Türklüyün keçmişinə
işıq tutan roman
TÜRK YAZARI
MUHSİN KADIOĞLUNUN “NAR ÖLKƏSİ. ƏNDƏLUSUN
SON İLLƏRİ” TARİXİ ROMANI ÜZƏRİNƏ
Bədirxan ƏHMƏDLİ
Tarixi romanı oxumaq həmişə maraqlı olub;
çünki roman vasitəsilə keçmişə
işıq tutulur, təsəvvürümüzdəki hadisələr
yenidən canlandırılır.
Tarixi tarixçilərin tədqiqatları ilə yanaşı,
həm də tarixi romanlardan öyrənmək mümkün
olur. Bəlkə daha yaxşı öyrənmək
mümkün olur, ona görə ki, romanda tarixi hadisələr
yazıçı təxəyyülündə interpretasiya
olunur, tarixçinin əhəmiyyət vermədiyi ən
xırda detallar belə burada funksionallıq qazanır. Bu mənada Türkiyə yazarı Muhsin
Kadıoğlunun “Nar ölkəsi. Əndəlusun
son illəri” tarixi romanı olduqca maraqlıdır. Romandakı tarixi hadisələrin türk bədii
düşüncəsində indiyədək öz əksini
tapmaması əsərə olan marağı daha da
artırır.
Romanda 1492-ci ildə İspaniyadan qovulan yəhudilərin
və müsəlmanların Osmanlı tərəfindən
öz ölkəsinə qəbul edilməsi prosesləri təsvir
edilir. Romanın iç-içə keçmiş hadisələrində
türklərin “Qızıl Alma” kimi tarixi idealları,
Avropanın yəhudi və müsəlmanların başına
müsibətlər gətirməsi və onların bu
yoldakı cəsarət və qəhrəmanlıqları bəlgələr
və bədii təxəyyül kontekstində göstərilir.
Romanın struktur zənginliyi, müxtəlif
bölümlərə bölünməsi hadisələrin
bütün detalları ilə göstərilməsinə
imkan vermişdir. “Araqon krallığında Əndəlus
mübahisəsi”, “Osmanlı və Məmlük”, “Afşin bəy
Dulkadiroğlu sarayında”, “Əndəlus elçiləri
Osmanlı sarayında”, “İspaniya yəhudilərinin Sultan Bəyaziddən
yardım istəməsi”, “Osmanlı şeyxülislamından
Papaya məktub”, “Topqapı sarayındakı cəsus”, “Kamal Rəis
Misirdə”, “Tunisdə qarışıqlıqlar”, “Türk
elçisi İspaniya sarayında”, “Hər türk kəlləsinə
bir qızıl”, “Müsəlman qadınların monastıra
basqını”, “İspaniya donanmasının Əlcəzairə
hücumu” və s. fəsillərdə ana xətt yəhudilərin
İspaniyadan qovulması olsa da, ondan əvvəl və sonra
Avropada baş verən tarixi hadisələrə də
geniş yer verilir.
Məlumdur
ki, Kastiliya krallığı 1482-ci ildə İspaniyadakı
müsəlman dövləti olan Qranada əmirliyinə
hücum edərək on il sürən
amansız savaşlardan sonra Qranada əmirliyini
bütünlüklə işğal etmişdir. Lakin əsərdə təkcə bu onillik savaş
tarixi təsvir edilmir, həm də bu savaşın gətirdiyi
fəlakətlər, Avropada yəhudilərə və müsəlmanlara
qarşı aparılan gizli oyunlar, fəlakətlər, faciələr
göstərilir. Qranada əmiri 12-ci Məhəmməd
ilə bağlanan müqavilədə din azadlığı
açıq şəkildə qaranti altına
alınmış olsa da, əvvəlcə yəhudilərdən
müqavilədə bununla bağlı heç bir qeyd olmasa
da, katolikliyi qəbul etmələri istənmiş, bunun
ardınca isə daha sərt qərarlar verilmişdir. Bu məkrli qərarlar sonucunda yəhudilərə
İspaniya torpaqlarını tərk etmələri
üçün cəmi üç ay vaxt verilir. Bu, sürgün deyildi, sürgündə gedəcəyin
ünvan bəlli olur; burada isə gediləcək yerin bəlli
olmadığı bir durum yaranmışdı. Əvvəlcə müsəlmanlardan torpaqları tərk
etmələri istənməsə də, “İspaniya
krallığı torpaqlarında katoliklərdən
başqası yaşaya bilməz” hökmü hadisələrin
sonrakı gedişini dəyişir. Yəhudilər
kimi katolik xristian olmağı rədd edən müsəlmanlar
da özünün faciəvi günlərini yaşayır.
Beləliklə, dinlərini dəyişdirmək
istəməyən yəhudilər və müsəlmanlar eyni
aqibəti yaşayaraq məskunlaşdığı tarixi
torpaqlardan çıxmaq məcburiyyəti
qarşısında qalırlar. Lakin necə
və haraya?! Yazıçı tarixi
romanında buna aydınlıq gətirməyə
çalışmış, Avropada yəhudilər və
müsəlmanlar üzərində oynanılan oyunların
mahiyyətini açmışdır. Bütün
bu tarixi hadisələr fonunda müsəlmanlarla yəhudilərin
bir-birinə dayaq olması və Osmanlının bu tarixi ədalətsizliyə
qarşı çıxaraq yüz minlərlə insanı
ölümdən qurtarması reallıqla göstərilir.
M.Kadıoğlu romanın əvvəlində yəhudi və
müsəlmanların Qranadadan qovulması üçün
xristianların qurduğu məkrli planları ən incə
detalları ilə oxucuya çatdırır. Fernando və
İzabella krallıqları birləşdikdən sonra ortaq
düşmən olaraq gördükləri Qranada Əmirliyini
İber yarımadasından atmaq üçün müxtəlif
planlar qururlar. Bunun üçün hər
şeydən əvvəl, müəyyən ictimai-siyasi səbəblər
yaratmaq lazım gəlirdi. Bunun
üçün də hər hansı bir bəhanə
lazım idi. Lakin elə etmək lazım
idi ki, bu proseslər Məmlük Sultanlığı və
Osmanlı İmperatorluğu ilə olan yaxın ilişgilərə
zərbə vurmasın. Planın həyata
keçirilməsi üçün hətta Papaya müraciət
edib Xaçlı ordusunu da köməyə
çağırmaq olardı. Ancaq ilk
başda buna o qədər də lüzum görülmür.
Müttəfiqlər Qranada Əmirliyinin
müdafiə zəifliyindən istifadə edirlər. Bir neçə sərxoşa müsəlman geyimləri
geydirib Qranada torpaqlarına hücum etmələri
tapşırılır. Bundan sonra baş verən proseslər
iki əmirlik arasında münaqişəyə səbəb ola bilərdi. Günahkarlar ələ
keçdiyi zaman hücum edənlər katolik olduqlarından
onları müəyyən edə bilməyəcəklər və
günahkarların İspaniyanın ixtiyarına verilməsi tələbinin
rədd edilməsi müharibə üçün
yaxşı bir səbəb ola bilərdi. Hadisələr elə bu süjet xəttilə davam
edir.
Mövcud vəziyyətdə müsəlmanların
durumu yəhudilərinkindən bir qədər fərqlənirdi. Belə ki, dənizin
qarşı sahilində daha iki müsəlman əmirliyi
vardı; lakin hər iki əmirliyin İspaniya
krallığı ilə əlaqələri pozmamaq
üçün müsəlmanları qəbul etməyəcəklərini
bəyan etməsi onların da vəziyyətini çətinləşdirmiş
olur. Roman boyu müəllifin
çatdırmaq istədiyi əsas ideyadan biri bölgədə
olan türk dövlətlərinin birliyi məsələsidir.
Məlumdur ki, bu dövrdə bölgədəki
türk dövlətlərinin birliyinin olmaması sonrakı məğlubiyyətlər
üçün əsas olur. Buna görə
də müəllif Afşin bəyin düşüncəsində
müsəlmanların kimliyindən asılı olmayaraq,
birliyi məsələsini qoyur. Afşin bəy
Sultan Bəyazidlə söhbətində məsələyə
daha qlobal yanaşır. Bu söhbətdən məlum
olur ki, türklərin özünün birləşməsində
bəzi problemlər var. O, Süleyman bəylə söhbətində”
- Ağqoyunlular da müsəlmandır və sizin, bizim kimi
türkdür” deyincə, Süleyman bəy: “Müsəlmanız
derlər, ama qoyun toteminə inanmaqdan vaz keçməzlər”,
- deyə etiraz etdi. Bunun üzərinə mən: “Hər millətin
milli dəyərləri də var. İslam, millətlərin dəyərlərini
rədd etməz. Əgər islam millətlərin
dəyərlərini yasaqlasaydı, heç bir millət
müsəlman olmazdı. Çünki hər millət
üçün milli dəyərləri son dərəcə
önəmlidir, toxunulmazdır”, - dedim”. Dulqədiroğlu
Süleyman bəy Ağqoyunlular ilə ticarətdən əldə
etdikləri gəlirin aşağı düşməsindən,
ticarət vergisinin 20 dirhəmdən 1 dirhəmə
düşməsindən şikayətlənir. Afşin bəy türk topluluqları
arasındakı bu cür məhəlli problemləri yoluna
qoymaq üçün elə bir səbəbin
olmadığını müdafiə edir. Çünki qlobal məsələlərdə
türk topluluqlarının birliyinə daha çox ehtiyac
yaranır. Afşin bəy Süleyman bəyin
“biz sünniyiz” fikrilə də razılaşmır və “Biz
sünniyiz dersək, onlar da “biz şiəyiz” deyər və
beləcə ayrılıq başlayar. Eləsə,
hər iki tərəf türkdür. Demək ki, türk
olduğumuzu xatırlasaq, türklük üzərinə
qardaşlıq inşa edərsək, bu ayrılıqlar ortaya
çıxmaz”, - düsturu bu gün üçün də
aktuallığını qoruyub saxlayır.
Hadisələrin baş verdiyi zaman müsəlman
dünyasında birliyin olmaması proseslərin gedişinə
öz təsirini göstərmiş olur. Məmlük
İmperatorluğu ilə Osmanlı İmperatorluğunun
savaş halında olması proseslərə müdaxiləni
çətinləşdirir. Yazıçı
hadisələrin təsvirində Afşin bəy, Kamal Rəis
və Molla Güranini önə çıxarır. Qranadadan qovulan müsəlmanları və yəhudiləri
qurtarmaq üçün müəyyən tədbirlər
görülür. Sultan Bəyazid Əndəlus
yəhudiləri və müsəlmanlarının azad edilməsini
Kamal Rəisin bacaracağına əmin olduğundan onu
hüzuruna çağırtdırır və
tapşırığını verir. Kamal Rəis
donanmayla tanış olmaq üçün
Qalataya gedir və bir həftə orada qalaraq vəziyyəti təhlil
etdikdən sonra Sultan Bəyazidlə yenidən
görüşür. Kamal Rəis səfərə
çıxmazdan əvvəl İstanbul limanında
adamlarını yerləşdirir. Onlar
limana gələn avropalı casusların izinə
düşür, onların dəyişik yöntəmlərlə
yazdığı məktubları ələ keçirərək
Avropadakı planlardan xəbər tuturdu. Kamal
Rəis səfərə çıxmazdan əvvəl evə
gedərək atası ilə görüşüb söhbətləşir.
Atası oğlunun Avropaya yola
çıxmasından məlumatlı deyildi. Uzun gecəni söhbətləşdikdən sonra
atası yatıb yuxusunda bir yanan kağız görür.
Kağız gəmi kimiydi, Ağ Dənizə tərəf
yol alırdı. Yuxusunu oğluna danışan atası:
“- Kamal Rəis yanğın yerinə gedir. İnşallah
Qranada müsəlmanlarına yardıma gedir.
İnşallah, bu yanğını da o söndürəcək”,
- deyə gələcəkdən xəbər verir.
Kamal Rəis avropalıların zülmündən qurtarmaq
üçün yola çıxır və yəhudi və
müsəlman əsirləri heç bir fərq qoymadan
azadlığına qovuşdurur. Məhz onların sayəsində
müsəlmanlar və yəhudilər Osmanlı
torpaqlarına sığınırlar. Romanda
Kamal Rəisin başçılığı ilə yəhudi
və müsəlmanları azad etmək üçün yola
çıxan donanmanın qəhrəmanlıqları və
üzərlərinə düşən vəzifələrini
yerinə yetirmələri tarixi reallığa uyğun olaraq
göstərilir. Yazıçı Kamal Rəisi
mövcud ictimai-siyasi hadisələri düzgün dəyərləndirən,
zamanında doğru qərarlar verən, ağıllı,
yenilikçi, cəsarətli bir qəhrəman olaraq təsvir
edir. Deməliyik ki,
yazıçının romandakı tarixi obrazları ilə
yanaşı, həm də bədii təxəyyülün
cizgilərilə yaradılmış əsas obrazlarından
biridir. Kamal Rəis Malaqadakı monastrı
məhz ağılının sayəsində ələ
keçirmişdir. Belə ki, bu monastra ildə
bir dəfə İspaniya kralı və kraliçası gələrək
ziyarət edir və böyük sədəqə
buraxırdılar. Bu kilsədə səksən
keşiş olduğu söylənirdi. Ona
görə də Kamal Rəis bu monastrı ələ
keçirməyi düşünür və plan qurur. İslamı qəbul edən iki portəgiz əsilli
qadın bu planda yer alır. Onlar günlərin
birində monastra gəlib müsəlmanların əlindən
zorla qurtulduqlarını iddia edirlər. Uzun
sorğu-sualdan sonra onları qəbul edirlər. Qadınlar isə günlərin birində
monastrın qapılarını türklərin
üzünü açırlar və beləcə monastrı
asanlıqla ələ keçiririlir. Monastrı
ələ keçirən Kamal Rəis öz ədalətini
burada da göstərir, keşişlərlə yaxşı
davranır, hətta yığılan pulların bir qismini
onlara saxlayır. Bundan təsirlənən
ispan rahib “yazıq bizə. Bunca illər
müsəlmanlar haqqında nə yanlış şeylər
söyləmişiz”, - deyə düşünür.
Romanda Kamal Rəisin başındakı mücahidlərlə
İspaniyadakı mücadiləsinə geniş yer verilir. Nəhayət
İspaniya kralı Fernando Kamal Rəis və türk
donanmasını buradan uzaqlaşdırmanın yeganə yolu yəhudi
və müsəlmanları gəmilərə doldurub
Osmanlıya aparmasına izn verməkdədir. Belə olduqda həm İspaniya sahilləri rahatlanar,
həm də donanmanın toparlanması üçün vaxt
qazanmış olar. Yazıçı bu
prosesi də həyati faktlarla təsvir edir. Xüsusilə, oyuncağını Qranadada unudan uşağın
göz yaşlarına dayana bilməyən ailəsinin
oyuncağı almaq üçün geriyə
döndüyündə ispan əsgərləri tərəfindən
öldürülməsi səhnəsi son dərəcə təsirlidir.
Vətəndən ayrılmaq həmişə
çətindir. “Bu torpaqlarda ölürsəm, məni
Qranadada dəfn edin”,- deyə vəsiyyət
edənlər də vardı. Lakin ən
maraqlı cəhət insanların bütünlüklə vətənlərini
itirməsi bahasına olsa belə, xristianlığı qəbul
etməmələri idi. Romanın süjeti boyu bu xətt
gizli şəkildə inkişaf edir: ya torpaqlar, ya din. İnsanlar vətənlərini itirməyi milli kimliklərini,
dinlərini itirməkdən üstün tuturlar.
Romanda az da olsa, türk torpaqlarında yəhudiləri
hansı həyatı gözlədiyinə də yer
verilmişdir. Çox qısa icmaldan məlum
olur ki, yəhudilər üçün belə bir həlledici
məqamda Osmanlı sultanı “Qəbul fərmanı” imzalamışdır.
Bu fərmana görə yəhudilərə
tarlalar və mülklər verilirdi. Bununla
yazıçı müsəlmanlar və yəhudilər
üçün yeni və rahat bir həyatın
başlanması anonsunu verir.
Romanda həmin dövrə məxsus bəzi sənədlərə,
əlyazmalara də müraciət edilir, buraya daxil edilən məktublar
həm sənədlilik baxımından romanın
yükünü artırır, həm də
yazıçının tarixə ekskursunu intensivləşdirir. Osmanlı
Şeyxülislamı Molla Güraninin Roma papasına, Məmlük
Sultanına məktubları və s. sənədlərə
müraciət romanın tarixi dəyərini
artırmış olur. Şeyxülislamın
Roma papasına məktubunda baş verən hadisələrə
daha geniş miqyasdan baxılır və humanist mövqe
nümayiş etdirilir. “Papanın vəzifəsi
xristianları xoşbəxt etmək ola
bilir, lakin digər xalqların papa üçün heçmi
önəmi yoxdur?” sualını ünvanlayan
Şeyxülislam məktubun sonunda Osmanlıda da
xristianların olduğunu, onların azad şəkildə
yaşadığını və kilsələrinin
olduğunu, onları düşünmələrini
xatırladaraq yazır: “Sən ki Papasan!
Əgər müsəlmanlar, yəhudilər və əmrinizə
girməyən xristian təriqətlər üzərindəki
təzyiqləriniz və zülmləriniz sona erməzsə,
Osmanlı məmləkətlərindəki xristianların
göz yaşının məsuliyyətini qəbul etməli
olacaqsan.
Son sözüm budur!”
Molla Güraninin Kamal Rəislə söhbətində
dediyi dualar da maraq doğurur. Bu dualar Dədə Qorqudun duaları
ilə yaxından səsləşir: “...Silahlarını
yaxşı qoru ki, düşmanların silahlarından xəbərdar
olmasın. Silah ustalarına bol maaş ver
ki, onların dünya gailələrilə dərdləri
qalmasın və gecə-gündüz öz işlərinin
başında olsunlar...
Yaxşı
adını pisliyə çıxarma və pislərlə
yoldaş olma! Zərərin çəkərsən.
İrəli
get, gözüm, qalma geri!
Alay pozma, tarlaya basma, yaran payına sarkma!” və s.
M.Kadıoğlunun “Nar ölkəsi. Əndəlusun son illəri” romanı Yaxın Şərqdə gedən indiki ictimai-siyasi proseslər kontekstində olduqca aktual səslənir. Romanda qoyulan müsəlmanların birliyi, yəhudilərin qurtarılması ideyası bu gün İraqda və Suriyada gedən hərbi münaqişələr kontekstində türk və müsəlman dünyasına yeni mesajlar vermiş olur. Yazıçı türkün hər zaman qürurlandığı tarixi keçmişi anladır və demək istəyir ki, türkün keçmişində bəşəriyyətə örnək ola biləcək bu cür hadisələr çoxdur.
525-ci qəzet.-2017.-30 dekabr.-S.12.