Bülbül
yaradıcılığına dair ilk biblioqrafik mənbə
Ölkə
prezidenti İlham Əliyevin 2017-ci il 11 may tarixində
imzaladığı sərəncama əsasən respublikada
dünya şöhrətli müğənni, SSRİ Xalq
artisti, tədqiqatçı-alim və ictimai xadim
Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun)
120 illik yubileyi təntənəli şəkildə qeyd edilir.
Silsilə
yubiley tədbirləri çərçivəsində Azərbaycan
Milli Kitabxanasının növbəti elmi-köməkçi
nəşri “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyası ilə nəşr olunmuş “Bülbül (Murtuza Məşədi
Rza oğlu Məmmədov)” biblioqrafiyası və
“Bülbül” Elektron məlumat bazası geniş ictimaiyyətə
təqdim edilib.
Azərbaycan
Milli Kitabxanası bu seriya ilə biblioqrafiyaların nəşrinə
hələ 2006-cı ildən başlamış və “Mir Cəlal”,
“Qara Qarayev”, “Fikrət Əmirov”, “Səttar Bəhlulzadə”,
“Üzeyir Hacıbəyli”, “Aşıq Ələsgər -
190”, “Cahangir Cahangirov”, “Müslüm Maqomayev”, “Niyazi”, “Mirzə
Fətəli Axundzadə-200”, “Tahir Salahov”, “Elçin”,
“İlyas Əfəndiyev”, “Teymur Elçin”, “Hidayət”, “Bəxtiyar
Vahabzadə”, “Səməd Vurğun”, “Rəşid Behbudov”,
“Əziz Əliyev”, “Xəlil Rza Ulutürk”, “Qəzənfər
Məhəmməd oğlu Paşayev”, “Molla Pənah Vaqif”,
“Yusif Vəzir Çəmənzəminli” və s. fundamental
biblioqrafiyalar çap etdirib.
2017-ci ildə
işıq üzü görmüş “Bülbül (Murtuza Məşədi
Rza oğlu Məmmədov)” biblioqrafiyası Azərbaycan vokal sənətinin
banisi, milli musiqi mədəniyyətinin inkişafında, tədqiqi
və təbliğində misilsiz xidmətlər göstərmiş
görkəmli sənətkar, böyük ictimai xadim, vətənpərvər
ziyalı Bülbülün - Murtuza Məşədi Rza
oğlu Məmmədovun zəngin irsini əhatə edən ilk
biblioqrafik göstəricidir.
Biblioqrafiya
Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət
işçisi, professor Kərim Tahirovun elmi redaktəsi və
kitabxananın nəşriyyat işləri üzrə baş
mütəxəssisi, Əməkdar mədəniyyət
işçisi Gülbəniz Səfərəliyevanın
redaktorluğu ilə, kitabxananın səriştəli və
təcrübəli kitabxanaçı-biblioqrafları - Mədinə
Vəliyeva, Mətanət İbrahimova, Gülbahar Misirova tərəfindən
tərtib edilib.
Biblioqrafik
göstərici ilə ilkin tanışlıq onu deməyə
imkan verir ki, belə bir sanballı mənbəni hazırlamaq
üçün tərtibçilər respublika əhəmiyyətli
iri kitabxanaların, eləcə də qabaqcıl dünya
kitabxanalarının fondlarına, arxivlərə, muzeylərə
və mümkün olan onlarla mənbəyə müraciət
etmiş, hər bir sənədi, hər bir materialı dəfələrlə
yoxlamış, faktları dəqiqləşdirmiş, çox
böyük zəhmət və fədakar əmək sayəsində
əsaslı bir iş ərsəyə gətirmişlər.
Sənətşünaslar,
musiqi tədqiqatçıları, musiqi məktəblərinin
müəllim, tələbə və şagirdləri,
kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi
üçün nəzərdə tutulmuş 344 səhifədən
ibarət fundamental biblioqrafiyada ilk olaraq “Bülbülün 120
illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı” yer alıb, sonra
“Ön söz əvəzi” adlı giriş sözü
yazılıb. Burada biblioqrafiyanın məqsəd
və oxucu istiqaməti, məzmunu və quruluşu,
biblioqrafiyanın əhatə etdiyi materiallar, onların
toplanmasında müraciət edilmiş əsas mənbələr,
onların qruplaşdırılmasındakı başlıca
prinsiplər barədə məlumatlar əks etdirilib.
Elmi tədqiqatın
və gərgin əməyin nəticəsi kimi özündə
dəyərli elmi məxəzləri ehtiva edən
“Bülbül” biblioqrafiyasına görkəmli alim, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor Lalə
Hüseynova “Musiqimizin əbədi Bülbülü” adlı
dahi sənətkarın zəngin irsini hərtərəfli
işıqlandıran geniş və məzmunlu giriş məqaləsi
yazmışdır.
Sonra
Bülbülün həyat və fəaliyyətinin əsas
tarixləri, Bülbülün Azərbaycan musiqisi və
görkəmli sənətkarlar - Üzeyir Hacıbəyli,
Cabbar Qaryağdıoğlu, Əfrasiyab Bədəlbəyli,
Aşıq Qərib və başqaları haqqında
maraqlı fikirləri, görkəmli şəxsiyyətlər
və sənət dostlarının Bülbül haqqında
söylədikləri dəyərli sözlər öz əksini
tapıb. Həm yerli, həm də xarici mənbələrdən
toplanmış materiallar “Əsərləri”, “Həyat və
yaradıcılığı haqqında” (Azərbaycan və
rus dillərində), “Başqa dillərdə”,
“Bülbülün Memorial Muzeyinin əsas fondunda qorunub
saxlanılan materiallar”, “Bülbül haqqında Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyində
saxlanılan sənədlər”, “Bülbüllə
bağlı xarici milli kitabxanalarda saxlanılan ədəbiyyat”,
“Köməkçi göstəricilər” adlı bölmələrdə
tərtib etdiyi və redaktoru olduğu not əsərləri, səsyazıları
və CD-ləri, arxiv sənədlərini, əsərlərinin
əlyazmasını, maqnitofon lentlərini, şəxsi məktubları
və memorial muzeyin eksponatlarını, dünya milli
kitabxanalarının fondlarında saxlanılan sənədləri
tam şəkildə əhatə edən biblioqrafik məlumatlar
müfəssəl külliyat halında toplanılıb. Burada müxtəlif mənbələrdən əldə
edilmiş sənədlər təhlil edilmiş, müvafiq
bölmələrdə dillər üzrə
qruplaşdırılaraq daxili əlifba prinsipi gözlənilməklə
xronoloji ardıcıllıqla təqdim edilib. Nəşri təhlil edərkən biblioqrafiyanın
quruluşunda nəzərə çarpan dəyişikliklər
və yeniliklər onu göstərir ki, Milli Kitabxananın əməkdaşları
illər keçdikcə biblioqrafiyaların tərtibi istiqamətində
tədqiqatlarını davam etdirir, görkəmli şəxslərin
zəngin irsini hərtərəfli işıqlandırmaq məqsədilə
yeni metod və üsullardan istifadə edirlər.
Ümumilikdə,
2523 mənbə haqqında biblioqrafik informasiyanı əks
etdirən biblioqrafik göstəricinin “Əsərləri”
bölməsində Bülbülün 1940-cı ildən tərtib
etdiyi və redaktoru olduğu not əsərləri, dövri mətbuatda
və məcmuələrdə nəşr edilən məqalə
və məruzələri, səsyazıları və CD-lər
haqqında 96 mənbədən ibarət ətraflı
informasiya təqdim edilib. Tərtibçilər
haqlı olaraq kitab, CD və qrammafon valları haqda təkcə
onların işıq üzü gördüyü yer, tarix və
həcmi barədə informasiya verməklə kifayətlənməyib,
həmin sənədlərin içində toplanmış əsərləri
və səslənmiş musiqiləri də
ayrı-ayrılıqda ifaçılar göstərilməklə
oxucuların diqqətinə təqdim ediblər. Bu
bölmədə haqqında informasiya verilmiş
“Seçilmiş məqalə və məruzələri”
adlı kitab 1968-ci ildə “Elm” nəşriyyatında çap
edilmiş və kitabın içindəkilər də
işıqlandırılmış, məqalələri əsasən
1926-cı ildən etibarən “Yeni yol”, “Kommunist”, “Ədəbiyyat”,
“Bakı”, “Musiqi dünyası” adlı dövri nəşrlərdə
dərc edilmişdir.
Burada həmçinin,
“Azərbaycan musiqisi”, “Azərbaycan bəstəkarlarının
mahnı və romansları”, “Azərbaycan xalq
mahnıları”, “Təsniflər”, “Qarabağ xanəndələri”,
“Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu”,
“Ü.Hacıbəyovun ariya və mahnıları”, “Zabul segah”
adlı qrammafon valları və CD-lərdə həm Azərbaycan,
həm də rus dillərində səsyazıları haqda
informasiya oxucuların diqqətinə
çatdırılmışdır.
“Həyat və yaradıcılığı haqqında”
adlanan II hissədə professional vokal məktəbinin banisi,
SSRİ Xalq artisti, bənzərsiz xanəndə Bülbülə
həsr edilmiş Azərbaycan dilində 1937-ci ildən etibarən
çap edilmiş 41 kitab (rus dilində 14), dövri mətbuat
və məcmuələrdə dərc olunan 1015 məqalə
(rus dilində 524), 4 dissertasiya və avtoreferat
işıqlandırılmışdır. Əbədiyaşar
Bülbül haqqında müxtəlif xarici dillərdə -
türk, ingilis, fransız, italyan, ukrayna, tacik, bolqar, özbək
- çap edilmiş məqalələr barədə
biblioqrafik informasiya “Başqa dillərdə” adı altında
toplanmışdır.
Biblioqrafik
göstəricinin ən mühüm məziyyətlərindən
biri də “Bülbülün Memorial Muzeyinin əsas fondunda
qorunub saxlanılan materiallar” və “Bülbül haqqında Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyində
saxlanılan sənədlər” başlığı
altında təqdim edilmiş çox dəyərli mənbələrin
ictimaiyyətin diqqətinə
çatdırılmasıdır. Burada Bülbülün
Memorial Muzeyinin əsas fondunda saxlanılan əlyazmaları,
mahnı və romansların notları (Azərbaycan, rus və
digər dillərdə), görkəmli ictimai xadimin müxtəlif
tədbirlərdə, verilişlərdə, yubileylərdə
çıxışı, məruzə və məqalələri,
məktubları, səsyazıları, Bülbülə
ünvanlanan məktub və teleqramlar, haqqında maqnitofon lentlərinə
yazılmış çıxışlar, makina
yazıları və əlyazmalar, CD-lər, proqram, dəvətnamə,
fotoalbom, Bülbül haqqında Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində saxlanılan sənədlər öz
əksini tapmışdır. Bu sənədlər
arasında məktublar daha çox diqqəti çəkir.
Onların məzmunu ilə tanış
olduqda (Məs., “Sovet musiqi dekadasına təqdim ediləcək
əsərlər barədə təklifləri, 1943-cü il”,
“Azərbaycan KP MK-ya elmi-tədqiqat musiqi mərkəzinin yenidən
bərpa olunması təklifi ilə əlaqədar məktubu,
1954” və s.) bu vətənpərvər ziyalının
ölkəsi üçün, Azərbaycan mədəniyyətinin,
incəsənətinin inkişafı, milli musiqimizin dünyada
tanınması və təbliği məqsədilə
gördüyü işlərin, misilsiz xidmətlərin bir
daha şahidi oluruq. Muzeylərdə mühafizə
edilən dəyərli fond materialları haqqında geniş və
əhatəli informasiyanın təqdim edilməsi zənnimcə,
bütün oxucular və tədqiqatçı-mütəxəssislər
üçün böyük töhfədir.
Biblioqrafiyanın “Bülbüllə bağlı xarici
milli kitabxanalarda saxlanılan ədəbiyyat” bölməsi də
oxuculara dəyərli və maraqlı informasiya
çatdırmaq baxımından çox əhəmiyyətlidir. Burada dünyanın ən
qabaqcıl kitabxana fondlarında - ABŞ Konqres Kitabxanası,
ABŞ İndiana Universitetinin Kitabxanası, ABŞ
Wiskonsin-Madison Universitetinin Kitabxanası, Çikaqo
Universitetinin Kitabxanası, Los-Anceles şəhərindəki
Kaliforniya Universitetinin Kitabxanası, Ohayo Dövlət
Universitetinin Kitabxanası, Harvard Universitetinin Kitabxanası,
Polşa Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası,
Almaniyada Ümumi Kitabxana Assosiasiyasının Kitabxanası
(“Gemeinsamen Bibliotheksverbundes Verbundzentrale”), Latviya Milli
Kitabxanası, Ukrayna Milli Kitabxanası, Qazaxıstan Milli
Kitabxanası, Fərabi adına Qazaxıstan Milli Universitetinin
kitabxanası, - mühafizə edilən sənədlər
verilmişdir.
Hər bir biblioqrafik göstəricini hazırlayarkən
mənbələrdən istifadəni asanlaşdırmaq məqsədilə
köməkçi aparat, yəni müxtəlif sərlövhəli
köməkçi göstəricilər tərtib edilir. Haqqında bəhs
etdiyimiz biblioqrafiyada ənənəyə sadiq qalaraq müxtəlif
axtarış əlamətləri üzrə soruşulan mənbəni
operativ və rahat tapmaq məqsədilə zəngin köməkçi
göstərici hazırlanmışdır. Burada Bülbülün əsərlərinin əlifba
göstəricisi, onun haqqında yazan müəlliflərin əlifba
göstəricisi, Səsyazıları və CD-lər,
Bülbülün ifa etdiyi əsərlərin əlifba
göstəricisi üzrə materiallar Azərbaycan və rus
dilləri üzrə təqdim edilmişdir. Belə zəngin köməkçi göstərici
Bülbül irsinin müxtəlif aspektlərdə
axtarışını təmin edir, elmi-tədqiqatla məşğul
olan mütəxəssislərin və digər oxucuların
işini asanlaşdırır və mühüm biblioqrafik bələdçi
rolunu oynayır. Bu sadalanan müsbət
keyfiyyətləri nəzərə alınaraq bu biblioqrafik tədqiqat
işi görkəmli sənətşünas alimlər, elm və
mədəniyyət xadimləri, tanınmış
ziyalılar tərəfindən çox yüksək qiymətləndirilmişdir.
Fikrimizcə,
həm zəngin elmi-tədqiqat və ictimai fəaliyyəti
olan, mədəniyyətimizin inkişafında əvəzolunmaz
xidmətlər göstərmiş dünya şöhrətli
Bülbül səsinin sehri,
yaradıcılığının böyüklüyü, həm
də tərtibçi müəlliflərin peşə məharəti
və müfəssəl elmi tədqiqat qabiliyyətinin
yüksək səviyyədə olması, yorulmadan
çalışmaları belə dəyərli bir biblioqrafik
mənbənin, elmi tədqiqat əsərinin meydana gəlməsinə
səbəb olmuşdur.
Beləliklə,
bu tədqiqat işi ilə Azərbaycan musiqisinin, mədəniyyətinin,
ictimai fikrinin inkişafı və formalaşmasına səbəb
olan görkəmli bir şəxsin
yaradıcılığı və fəaliyyətinin mükəmməl
biblioqrafik modeli yaradılmış, ilk dəfə olaraq
müğənninin bütün külliyyatı bu biblioqrafik
mənbədə əhatə edilmişdir.
Belə monumental biblioqrafik əsərin meydana gəlməsi Azərbaycan Milli Kitabxanasının Azərbaycan musiqi mədəniyyəti tarixinə, eləcə də milli biblioqrafik resurs bazasına növbəti çox mühüm və dəyərli bir töhfəsidir. Biblioqrafik göstəricinin geniş əhatə dairəsi, materialların zənginliyi, çap olunmamış materialların, qiymətli arxiv sənədlərinin, muzey eksponatlarının əhatə edilməsi Milli Kitabxana əməkdaşlarını ümumilikdə 12 bölmədən ibarət olan “Bülbül. Əbədiyaşar sənətkar” adlı elektron məlumat bazasının da hazırlanmasına ruhlandırmışdır.
Bütün musiqişünasları, ziyalıları, alimləri, tədqiqatçıları, mütəxəssisləri, kitabxana ictimaiyyətini və geniş oxucu kütləsini təbrik edir, tərtibçilərə yeni yaradıcılıq uğurları arzulayır, Azərbaycanın digər görkəmli simaları haqqında növbəti biblioqrafik elmi-tədqiqat əsərlərini gözləyirik.
Adilə
ABDULLAYEVA
Azərbaycan Milli
Kitabxanasının Kitabxanaların Metodik Təminatı
şöbəsinin müdiri, fəlsəfə doktoru
525-ci qəzet.-2017.-30 dekabr.-S.9.