Kəlbəcərli xatirələrin
sızlatdığı poetik yaddaş
Və ya üç qərib baxış: Qəriblikdə
çimir etməyən şair
(Əvvəli ötən sayımızda)
Həm də Nəsib Nəbioğlu
sözə qarşı çox iştahlıdır. Sözü
imsiləmir, sözə tamsınmır, onu çox rahat həzm
eləyir.
Şeirə şirə gətirir,
can verir. Bu da onun dadlı-duzlu şairliyindən xəbər
verir. O həm də sözə darqursaqlıq eləmir. Səbrlə yanaşır, səbrlə deyir. Amma sözü də mamırlamağa qoymur.
Onun fikir tutmaqda, şeirə
qafiyə verməkdə qoruq-qaytağı yoxdur. Şeirdə
hansı fikri çatdırmaq istəyirsə, qafiyəsi
böyründə hazırdı. O, qafiyədən,
sözdən ürpənmir. Sözdən diksinmir, afatı
uçmur, ağ öfkə olmur. Sözə qarşı çox ürəklidir,
yarımçıq kəlmə deyib, ağnağız
çaldırmır. Fikrin qabağına
sözü xışmaynan, çöəjəynən
çıxardır. Çünki o,
sözə qarşı əliaçıqdır,
sözün şaadını, haqqını kəsmir. Bu da onun yetişdiyi ədəbi mühitdən - Kəlbəcər
mühitindən irəli gəlir. Axı,
"Balığı suynan, islanmışı
yağışla qorxuzmazlar".
Bəzi şeirlərində çiləmə
söz təkrarlığını nəzərə almasaq, Nəsibin
qoşma çəmənzarlığı əsrarəngizdir,
al-əlvandır, dilimizdə az işlənən
xoş sözlərlə döşəmədir. Lap mən deyərdim, qızıl küpəsi kimi
siləmə-silədir.
Yenə o dağlardan doyunca
danış,
Ovundura bilsən, ovundur məni.
Ya da bir qartalın qanadlarında
Apar, o dağları
dolandır məni.
Çox dizi qıvraq
misraları var şair Nəsibin. Həmişə onun
bir ambul bəndi olur ki, bu bənd də şeirin bütün
məna dərinliklərini, mövzu yükünü çəkir.
Nəsibəm, dağlara, bəxtim gətirə,
Görələr ki, gülə-gülə
gəlmişəm.
Şairin ülgülü kəlmələri
misranın boy-buxununa çox yaraşır. Şeirləri rəngarəngdir ona
görə ki, o, Kəlbəcərin qırçınlı
qayalarının qoynunda doğulub dünyaya göz açanda
təbiətin möcüzəli naxışlarını, bəzəklərini
görüb. Qulaqları qartal səsiylə,
dili bülbül cəh-cəhiylə açılıb.
Ağzının tamı keybir bulaqlar,
üzünün rəngi al yanaqlı lalə olub. O,
dünyanın ətrini anasının qoynundan, bir də
dağların gül-çiçəyindən
götürüb. Ona görə də onun
misralarından təbiət ətri, torpaq ətri, kənd ətri,
ana ətri gəlir.
Ürəyi qübar anam,
Əlləri qabar anam.
Qoy, bir öpüm doyunca
Qabarlı əllərindən.
Öpüm, çəkim
gözümə
O bəyaz tellərindən.
Və yaxud,
Ürəyimdə sözüm
çox,
Atəşim çox,
közüm çox.
Qucağında gəzim çox,
Geniş sinəli kəndim,
Qoca nənəli kəndim!
Onun söz deyimində, kənd
dili ilə işlədilən ifadələrdə talaşa
yoxdur, söz çarpanaq vermir, rəndəlidir, hamardır. Çünki
ifadənin sığalını şair özü verir,
sözü kəpəkləməyə, qaysaqlayıb
qavazaxlanmağa qoymur.
Nə atım var, nə
qılıncım,
Nə papağım, nə
yapıncım.
Arzularım
xıncım-xıncım,
Çilik-çilik oldu
getdi.
...Şair itən
arzularını işğal altında olan
torpaqlarımızın, dağlarımızın həsrətində
görür.
O, dağlarda keçirtdiyi həyat tərzini,
uşaqlığını, analı dünyasını
unutmur, o
çağları tez-tez yada salır. Hətta
o günləri, yaşadığı üçün fəxr
edir. Anasının cəhrəsinin səsindən,
başının altındakı dükcəsinin istiliyindən,
kələfinin yumşaqlığından aldığı ləzzəti
heç nə ilə, heç bir şirin anla müqayisə
etmək istəmir.
Kələflərin içində
boya-başa çatmışam,
Dükçələr
qucağımda şirin-şirin yatmışam.
Elə bilmə, mən səni unutmuşam,
atmışam,
Həmişə yadımdadır
naxışının düyməsi,
A nənəmin cəhrəsi.
Və yaxud,
Səsi qulağımdan getmir, ay ana,
Ayrıla bilmirəm cəhrəndən
sənin.
Burda yadıma bir xatirə
düşdü: Bakıda Rəşid Behbudov adına
Mahnı Teatrında Ağdabanlı şair Qurbanın (Dədə
Şəmşirin atası) doğum gününə həsr
edilmiş tədbir keçirilirdi. Nəsib Nəbioğlu
da bu tədbirdə iştirak etmək üçün
Moskvadan gəlmişdi. Yaxın dostum, AMEA-nın
aparıcı böyük elmi işçisi, şair təbiətli,
söz, sənət aludəçisi Məmmədağa Sərdarovla
Nəsib müəllimi tanış elədim.
Tədbirin sonunda çox böyük alim, mən deyərdim
Şərq xalqları folklorunun körpüsü sayılan Qəzənfər
Paşayev, mərhum şairimiz Zəlimxan Yaqub, Qənbər
Şəmşiroğlu, Məmmədağa müəllim və
mən söhbət edirdik. Qəriblik Nəsib Nəbioğlunu
kövrəltdiyi üçün o da bir-bir
dost-tanışları, qohumları ilə
görüşüb öpüşürdü. Bunu
görən Zəlimxan müəllim özünəməxsus
bir şirin ləhcə ilə: "Tamarzı qalmaq nə pis
olormuş, a qağa! Görəsən, Nəsib
müəllim camaatdan kənddəki cəhriyimi soruşor,
çatmadakı nəhriyimi soruşor, yoxsa çəpərdəki
dəhriyimi soruşor". Şairanə
bu ifadə hamımızı güldürdü. Zəlimxan
müəllim çox ürəkdən dedi: "Doğrudan
da Nəsibin cəhriyə həsr elədiyi şeir eləjənə
cəhrənin ömrü qədər də uzun olajax.
Gör, bir şair qələmi cəhriyi hara qaldırdı,
ona ömür verdi. Elə,
qoy, nənələrimiz nağarta fırladajax,
fırlatsınlar".
Bu, Zəlimxan Yaqubun şair
Nəsib Nəbioğlu yaradıcılığına verdiyi
sadə dillə böyük qiymət idi. Həmin tədbirdə
yadigar bir şəkil də çəkdirdik.
Nəsib Nəbioğlu
böyük təxəyyüllü şairdir. O bütün şeirlərində
yeni mövzu axtarır, yeni fikir üçün
özünü əsir-yesir eləyir.
Səni torpaqlara vermişəm, ana,
Ana balasına qovuşmaq
üçün.
Şeirdən göründüyü
kimi, o hətta doğma anasını Ana vətənə -
torpağa qurban verməklə özündə bir təsəlli,
rahatlıq tapır, həm də təəssüflənir,
Xəyalım bir dünya qatardı,
getdi,
Deyirdim, əllərim
çatardı, getdi.
Anam özü ilə apardı getdi
Gözlərində gilə-gilə dərdimi!
- deyir.
Görün, şair ananın bala istəyini
nə qədər müqəddəsləşdirir!
Torpağın balası olan mənim anam, öz anasına -
torpağa qovuşanda
da balasının dərdini çəkir, məndən
narahatdır. Mənim kədərimi, dərdimi,
qəmimi gözlərinə yığıb aparır.
Özünün haqq dünyasındakı rahat evinə aparır,
ta ki, balası bu dünyada qəmsiz-kədərsiz
yaşasın.
Yenə də dərdimiz
azalmır. Çünki şairlərin dərdi
düyüm-düyümdü, həmişə pöhrə
verir. Onlar dərdin həm özünə
dözür, həm də nazına.
Öz dünyama sarılmışam
mən fağır,
Zaman məni eləyibdir
qan-bağır.
Gözlərimdən qəm ələnir,
qəm yağır,
O da düşən varağımda
beləymiş.
Nəsib Nəbioğlu
heç vaxt girəvə vermir ki, yalxı qalmış, təklənmiş
qafiyələr onun misralarına qədəm bassın.
O həmişə qafiyənin,
sözün ekizini axtarır. Çünki
şair sözləri misralara, misraları bəndlərə
elə bağlayıb isgil vurur ki, şeirdə misralar
boyunbağı kimi hamar, bəndlər isə lövbər zənciri
kimi möhkəm görünür. Çünki
şair sözü düyün salmır, ilgəkləyib təngini
vurur, kürmək kimi bağlayır. Ona
görə də söz sərrafı olan oxucu Nəsibin
qoşmalarının ilgəyini tez açıb əzbərləyir.
Şeirdə nə qədər doğanaqlı
söz işlənsə də, oxucunun dilinə yatır.
O, nə rufu uçmuş, nə də
vağanımış, uralanmış kəlmələri sətrə
buraxmır. Onlara bostançı olmaq istəmir.
O həmişə sözün sadə, dilimizə şirinlik
gətirən təzə-tər ləçəklərini dərir,
şeirə qatır.
Sənə neyləmişəm,
gözümün nuru,
Eşqimin üstündən
pərdə çəkmisən?!
Sənə neyləmişəm,
çiçək yerinə
Sevən ürəyimdə kədər
əkmisən?!
Şeirdəki
axıcılığa görə həmişə onun
yaradıcılığını ən çox sadə
adamlar, dilində sözün səlisini, qulağında cəhrənin
səsini, canında buxarının istisini, kösövün
tüstüsünü saxlayan adamlar daha çox oxuyurlar. Çünki
o, sözün kirişini o qədər daram çəkir ki,
qələm toxunanda hər mənada... dillənir.
Şair misraların
çopurunu qələmiynən qoparır. Çünki
o qələm cadarlanmış, kəltənlənmiş
torpaqda yox, gül-çiçəkli dağlarda, çəmənlərdə
rişələnmişdi, sulanmışdı.
Nəsib Nəbioğlu
sözü hərsi-pərs eləmir, özündən
küsdürmür. Əksinə, sözü ağuşuna
alır, söz özü onun çiyninə qonur. O
sözün telini sığallayır, darayır. Sözün darağı isə şairin qafiyələridir.
Bu qafiyələrdən dəstələnmiş
şeir bəndləri qadın hörükləri kimi cazibədardır.
Bir-birlərinə elə sarınırlar ki,
sanki məhəbbətə yenicə qovuşublar, ta bir-birlərindən
qopmayacaqlar.
Düşüb bir yağışa,
suya batdığım,
Bir kaha dibində ocaq
çatdığım,
Bir daşa baş qoyub daş tək
yatdığım
O daşa, çəmənə,
çölə borcluyam.
Və yaxud,
Elə ürəkliydim, elə
qorxmazdım,
Səsimi sıldırım
qayaya yazdım.
Min dəfə çiskində,
dumanda azdım,
Doymadım yurdumun gözəlliyindən.
Nəsib Nəbioğlunun təbiət
ruhlu şeirləri gəyənimiş dan üzü kimi
oxucunun sifətini işıqlandırır. Kəlmələri
ilə kəlmə arasında, misraları ilə misra
arasında ögey-doğmalıq yoxdur. Hamısı
bir-birini sacayağı tamamlayır. Misraların
gərdən çəkib boylanmasından görürsən
ki, bu misraların arxasında vətən həsrətli,
dağ həsrətli bir şair ürəyi
döyünür. Bu döyüntülərdə
"Zərbi Kərən sındıran" bir güc var. Bu
güc şir ürəkli analardan əmilən gilə-gilə
süddən yaranıb. Nə heyif ki... üzü
dönsün qəribliyin!..
Dünyanın işinə bax ha!.. Narahat sal daşlara baş
qoyub rahat yatan, sıldırım qayalara səsini yazan şair
Nəsib Nəbioğlu indi rahat yorğan-döşəkdə
də yata bilmir. Səsini dünyaya səs salan Moskvada
bir özü eşidir, bir də ki, qərib gecələr. Ta səsin
əks-sədası yoxdur. Şair çimir çalmadan deyir:
Çətin bu yerlərdə
çəmən, çöl, bayır,
Doğma torpaqları
andıracaqdı.
Pəncərəmi döyən qərib
küləklər
Məni isitməyib,
donduracaqdı.
Səbrli ol, Nəsib Nəbioğlu! Səni isidən bir hənir var, o da doğma, günəşli
Azərbaycanımızdı, sənin xalqındı, sənə
olan xalq istəyidi. Hamı bu istəyi sənin şeirlərindən,
vətənə, elinə-obana, yurduna-yuvana olan məhəbbətindən,
ocaq daşlarımıza, kömbə qayalarımıza,
tüstülü bacalarımıza, sacımıza, oxlovumuza,
analarımızın cəhrəsinə, dükcəsinə,
bir də, bir də ki, sənin özünün vurğunu
olduğun kənd ləhcəsinə
bağlılığından götürübdür.
Əl çəkmə,
qardaş, bu ləhcədən, bu sadəlikdən. Dayanma, dayanma... Yaz,
yarat! Sağlam yaşa,
ömürdə yüzə çat! Sonra, sonra da vətənə
can at! Qal salamat!
Səmimiyyətlə, xoş niyyətlə
mirvari dalğalı Xəzərdən, altun sərvətlər
diyarı Bakımızdan, Günəşli Azərbaycanın
qızılı payızından Kəlbəcərin boynuna
dolana-dolana ərşə qalxıb Şimala doğru yön
alan səba yellərindən salam göndərirəm.
İzahlar:
Şəvin - səhər
otunu alandan sonra heyvanların sağıma gəlməsi.
Orta ocaq - Ta qədimdən
babalar ocağı yaşayış damlarının
ortasında qalayardılar, tüstüsü də orta bacadan
çıxardı. Hamı bu ocağın ətrafında
qızınar, hətta sac asar, közündə kabab da
bişirərdilər. Orta ocaq sözü
o vaxtdan qalıb.
Dişək - dəyirman
daşının iç üzündən dəmir çəkiclə
kiçik yuvacıqlar açırlar ki, dən ora
düşüb əzilsin, üyünsün. Usta
dəyirmançılar tərəfindən bu, vaxtaşırı
aparılır ki, daş şumallaşıb kəsərdən
düşməsin, xamırlamasın.
Ambul - qabağa çəkən. babalar
kotan qoşanda kotanın birinci boyunduruq öküzlərini ən
güclü öküzlərdən qoşardılar ki,
çəksin aparsın, kotanın lımığı
(birinci yerə batan kəsici dəmir) daha dərin
şırım açsın).
Talaşa - ələ batan, rəndə
dəyməyən ağac parçası, qamqalaq.
Çarpanaq - bir ucu nazik,
tilişəli qopmuş, nahamar ağac parçası.
Ağnağız - böyük həcmli
işi dayandırıb işin ortasında kiçik bir iş
görmək.
Çöəjə - dəyirmanda
unu unluqdan götürüb çuvala tökən iri tutumlu
qulplu taxta qab.
Təxminən 5-6 kq. un
tutur.
Şaad - dəyirmançıya
verilən dəyirman haqqı.
Yalxı, ekiz - tək
doğulmuş balaya yalxı, qoşa doğulmuş balaya ekiz
deyirlər.
İsgil - zənciri bir-birinə
bağlayan ağac parçası və yaxud dəmir mıx.
Təng - doğanağa
vurulan düyün.
Doğanaq - aşırma ipin
təngini (düyününü) vurmaq üçün qorda
bişirilib əyilmiş 20-25 sm-lik haça ağac.
Kürmək - ipin
açılmayan düyünü.
Vağanımış - dəni
tökülüb boş qalan sünbül.
Uralanmış - bostanın
barının ən yaxşıları yığılandan
sonra tağında qalan bar.
Kiriş - cəhrənin
çataxlanmış (bir-birinə bağlanmış) pərli
topunu iylə birləşdirən müşəmbələnmiş
(ərinmiş mumla burulub-tovlanmış) köşə (dəri
ip).
Kəltənlənmiş -
sarı gilli nəm torpağın bərkiməsi.
Vəliyəddin
MİSİROĞLU
Yazıçı-publisist,"Qızıl
qələm" mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
525-ci qəzet.- 2017.- 3 fevral.- S.4.