Əncir yarpağının ətri
hekayə
Şəhərimizdə fəaliyyət göstərən bir əcnəbi şirkətə işə düzələ bilməyimə sevindim.
İkinci cəhddən sonra
alınsa da, burada əməkhaqqı yerli şirkətlərdən
qat-qat yüksəkdi. Lakin bu sevinc hissi tədricən digər
hisslərlə əvəzlənirdi. Bizə əməkhaqqı
şirkət sahibinin yerlilərinə nisbətən dəfələrlə
az verilirdi, eyni işi icra etdiyimiz halda. Daha sonra gəlmələrin bacarmadıqları
texniki məsələlərin həllini mənim asanlıqla
həll edə bildiyim aydınlaşdı. Həmin gəlmələrin öz ölkələrindəki
universitetləri bitirdikləri ilə öyünsələr də,
guya bizim universitetlərin verdiyi təhsil onlarınkından
geri qalır.
Bir məsələ isə
yaddaşımda silinməz iz buraxıb. Onu unuda bilmirəm...
Robert Elizabeti iş vaxtı sakit buraxmırdı. Gün ərzində dəfələrlə onun yanına gəlirdi. Elizabet ona qarşı soyuqqanlılıq nümayiş etdirirdi. Gözəl-göyçək, xurmayı saçlı Elizabet tez-tez müdirimiz Martinə yaxınlaşırdı. Bu kübar gəncin - Martinin üzünün cizgiləri ürəyəyatımlı, boy-buxunu gözəgəlimli idi. İşçilərlə münasibətində nəzakətli olurdu. Elizabet nəsə soruşurdu, nəsə deyirdi. Bu üç nəfərin münasibəti mənə tədricən aydınlaşırdı. Özünü məğrur aparmağı xoşlayan Elizabet günlərin birində işə aid mənə suallarla müraciət elədi. İzah elədim. Ona aydın olmadı. Dediklərimi təmkinlə təkrarladım. Onun tam anlamadığını hiss elədim. Aralandı. Yəqin üçüncü dəfə izah etməyimi istəməyib. Bu cür hadisə, işdə səhlənkarlıqları ara-sıra, sonra isə tez-tez təkrarlanırdı. Müdiriyyətdən töhmət aldı. Bundan sonra özünü ələ ala bilmirdi.
Elizabet bazar ertəsi işə əsəbi gəldi. Diqqətini cəmləyib işləməyi bacarmadı. Otaqda vurnuxurdu. Martini şef çağıranda o, əllərini üzünə qoydu. Gözləri yaşardı. Sərt təbiətli Elizabetin ağlamağını ilk dəfə görürdüm. Onun ağlamasında da sərtlik, soyuqluq vardı. Yaxınlaşıb gətirdiyim çiçəklərdən birini ona vermək istədim. Almadı. Masasına qoydum.
- Siz elə gözəlsiniz, sizə ağlamaq yaraşmır, - deyə gülümsədim.
O, sərt baxışlarla məni süzdü.
- Bu çiçəyi həyətimizdə yetişdirmişik, - mülayim tərzdə əlavə etdim.
- Məni çiçək maraqlandırmır, problemin həlli maraqlandırır.
- Kömək edə bilərəmmi?
- İnanmıram.
- Bəlkə mənə inanasınız, probleminizi bildirəsiniz, mən də cəhd göstərim.
Elizabet əllərini üzündən götürdü. Gözlərindəki damlaları silib baxışlarını inamsızcasına mənə zillədi:
- Buyurun, cəhd göstərin. İki istirahət günü ona yalvarmışam. Görüşə gəlməyib. Mən onu sevirəm. Sevginin nə olduğunu bilirsinizmi?
- Sevirsinizsə, yenə cəhd etməyə dəyər. Onda özünüzə qarşı məhəbbət hissi yaradanadək.
- Bu mümkündürmü? İnana bilmirəm.
- Həqiqətən sevirsinizsə, inanmağa dəyər. Cəhdlər göstərməkdə davam etməyə də.
Həyətimizdəki əncir dəyəndə
onlara pay verdim. Elizabet soyuqcasına "sağ olun" dedi. Martin isə həm də ənciri
xoşladığını söylədi. Bir sirr də açıqladı. Əncir yarpağının ətri onu valeh edir.
Sabahı ona bir neçə seçmə yarpaq
gətirdim. Çox məmnun oldu. İş günü ərzində hərdən
yarpağı iyləyir, gah oynadır, gah da
saplağını barmaqları arasında tutub
fırladırdı. Barmaqlarını onun
səthinə sürtürdü. Gah
yarpağın sürtülmüş səthini, gah da
sürtdüyü barmaqlarını iyləyirdi.
İş
otağımızda baş verənlər haqqında ərimə
danışırdım. Qarşıdakı şənbə, bazar
günlərindən birində Martini qonaq dəvət etməyi
təklif elədim.
Məncə maraqlı keçər,
o heç də sadə adam deyil.
Ərim razılaşdı.
Martin həyətimizə
daxil olarkən gözləri güldü. İlk öncə
həyətimizi nəzərdən keçirdi. Meyvə ağaclarına, çiçəkliyə
diqqətlə baxdı. Sonra evimizə tərəf
çevrildi. Uşaqlara mehribancasına
yanaşdı. Həyətdəki söhbətgahda
masa ətrafına stullar düzülmüşdü. Ərim onun həyətdə, yoxsa evdə əyləşməyimizə
üstünlük verdiyini soruşdu. Qonağımız
həyəti seçdi. Hər tərəfdən
hündür ağacların əhatəsində olan söhbətgahda
əyləşməyə tələsmədi. İcazə istəyərək ağaclara
yaxınlaşdı. Hər birini diqqətlə
süzdü. Budaqları da, yarpaqları
da, meyvələri də. Əncir
ağaclarının ətrafında nisbətən çox
müddət keçirdi. Ərim onu
müşayiət edirdi. Suallarını
cavablandırırdı. Martin ağacdan
öz əllərilə əncir və yarpaq dərməyə
icazə istədi. O, ağ və qara
əncir də, onların yarpaqlarını da dərdi. Tələsmədən, hər birini diqqətlə
seçərək.
Milli xörəklər
hazırlamışdım. Ərim yerli içkilər
almışdı. Masa arxasına
keçdik. Masadakı nemətlər haqda
gah mən, gah da ərim nəsə deyirdik. Bəzən uşaqlarımız da əlavə
edirdi. Uşaqların qonaqla
danışmağa cəhd göstərmələri ona
xoş gəlirdi.
Qonşu oğlanlar
uşaqlarımızı oynamağa çağırdı. Masa
arxasında üçümüz qaldıq. Söhbəti işimizə yönəltdim. Elizabetin gözəlliyini qeyd elədim. Martin nəsə demədi.
- Məncə, o sizə vurulub, - deyib
gülümsədim.
Martin dinmədi.
- O sizdən müsbət cavab ala bilmədiyindən
əzab çəkir,- əlavə etdim.
- Elə bizim nəslimiz də
onların bizi sevməsindən əzab çəkib. Ulu nənəmi vətənindən gətirəndə
uşaq olub. Pambıq plantasiyasında
sahibkar onu gün ərzində istədiyi qədər işlədib.
Yeniyetmə ikən o gözəl qızı
sahibkar ələ keçirməyə hər cür cəhdlər
göstərib. İstəyi baş
tutmadıqda onu zorlayıb. Nənəm
imkan tapanda sahibkarı öldürüb. Onu
da öldürmək istəyiblər. Lakin kimlərsə
onun gözəlliyi qarşısında tab gətirə bilməyib.
Onun ölümünə razı olmayıb.
Təbii ki, gələcəkdə onun gözəlliyindən
faydalanmaq ümidilə.
Fikrini emosiyasız söyləyən
Martin bizi süzdü. Ərim dinməsə də, mən özümü
saxlaya bilmədim:
- Bəli, bunlar arzuolunmazdır. Təəssüf doğurur. Bu hadisənin
sizinlə Elizabetin
münasibətinə təsiri varmı?
- Əlbəttə, var, - deyə
Martin qara alnına tökülmüş qara buruq
saçlarını yığdı, - bizim nəsil həm
istismar edilib, həm də məşuqə, ya da məşuq
kimi istifadə...Biz belələrinə xoş münasibət
bəsləmək fikrində olmamışıq.
Martin gümüşü
çəngəli sol əlinin qara barmaqları arasında
oynatdı. Əsəbiliyi aydın idi, rəvan danışsa
da. Növbəti sualımı verməkdən
çəkindim.
- Anamı işlədiyi şirkətin
mühəndisi özünə məşuqə etməyə
çalışıb. Alınmayıb. Zorlamaq istəyib. Anam onun
üzünü elə cırmaqlamışdı ki, bir
gözü görmürdü. Hə,
atamı da şöbə müdiri gözaltı eləmişdi.
Atam işçilərin arasında ona demişdi ki, sən
arvadımın heç dırnağı da ola
bilməzsən.
Martin əsəbiləşmişdi. O, mineral sudan
bir neçə qurtum içdi. Qonaqpərvərliyə
görə minnətdarlığını bildirdi. Ayağa qalxdı. Biz onu belə
vəziyyətdə buraxmaq istəmədik. Ərim dil-ağız elədi. Mən daha bir
neçə milli xörək bişirdiyimi dedim. Onların da dadına baxmağı xahiş elədim.
O əyləşdi. Ərim onun da,
özünün də badəsinə şərab
sözdü.
-
Heç də sizə narahatçılıq yaratmaq istəməmişik,
belə alınıbsa bağışlayın, - ərim təəssüf
hissi ilə bildirdi,- gəlin isti xörəkləri
soyutmayaq.
O, xörəklərdən
ağzına qoyduqda sanki onların dadını hiss etməyə
çalışırdı. Əməyimi,
çalışmalarımı vurğulayırdı. Əlbəttə, bunlar mənə xoş idi, amma
maraqlısı onunla Elizabetin münasibətinin incəlikləri
idi. O, hərdən mənə baxanda sanki bunu duyurdu.
- Sevgilim vardı. Bir-birimizi
sevirdik. Evlənmək ərəfəsində gözlənilməz
hadisə baş verdi. Son illərdə
bizimkilər dinini dəyişməyə həvəslidir.
O da dinini dəyişdi, mənim etirazıma baxmayaraq. Ondan uzaqlaşdım, təəssüf hissi ilə.
- Hansı dini qəbul edib, - mən
etinasızcasına soruşmağa çalışdım.
O cavab verməyə tələsmədi.
Divarın dibindəki dovşan balasını
gördü. Xoş təəccüb hissini gizlətmədi:
- Dovşan saxlayırsınızmı?
- Bəli, kirpi də, - ərim
cavablandırdı,- hərəsindən
bir ailə.
- Şəhərin yaxın
kənarındakı qəsəbədə belə həyətə
mən də malik olmaq istərdim.
Mən Martinin keçmiş
sevgilisinin hansı dini qəbul etməsi haqda sualı
cavablandırmaq istəmədiyini düşündüm. Sualımı dəyişdim:
- O dinini niyə dəyişmişdi?
Səbəb nə olmuşdu?
-Ölkədə böyük
nüfuza malik olan, onun da dərin hörmət bəslədiyi
siyasi xadim dinini dəyişmişdi. Telemüsahibəsində
qərarını qəbul etdiyi dinin daha humanist, dərin və
əhatəli olmasıyla əsaslandırmışdı.
Sevgilim də ona rəğmən həmin dinlə
maraqlanmışdı. O da eyni nəticəyə gəlmişdi.
Martinin Elizabetə olan
münasibətinə təkrar qayıtmaq istədim. Gülümsədim:
- Elizabetin etibarlı arvad
olmayacağı qənaətinə nəyə əsasən gəlibsiniz?
- Neçə ildir ki, eyni şirkətdə
çalışırıq. Onun çoxlu kişi
dostu olub. Birindən uşaq da doğdu. Onunla ailə qurmaq ümidilə. Kişi
Elizabetə evlənmədi, başqa kişi ilə evləndi,- Martin ani susdu,- sizdə belə münasibətə
yaxşı baxılmasa da, mənim yaşadığım
ölkədə buna qanunla icazə verilir. Elizabet
uşağı atdı, uşaq evinə. Sonuncu kişi dostu isə Robert olub. Robert
indi də onunla dostluq eləmək fikrindədir. O isə
mənə ərə gəlmək haqqında
düşünür. Təkcə
düşünməyir, çalışır da.
Martin susdu, düşüncəli
halda. Ərim badəsini qaldırdı, o da badəsini
götürdü. Ərim badələri toxundurdu:
-Sizin sağlığınıza.
-Sağ olun.
Ərim Martini hələ yemədiyi
xörəklər haqda məlumatlandırdı. Dadına
baxmağı məsləhət bildi. O, minnətdarlıq
bildirərək masanın ona yaxın hissəsindəki
xörəkdən bir qaşıq götürdü. İlk
tikəni ağzına qoyanda ərimə baxdı:
-Milli xörəkləriniz
dadlıdır. Kafe və restoranlarda sifariş
verirəm. Keyfiyyətli içkıləriniz də
var...
Günorta azanının səsi
eşidildi.
O, sözünü tamamlamadı. Çəngəl
ilə bıçağı boşqabın
qırağına qoydu. Bizim kimi və
bizimlə eyni anda.
Mən gözümü ondan
çəkmirdim. Söhbəti istədiyim məcraya
yönəltməyə məqam axtarırdım. Azan
bitdi, Martinə belə bir sual verdim:
- İndi orda sizinlə onlar
arasındakı münasibətlərdə əsas ziddiyyətli
cəhətlər hansılardır? Nikaha girməyə
ciddi manelər olurmu?
- Onların polisi bizimkilərə istənilən
anda atəş açır. Məhkəmə işlərində
onlara haqq qazandırılır... Onlar bizim adət-ənənlərə
gülüşlə yanaşırlar. Onların dinindən
olmayan bizimkilərə çətinliklər törədilir...
Əlbəttə, nikaha girənlər
tapılır. Rahat yaşamağa
üstünlük verənlər olur.
-Şəxsən sizin
üçün daha ağrılı nədir, - ərim sual verdi.
O ciddiləşdi, qara buruq
saçlarını düzəldirmiş kimi sığal
çəkdi:
- Gördüklərim, bildiklərim...
Tarix də... Onlar özgə torpaqlarını
zəbt edərək özlərinə ölkə yaradıb.
Əcdadlarımızın vətənində də
bir neçə xalqın, qəbilənin, tayfanın
torpaqlarından parçaları tutub birləşdirməklə
də süni ölkələr yaradıblar. Həmin ölkələrdəki dəyərli olan hər
şeyi daşıyıblar, özlərinə
yaratdıqları ölkəyə. Bizim
torpaqlardan getməli olandan indiyədək yerli qəbilələrin,
tayfaların arasında düşmənçilik toxumları
səpirlər. Faydalı olanları oradan
daşımaqda davam edirlər.
O qaşlarını mənalı tərzdə
qaldırdı, sanki fikrini tamamladığına işarə
etdi.
-Məncə
ağrılı-acılı məqamlar bütün
xalqların tarixində olub,- sakitləşdirici
tərzdə fikrimi bildirdim.
-Yəqin ki...
-Maraqlıdır, sizin qədimdən
indiyədək dəyər verdiyiniz adət-ənənələriniz
hansılardır, - soruşdum.
- Belələri heç də az deyil.
-Məsələn.
-Məsələn, bizdə ilk dəfə
ərə gedən qız, - onun səsində qürur
duyulurdu,- bakirə olmalıdır.
O cümləsini bitirən kimi
sözümü cəld dedim:
- Məncə bütün xalqlarda belədir.
Sadəcə bəzi ölkələrin iri
şəhərlərində özünü müasir hesab edən
qızlar bu adət-ənənəyə riayət etmirlər.
- Bəzi ölkələrdə isə
demək olar ki, kütləvi halda riayət edilmir. Buna keçmişin geriliyi, bəziləri də
azadlıqlarının, hüquqlarının pozulması kimi
baxırlar. Bizdə həm də ailə quranlar
bir-birinə qarşı etibarlılığı ilə fərqlənməlidirlər.
Övladlarını birgə böyütməlidirlər.
Adət-ənənələrimizə maraq
göstəməyinizi təbii qarşılayıram. Mən də sizin adət-ənənələrlə
maraqlanmışam. Dininiz haqda da
oxumu-şam. Ekstremizm yoxdur, humanizm var.
Ölkəmizdə isə əksi təbliğ edilir.
Ərim:
- Bəs, insan münasibətlərində
ümumiyyətlə, dəyər vermədikləriniz nələrdir?
- Dəyər vermədiyimizə, pis
baxdığımıza misal isə kişinin kişiyə
evlənməsidir, - Martin qızardı.
Onun mənim üçün maraq kəsb edən mövzüdan kənarlaşmasına imkan vermək fikrim yox idi. O cümləsini bitirən kimi söhbətimizin istiqamətini istədiyim səmtə yönəltdim:
-Sizin sevdiyiniz, - mən gülümsədim,- ərdədirmi? Onun haqqında məlumatınız varmı?
-İnternetlə axtarıb tapa bilmişəm. Ərdə olmağı haqda nəsə deyə bilmərəm. Təzəcə əlaqəmiz bərpa olunub.
Qonağımız hazırladığım milli xörəklərimizin ünvanına tərifli sözlər işlətdi. Dolma və dovğanı daha çox xoşladığını açıqladı. Ərimin seçdiyi şərablarımıza üstünlük verdiyini söylədi. Ona göstərilmiş diqqətə görə minnətdarlığını bildirdi. Həyətdə saxladığımız heyvanlara tamaşa etmək istədi. Ərimlə birgə gəzişdilər.
İki-üç gün ötdü. Səs yayıldı ki, Martin təcili evə qayıdır. Sevgilisi ilə barışıb.
Şəhərimizdən ölkəsinə qayıtdıqdan az sonra Martindən elektron məktub gəldi. Yazmışdı ki, sevgilisinin qəbul etdiyi dini o da qəbul edib. Həmin din - bizim dinimizdir. Əhalimizdən, şəhərimizdən sevgilisinə söyləyib. Bu günlərdə toyları olacaq. Bal ayını şəhərimizdə keçirməyi qərara alıblar. Sevgilisi şəhərimizdə yenicə istifadəyə verilmiş möhtəşəm məscidi ziyarət etmək istəyir. Özü isə bənzərsiz Qız qalasını sevgilisinə göstərməyə tələsir.
Rəsul RƏXŞANLI
525-ci qəzet.- 2017.- 2 fevral.- S.8.