Cümhuriyyət qurucuları
Azərbaycan
Cümhuriyyəti – 100
QARABAĞIN
GENERAL-QUBERNATORU XOSROV BƏY SULTANOV
Nəsiman YAQUBLU
tarix elmləri doktoru
Xosrov bəy
Sultanov (1879-1943) 1879-cu ilin may ayında Zəngəzur qəzasının
Hacısamlı nahiyəsinin, Qasımuşağı
obasının Qurddağı kəndində (indiki
Laçın rayonu) anadan olub.
O, Odessada
(Novorossiysk) Universitetinin tibb fakultəsində təhsil
alıb. Bir müddət "Müsavat",
sonradan isə "İttihad" partiyasının
üzvü olub.
1918-ci ilin mayın 27-də Azərbaycan Milli
Şurasının üzvü seçilib. Həmin ilin
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
bəyannaməsinə imza edənlərdən biri də
X.Sultanov olub. Mayın 28-də Baş Nazir
Fətəli Xan Xoyskinin formalaşdırdığı ilk
hökumət kabinəsində X.Sultanov Hərbi nazir vəzifəsinə
təyin edilib. O, bundan əvvəl Zaqafqaziya Seyminin və
sonradan Azərbaycan Parlamentinin üzvü idi. Azərbaycan
hökumətinin formalaşdırdığı ikinci və
üçüncü kabinələrdə o, Əmək
naziri vəzifəsinin yerinə yetirib. Azərbaycanın
ilk Hərbi naziri vəzifəsini qısa müddətə
icra etdikdən sonra X.Sultanov F.Xoyskinin
başçılığı altında formalaşan Azərbaycanın
ikinci və üçüncü hökumətində Torpaq
naziri təyin edilmişdir. Bu da sübut
edir ki, Azərbaycan Cümhuriyyəti üçün ən
problemli və ağrılı sahələrə
başçılıq etmək X.Sultanova
tapşırılıb. Çünki o
dövrdə torpaq, xüsusən aqrar məsələnin həlli
Cümhuriyyət hökumətinin qarşısında duran
başlıca vəzifələrdən idi. Bəylərə, mülkədarlara məxsus torpaq
sahələrindən istifadə olunmasına parlamentdə
toxunulsa da, bu, sonraya saxlanılmışdı.
X.Sultanov 1919-cu ilin yanvarın 15-də Bakıdakı
ingilis qoşunlarının komandanı general Tomson tərəfindən
Qarabağın general-qubernatoru təyin edilib. Qeyd edək
ki, Qarabağ general-qubernatorluğu 1919-cu ilin yanvarın 15-də
Gəncə quberniyasından ayrılaraq təşkil
edilmişdi. Həmin dövrdə, 1919-cu
ildə keçirilən Novruz bayramında erməni-daşnak
hərbi dəstələri Qarabağa yeganə keçid olan
Əsgəranı zəbt etmişlər. Amma daşnak
generalı Dronun hərbi dəstələri Xosrov bəyin
başçılıq etdiyi Azərbaycan əsgərləri
tərəfindən may ayının 30-da darmadağın
edilmiş, Xankəndi və Şuşa
düşməndən geri alınmışdı.
X.Sultanovun başçılığı ilə
keçirilən digər əməliyyatda isə (1919-cu ilin
iyununda) Şuşaya gizli yolla silah aparan erməni milli
Şurasının üzvləri həbs edilərək
Qarabağ ərazisindən
çıxarılmışdı.
Belə məlumatlarda var ki, X.Sultanov tələbəlik
illərində bir rusla duelə çıxaraq sol
gözündən zədə alsa da, atəş açaraq həmin
gənci məğlub etmişdir. Bu fakt isə
X.Sultanovun hələ gənclik illərindən qorxmaz, cəsarətli
bir insan olduğunu sübut edir.
X.Sultanov
1920-ci ilin 27 aprelində Azərbaycan Rusiya bolşevikləri tərəfindən
işğal edildikdən sonra Türkiyəyə getmiş,
çətin mühacirət həyatı
yaşamışdır. O, Azərbaycanın
azadlığı mübarizəsini Türkiyədən
başqa İranda, Fransada, Almaniyada davam etdirmişdir. 1936-cı
ildə Türkiyəyə qayıtmış və Trabzonda, İstanbulda
yaşamışdır.
1942-ci ildə X.Sultanov
Berlində "Adlon" otelində keçirilən konfransda
iştirak edib. 1942-1943-cü illərdə
Berlindəki Azərbaycan Milli Komitəsinin üzvü olub.
Sonradan İstanbula köçmüş, orada 1943-cü
ildə, yanvar ayının 7-də dünyasını dəyişmişdir. Məzarı
İstanbulun "Fəriköy" qəbirstanlığındadır.
Xosrov bəy Sultanovun fəaliyyətinin ən məsuliyyətli
dövrü 1918-1920-ci illərə aiddir. 1918-ci ildə
onun Zaqafqaziya Seymindəki fəaliyyətindən sonra daha məsuliyyətli
bir dövr başlayır. X.Sultanov
yaxın ideya və məslək dostları ilə birgə Azərbaycanın
müstəqilliyi mücadiləsinin əsas şəxsiyyətlərindən
birinə çevrilir. M.Ə.Rəsulzadənin
hazırlayıb Batumdan göndərdiyi İstiqlal bəyannaməsini
imzalayan iyirmi altı nəfərdən biri də X.Sultanov
olur. X.Sultanov 1918-ci ilin mayın 27-də
yaradılan Azərbaycan Milli Şurasının da üzvü
seçilmişdi. Azərbaycan
İstiqlalını Mayın 28-də rəsmi olaraq elan edən
qurum X.Sultanovun da üzv seçildiyi Azərbaycan Milli
Şurası idi.
Azərbaycan
İstiqlalı elan edilən gündə mayın 28-də Fətəli
Xan Xoyskinin başçılığı altında ilk
hökumət kabinəsi formalaşdı. Azərbaycanın
ilk Hərbi naziri vəzifəsi X.Sultanova
tapşırıldı.
1918-ci
ilin iyununda Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə
köçməsi ilə bağlı ilkin hazırlıq
işlərinin aparılması üçün Nəsib bəy
Yusifbəyli və Rüstəm bəy Şəfibəyli ilə
birlikdə X.Sultanov da Gəncəyə gəlmiş, burada
mühüm işlərə köməklik göstərmişdir.
1918-ci
ilin iyunun 17-də Gəncə şəhərində Azərbaycan
Milli Şurasının növbəti toplantısında
F.Xoyskinin başçılığı altında ikinci
Hökumət kabinəsi formalaşır və X.Sultanova bu dəfə Azərbaycanın
Əkinçilik naziri vəzifəsi tapşırılır.
1919-cu ilin yanvarın 15-dən X.Sultanov
Qarabağın general-qubernatoru təyin edilir.
1919-cu
ilin 29 yanvarında Azərbaycan hökumətinin keçirdiyi
iclasda "Cavanşir, Şuşa, Cəbrayıl
və Zəngəzur qəzalarına general-qubernator təyin
edilməsi haqqında DİN-nin məruzəsi dinlənildi və
aşağıdakı qərarlar qəbul edildi:
1. Xosrov bəy
Sultanov general-qubernator təyin edilsin;
2.
Nazirliyin iyirmi milyonluq fondundan general-qubernatorluğun
ehtiyacları üçün beş milyon
manat ayrılsın..."
Arxivlərdə X.Sultanovun Qarabağda apardığı
əməliyyatlarla bağlı əhəmiyyətli məlumatlar
vardır. Bu məlumatlar X.Sultanovun böyük təhlükə
və çətinliklər içərisində olsa da,
öz vəzifəsini icra etdiyini göstərir.
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə
başlayarkən xalqa müraciət ünvanladı. Həmin
müraciətdə o, başçılıq edəcəyi
qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
1919-cu
ilin 11 fevralında "Azərbaycan" qəzetində
çap olunan yazı belə adlanırdı: "Müvəqqəti
general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa,
Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə
müraciəti (11 fevral 1919-cu il)".
Müraciətdə
yazılırdı: "Azərbaycan hökumətinin yanvar
ayı qərarı ilə Zəngəzur, Şuşa,
Cavanşir və Cəbrayıl qəzaları xüsusi
general-qubernatorluğa ayrılmışdır. Bu
fövqəladə tədbirlər fövqəladə vəziyyətdən
irəli gəlmişdir. Azərbaycanın
təqribən yarısında, onun ən yaxşı hissəsi
- 4 qəza - artıq bir ilə yaxındır ki, anarxiya
ucbatından dağılır. Şəxsi
firavanlığı yüksək ideal sayan məsuliyyətsiz
elementlərin rəhbərliyi altında olan bandalar diyarı
viranə qoyur; kəndləri yandırır, əhalini
qırır, on minlərlə yurdsuz-yuvasız qadın və
uşaq qaçqın düşmüşdür, yuxarıda
göstərilən elementlər milli ədavət yayırlar.
Əhalidən ümumi siyasi vəziyyət gizlədilir.
Bu şəxslər öz şəxsi mənafelərini
güdür, öz cəhdlərini partiya ideya forması donuna
salırlar.
Öz həyatını xalqa xidmətə sərf
etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən
asılı olmayaraq hamıya eyni münasibət göstərməyi,
ciddi ədalət və qanunçuluq mövqeyində
dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın
müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin
ciddi məsuliyyəti və əmlak toxunulmazlığı -
diyarın həyatı bu əsaslar üzərində
qurulacaqdır".
X.Sultanov general-qubernator vəzifəsinə başlayanda
bölgədə acınacaqlı durum var idi. Onun 1919-cu ilin fevralın 15,
16, və 17-də qəza rəisləri və ictimai xadimlərinin
iştirakı ilə keçirdiyi ümumbölgə
müşavirəsində məlum olurdu ki, indiyədək Zəngəzurda
166 kənd dağıdılmış, onların əhalisinin
30 faizi məhv edilmişdi. Bu müşavirədə
Andronikin silahlı dəstəsinin bölgədən
çıxarılması qəti olaraq qərara
alındı.
Qeyd edək ki, ermənilər X.Sultanovun general-qubernator təyin
edilməsinə etiraz edirdilər. General-qubernatorluğun
yaradılması ilə bağlı Tomsonun Ermənistan
hökumətinin üzvləri ilə İrəvanda 1919-cu
ilin martın 28-də və aprelin 6-da keçirilən
müşavirələrində ermənilər
narazılıqlarını bildirirdilər. İkinci
müşavirədə ermənilərin etirazına (xüsusən
Xatisyan) cavab olaraq Tomson demişdi: "Sultanov ingilis zabiti Mak
Mossenə tabe olacaqdır".
Qeyd edək ki, X.Sultanovun Qarabağın general-qubernator təyin
edilməsi və ümumiyyətlə burada belə bir qurumun
formalaşmasına Ermənistan hökuməti ciddi etiraz
etmişdi. Ermənistanın o dövrdə xarici işlər
naziri olan S.Tiqranyan 1919-cu ilin yanvarında Azərbaycan hökumətinə
teleqram göndərərək, ərazi iddialarını irəli
sürmüş və X.Sultanovun təyinatına etiraz
etmişdi.
Ermənistan hökumətinin Azərbaycandakı
diplomatik nümayəndəsi T.Bekzadyan isə Britaniya
komandanlığının nümayəndələri ilə
görüşdə, həmin bölgədə ingilis
general-qubernatorluğunun yaradılması fikrini irəli
sürmüşdü.
Həmin
dövrdə Xarici İşlər naziri vəzifəsini icra
edən A.Ziyadxan 1919-cu ilin yanvarın 31-də Ermənistan
hökumətinə 178 saylı teleqram göndərib, Zəngəzur
və digər bölgələrin Azərbaycanın tərkib
hissəsi olduğunu əsaslandırmışdı.
X.Sultanovun Azərbaycan Nazirlər Şurasının sədri
N.Yusifbəyliyə Şuşadan 1919-cu ilin 8 mayında
göndərdiyi 1348 saylı məlumat. Həmin məlumatda
maldarların yaylaqlara təhlükəsiz gedə bilməsini
təmin etmək üçün Gorus bölgəsini
tutmağın zəruriliyi bildirilir. Həmin məlumatdan:
"Cənab əlahəzrətə bildirirəm ki,
maldarların yaylaqlara təhlükəsiz keçməsi
sxeminin surətini Sizə göndərirəm və qeyd edirəm
ki, onların Şuşa və Cavanşir bölgəsindən
keçməsi faydasızdır. Bundan
ötrü Gorusu tutmaq lazımdır. Bu əməliyyat
üçün artilleriya və pulemyotla təchiz edilmiş
iki min nəfərlik piyada və atlı
lazımdır. General-qubernator Sultanov".
X.Sultanovun 1919-cu ilin iyunun 5-də Ağdamdan baş nazir
N.Yusifbəyliyə göndərdiyi teleqramda Şuşada ermənilərlə
baş verən toqquşma tədbirləri qeyd olunur. Həmin teleqramdan:
"Dünən - 4 iyunda Şuşada ermənilərlə
kiçik toqquşma baş verdi: atışma oldu. Lakin
bu gün sülh yolu ilə həll etmək mümkün oldu.
Bu gün Azərbaycandan Erməni Milli
Şurasının fəalları olan Avetisyan, Tumanyan,
İşxanyan göndəriliblər. İki
nəfər özləri tez gedib, iki nəfər isə bu
günlərdə göndəriləcək. Sabah, iyunun 6-da erməni tərəfdəki kazarmalar
alınacaq. General-qubernator Sultanov".
X.Sultanovun
1919-cu ilin 26 iyulunda S.Mehmandarova Şuşadan göndərdiyi
3743 saylı məlumatda Zəngəzura Naxçıvanla
kommunikasiyanın təminatı üçün Zəngəzura
qoşun göndərib, Bazarçay kəndinin alınması
qeyd olunur. Həmin məlumatdan: "Zəngəzurla
Naxçıvanın əlaqəsi probleminin həll edilməsi
ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi
ilə mümkündür. Bu haqda mən Sizinlə
şəxsən danışdım və Siz də
razılaşdınız. Bu məsələni
indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən
arxada olarkən, qan tökmədən həll etmək olar.
Bazarçay yaxınlığında olan
Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı
malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa
hazırdır. Və bundan ötrü
onlar öz nümayəndələrini Xalq milisinin rəisi
Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da
öz-özlüyündə həll edilir.
Odur ki, cənab
əlahəzrət, hərbi hissə dəstələrinin
Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini
almaq üçün Sizin sərəncam
verməyinizi xahiş edirəm.
Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov".
X.Sultanovun 1919-cu il, dekabrın 14-də Daxili İşlər nazirinin göndərdiyi məktubda Zəngilanın əhalisinin ermənilərdən müdafiəsi üçün ora kömək göndərdiyi məlumatı verilib.
X.Sultanovun və T.Novruzovun N.Yusifbəyliyə ermənilərin Zəngəzurda bütün cəbhə istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı teleqramı 1920-ci ilin martın 23-də Şuşadan göndərilib. Teleqramda bildirilir: "Zəngəzur uyezdinin rəisindən indi aldığım məlumatın məzmununu çatdırıram: "Ermənilər bütün cəbhə boyunca ciddi kəşfiyyat aparırlar. Etibarlı məlumatlara görə, bütün cəbhə istiqamətində hücuma hazırlaşırlar. Onların başlıca məqsədi Qarabağla birləşməkdir. Partizan dəstəsinin komandiri təcili olaraq əlli min türk, iki yüz min rus, əlli min lebelev, on beş min ingilis, iki yüz min Berdanoclu patron göndərməyi xahiş edir. Göndərilən patronlar ancaq bir döyüşə kifayət edəcək. Xahiş edirik, general Şıxlinskinin vəd etdiyi dağ-batareya piyada alayının göndərilməsinə sərəncam verəsiniz. General-qubernator X.Sultanov; dəstə (otryad) rəisi general Novruzov".
X.Sultanovun 1920-ci ilin martında göndərdiyi
teleqramda vəziyyətin getdikcə gərginləşdiyi
görünür. Onun 1920-ci ilin 24 martında Ağdamdan M.Vəkilova
Xankəndi və Şuşada gedən döyüşlər
haqqındakı teleqramdan: "Martın 23-də ermənilər
gecə yarısı bizim Xankəndində olan
döyüş hissəmizə güclü hücum etdilər.
Eyni zamanda, ermənilər Şuşaya da hücuma keçdilər.
Hücumun qarşısı alınıb, ətraflarda
atışma gedir. Şuşa Şuşukənddən
bombalanır. Ağdam-Şuşa arasında olan teleqraf kəsilib.
Ekstremistlərin uzaqlaşdırılması üçün
bütün tədbirlər görülür. Qəzəblənmiş
əhali vıxodit iz povinoveniya. Dəstə rəisi tərəfindən
Hərbi-səhra məhkəməsi yaradılıb. Xahiş edirəm,
təcili olaraq adamlarla, başlıcası patronla kömək
edin. General-qubernator X.Sultanov".
(Ardı var)
525-ci qəzet 2017.-
28 dekabr.- S.4.