Sevinclər, yeni Qələbələr ili. Hər səhərimiz işıqla, fərəhlə, xoş arzularla açılsın.

 

Yeni ilimiz mübarək!

 

525-ci qəzet  2017.- 30 dekabr.- S.11.