Ədəbi tənqiddə Seyid Hüseyn nümunəsi

 

Görkəmli ədibimizin və müqtədir tənqidçimizin 130 illiyi bugünlərdə tamam oldu

 

Seyid Hüseynin Cəfər Cabbarlı yaradıcılığına həsr etdiyi "Açıq tənqid" sərlövhəli bir məqaləsində (1919) Cabbarlının realistmi, yoxsa romantikmi olduğunu şərh etməyə çalışmışdı.

 "Romantik mühərrirlər heç bir qanuna tabe olmaq istəməzlər.  Onlar, romantiklər, öz düşüncə və mühakimələrində sərbəstdirlər. Onlar hər şeydə gözəlliyi görürlər və bu yolda hissiyyati-şədidəyə namütənahi  bir surətdə qapılırlar. Hələ bəziləri tarixi simalara istədikləri təbiət və xasiyyətləri vermək, tarixin xilafına hərəkət etdirib söz söylətmirmək səlahiyyətinə də malik bulunurlar.  Kimsə onları məsləelərindən dolayı tənqid etməz. Romantiklər həyatı istədikləri təcəllidə görmək istəyirlər, onu bir takım rəngarəng əlbisələr ilə süslərlər, bu, onların təbiətləridir".Əlbəttə, burada romantizmə verilən tərif tam və dolğun deyildi, amma hər halda həmin dövr üçün səciyyəvi idi. Nəzəri fikir tam formalaşmamışdı.

Seyid Hüseynin ən çox sevdiyi sənətkarlar var idi və bu sənətkarlar sırasında heç şübhəsiz, Mirzə Ələkbər Sabir birinci idi. Sabirin ölümündən səkkiz il sonra ona həsr etdiyi bir məqaləsində böyük vətənpərvərlik hissi ilə yazırdı: "Ə.Sabirin qiymətini indiyə kimi bizim millət bilməyib. Əgər belə şair özgə millətdə olsaydı, ona heykəl qoyardılar, onun əsərləri min-min tirajlarla  nəşr olunardı, onu hər bir əcnəbi dilə tərcümə edərdilər, hər il ona yadigar axşamlar, müsamirələr edərdilər, onun adını ucaldardılar, vird edərdilər. Qonşu və əcnəbi millətlərə göstərərdilər ki, onların da milləti dahilər yaratmağa qabildir. Bizim ən böyük milli eyiblərimizdən biri budur ki, biz öz şairlərimizi, ədiblərimizi, millətsevəçrlərimizi qiymətləndirə bilmirik, onlara laübalı, bəzən mərhəmətsiz baxırıq. Geniş intişara layiq olan Ə.Sabirin kitabı heç bir yerdə tapılmır. Qoqol hər bir rusun sevimlisi olduğu kimi, indi Sabir də hər azərbaycanlının sevimlisidir". Bu yazı yazıldığı vaxt doğrudan da Sabirin əsərləri küll halında çap olunmamışdı, ona heykəl qoyulmamışdı. Ümumiyyətlə, klassik ədəbiyyata və klassiklərə münasibətdə Seyid Hüseynin vətənpərvərlik hissi daha qabarıq nəzərə çarpırdı- o, Vaqifin və Vidadinin dilini "Azərbaycan şeirinin dili budur" deyə təqdir edirdi- Seyid Əzimin həcvlərinin çapını isə təqdir eləmirdi, yazırdı ki, məktəbdə oxuduğu zaman Qafqazda şair olaraq yalnız bir Seyid Əzimi tanıyırmış, Seyid Əzim gözəl lirik şair və qəzəldə ustadi-əzəmdir, onun həcvlərini çap eləmək isə "mətbuata yaraşmayan" bir hərəkətdir. Seyid Hüseyn  Füzulini "Azərbaycan şairlərinin" başçısı adlandırır və yazırdı ki: "indi bizdə hər kəs Füzuli olmaq istəyir, onun əşarına nəzirələr yazıyor, halbuki, bu gün Füzuli kimi qəzəl yazmaq  bir o qədər də böyüklük olamaz. Füzuli şeirləri ancaq zamanına görə qiymətlidir".

XX əsrin əvvəllərində Azərbayjan nəsri öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuşdu, Mirzə Cəlil, Ə.Haqverdiyev və Y.V.Çəmənzəminli üçlüyü bu nəsrin irəlici qüvvəsini təşkil edirdi və S.Hüseynin məqalələrində Azərbaycan hekayəsinin  o zamankı mənzərəsi ilk dəfə öz əksini tapırdı. O, təqdir etdiyi, haqqında söz açdığı hekayələrdə Azərbaycan məişətinin və həyatının  doğru, dürüst təsvir edilməsini vacib sayırdı, buna görə də Y.V.Çəmənzəminlini və Ə.Haqverdiyevi o, "müqtədir" yazıçılar hesab edirdi.

Seyid Hüseynin tənqidçilik fəaliyyətində Azərbaycan romanı ilə bağlı məsələlər də geniş əks olunmuşdu və deyək ki, bu problemlə ən çox maraqlanan tənqidçi Seyid Hüseyn idi. Roman Azərbaycan ədəbiyyatı "səhnəsinə" yenicə daxil olurdu və əlbəttə, əsrin əvvəllərindən Şura inqilabına qədər təxminən iyirmi beşdən artıq əsasən kiçik həcmli romanlar yazılıb çap olunmuşdu. Azərbaycan oxucusu artıq belə bir janrın mövcud olduğunu hiss edirdi.Seyid Hüseyn romanın ədəbiyyatımız üçün gərəkliliyini belə izah edirdi: "Romançılıq ədəbiyyat aləmində bir sənətdir.  Bizim ədəbiyyatımız sair müsəlman olan millətlər ilə bərabər şeir babində çox irəliləmişdir... Nəsr babində  qeyrilərə nisbət geridə qaldığından romançılıq sənəti bizdə  bir halətdədir. Halbuki, romanın  təhzizi-əxlaq üçün əhəmiyyəti çoxdur. Bu cür fikri söyləmək üçün romandan gözəl bir alət olmaz. Roman vasitəsilə bir millətin həqiqət kimi  qəbul etdiyi nöqsanlarını  elə tənqid etmək olar ki, oxucu onu şirin oxumaqla, öz nöqsanlarını düşünə bilər"

Seyid Hüseyn Azərbaycan romanının ilk mərhələsində yaranan bu kiçik romanların bir çoxuna məqalələr həsr etmiş, o əsərlərin məziyyətləri və qüsurları barədə fikrini çəkinmədən söyləmişdir. O dövrün ədəbi həqiqəti bu idi ki, romanda gərək həyat, təsvir edilən hadisələr və obrazlar reallığı əks etdirsin. S.Hüseyn M.S.Ordubadinin "Bədbəxt milyonçu" əsərini  "bütün həqiqətləri ilə bir roman" adlandırırdı.  Romanın əsas konfliktini İran istibdadı ilə demokratik qüvvələr arasında münaqişədə görürdü.Təsvir edilən müsbət obrazların hərəkətlərini təqdir edən tənqidçi, onların yaşadığı mühitdə maarifçiliyi təbliğ etmələri, lakin həm ailə, həm də ictimai mühitdə bədbəxtliyə düçar olmalarını faciə hesab edirdi. Amma əsas odur ki, bu romanla Ordubadi artıq realist bir sənətkar kimi inkişaf edir. S.Hüseynin bəyəndiyi romanlardan biri də A.Divanbəyoğlunun "Can yanğısı əsəri idi. Bu əsəri o, dilinin təmizliyinə, səlisliyinə, obrazların təbii surətdə təsvir edilməsinə görə bəyənirdi. Əlbəttə, Seyid Hüseynin həmin romanlara həsr etdiyi məqalələrdə çatışmayan cəhətlər də yox deyildi, xüsusilə, həmin əsərləri təhlil edərkən məzmunçuluq edir, təhlilləri bəzən üzdən aparırdı.  Ancaq elə romanlar vardı ki, Seyid Hüseyn haqlı olaraq onları kəskin tənqid atəşinə tuturdu.  Məsələn, Bağır Cabbarzadə adlı bir müəllifin  "Bir yetimin naləsi, yaxud qardaş qardaşa etdiyi xəyanət", Rza Zaki adlı başqa bir müəllifin "Fədai-eşq" romanlarını o, saxta, süni, qurama yol ilə yazıldığını, bundan oxucuların zövqünün korlanacağını söyləyirdi. Mərhum ədəbiyyatşünas Əflatun Məmmədovun "Azərbaycan bədii nəsri-XIX əsrin sonu-XX əsrin əvvəlləri" monoqrafiyasında  Seyid Hüseynin bu tipli romanlara qarşı yazdığı tənqidi məqalələrdən söz açılır, xüsusilə Rza Zəki adlı müəllifin aşiqanə-macəra tipli romanlarına tənqidi münasibəti geniş şərh olunur. Bu romanların əksəriyyəti osmanlı müəlliflərindən iqtibas edilmişdi.

Seyid Hüseyn hər cür naturalizmin, çılpaq həyat səhnələrinin təsvir edilməsinin əleyhinə idi. O, fransız yazıçısı Emil Zolyanı bir qüdrətli sənətkar kimi qiymətləndirirdi, onun realist mövqeyini müasir yazarlara nümunə göstərirdi, amma naturalist təsvirlərini nöqsan hesab edirdi. Tarixi hadisələri kopiyalamağı da qüsurlu sanır,  yazıçılardan fotoqrafçılığa enməməyi tələb edirdi. Maraqlıdır ki, o, gənc Cəfər Cabbarlının  "Ədirnə fəthi" və "Bakı müharibəsi" pyeslərini də bəyənməmiş, onları naturalist əsərlər adlandırmışdı, S.Hüseynin fikrincə, Cabbarlı  istedadlı dramaturqdur, amma bu iki əsərdə  tarixi hadisələri üzdən təsvir edib.

Seyid Hüseynin ədəbi-tənqidi görüşlərini şərh edərkən belə bir fikri vurğulamaq lazımdır ki, o, sənətdə realizm tərəfdarı idi. Olsun ki, onun realizm metodu və prinsipləri ilə bağlı fikir və mülahizələri yetərincə əsaslandırılmamışdı, amma ilkin halda, hələ nəzəri fikrin tam formalaşmadığı bir dövrdə bu mülahizələr maraq doğururdu.  "Hər şeyi olduğu kimi kopiya edən naturalizmin əksinə olaraq "həqiqiyyun"-realist ədəbiyyat yazıçının daxili aləmini, hadisələrə münasibətini göstərmək üçün  imkan verir. Bir müəllif bir vəqəni, bir tarixi özünə mövzu qərar verər, orada kəndi fikrini, kəndi ruhunu irəli çəkər, kəndisindən oraya bir çox şeylər əlavəsilə onu sənətkaranə bir hala qoya bilər".

Seyid Hüseyn tərcümə, təbdil, milli kolorit, tipiklik, ideyalılıq və s. ədəbi problemlər barədə də müəyyən fikirlər söyləmişdi və çox təəssüf ki, biz Seyid Hüseyni yalnız gözəl hekayələr müəllifi kimi tanımışıq, onun tənqidçilik fəaliyyətini lazımınca şərh etməmişik. Bu mənada, onun ədəbi-tənqidi fəaliyyətini əks etdirən yazılarının geniş nəşrinə və təbliğinə böyük ehtiyac duyulur.

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

(Əvvəli ötən sayımızda)

 

 

525-ci qəzet.- 2017.- 1 fevral.- S.4.