Gülüşlərin cingildəsin saz
kimi...
“Bəzi adamları güldürmək lazımdır ki, sizi boğazınızdan asmaq niyyətləri yaddan çıxsın”.
(Bernard Şou)
O gündən
ki söz sənəti ruhumuza qida verib, o gündən ki komik
duyğu qəlbimizi nurlandırıb, o gündən də
insan mənən təzələnib, özünü rahat və
ayıq hiss edib.
Ecazkar gizli bir qüvvə onun fəaliyyətini gücləndirib,
onu daha böyük əməllərə səsləyib. Gülüş
insanın təbiətindən doğub; o, xalqın
ruhundadır, qanındadır. Qədimdən
bəri şən zarafatlar, həyat həqiqətinin
ümumiləşmiş bənzəri olan sərrast lətifələr,
məzhəki tamaşalar, yüksək hazırcavablıq
nümunəsi aforizmlər azərbaycanlı məişətinin
çətin anlarının, ağır günlərinin
işıqlı ümidi olmuşdur. Kiçik
ifadələrdən, hikmət dolu atalar sözləri və məsəllərdən
başlamış, xalq təfəkkürünün məhsulu
olan dastanlara qədər bütün folklor nümunələrində
xalq ruhunun ayrılmaz hissəsi olan yumordan,
hazırcavablıqdan, kəskin satiradan bir pay vardır. Ustadların yaradıcılığına da xalqdan
gəlib, onun folklorundan süzülüb. Usta
sənətkar onu xalqdan alıb cilalayır və xalqın
özünə qaytarır.
Adi
gülüş yalnız anlaq təzahürüdür,
adamların həyat ziddiyyətlərini başa düşmələrinin
və özlərini ondan yüksəkdə dərk etmələrinin
əlamətidir.... Halbuki komiklik aləminə
ümumiyyətlə intəhasız şadlıq,
özünün öz ziddiyyətlərinin fövqündə
hökmən ucaldığına bir inam daxildir.
Azərbaycan ədəbiyyatında gülüş
qammasının bir başında Füzuli “Şikayətnamə”sinin
acı təbəssümü, digərində Mirzə Cəlil
qəhqəhələri durur. M.F. Axundov, Q. Zakir, S.Ə. Şirvani
yaradıcılığında özünü aydın,
professional şəkildə təqdim edən milli satiramız
mollanəsrəddinçilərin əsərləri sayəsində
böyük sənət kimi tanınıb. Üzeyir
Hacıbəyovun məşhur komediyaları və satirik
publisistikası da bu zəmində yaranıb və əsrin dəsti-xətti
kimi meydana çıxan “Molla Nəsrəddin” ədəbi məktəbi
ilə əl-ələ verib. Beləliklə,
satira sənəti ədəbi-mədəni tariximizdə kamil
mənəvi abidə-sərvətə çevrilib.
Satira Ə. Haqverdiyev, C. Cabbarlı, Simürğ, Qantəmir,
Mir Cəlal, S. Rəhman, S. Dağlı, S. Qədirzadə kimi
yazıçılarımızın və başqa qələm
sahiblərimizin yaradıcılığında
ömrünü davam etdirib.
Təbiətdə günəş, cəmiyyətdə
isə gülüş və satira bir sıra mikrobların ən
amansız düşmənidir. Dünya satira və yumorunun nəhəngləri
Rable, Servantes, Svift, Qoqol, Salıtkov Şedrin, Çexov, Y.
Qaşek, K. Çapek, Mark Tven, Ohenri, Əziz Nesin, Rıfat
Ilqaz və onlarla başqaları real göstərdikləri həyatın
mikroblarını öz satira günəşləri altında
məhv etməmişdimi? Satiranı dünya ədəbiyyatında
onlarla bərabər Aristofan, Plavt, Bokkaro, Molyer, P. Bomarşe,
B. Şou, H.Mann, B. Breat, İ.A. Krılov... kimi yazarlar məşhurlaşdırmışlar.
“Satira şən və hazırcavab adamların qərəzsiz
hırıltısı deyil, cəmiyyətdəki
biabırçılıqdan özünü təhqir
edilmiş sayan adamların alovlu, dəhşətli qəzəbidir”. İlk
yadıma düşən rus mütəfəkkiri V.Q.
Belinskinin bu tərifi kifayət qədər dəqiq və
tutumludur. Onun müasiri N.B. Qoqol bu fikri bir qədər də
inkişaf etdirir:
“Gülüş
- böyük məsələdir: o, nə adamın həyatına
qəsd edir, nə də adına, lakin təqsirli
şəxs onun qarşısında özünü əl-qolu
bağlı dovşan kimi hiss edir”.
Satiranın
mahiyyətindən danışarkən Dostoyevski
yazırdı: “Satira bizim nöqteyi-nəzərimizcə, iki əksikliyin
- komik və tragik vəziyyətlərin dialektik birliyidir”.
Nitsşe də təxminən elə düşünür:
“İnsan o qədər acı çəkdi ki, gülməyi
yaratmaq məcburiyyətində qaldı”. “Müqəddəsi
başa düşmək üçün əvvəlcə
şeytanın vəkilini dinləmək lazımdır”.
Bu kəlam isə görkəmli ingilis yumoristi
Bernard Şouya məxsusdur. “ Mən
bu gülüşün arasında göz yaşlarını
görmək istərdim”. Bunu da B.Şou deyib.
Mark Tven belə hesab edir ki, gülüş bəşəriyyətin
ən böyük xeyir-duasıdır. Onun yumor
haqqındakı mülahizələri
yaradıcılığından süzülüb gəlir.
“Gedliberqi yoldan çıxaran adam” belə
hesab edir ki, yalnız həyat həqiqəti əsasında
yaranan yumor yaşayacaqdır. Hər bir axmaq da
adamı güldürə bilər, lakin əsərin
kökünü insanlara məhəbbət təşkil etmirsə,
bu, boş məşğuliyyətdir.
İş
- güc, məktəb, imtahanlar, edilməsi lazım olan
işlər, ailədaxili, iş yerindəki problemlərimiz,
şəxsi həyatımızdakı eniş - yoxuşlar... Bunların hər biri pessimizmə ünvanlanan
yollardır. Xoş əhval, xoş ovqat o
adamlara nail olur ki, ona can atırlar. Çox
kasıb, xəstə və xəstəsi olan adamla
rastlaşmışam ki, özünə təlqin etdiyi
xoş ovqatla həyata daha çox bağlanıb. Onunla kəsdiyim pendir-çörəyin ləzzətini
heç yerdə dada bilməmişəm. Çox
imkanlı, həyatda uğur dalınca uğur qazanan, lakin
sir-sifətlərindən zəhər yağan adamlarla cənnət
məkanda quş südü düzülmüş süfrə
arxasında oturmuşam. Görmüşəm ki, belələri
ilə bal da yeyəndə zəhər
olur. İllah da ki, o qonaq eləyəndə... Elə
bil yediyin qabırğa kababı qoyunun deyil, bunun
qabırğasının ətidir, dişinə çəkdikcə
ağrıdan ufuldayır.
Bir balsatan
dükanını ən yaxşı ballarla doldurduğu halda,
gələn müştərilərə heç bal sata bilmirmiş. Bir gün təcrübəli
bir insana şikayət edir:
- Ən yaxşı ballar məndə olduğu halda, gələn
müştərilər ballarımı bəyənməyərək
gedirlər. Halbuki qonşularımın balları yaxşı
deyildir, ancaq müştəriləri heç bir zaman əskik
olmur. Bunun səbəbi nədir?
Adam bu
cavabı verir:
- Sən bal satırsan, sir-sifətin isə sirkə
satır!
Türk
yazıçısı Sevgi Soysal, “Yenişəhərdə
bir günorta vaxtı” romanında yazır: “Gülən adam əliaçıq olur. Bir
gülüşü belə əsirgəyən adam pul-paranı dünəndən əsirgər.
Onlar heç bir şeyi əvəzsız etməz.
Gülməyi də. Ya yaxşı ət
versin deyə qəssabın, ya tərfini etsin deyə
müdirinin, ya seçkilərdə səs versin deyə
xalqın üzünə gülər. Beləcə,
qarşılıqsız gülməyi bilməz. Gülənlərdən də şübhələnər.
Sifətini turşudar, məndən bir şey istəyəcək
deyə...”
Amma bütün bunların əvəzində bir təbəssüm
bəxş etmək bu qədər çətindirmi? Bəs niyə
bəzi insanların içindən təbəssüm etmək
gəlmir, bilirsiniz? Çünki daxili
dünyaları qap-qaradır. Biz
otağın pərdəsini kənara çəkməsək,
içəri o gözəl günəşin
şüaları düşməyəcək. Azacıq bir təbəssüm. Nə
itirər ki, insan təbəssümlə? Əlbəttə,
heç nə. Lakin cəmiyyətdə
qaşqabaqlı, hər an dava-dalaşa
hazır olan, bir-birinə azacıq təbəssümü belə
qıymayan insanlar da yox deyildir. Təbəssümə
xəsislik edən insan başa düşə bilmir ki, xoş
münasibət göstərməklə heç nə itirməyəcək,
əksinə, qarşısındakı şəxs onun bu hərəkətindən
mənəvi güc, xoşbəxtlik qazanacaqdır.
İnsan nə qədər gülərüz olarsa,
özünə bir o qədər dost qazanar. Düzdür,
hər kəsin problemi, qayğıları var. Lakin
qaşqabaqlı gəzmək heç kimin problemini həll
etmir, əksinə, dərdinin üstünə dərd gətirir.
Çünki sən qarşındakına necə
münasibət göstərirsənsə,
qarşılığında da onu alırsan. Əgər birinə acıqlı baxsan, cavabında
acıqlı baxış alacaqsan. Bu sənin
əhval-ruhiyyəni daha da pisləşdirəcək. Əksinə, kiməsə gülər üz
göstərsən, eyni cavabı alacaqsan və bununla əhvalın
yaxşılaşacaqdır.
Təbəssüm sevginin və insanpərvərliyin
açarıdır. Evdə səadət, işdə müvəffəqiyyət
deməkdir. Gülər üz ona
ehtiyacı olana dərman kimidir. Bəzən
bir həyatı xilas edə bilər. O, həmçinin
simamızın gözəlliklərini də ortaya
çıxarır. Deyirlər ki, insanın
üzü onun daxili aləmini əks etdirir. Ancaq ona da əmin olun ki, insan öz çöhrəsini
həmişə təbəssümlə bəzəsə, bu,
onun daxilinə də əks edər, hisslərinə də,
düşüncələrinə də. Özünü
inandıra bilmək, həmişə gülərüz olmaq
sağlamlıq, eləcə də ətrafdakıların
ovqatını yaxşılaşdırmaq üçün
çox vacibdir. Bu cür insanlar cəmiyyətdə
ümid müjdəsi kimi dolaşırlar.
Hələ ailədə sizin körpəniz xəstələnibsə,
əmin olun ki, üzünüzdəki təbəssümə,
ümid dolu sözlərinizə onun çox böyük
ehtiyacı var. Ümumiyyətlə, özünü
inandıra bilənlər başqalarını da
inandırırlar. İnanmalı və
inandırmalıdır ki, hər şey qaydasındadır,
ailənin xoşbəxtliyi üçün hər hansı
ciddi maneə yoxdur.
Robin
Şarma “Ferrarisini satan müdrik” əsərində
gülüşü belə dəyərləndirir: “Gülmək
ruhun dərmanıdır. İçindən gəlməsə
belə bir aynaya bax və bir neçə dəqiqə
gül. Özünü bəxtəvər hiss edəcəksən”.
Gülsəniz dünya da gülər;
ağlasanız təkbaşına ağlarsınız.
Kədəri təklikdə keçirmək olar, amma sevinci
tamamilə duymaq üçün onu başqa adamla
bölüşmək lazımdır:
Gülməyən
insanın qarnı tox olsa
belə,
ruhu acdır
Gülmək
çörək, su,
hava kimi
vacib bir ehtiyacdır.
Gülüş xoş ovqatın rəhnidir. Ovqat
yaxşı olanda işləmək də asan olur,
çünki gülüş mənfi emosiyaları beyindən
sıxıb çıxarır, müsbət yüklü
beyin bədəndə yeni güc axını yaradır.
Ovqatı xoş insan istənilən problemin həllinə
daha yaxındır, nəinki ovqatı təlx biri.
Qəzəb - içində saxlandığı qabı
aşındıran turşu kimidir. O, saxlandığı qaba
töküldüyü qabdan daha çox zərər yetirir.
Sadəcə bir günümüzdə bizi xoşbəxt
edəcək o qədər çox detallar var ki, bir azca bunlara
fikrimizi cəmləşdirməyimiz, bir azca kiçik nələrdənsə
özümüzü xoşbəxt etməyimiz
lazımdır. Xoş ovqat, gülüş həm də
insanın sağlamlığına kifayət qədər
müsbət təsir edəcək amillərdən biridir.
Həkimlərin qənaətinə görə,
gülüşün insan sağlamlığında xüsusi
rolu vardır.
Bu amillər aşağıdakılardan ibarətdir:
1.
Gülmək insanı stressdən, depressiyaya düşmək
təhlükəsindən xilas edir.
2.
İnsan gülüşü zamanı orqanizmdə artıq
kalorilər sərf olunur ki, bu da kökəlmənin,
xüsusilə də piylənmənin qarşısını
alır.
3. Dərinin
tez qocalmaması üçün gülüş ən
gözəl vasitədir. Belə ki, insan gülən
zaman üz dərisində və qarın nahiyəsində əzələlər
daima hərəkətdə olur. Daha dəqiq
desək, əzələlərin gimnastikasına səbəb
olur.
4. Beş
dəqiqəlk sağlam gülüş 30-40 dəqiqə tam
istirahəti əvəz edir.
5.
İnsan güldüyü zaman dərindən nəfəs
alır ki, bu da ağciyərlərimizin fəaliyyətinə
rahatlıq gətirir.
6.
İnsan gülən zaman qanda şəkərin səviyyəsi
aşağı düşür. Odur ki, şəkərli
diabetdən əziyyət çəkənlərə daha
çox gülmək məsləhətdir.
7.Gülmək orqanizmin immun sistemini gücləndirir.
8. Qan təzyiqi
olan insanlar on dəqiqə güləndən sonra təzyiqlərini
ölçsələr, gülüşün xeyrini hiss edəcəklər.
9.
Gülmək insan beyninin gərginliyini azaldır və zehni fəaliyyəti
gücləndirir.
10. Ən
başlıcası olaraq insan gülüşü ətrafdakı
insanlara da xoş əhval bağışlayır.
Təbii ki, düşünəcəksiniz - səbəb
olmadan necə gülmək olar? Hər şeyə
gülmək dəlilikdir; heç bir şeyə gülməmək
isə səfehlik. İnsan
güldüyü qədər insandır. Radi Fişə
görə “Ağlamaq köləliyin, gülmək
özgürlüyün ifadəsidir”.
Uzun illərdir ki, insanlar özlərini,
yaxınlarını, psixoloqlar öz xəstələrini,
sosioloqlar isə işlədikləri lokal insan birliyini optimist
etməyə məcbur edirlər. “Gülümsəyin!”
sözü Amerikada həyatın şüarı idi. Son zamana kimi. “Keep smiiling” cümləsi
elə amerikan psixoloqlar və sosioloqlar tərəfindən
şübhə altına alınıb. Onların
da özünəməxsus məntiqləri olduğundan indi qərbdə
“Adekvat pessimizm” optimizm tiraniyasına güc gəlməyə
başlayır. Bir çox psixoloq həmişə
qalib düşüncəsinin insanların ağlında
kök atmasına görə çox narahat olduqlarını
bildirirlər.
“Bəsdi gülümsədin, deyinməyə başla”
şüarının müəllifləri deyir ki, öz həyatının
üz qabığını bahalı jurnallar kimi bəzəmək,
uzunmüddətli kədər vəziyyətindən qat-qat
daha çox ziyan vurur. Sadəcə olaraq həddi aşmaq
lazım deyil. Orta yolu tapmaq, yerli-yerində
pessimizmdən və optimizmdən istifadə etməyi bacarmaq
lazımdır. Psixologiya individual təsir sahəsidir və
bir qayda hər kəsə uyğun ola bilməz.
Saxta
gülüş lakmus kağızı kimi bir
şeydir,
yalanı üzə çıxarmaqda əvəzsizdir. Qarşınızdakı insanın
gülüşünə diqqət edin. Süni
gülüşlər sadə olur. Yəni,
gözlərində və üzünün digər əzələlərində
gülüşə dair bir işarə tapa bilməzsiniz.
Həmçinin yalandan gülən insanların
dişləri görünmür. Həqiqi
gülüşdə isə gözətrafı dəri
dartılır və dişlər görünür.
Gülmək yaraya məlhəm qoymaq kimi bir şeydir, məlhəm
qoymasan, yara daha dərinə işləyəcək, onda
sağalması müşkül məsələyə
çevriləcək. İlk əvvəl öz dərdinə
gül ki, davası olsun. Sənin kədərin kiminsə
gülüşünə səbəb ola
bilər.Amma sənin gülüşün heç kəsin kədərinə
səbəb olmamalıdır. “Molla Nəsrəddin” jurnalı
ilk nömrəsində oxuculara belə xitab edirdi: “Ey mənim
müsəlman qardaşlarım! Zəmani ki, məndən bir
gülməli söz eşidib, ağzınızı göyə
açıb və gözlərinizi yumub, o qədər “ xa - xa ! edib
güldünüz ki, az qaldı bağırsaqlarınız
yırtılsın və dəsmal əvəzinə ətəklərinizlə
üz - gözünüzü silib, “lənət şeytana”
dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə
gülürsünüz.
Ey mənim
müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz
ki,kimin üstünə
gülürsünüz, o vaxt qoyunuz qabağınıza
aynanı və diqqətlə baxın camalınıza”.
Hər bir sənətkar bədii əsərdə ilk
növbədə özünü ifadə edir,
yaşadığı dövr, mühit, cəmiyyət
haqqında düşüncələrini oxucu ilə
bölüşür. Satirik sənətkarın da fərdi
üslubu cəmiyyətdə müşahidə etdiyi kataklizmlərdən,
siyasi, mənəvi aşınmalara münasibətdən, təsirlənmələrdən
formalaşır. Vaxtilə Bomarşe öz əsərlərindəki
satira və gülüşün mahiyyətini
açıqlayaraq yazırdı: “Mən ona görə
gülürəm ki, ağlamayım”.
Atilla
Dorsa isə deyirdi : “Gülmək... Zəkamıza səslənən,
ağlımızı işlədən, insanla təbiət
arasına bəlli bir məsafə qoyan, insana ətrafındakı
hər şeyə qarşı bir tənqidi baxış
istedadını hədiyyə edən, qısacası,
insanı insan edən şeylərin arasında bəlkə də
başda gələni gülmək bacarığıdır”.
Təbəssüm
insanın dağ boyda dərdini bir saniyədə
qaldırıb atmasına səbəb ola
bilər. Onu sakitləşdirər, hüzur verə
bilər. Yetər ki, bu, içdən gələn,
səmimi, təmənnasız bir təbəssüm olsun.
Danışarkən və dinləyərkən
təbəssüm etməyi unutmayın. Amma
əlbəttə ki, bunu yerinə görə etmək
lazımdır. Biri çox ciddi mövzuda
nə isə danışırsa, yaxud dərdini sizinlə
bölüşürsə, bu təbəssüm kinayə və
saymazlıqdan başqa heç bir şey olmaz. Təbəssüm süni olanda uzaqbaşı istehza
etmiş olursan. Amma içdən gələndə
həm sən xoşbəxt olursan, həm də
başqaları.
Yaşadığımız
dünyanın ən populyar sənət əsəri, italyan rəssam
Leonardo Da Vinçinin üzərində yeddi il işlədiyi
“Mona Liza” tablosu 1911 - ci il avqustun 21 - də Parisdəki Luvr
muzeyindən oğurlandı və 27 ay sonra Vincenzo Perugia
adlı bir italyan, rəsmi Florensiyada Uffizi Galerisinə 100 min
dollara satmağa çalışarkən yaxalandı. Yaxalanarkən oğruya elə gəldi ki, Mona
Lizanın hüzn dolu çöhrəsinə acı təbəssüm
çöküb. Bəlkə fərasətli
oğrunun fərasətsiz alverinəmi, rəsmi dəyərindən
qat - qat aşağı satmasınamı gülürdü o?
Xeyr, Perugia onu oğurlamadan 400 il öncə
gülümsəməyə başlamışdı Mona
Liza...Rəsm tapılsa da Leonardonun 1503 və ya 1504 - cü ildə
Florensiyada yağlı boya ilə yaratdığı portretdə
kimliyi hələ də mübahisə mövzusu olan kirpiksiz,
qaşsız qadının təbəssümündəki həqiqəti,
Da Vinçi kodunu axtarırıq. Əsrarəngiz
gülümsəməsinin sirri nədir? İnsanlığın
haradasa bütün duyğularını bir təbəssümün
bir anına sığdıra bilməsindəmi? Bu təbəssüm gözlərdənmi
qaynaqlanır, ya dodaqlardanmı? Tədqiqatçılar
hələ də bu ofsunlayıcı təbəssümün,
bir arada olan hüzn və nəşənin sirrini açmaqda
çətinlik çəkirlər.
“Əgər
köləlik pis deyilsə onda heç bir şey pis deyil”
aforizminin müəllifi, Amerika Birləşmiş
Ştatlarının 16 - cı prezidenti Avraam Linkoln oğlunun
müəlliminə göndərdiyi məktubda yazırdı:
“Əgər bacara bilsən, səmimi bir gülüşün
sirrini öyrət ona”.
Düşünün ki, gülməyimizə mane olan nədir? İlk
növbədə uzun-uzadı ürək üzən
seriallardan, xoşagəlməz söhbətlərdən,
sosial problemlər haqqında dərindən düşünməkdən
uzaq olun. Gün ərzində sizə mənfi
təsir göstərən tıxacların, növbələrin
və s. bu kimi halların gərginliyini canınızdan
çıxarmaq üçün komediya janrında filmlərə
baxın, lətifələr oxuyun, əyləncəli
jurnalları mütaliə edin, ən başlıcası isə
doğmalarınızla zarafatlaşın. Bir
də ən əsası odur ki, gülən zaman güzgüyə
baxın. Onda əmin olacaqsınız ki,
gülüş sizi nə qədər gözəl və nə
qədər cazibədar göstərir. Odur
ki, gülüş üzünüzdən əskik olmasın.
Amma bir şərtlə. Özünüzü
şit-şit gülməkdən və üzünüzə
şit-şit gülənlərdən qoruyun. Çin
filosofu Çen Qao-Mo gülüşün
aşağıdakı qadağanlarını müəyyən
edib:
-rişxənd,
yaxud istehza edərək, ələ salaraq gülmək,
-məsxərə,
kim nəyisə başa düşməyəndə
ona gülmək,
-başqasını
axmaq yerinə qoymaq,
-gülməli
olmadığı halda özünü gülməyə məcbur
etmək,
-hamıdan
əvvəl gülmək,
-yersiz
zarafat etmək,
-gülüşünlə
zavallının qəlbinə dəymək,
-uzun-uzadı zarafat edib gülmək və s.
Mentalitetimizdə
şit gülüş qadın üçün arzuolunmaz
sayılıb. Lakin üzügülər qadını kim arzulamaz ki? İşdən evə yorğun
dönən kişi üçün onu
astanada qarşılayan qadınının təbəssümündən
dadlı nə ola bilər? Xalqın yaddaşında qorunub
saxlanılan, bizim günlərimizdə də öz
aktuallığını itirməyən, Azərbaycan
xalqının musiqi-poetik yaradıcılığının ən
qədim və önəmli janrlarından olan mahnılarda
deyildiyi kimi:
Gülüşlərin
cingildəsin saz kimi,
Hər tərəfə
yayılsın avaz kimi,
Sən
güləndə könül gülür yaz kimi,
Gülə-gülə,
gülə-gülə, ay xanım,
Gülə-gülə,
gülə-gülə al canım!
Yasəmənlər
açıb çiçəklənəndə,
Bənövşələr
küsüb boynun əyəndə,
Şeh
düşübən çəmənlər şehlənəndə,
Gülə-gülə,
gülə-gülə, ay xanım,
Gülə-gülə,
gülə-gülə al canım!
Sən
güləndə açır gül, yasəmənlər
Heyran olur
avazın eşidənlər,
Görən
varmı, sənin kimi bəxtəvər,
Gülə-gülə,
gülə-gülə, ay xanım,
Gülə-gülə,
gülə-gülə al canım!
Sezen
Aksunun ən möhtəşəm mahnısının da
adı beləcədir:
“Gülümse”:
Gülümse,
hadi gülümse!
Bulutlar gitsin.
Yoksa ben
nasıl yenilenirim,
Hadi,
gülümsə!
Belki
şehre bir film gelir,
Bir güzel orman olur yazılarda.
İklim
değişir akdeniz olur,
Gülümse!
Tut ki
karnım acıktı,
Anneme küstüm.
Tüm şehir bana küstü.
Bir kedim
bile yok,
Anlıyor musun?
Hadi
gülümse!
Qızının təbəssüm dolu istəyinə
hansı ata “yox” deyə bilər ki?
-
Dükan sənin, qızım!
Uilyam
Ceyms: “Bəxtəvər olduğumuz üçün gülməyək.
Güldüyümüz üçün bəxtəvər
olaq” deyib. Bu məqsədlə günə
kefini açan bir addımla başla. Gül, şənlən
və sahib olduğun hər şey üçün
şükr et. Görəcəksən,
hər gün gözəl ərmağanlar gətirəcək.
Gülməyin gücünü həmişə
xatırla. Musiqi kimi o da həyatın stress və
sıxıntılarına qarşı möcüzəvi bir
üsuldur. Qəhqəhə ürəyinizi
açar və ruhunuza sığal çəkər.
Yumor - zarafat arxasında gizlənən ciddilikdir. Satirik əsərdə
komizmi hər bir elementdə - adi sözlərdən, adlar və
ləqəblərdən, ifadə və ibarələrdən,
atalar sözləri və məsəllərdən, tizfəhmlik
aforizmlərindən, komik təkrirlərdən, məcazın
trop növlərindən başlamış, ədəbi
sitatlara, ara söz və ara cümlələrə, təhsin,
təqdir bildirən sözlərə, epiqraflara qədər
çox rəngarəng vasitələrdə görmək
mümkündür.
Bu gün Azərbaycanda satira Anarın, Elçinin,
bütövlükdə tək-tük qələm sahiblərinin,
yazılı və elektron mətbuatda bir sıra köşə
yazarlarının çiyinlərində dayansa da,
ardıcıl xarakter daşımır. Odur ki, yumor
“şən və hazırcavab adamların qərəzsiz
hırıltısı” ilə müşayiət olunaraq
özünə böyük bir auditoriya toplayır.
“Avtostoyanka” komediantı səhnədə şıllaq atan
zaman telekameranın ona tuşlandığını hiss edən
tamaşaçı elə bəxtəvər gülümsəyir
ki... Qarnını tutub qəh-qəhə çəkənlər
də az deyil. Onların arasında
tanınmış ziyalıları da görəndə adam heyrətə gəlir: Yəni
doğrudanmı tamaşaçı zövqü bu dərəcədə
korlanıb? Doğrudanmı təbiətən
yumoru qanında, canında olan xalqın gülüş
payı səhnədə arvad paltarı ilə
atılıb-düşən, səhnədə hərzə-hədyan,
küfr-söyüş, təhqir və həqarətləri
ilə alqış qazanan bu gədələr tərəfindən
dozalaşdırılır? Doğrudanmı?
“Ədəbiyyat”
Qəzetinin 2016-cı il 5 noyabr tarixli 41-ci nömrəsində
Anarın “Bir güllə bahar olmaz” adlı satirik hekayəsi
belə hallara, xüsusən Azərbaycan ədəbiyyatını
bilərəkdən aşağılamaq tendensiyasına
qarşı çox vacib və haqlı etiraz səsidir. Əgər stəndablarda son illərin belə
uğurlu yazıları əvəzinə ana-bacı
yanında danışılmayan sözlər yer alırsa, onda
heyf Rəfael, Coşqun, Fərda kimi gənc aktyorların
istedadına.
Əlbəttə, onların tamaşaçıları
“zövqlər müxtəlifdir, zövqü mübahisə
predmetinə çevirməzlər” - deyə bilərlər. Kimə hara
xoşdursa, orada gülüb-əylənsinlər. Sən
isə, əziz oxucu, canın sıxılanda, əsrin
qovhaqovundan yorulanda, dünya satiriklərinin kitablarından
birini qarşına qoy! Onları öz dillərində
oxumaq nə gözəl olardı. Amma olmayan yerdə tərcümələrdən
oxu! Bu əsərləri dilimizə çevirənlərin
Vətən sevgisindən bəhrələn. O zaman
Qarqantua və Pantaqruelin nəhənglər dünyasında
onlar qədər ucalacaqsan.Kapitan Stormfildlə cənnətə
səyahət edəcəksən. “Milyon funt sterlinqlik bank
bileti”ni mütaliənin sonunadək cibində
hiss edəcəksən. Don Kixot və Sanço
Pansa, Rosinantla tobossalı gözəl Dulsineyanın
sorağına düşüb ecazkar bir aləmə
yollanacaqsan.
Az qala
rus nəsrinin dahisi Qoqol yadımdan
çıxmışdı. Əgər mən
ruhani olsaydım, “Ölü canlar”ın son səhifələrinin
yuxarıdan diktə olunduğunu düşünərdim.
“Şinel”, “Peterburq povestləri” və “Dikanka
yaxınlığında xutor axşamları” musiqi ilə
müşayiət olunan acılı, şirinli
gülüşdür!
İlf və Petrov - yumor məktəbidir. “Qızıl
dana”, “12 stul” əvvəllər hissə-hissə, son illər
bütöv şəkildə dilimizə tərcümə
edilib. Onlar sadəcə gülürlər.
Hər ikisində gülüş şən
intonasiya ilə müşayiət olunur. Diqqət
edin, Ostap Bender necə də lirik rəhmandır. O deyir:
“Mən sosializm qurmaq istəmirəm”. Bunu ötən
əsrin otuzuncu illərində - kütləvi repressiyalar ərəfəsində
mənfi qəhrəman deyir, amma biz ona açıq simpatiya
duyuruq. Canlı, şən insana yer vermədiyi
üçün o, sosializm qurmaq istəmir. Bu, fərdiyyətçiliyin üsyanıdır.
Bilmirəm onlar öz aralarında bunu nə dərəcədə
hiss ediblər və məqsədləmi yazıblar. Amma
istedadlı yazının xüsusiyyəti budur: müəllif
öz istədiyindən artığını yazmış
olur.
Bulqakovun “Master və Marqarita”sını indiyədək
oxuduğum ən yaxşı əsər hesab edirəm. Sehirlidir, yenidən
və yenidən oxunmağa qadirdir.
Hər birimizin bəyəndiyi, sevdiyi kitablar çox
olur, ancaq elə əsərlər olur ki, onu dönə-dənə
oxumaq istəyir insan. Mixail Zoşşenkonun “Mavi kitab”ı da mənim
üçün bu tip kitablardandır. Hətta
əlimdə olsa, kitabı 9 milyon nüsxə ilə çap
etdirib bütün Azərbaycan vətəndaşlarına
paylayardım. Bu kitab xalqın heç zaman düzəlməyəcəyini,
belə gəlib belə də gedəcəyini deyən
insanlara çox gözəl cavabdır!
Amerikan
yazıçısı Mark Tvenin “Ağ filin
oğurlanması”, “Gedliberqi yoldan çıxaran adam”, “Tennessi
ştatında jurnalistlik”, “Milyon funt sterlinqlik bank bileti...” Bu əsərlər
hələ ötən əsrin ortalarında dilimizə
çevrilsə də, latın
qrafikası ilə kütləvi nəşrlərdə yer
almamaları təəssüf doğurur. (Alıbsa lap
yaxşı) Qəhqəhə ilə gümək
istəsən o zaman bu əsərlər köməyinə gələcək,
çuğlaşan xoş duyğular gürşadında
yaşayacaqsan.
Gülüş mahiyyətdən gələndə
hamı üçün şirin olur. Məsələn belə:
Bir dəfə artıq qocalıb əldən
düşmüş Budyonnının yanında Çapayevdən
növbəti lətifə danışırlar. Hamı uğunub gedir,
Budyonnının isə heç dodağı da
qaçmır, susur, sonra incik-incik fısıldayıb deyir: “ Mən o axmağa deyirdim axı: oxu, öyrən,Vaska,
yoxsa adamlar sənə güləcək”.
Deyirlər ki, yaltaqlıq axmaqların xörəyidir. Halbuki, nə qədər
ağıllı adam bu xörəkdən
heç olmasa, bir qaşıq dadmaq istərdi. Yumor
isə elə bir xörəkdir ki, bir-iki qaşıqla kar
aşmaz, gərək axırına çıxasan. Çünki onu dadanda “könül gülür,
elim gülür, gülür, aləm gülür”. Nədən sən də gülməyəsən?
Gülməli o qədər şey varkən... Yevgeni Petrov belə
dua edirdi: “Pərvərdigara! Mənə səbr
ver, bu dəqiqə, təcili ver!” Sənsə belə
dua et: “ Pərvərdigara! Mənə
gülüş bəxş elə, bu dəqiqə, təcili
bəxş elə”.
Qoy hamı gülsün. Çünki üzünüzdəki
gözəlliyin xaricə vurmasıdır o! Və əslində
siz fikir vermədən də, başqalarının
ağlının qapısını döymədən daxil
olan dostunuzdur o! Bir balaca gülümsəyin, həyatınız
dəyişsin! “Həmin
o Münhauzen” filminin məşhurlaşmış ifadəsini
yadınıza salıb “gülümsəyin cənablar,
gülümsəyin!”
Hüseyn
ƏSGƏROV
Naxçıvan
525-ci qəzet.- 2017.- 4 fevral.- S. 18 -
19.