2017 - uğurlu başlanğıclar ili
Cavanşir FEYZİYEV
Millət vəkili
Müstəqilliyimizin
bərpa olunmasından sonra yaşadığımız hər
bir il xalqımızın azadlıq tarixində
öz izlərini qoyur.
Çox da uzun olmayan bu tarixin həm
ağrı-acıları, həm də sevinc, fərəh,
güvən gətirən məqamları
yaddaşımızın arxivinə toplandıqca keçilən
yolla qürur duyuruq. Bu yolun başlanğıcındakı
itkilərimiz, ağrı-acılarımız davamında
qazanılan uğurlarla əvəzlənir və insanları
daha xoş gələcəyə - sabit, firavan həyata
kökləyir. 80-ci illərin məyusluq və
çaşqınlıq dövründən, 90-cı illərin
məhrumiyyət və tənəzzül girdabından
uzaqlaşdıqca insan həyatının mənası və
dəyəri artır, sabaha ümidlər çoxalır,
yaşamaq və yaratmaq həvəsi insanların ruhuna hakim kəsilir.
Artıq 20 ildən çoxdur ki, il ildən
uğurlu gəlir və bir neçə gündən sonra yola
salmağa hazırlaşdığımız 2017-ci ilin
uğurları da tariximizin daha bir qızıl səhifəsinə
çevrilir.
Hələ
keçən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 6 dekabr tarixli Fərmanı ilə
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi
üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdi.
Ölkə iqtisadiyyatının şaxələndirilməsini
təmin etmək yolu ilə sənaye, kənd təsərrüfatı,
nəqliyyat, turizm və digər istiqamətlərdə
iqtisadi fəallığı canlandırmaq üçün
seçilmiş 4 hədəf üzrə 11 strateji istiqamət
müəyyənləşdirilmiş və bu istiqamətlər
üzrə 12 Yol xəritəsi hazırlanmışdı.
2017-ci il ilk növbədə bu nəhəng
layihənin tətbiqinin başlanğıc ili oldu. Ölkənin bir sıra bölgələrində -
Bakıda, Sumqayıtda, Mingəçevirdə, Neftçalada
Sənaye parkları və məhəllələri
yaradılmağa başlanıldı. Kənd
təsərrüfatının kütləvi
inkişafını təmin etmək üçün bölgələrdə
aqroparklar yaradıldı. Bu meqalayihələrin elə
ilk ilində - 2017-ci ildə on minlərlə yeni iş yerləri
yaradıldı və vətəndaşların gəlirlərinin
artmasına şərait yarandı. Strateji Yol Xəritələri
üzrə atılan ilk addımlar uğurlu oldu və
şübhəsiz ki, qarşıdakı illərdə qət
ediləcək yol yüksək rifah cəmiyyətinə
qovuşmağa, ölkəmizin iqtisadi qüdrətinin dəfələrlə
artırılmasına gətirib çıxaracaq.
2017-ci
ilin ən mühüm iqtisadi nailiyyətlərindən biri də
14 sentyabr 2017-ci ildə Xəzər dənizinin Azərbaycan
sektorunda “Azəri”, “Çıraq” yataqlarının və
“Günəşli” yatağının dərinlikdə yerləşən
hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş
edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması
oldu. Bu sənədə əsasən,
dünyanın ən böyük neft-qaz şirkətləri
ilə 1994-cü ildə bağlanmış müqavilələrin
müddəti 2050-ci ilədək uzadıldı və beləliklə,
Azərbaycanın neft sənayesinin sonrakı onilliklər ərzində
də davamlı inkişaf perspektivi təmin olundu. Beləliklə, neft kapitalını insan
kapitalına transformasiya etməyi qarşısına məqsəd
qoyan prezident İlham Əliyev gələcəkdə də cəmiyyətin
hərtərəfli inkişafına qoyulacaq sərmayələrin
davamını indidən - məhz 2017-ci ildən etibarən
sığortalamış oldu.
30 oktyabr
2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə
salınması son on il ərzində bir çox maneələri
dəf edərək, iqtisadi səmərəliliyi ilə
yanaşı, həm də mühüm siyasi-ictimai əhəmiyyətə
malik olan dəmir ipək yolunun tikintisinin başa
çatması və onun istifadəyə verilməsi həm
regionda, həm də bütövlükdə Avrasiya
miqyasında Azərbaycanın geo-iqtisadi və geo-siyasi
mövqeyini bir daha möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir
yolu dünyada getdikcə vüsət alan qloballaşma proseslərinin
təkanverici mexanizmlərindən biri kimi Avropanı Asiyaya dəmir
qollarla bağladı, materikin vahidliyinə, onun ucqarlarında
yerləşən ölkələrin bir anda bir-birinə
yaxınlaşmasına və ən başlıcası,
müxtəlif siyasi oriyentasiyalı dövlətlər
arasında münasibətlərin konfrontasiyadan inteqrasiyaya, rəqabətdən
əməkdaşlıq rejiminə keçməsinə
güclü təkan verdi. Beləliklə, Azərbaycan
tərəfindən irəli sürülmüş və
maliyyələşdirilmiş Dəmir İpək Yolu layihəsinin
2017-ci ildə istifadəyə verilməsi Avropa və Asiya
arasında səmərəli və faydalı əməkdaşlığın
uğurlu başlanğıcı oldu.
Başa
çatmaqda olan il ölkəmizin xarici
siyasət fəaliyyətində də bir sıra uğurlu
nailiyyətlərlə müşayiət olundu. Fevralın 5-də
Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti
ilə Prezident İlham Əliyevin Brüsselə səfəri
və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli
əməkdaşlıq sazişi üzrə
danışıqlara rəsmi olaraq start verilməsi
bütün il boyu tərəflər arasında intensiv
görüşlərin keçirilməsinə və
qarşıdan gələn onilliklər ərzində Avropa ilə
Azərbaycan arasında hərtərəfli əməkdaşlığın
geniş spektrinin müəyyənləşdirilməsinə
şərait yaratdı. Aparılan müzakirələr
ilin sonuna yaxın öz nəticəsini göstərməyə
başladı. Noyabrın 24-də Brüsseldə
keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı
Sammitində Avrokomissiya, Xarici Fəaliyyət Xidməti və
Avroparlament çərçivəsində Azərbaycanın ərazi
bütövlüyünü və sərhədlərinin
toxunulmazlığını dəstəkləyən bəyanat
imzalandı. Bu bəyanat daha sonra - dekabrın 13-də Avropa
Parlamentində müvafiq hüquqi sənədlərin qəbul
edilməsinə təkan verdi ki, bunlar da
2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan
arasında imzalanması gözlənilən Yüksək Səviyyəli
Əməkdaşlıq Müqaviləsinin ruhunu əvvəlcədən
müəyyənləşdirmiş oldu.
Başa çatmaqda olan ilin ən mühüm hadisələrindən
biri də iki illik fasilədən sonra 16 oktyabr 2017-ci ildə
Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə
görüşməsi və danışıqlar prosesini
intensivləşdirmək üçün tədbirlər
görülməsi, təmas xətti boyunca gərginliyin
azaldılması üçün əlavə addımlar
atılmasına dair razılaşmanın əldə olunmasıdır. Əlbəttə,
həmişə olduğu kimi, Ermənistan Qarabağ
münaqişəsinin həlli ilə bağlı əməli
addımlar atmaqdan müxtəlif bəhanələrlə
yayınmağa və status-kvo vəziyyətini uzatmağa
çalışır. Lakin münaqişənin
sülh yolu ilə həll olunmasından imtina etməyin Ermənistanı
getdikcə daha çətin bir duruma gətirməsi, ölkədə
hökm sürən iqtisadi-siyasi və sosial-mədəni tənəzzülün
getdikcə dərinləşməsi gec-tez işğal
olunmuş ərazilərin azad edilməsini labüd edəcəyi
şübhəsizdir.
Cari ilin
oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək
Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının altıncı iclasının keçirilməsi
iki qardaş ölkə arasındakı münasibətlərin
daha da möhkəmləndirilməsinə öz töhfəsini
verdi. İl ərzində müxtəlif səviyyələrdə
- Azərbaycan- Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya,
Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan
formatlarında üçtərəfli görüşlərin
həyata keçirilməsi ölkəmizin beynəlxalq siyasətdə
rolunun artmasının, region dövlətləri arasında Azərbaycanın
birləşdirici missiyasının uğurlu olmasının
göstəricisi hesab oluna bilər.
Son illərdə dünyada cərəyan edən hadisələr,
xüsusilə, Yaxın Şərqdə baş verən
savaşlar və onların nəticələri İslam mədəniyyətinin
daşıyıcıları olan ölkələri
böyük dağıntılara məruz qoymuş, bu ölkələrin
xalqları XXI əsrdə təsəvvür olunması
mümkün olmayan ağır humanitar fəlakətlərlə
üz-üzə qalmışlar. Qlobal güclər tərəfindən
ortaya atılmış uğursuz geo-siyasi oyunların nəticəsində
yüz minlərlə insan həyatını itirmiş və
milyonlarla insan öz doğma yurdlarından qaçıb
dünyanın müxtəlif bölgələrində özlərinə
sığınacaq axtarmaq məcburiyyətində
qalmışlar. İslam dünyasının
dağıntılar və üzüntülər içində
sarsıldığı bir zamanda Prezident İlham Əliyev
2017-ci ili İslam Həmrəyliyi ili elan
etdi və İslam dünyasının üzləşdiyi ən
ağır problemlərin çözülməsi
üçün beynəlxalq siyasət müstəvisində
atılmalı olan addımların axtarışı il boyu məhz
Bakıda keçirilən tədbirlərdə müzakirə
olundu.
2017-ci
ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi
və bütün il boyu bu istiqamətdə geniş fəaliyyət
aparılması mühüm siyasi addım və qlobal humanizm
aktı kimi ölkəmiz üçün, bütün
İslam ölkələri və eləcə də,
bütün dünya üçün müstəsna əhəmiyyətə
malik oldu. Ölkə başçısı tərəfindən
irəli sürülən bu təşəbbüs,
doğrudan da, islam dünyasında indiyə
qədər presedenti olmayan yeni ənənənin əsasını
qoydu. İslam coğrafiyasında yerləşən ölkələr
arasında Azərbaycan ilk ölkədir ki, islam
həmrəyliyi ideyasını siyasi akt səviyyəsinə
yüksəltdi və bütün ili həmin ideyaların təbliğinə
yönəlmiş sistemli tədbirlərin həyata
keçirilməsinə həsr etdi.
İl boyu İslam həmrəyliyinin möhkəmləndirilməsinə
yönəlmiş çağırışlar ilin sonunda
İslam dünyasının müqəddəs ünvanı
sayılan Qüdslə bağlı yaranan gərginliklər
zamanı da öz təsirini göstərdi. ABŞ-nın
BMT qərarlarına zidd addımı qısa bir zamanda
bütün İslam ölkələrini bir araya gətirdi və
İslam dünyası özünün müqəddəs dəyərlərinə
yönəlmiş təcavüz cəhdlərinə
qarşı birləşə bilməyin real nümunəsini
göstərdilər.
2017-ci il ölkəmizdə hüquqi dövlət
quruculuğu və cəmiyyətin demokratikləşdirilməsi
istiqamətində atılan addımlarla da yadda qaldı. Dövrümüzün müdrik siyasətçisi
Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən
başlanmış dövlət quruculuğu strategiyası
keçən illər ərzində davamlı şəkildə
inkişaf etdirildi və bu gün də qlobal siyasətin
çağırışlarına müvafiq şəkildə
təkmilləşmə yolunu keçməkdədir.
2016-cı ildə baş tutmuş referendumun nəticələrinə
əsasən, dövlət idarəçiliyinin təkmilləşdirilməsi
istiqamətində atılmış ən mühüm
addımlardan biri bu il Azərbaycan
Respublikasının 1-ci Vitse-Prezidenti postunun təsis edilməsi
və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin
edilməsi oldu. Heydər Əliyev Fondunun prezidenti və millət
vəkili vəzifələrini ən yüksək səviyyədə,
ləyaqətlə yerinə yetirərək, müstəqillik
dövründə təhsil, səhiyyə, mədəniyyət
sahələrinin inkişafına və milli mədəniyyətimizin
beynəlxalq arenada tanıdılmasına böyük töhfələr
verən, son on il ərzində ölkəmizdə təşkil
olunmuş beynəlxalq miqyaslı tədbirlərin
keçirilməsinə rəhbərlik edən Mehriban
Əliyeva dövlət idarəçiliyində
çevikliyin, keyfiyyətli idarəetmənin, vətəndaşlara
qayğı və mərhəmətin ən bariz örnəyini
yarada bildi. Gələn illər ərzində cəmiyyətin
sabit və davamlı inkişafının təmin edilməsi
və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi
baxımından dövlət idarəçiliyində bu təyinatla
başlanan islahatların səmərəli olacağı
şübhəsizdir.
2017-ci il müstəqillik dövrümüzdə beynəlxalq idman arenasına çıxmış idmançılarımız üçün də ən uğurlu il oldu. Bu il tarixdə ilk dəfə Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və ölkəmizi ləyaqətlə təmsil etdi. Ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan atletləri fəal iştirak edərək 162 medal qazandılar və 57 ölkə arasında Türkiyədən sonra 2-ci yerə çıxdılar. İlin sonu isə şahmatçılarımız üçün xüsusilə uğurlu oldu. Noyabrın 7-də Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatının qalibi oldu.
Beləliklə, həyatımızın uğurlarla zəngin daha bir ilini yüksək əhvali-ruhiyyədə sevinc və fərəh hissləri ilə başa vururuq. Bu il ərzində ölkəmizin iqtisadi-siyasi və sosial-mədəni inkişafı istiqamətində başladılmış islahatları qarşıdan gələn illərdə daha böyük uğurların başlanğıcı hesab etmək olar.
525-ci qəzet.-2017.-30 dekabr.-S.8.