Vətən dünyadan baxanda...
Şövkət
Zərrin Horovlu yaradıcılığının fikir və
söz mənzərəsi
Azərbaycan
qadınının sənətə gəlişi, bu çətin
meydanda qələbələr əldə etməsi qəhrəmanlıq
dastanıdır. Çünki qadın şair,
yazıçı olmaqla yanaşı, kiminsə
ömür-gün yoldaşı, kiminsə anası, kiminsə
bacısı, bir sözlə, müsəlman toplumunun bir
üzvüdür və bütün bunlarla yanaşı
üstəlik qələm adamı olmaq o qədər də
asan məsələ deyil.
Tanınmış nasir,
şair, publisist, pedaqoq Şövkət Zərrin Horovlunu
sözün hər iki anlamında bəxti gətirənlərdən
saymaq olar. Çünki o, qibtə ediləsi ömür
yaşayıb və mənalı yaradıcılıq
keçib. Təsadüfi deyil ki, şair Səyavuş Sərxanlı
Ş.Horovlunun “Sözün işığı” kitabına
yazdığı son sözdə onu bir “ana, istəkli ailə
çırağı, övladlarına çinar çətiri,
Vətənə-yurda təmənnasız fədai...” kimi səciyyələndirir.
Şövkət Horovlu bir xanımın, bir
yazarın, ümumən bir insanın rastlaşa biləcəyi
çox çətinliklərdən keçib, çox
sınaqları dəf edib. O doğulandan dörd ay sonra
İkinci Cahan savaşı başlayıb. Ağlı
kəsəndən gördüyü çətinliklər o
dövrün bütün uşaqları kimi onu da vaxtından əvvəl
böyüdüb. Uşaqlığı
aclıqla mübarizəyə həsr olunub, məktəbə
ayağı yalın gedib, qələmini mürəkkəb əvəzinə
kandalaş suyuna batırıb yazıb, qışı da yay
paltarında keçirib. Ailənin böyük
övladı kimi bacı-qardaşlarına dayəlik edib,
tarlada çalışıb... Amma oxumaq həvəsi,
öyrənmək eşqi onu ruhdan düşməyə
qoymayıb. Və bu eşq, bu həvəs
onu ADU-nun Filologiya fakültəsinə gətirib. O, bədii
yaradıcılığa da universitet illərində
başlayıb, məhəbbətini də bu illərdə
tapıb.
Həyat yoldaşı, professor
Hüseyn müəllimlə birlikdə 1977-81-ci illərdə
odlu-alovlu Əfqanıstanda yaşayıb,
övladlarının dünyaya gəlməsi və pedaqoji fəaliyyəti
ilə bağlı uzun illər ədəbi mühitdən
uzaq düşüb, ilk kitabının işıq üzü
görməsi illərlə ləngiyib... Amma son
nəticədə ədəbiyyata, sənətə olan sevgi
qalib gəlib.
Şövkət xanımın
yaradıcılığı janr etibarilə rəngarəngdir
- poeziya və onun spesifik bir qolu olan uşaq şeirləri, bədii
nəsr, publisistika; mövzuca rəngarəngdir - Güney azərbaycanlılarının
azadlıq mücadiləsi, Əfqanıstan müharibəsi,
Qarabağ savaşı, Çeçenistan və İraqda
baş verən qanlı tarixi olaylar,
qaçqın-köçkün həyatı, sosial ədalət,
elm xadimlərin fədakar əməyi, məhəbbətin tərənnümü,
təbiət gözəlliklərinin təsviri.
Horovlunun şeir və poemaları
onun “Çinar həsrəti”, “Mən Araz qızıyam”,
“Dünya, səndən nigaranam”, “Sözün
işığı”, “Heykəlləşən qatar”, “Ürəyim
dan yeridir” kimi poetik toplularında yer alıb. Bütün
mövzu-mündəricə zənginliyi ilə birlikdə onun
milli bədii vəzndə düzüb qoşduğu
poeziyasının ana mövzusu, başlıca poetik
ünvanı Vətəndir. O, sözün həqiqi və
tam mənasında milli şairdir. Şövkət
xanım Vətənin təbii gözəlliyindən də, qədim
tarixindən də, bu günündən də yazır. Amma Vətən onun poetik dünyasına ilk növbədə
iki ünvanla daxil olur - Qarabağ dərdi və Güney Azərbaycan.
Nə vaxtsa bu iki məkanı birləşdirən Xudafərin
körpüsü şair qələmində ümummilli dərdlərimizin
qovuşmasının bədii-simvolik işarəsinə
çevrilir:
Bütün dərdlərimdən
uludu bu dərd,
Tökülən qanımla
doludur bu dərd.
Gülüstan-Qarabağ yoludur bu dərd,
Yetirin siz məni Xudafərinə!
Qarabağ savaşı
Şövkət xanımın poetik yaddaşında Vətənin
tarixi ilə bağlı məqamlardan ancaq biri, yəqin ki,
birincisidir, amma sonuncusu deyil. O tarixi məqamların sonuncusu isə
təkcə Azərbaycan türkləri yox, ümumən
insanlığın beşiyi olan Azıx mağarasıdır
və şair bunu qəzəb qarışıq qürurla bəyan
edir. Amma nə bu qəzəb, nə də bu qürurda zərrə
qədər patetika yoxdur:
Elə ağlayaram, elə ucadan,
Qalxar ürəyimdən Babək,
Cavidan.
Əcdadım hay verər mənə
Azıxdan,
Yadıma yenə də o yerlər
düşüb.
Şövkət xanım
gündoğanından ta günbatanınacan dünyanı gəzib,
istər Avropada, istərsə də Şərq ölkələrində
illərlə yaşayıb. Bu amil onun
dünyagörüşünə miqyas verir,
yanaşmalarına müasir rəng qatır, onu dar, məhdud,
lokal çərçivədən çıxarır. Bütün milliliyi ilə yanaşı biz onun
şeirlərini dünyanın gəliş-gedişindən
yaxşı baş çıxaran, ayıq-sayıq
düşüncəyə, çevik siyasi təfəkkürə
malik bir insanın duyğu və düşüncələrinin
bədii ifadəsi kimi qavrayırıq. O, Vətənə
dünyadan, çağdaşlığa tarixdən baxır.
Təsadüfi deyil ki, şairin Vətən
anlayışı özünün məkan genişliyi, zaman
dərinliyi ilə diqqəti çəkir, çağdaş
Azərbaycanın coğrafi hüdudlarını aşıb
keçir:
Kəm baxmam Oğuz ilkimə,
Qayıdcam türk
kökümə.
Bir ovuc torpağam sənə,
Mənim əbədi cahanım-
Azərbaycanım!
Vətən sevgisi də
daxil olmaqla Horovlu şeirinin ilk beşiyi məhəbbətdir. Bu geniş məzmunlu,
çoxçalarlı məhəbbət
anlayışının kökü insana sevgidən doğur:
Dedin göz yaşına dəyməz
bu dünya,
Hamını bir gözdə
görməz bu dünya.
Onu sevməyəni sevməz bu
dünya,
Dünyanı sevməyi səndən
öyrəndim.
Şövkət xanımın bədii
yaradıcılığını iki əsas qola ayırmaq
olar: lirik növ - şeirlər və epik növ - romanlar,
povestlər, hekayələr. Onun sənət və həqiqət,
sənətkar və zaman kimi estetik problemlərdən bəhs
edən “İlham pərisi”, Milli Ordumuzun cəsur zabiti Ramil Səfərova
həsr olunan “Haqqın harayı”, düşmən əlinə
keçən yurd yerlərinə dair kədərli xatirələrdən,
vaqonlarda məskunlaşan qaçqınların
üzücü güzəran problemlərindən söz
açan “Yaddaş ağrıları” və digər
poemaları isə lirik və epik növ arasında
körpü rolu oyanıyır. Yurd yerinə məhəbbət,
onu itirməkdən doğan ağrı-acı, sənətə
sevgi, ədalətə inam, zəfərə
çağırış pafosu ilə
aşılanmış bu poemaların forma-məzmun
xüsusiyyətləri
Ş.Z.Horovlunu Azərbaycan epik şeiri ənənələrinin,
xüsusən də S.Vurğun və Şəhriyar dastançılıq
məktəbinin çağdaş davamçılarından
biri kimi dəyərləndirməyə əsas verir. Təsadüfi
deyil ki, sənədli-bədii materiallar və xatirələr
toplusundan ibarət “Mənim dünyam” adlı kitabında
Şövkət xanım özü də bunu qeyd edir: “Etiraf
etməliyəm ki, Şəhriyar, xüsusən də
S.Vurğun şeiriyyətinin vurğunuyam, lap elə
mümkünsə, fanatikiyəm”.
Ədəbiyyatın
yaranması tarixin olmasını tələb edir. Şövkət Horovlu
üç müharibənin ağrısı, əzabını
yaşayıb: uşaqlıq illəri İkinci Cahan
savaşının yaratdığı ağlasığmaz
çətinliklər içində keçib; cavanlıq illərində
tale onu Əfqanıstan müharibəsinə tuş gətirib;
kamillik yaşlarında isə Qarabağ olayları
başlayıb. Horovlunun
yaradıcılığı əslində bu üç
müharibənin insan qəlbinə vurduğu yaraların bədii
ifadəsindən ibarətdir. Təbiidir
ki, bütün bu olaylar onu qarmaqarışıq əsrin
narahat şairinə, narahat yazıçısına
çevirməliydi və çevirib də. Şair
özü bu barədə yazır: “...kitablarımı
oxuyanlar bir qayda olaraq deyirlər ki, yazılarında qəm-kədər
niyə üstünlük təşkil eidr? Bunun cavabı birmənalıdır:
üç dəfə ağır xəstəlik, üç
il yol gözləmək, üç il
Əfqanıstanın odu-alovu içində yaşamaq, sonra da
yurd, torpaq həsrəti, on beş il doğmaların məzarına
əli uzanıqlı qalmaq...”
Amma rastlaşdığı
çətinliklər Şövkət xanımı nəinki
sındıra bilməyib, əksinə, onda polad kimi möhkəm
iradə, optimist ruh, qələbəyə sarsılmaz inam, qətiyyət,
əzmkarlıq, sözün yaxşı mənasında
inadkarlıq hissləri formalaşdırıb. Sonralar bu
xüsusiyyətlər onun povest və romanlarının qəhrəmanlarının
da əsas fərqləndirici özəlliyinə çevrilib.
Ş.Horovlu nəsrinin coğrafi hüdudları genişdir - “Arazdan gələn səslər” romanı erməni hücumuna məruz qalmış azərbaycanlıların Qarabağdan qaçqın düşməsi prosesinə, xüsusən də Araz çayını keçərkən üzləşdikləri ağlasığmaz müsibətlərə həsr olunub. Müəllifin bilavasitə şahidi və iştirakçısı olduğu hadisələrin təsvirindən ibarət roman sadəcə bədii yox, həm də tarixi önəm daşıyır. Bu xüsusiyyət “Arazdan gələn səslər”i Qarabağ mövzusunda yazılmış digər əsərlərdən fərqləndirir, ona mötəbərlik, inandırıcılıq verir. Bədii kontrast üsulundan istifadə edən müəllif Qarabağın müharibədən öncəki cənnət gözəlliyi və müharibədən sonrakı cəhənnəm görüntülərini qarşılaşdırır və burdan da romanın əsas ideyası hasil olur - insan vətənsiz insan olmadığı kimi, vətən də insansız vətən deyil. Bu iki məfhum ayrılmazdır.
Müharibə mövzusunu davam etdirən “Əbədiyyətə qədər” povesti könüllü olaraq Qarabağ cəbhəsinə yola düşən nazir oğlu Nihadın vətənpərvərliyi və sevgisindən danışır. Romanın əsasında hansı sosial təbəqəyə mənsub olmasından asılı olmayaraq, Qarabağ uğrunda mübarizədə ümummilli birlik ideyası durur. Varlı, elitar təbəqənin gəncləri ədəbiyyatda ənənəvi olaraq, harın, vətən, millət sevgisindən uzaq, öz fərdi mənafeyindən başqa heç nə düşünməyən şəxslər kimi təsvir olunur və bir qayda olaraq, aşağı təbəqədən çıxan mərd, vətənpərvər gənclər onlara qarşı qoyulur. Şövkət xanımın uğuru onun bu trafareti, ştampı bir kənara qoyub, məsələyə tamam fərqli rakursdan yanaşmasındadır. Antik yunan dramaturqu Sofoklun məşhur bir fikri var: “Evripidlə mənim fərqim ondadır ki, onun əsərləri insan necədir, mənim yazdıqlarım isə necə olmalıdır sualına cavab verir”. “Arazdan gələn səslər”də Şövkət xanım həyata və insana gerçək, “Əbədiyyətə qədər”də isə ideal planda yanaşır, yəni birincidə insan necədir, ikincidə isə necə olmalıdır sualına cavab axtarır. Başqa sözlə, romanda faktın ardınca gedən bədii söz, povestdə onu öz ardınca aparmaq, onu özü yaratmaq istəyir.
“Tale yolu” romanı Azərbaycanın bütövlüyü probleminə həsr olunub. Romanın əsas qəhrəmanı güneyli gənclə ailə qurub Cənuba gedən və ərinin inqilabi fəaliyyətinə görə başı bəlalar çəkən, həbsxanalara düşən, ən amansız təhqirlərə məruz qalan şimallı qız Fatmadır. Simvollaşdırma üsulundan istifadə edən müəllif bir-birindən ayrı düşən Fatma və onun ömür-gün yoldaşı Qasımın timsalında Şimali və Cənubi Azərbaycanın qovuşmaq həsrətini, azadlıq arzusunu ifadə edir. Amma bu simvollar, Borxesin dili ilə desək, gerçək faktların özündən doğduğundan sxematik yox, canlı təsir bağışlayır.
Əfqanıstan müharibəsi iştirakçıları olan, vətənə açılması qadağan edilən tabutlarda qayıdan gənclərin faciəli taleyindən bəhs edən “Açılmamış zərf” povestində də müəllif eyni simvollaşdırma üsulundan istifadə edir. Açılmamış zərf povestdə sadəcə açılmayan tabutların yox, həm də müharibə ilə bağlı açılmayan sirlərin, naməlum ölümlərin, gizli həqiqətlərin simvolik işarəsinə çevrilir. Ümumən, işğalçı müharibələr əleyhinə kəskin etiraz, sülhə, xoşgörüyə, əmin-amanlığa çağırış ideyası Horovlunun povest və romanlarından qırmızı xətlə keçir. Lakin onun yaradıcılığında vətənin azadlığı və şərəfi uğrunda lazım gələrsə, canından keçmək çağırışları da eyni qüvvətlə səslənir.
Şövkət xanımın publisistikası onun nəsr yaradıcılığının xüsusi bir qoludur. Bu publisistikanın zirvəsi vəfalı ömür-gün yoldaşı, gözəl insan, tanınmış alim, bir neçə elmi kitab və çoxsaylı məqalələrin müəllifi, geologiya-minerologiya elmləri doktoru Hüseyn Hüseynovun həyat və yaradıcılıq yolundan bəhs edən “70 illik ömür yolu” kitabıdır.
“Babam əyri yeriyir”, “Babam iki alıb”, “Yeddinci sevinc” kitablarında toplanan uşaq şeirləri isə dünyanın müxtəlif ölkələrinin torpaqlarını ayaqlamış, üç müharibə görmüş bir nənənin öz nəvələrinə və onların timsalında bütün nəvələrə sevgisini, könül arzularını ifadə edir.
Azərbaycan Yazıçılar Birliyinin, “Məhsəti” və “Qurbani” şairlər məclisinin üzvü Şövkət Horovlunun yaradıcılığı istər ayrı-ayrı söz adamları və tənqidçilər, istər müəyyən yaradıcı qurumlar, istərsə də oxucular tərəfindən layiqincə qiymətləndirilib. Yazıçının “Arazdan gələn səslər” romanı 2011-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Fondun “Türk Törə Ocağı” mükafatına layiq görülüb, “İlin kitabı” elan olunub. O, Qarabağ mövzusunda yazdığı əsərlərə görə Rəsul Rza mükafatına layiq görülüb, “Qızıl Qələm” mükafatı laureatıdır.
Lakin yazıçının özünün dili ilə desək, “insan...dünyaya gəldiyi ilk gündən nəyə isə can atır, harasa tələsir.
Ümid qanadlarından asılıb öz içində yaşatdığı, özündən başqa heç kəsin qapısını aça bilmədiyi öz dünyasına doğru yol gedir. Bu yolun nə vaxt qurtaracağından xəbərsiz, bu yolun hansısa döngədə qırılacağını ağlına belə gətirmədən gedir”.
Bu yolda Şövkət xanıma cansağlığı, yeni yaradıcılıq uğurları arzu edirik.
Əsəd
CAHANGİR
525-ci qəzet.- 2017.- 4 fevral.- S.22.