İçində Vətən, Universitet,
elm sevgisi yaşadan adam: İsmayıl Məmmədov
Cahangir MƏMMƏDLİ
Hər kəsin ömür yolunda enişli-yoxuşlu mərhələlər
olur və bəzən də enişli-yoxuşlu mərhələlər
sistemində bir bəxtigətirməklik faktı da
özünü göstərir.
Hələ
53 il bundan qabaq Kamçatka deyilən bir
rus diyarından əsgərliyi bitirib Bakıya
düşdüyüm, universitetin filologiya fakültəsindəki
Jurnalistika şöbəsinə qəbul olduğum
günü elə bügünkü kimi xatırlayıram. Bir
az sevincli, bir az kədərli o günü
unutmaq olmur, ona görə ki, universitet tələbəsi
adını almağım bir sevinc hadisəsi idisə,
uşaqlıq illərini kənddə keçirmiş kimsəsiz
bir cavan oğlanın bu böyük şəhər həyatındakı
tənhalığı da məni çox sıxırdı. Belə bir vaxtda universitetin yataqxanasında məskunlaşmaq
üçün bu gənc tələbəyə bir yer verirlər
və mən ürkək, çəkingən bir
narahatlıqla heç birini tanımadığım tələbələrin
qaynaşdığı o yataqxanaya, əlimdəki icazə
kağızında ünvanı göstərilən otağa
gəlirəm. Otağın divarları,
köhnə dəmir çarpayı, nimdaş “yataq dəsti”
- hər şey adamın ovqatının əleyhinə işləyir
və elə bu anda otağa qarayanız, qaradinməz bir
oğlan girir. O gün əvvəlcə onun ilk
münasibətində bir etinasızlıq hiss etdim. Amma mənim birinci kurs tələbəsi olduğumu
bilən kimi onda xüsusi bir rəğbət ovqatı
gördüm. Və elə o andan bu
qarayanız oğlanın filologiya fakültəsinin III kursuna
keçdiyini, əslən Qarabağın Cəbrayıl
rayonundan olduğunu öyrəndim. Beləliklə,
tanışlığımızın ilk günündən
münasibətində bir ciddilik, mükəmməl savad sahibi
kimi gördüyüm bu III kurs tələbəsi ilə tanış oldum: İsmayıl Məmmədov.
İsmayıl
Məmmədov yataqxanada bir otaqda qaldığımız o ilk
günlərdən mənə bir çox istiqamətlərdən arxa oldu. Əsas
məsələ onda idi ki, bu üçüncü kurs tələbəsi
mənim üçün yetkin bir dilçi, Azərbaycan və
dünya ədəbiyyatını yaxşı bilən bir ədəbiyyatşünas
oldu. Doğrusu, mən elə onunla
tanışlığımın başlanğıcında
ixtisasa elmi münasibətin nə olduğunu dərk etməyə
başladım. Taleyimdə mənə bir
talisman olmuş iki-üç adamdan biri məndən cəmi
iki kurs yuxarıda oxuyan o İsmayıl Məmmədov oldu.
Yaxşı oxumağın insanı hara apardığını,
universitet təhsilinin vacibliyini, özünü
qurmağın yollarını bu cavan tələbə
yoldaşımdan öyrəndim. Bu gün
mən hər yerdə qürur hissi kimi deyirəm ki, həyatda
qazandığım az-çox nəyim varsa, bunlara görə
mən o cavan tələbə dostuma borcluyam.
...Bir az keçdi və İsmayıl universiteti
bitirib Şamaxı məktəblərindən birinə müəllim
təyinatı aldı. Amma mən qəti
bilirdim ki, filoloji elmin bu istedad sahibi heç vaxt əyalətdə
qalmayacaq. Cəmi iki ildən sonra
İsmayıl Məmmədov Bakıya qayıtdı. Həm
mənim dayağım kimi, həm də bir az
daha formalaşmış filoloq-alim kimi. Bəxtimiz onda gətirmişdi
ki, İsmayıl Məmmədovu filologiya fakültəsinin
bütün kollektivi
elm adamı kimi hələ tələbəliyindən
yaxşı tanıyırdı. Bizim əziz
müəllimimiz, böyük dilçi alim, professor
Əlövsət Abdullayev onun qədir-qiymətini elan edib
İsmayılı öz kafedrasında müəllim kimi
işə qəbul etdi. Onda mən də
universiteti təzəcə bitirib Şirməmməd
Hüseynovun-əziz müəllimimin dəstəyi ilə
universitetdə laborant işləyirdim. Bütün
səmimiyyətimlə bir daha elan edirəm ki, mənim elmi
işə həvəsimin əsas səbəbkarı
yoldaşlıqda yenidən qovuşduğumuz İsmayıl Məmmədov
oldu. Bu gün etiraf edən də olar, bəlkə etiraf etməyən
də olar, amma həqiqət budur ki, filoloq-alimlərin əməlli-başlı
bir dəstəsi İsmayılın “şinelindən” çıxıb.
Bu adamların içərisində neçə-neçə
elmlər doktoru, professor var. Yadımdadır ki, mən Azərbaycan
filologiyasının istedad sahibi, xalqımızın
yaddaşında müstəqillik mücahidi kimi qalmış
Aydın Məmmədovla İsmayıl müəllim vasitəsilə tanış olmuşdum. İndi çoxları nəsə deyə bilər,
amma Aydın Məmmədovun istedadının gerçəkləşməsi,
onun həyatının bir çox narahat anlarının aradan
qaldırılması dostu İsmayılın tövsiyə və
məsləhətlərinə çox bağlı oldu.
O
zamankı kasıb və evsizlik çağımızda
İsmayıl Məmmədov “naxalstroy” deyilən bir məhəllədə
- 3-cü mikrorayondakı Xutor məhəlləsində
özünə kasıbvari bir otaq düzəltdi. Və çox keçmədi ki, elə həmin
tipli bir evi mənim də almağıma kömək etdi.
Bu faktı xatırlamaqla demək istəyirəm ki, birincisi,
İsmayıl müəllim mənim ilk evimin səbəbkarı
oldu və divar-divara tikilmiş o “naxalstroy” evinin
İsmayıla məxsus tərəfi bir universitet mahiyyəti
daşıdı. Gecələr o mənzildə
İsmayıl Məmmədovun universitet dərslərini
çox dinlədik. Filologiya elmimizin Aydın Məmmədov,
Kamil Vəli Nərimanoğlu, Kamal Abdulla kimi
tanınmış alimləri, Ramiz Rövşən, Vaqif
Bayatlı, Vidadi Məmmədov, Azər Abdulla, Tofiq Abdin kimi şair və
yazıçıların mən
o “universitet” gecələrindəki polemikalarından ədəbiyyata,
doğma dilimizə sevgi hissi öyrənmişəm. O
“universitet” dərslərində böyük alimimiz, türk
dünyasının elmi vicdanı sayılan akademik Tofiq
Hacıyevin - İsmayıl müəllimin doğmalarından
olan bir adamın elmi söhbətlərini dinləmişik...
Ömrümüzün ən qaynar cavanlıq mərhələsini
bir yerdə keçdirdiyimiz İsmayıl Məmmədovda tələbəlik
illərindən yaranmış böyük bir universitet sevgisi
var. Günlərin bir günü İsmayıl müəllimlə
Şuşada yay istirahətində idik. Birdən
hardansa xəbər eşitdi ki, filologiya fakültəsinin
tanınmış dilçi alimi Hadi Mirzəzadə
dünyasını dəyişib. Mən bu bəd xəbərdən
İsmayıl müəllimin necə
sarsıldığını, hönkür-hönkür necə
ağladığını bu gün də unuda bilmirəm. İsmayıl Məmmədov təkcə
çox-çox sevdiyi bir müəlliminin deyil, həm də
böyük bir filoloq-alimin ölümündən
sarsılmışdı. Mən onun hamımızın
müəllimimiz Əlövsət Abdullayevin, akademik
Ağamusa Axundovun, professor Yusif Seyidovun ölüm xəbərindən
sonra beləcə sarsıntı keçirdiyinin şahidi
olmuşam.
İsmayıl Məmmədovun içində bir Azərbaycan
sevgisi var. Düşmən tapdağında qalan Cəbrayılın
itirilməsi onun şəxsi ağrısıdır. Biz ondan o zaman
da, elə indinin özündə də Vətənə xidmət
dərsləri öyrənirik. Azərbaycan
ordusunun Aprel döyüşlərindəki tarixi qələbəsi,
Cəbrayılın Cocuq Mərcanlı kəndinin, Lələtəpənin
azad edilməsi onun içində torpaqlarımızın
azadlığına böyük bir ümid yaradıb.
Bütün
bunlar belədir və o da var ki, İsmayıl Məmmədov
bu gün çox sevdiyi və hər an
qoruduğu Azərbaycan dilinin tədrisi ilə məşğuldur.
Onu elmə, universitetə, filologiya fakültəsinə
bağlayan ən böyük səbəb Azərbaycan dilinə
və dilçiliyinə sönməz məhəbbətidir.
Mən onun bir müəllim, bir dilçi kimi fəaliyyət
göstərdiyi Müasir Azərbaycan dili kafedrasındakı
fəaliyyətinə də yaxşı bələdəm.
Amma bu yerdə sözü həmin kafedranın baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru Mehriban Əlizadəyə
verirəm:
“Kafedramızda
bir müəllim var... Nüfuzlu alim
sözünə, dilçilik tarixinin və təfəkkürünün
ən fundamental məsələlərinin izahına, elmi
konsepsiya və nəzəri ümumiləşdirmə tələb
olunan problemlərin həllinə ehtiyacımız olduğu
zaman kömək üçün ilk ağlımıza gələn
həmişə o olur. Kafedramızın
dayaq sütunlarından biri, fakültəmizin
sayılan-seçilən müəllimlərindəndir o.
Söhbət İsmayıl Teymur oğlu Məmmədovdan
gedir.
İsmayıl müəllim istər kafedrada, istərsə də fakültədə “söz sahibi”dir. Bu söz bəzən kəskin də ola bilir. Qətiyyətli adam olduğundan hər işdə dəqiqliyi sevir və hər cür “yarımçıqlığa”, qeyri-müəyyənliyə qarşı çıxır. Zahirən sərt görünsə də, əslində, yumşaq bir ürəyə sahibdir İsmayıl müəllim. İsmayıl müəllim çoxlarının xeyirxahı olub. Çox zaman ehtiyacı olana xahiş gözləmədən öz köməyini təklif edib. Xeyirxah işlərinə görə təşəkkür də gözləməyib. Bəziləri kimi üzəvarı danışmaq, xoşa gəlməyə çalışmaq onun xarakterinə yaddır. İsmayıl müəllim prinsipial mövqe sahibidir. İsmayıl Məmmədov “Akademiya məktəbi” keçib. Bu, onda elmi təfəkkür, nəzəri hazırlıq və tədqiqatçılıq səriştəsi formalaşdırıb. Eyni zamanda, İsmayıl müəllim “Universitet məktəbi” keçib, uzun illər pedaqoji fəaliyyətlə məşğul olub, filologiya fakültəsində qiyabi şöbə üzrə dekan, fakültə Metodiki Şurasının sədri, Ali Attestasiya Komitəsinin Elmi seminarının sədri, fakültə Elmi Şurasının sədri, Respublika Koordinasiya Şurasının üzvü vəzifələrdə çalışıb. Amma əminliklə demək olar ki, İsmayıl müəllimin özü bir məktəbdir. Çevik düşüncə, dəqiq ifadə tərzi, geniş təfəkkür diapazonunu öyrənmək üçün bir məktəb. Kafedramızın əməkdaşlarının çoxu özünü bu məktəbin yetirməsi hesab edir.
İ.Məmmədovun elmi fəaliyyəti, əsasən, leksika məsələlərini əhatə edir. “Azərbaycan dilində qrammatik sinonimlik” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İ. Məmmədov sonralar da bu sahə üzrə araşdırmalarını davam etdirmiş, “Azərbaycan dilində qrammatik sinonimlik”, “Azərbaycan dili semasiologiyasına giriş”, “Azərbaycan dilində sinonimlər lüğəti”, “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”, “Azərbaycan dilinin semantikası” kimi dəyərli əsərlər yaratmışdır. İsmayıl müəllim AMEA-nın Dilçilik İnstitutunun nəşr etdiyi üç cildlik “Müasir Azərbaycan dili” əsərinin və Bakı Slavyan Universitetinin nəşr etdiyi “Azərbaycanşünaslığa giriş” kitabının əsas müəlliflərindən biridir. Ümumilikdə, İsmayıl müəllim 9 monoqrafiya və dərs vəsaitinin, 2 lüğət, bir neçə metodik göstəriş və fənn proqramının, 100-dən artıq elmi məqalənin müəllifidir. O, Moskva, Alma-Ata, Kayseri, Ankarada elmi konfranslarda məruzələrlə çıxış etmiş, Azərbaycan dilçilik məktəbini layiqincə təmsil etmişdir. Uzun illər AAK-ın Dilçilik üzrə Respublika Koordinasiya Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. İsmayıl müəllim “Azərbaycan dilinin semantikası” adlı fundamental monoqrafiyası ilə semasiologiya sahəsində sanballı alim sözünü desə də, doktorluq dissertasiyasını müdafiə etməyi lazım bilməyib. Məlum həqiqətdir ki, müdafiə bir qədər “kağız-kuğuz işi”dir. Gərəkli prosedurların yerinə yetirilməsi təbiətindəki hövsələsizliklə bir araya sığmayan İsmayıl müəllimin sözləridir: “O əsəri ona görə yazdım ki, hamı bilsin ki, mən yaza bilirəm. Müdafiə etmək isə vacib deyil”. Professorluq həvəsində olmasa da, tələbələri və həmkarları ürəklərində ona bu adı çoxdan veriblər. El arasında “professor” sözü çox ağıllı, bilikli adam mənasında işlədilir. Deməli, İsmayıl müəllim əsl professordur.
İsmayıl müəllimin 75 yaşı tamam olur. Bu, ömrün müdriklik çağıdır. İsmayıl müəllimin özünəməxsusluğu ondadır ki, o, həm müdrik ağsaqqal, həm də çox müasir təfəkkürə sahib bir insandır. Çox zaman hansısa yığıncaqda - kafedra iclaslarında, müzakirələrdə ən yeni elmi tədqiqatlar, müasir nəzəriyyə və istiqamətlər haqqında məlumatlılığı ilə bizi təəccübləndirən də İsmayıl müəllimdir. İsmayıl müəllim zamanla ayaqlaşır, uzun illərin təcrübəsi ilə kreativ düşüncənin sintezi onu daim diqqət mərkəzinə çevirir, maraqlı müsahib, etibarlı məsləhətçi edir.
İsmayıl müəllim yaşına meydan oxuyur. Həmişə dəblə geyinən, yaxşı fiziki formada olan İsmayıl müəllim yaşadığı illərin yükünü şərəflə daşıyır, öz yolu, öz cığırı ilə irəliləyir. Biz, onun həmkarları və yetirmələri də böyüyümüz və ağsaqqalımız olaraq ona arxalanır, onun arxasınca addımlayırıq. İstəyirik ki, onun getdiyi elm yolunun yolçuları artsın, çoxalsın. Hörmətli müəllimimizə bu yolda uğurlar, diləyirik. Arzu edirik ki, İsmayıl müəllim uzun ömür yaşasın, hər zaman indiki gənclik enerjisi ilə işləsin, yaratsın. İllərin yorğunluğu, həyatın qırğınlığı ondan uzaq olsun. Hər zaman üzü də, qəlbi də gülsün. Təbrik edirik!”
Mən Mehriban xanımın dostum haqqında bu obyektiv və xoş sözlərinə nəsə əlavə etməyi lazım bilmədim. Təkcə o qalır ki, mən də ömrümün elə bu ahıl çağında mənə Azərbaycanı, universiteti, elmi sevdirmiş əziz dostuma minnətdar olduğumu bir daha dilə gətirim.
525-ci qəzet.-2017.-30 dekabr.-S.10.