Söz aynasında həyat cizgiləri

 

Publisistik düşüncələr

 

“Qılınc kimi torpağın bağrını yaran Araz çayı, heç nəyin fərqinə varmadan Ordubad şəhərinin yaxınlığından şırıldaya-şırıldaya yoluna davam edir. O tayda Kəmki dağının qarlı zirvələri göylərə ucalır. Cənubdakı dağları da nəzərə alsaq, deyə bilərik ki, Ordubad dağlar qoynuna sığınıb pərvəriş tapan, hər tərəfdən dağlara arxalanan yamyaşıl adadır.

Araz qırağından şəhərin evlərini deyil, dağların geniş sinəsində zümrüd rəngə çalan amfiteatr görürsən. Bağlar, qocaman çinarlar şəhəri öz ağuşunda gizlətmişdir”.

Qoca diksindi... Bu cümlələr 8 il əvvəl 11 iyun 1966-cı ildə “Ədəbiyyat” qəzetində çap etdirdiyi “Bağlar şəhərində” oçerkindən idi. Bu kəlmələrlə ruhundan qərib bir nisgil, kədər kölgəsi keçdi. Dədə-baba yurdunun unudulmaz sevgisi ocaq kimi közərdi, qəlbində-qanında Araza döndü. Qəfil nisgildən, üşüntüdən qaçıb dahi Hüseyn Cavidin onun haqqında yazdığı ürək sözlərinə sığındı: “Məmməd Əkbər Şərur düzünü, onun sakinlərini, ormanlarını, əlçatmaz, ünyetməz dağlarını ayna kimi əks etdirib”.

Ömrünün son illərində tez-tez bulvara gələr, Bakını qucaqlayan Xəzərin əngin üfüqlərinə, sonsuz səmalarına baxa-baxa dərin düşüncələrə dalardı...

Qocaman yazıçı-publisist Məmməd Əkbər yenə dəniz qırağına, bulvara gəlmişdi, ağaran dalğalara baxa-baxa ömrünün acılı-şirinli səhifələrinə, əlçatmaz, ünyetməz xatirə yollarına üz tutmuşdu. Ruhunun dağlarında günəş batır, qürubun zəmin-xarəsi korun-korun tüstülənirdi.

H.Cavid, M.S.Ordubadi, Ü.Hacıbəyli, C.Cabbarlı kimi böyük sənətkarların onun haqqında yazdıqları isti, işıqlı sözlər də kömək etmirdi; ömrün son günlərində, son sahilin kədər tüstülənən ağlağan qürub çağında ruhu üşüyür, xatirə yollarına qar yağırdı Məmməd Əkbərin...

Ordubadın dağlarında acı küləklər əsirdi. Qışın qarlı-qırovlu küləkləri kədəri körükləyirdi, duyğuları dondururdu. Arzularının itkin təbəssümünə, ümidlərinin uzaq şam işığına sığınan kimsəsiz uşaq üşüyən dağlara baxırdı; dolub daşan gözlərində, donan duyğularında buza dönən balaca əllərini göylərə uzadıb dilək diləyirdi: Bircə yaz gələydi, dağlar-düzlər durulaydı, dünyanın qarı əvəzinə ağ çiçəkləri güləydi, çobanyastığı dedikləri o ağ güllərə ruhum baş qoyub dincələydi, Allah...

Altı yaşında atası Həmzəni, səkkiz yaşında anası Səltənəti itirən bu biçarə kədər külçəsi bacısı Tərlanla birlikdə Gülsüm nənəsinə sığınmışdı. On bir yaşında yeganə ümidi Gülsüm nənə də rəhmətə gedəndən sonra bacısı Tərlanla kasıblığın, kimsəsizliyin qara yollarına üz tutmuşdu. Və indi başqalarının qoyun-quzusunu otara-otara bir parça çörək pulu qazanan balaca Məmməd qarlı dağlara baxa-baxa baharın çiçəklərini, bir suyu çobanyastığına bənzəyən qəribə ağ gülləri görürdü. Dağların qarı elə bil ağappaq gül açmışdı...

Qoca diksindi. Uzaq uşaqlıq xatirələrinin qarlı-qırovlu soyuğu və qəfil istisi, ağappaq çiçək-çiçək işığı qəlbində deyilməz-bilinməz duyğular oyatdı. Ömrünün son sahillərinə az qalmışdı; qoca bunu bilirdi və qəlbinin göylərindən sirli bir arzu boylanırdı: Nə olaydı evdə ölməyəydim - uşaqlar qorxar ölümümdən...

Bir müddət sonra tək-tənha, evinin yaxınlığındakı bağçada, oturduğu yerdə dünya ilə vidalaşacaqdı...

Hələ ömrünün son sahillərinə bir az vardı. Hələ qocaman yazıçı Məmməd Əkbər qədim Quzğun dənizi ilə, ağaran dalğalarla üz-üzə tək-tənha oturub ömür-sənət yollarının əvvəlinə üz tutmuşdu. O yolların əvvəlində acı küləklər əsirdi, Ordubadın dağlarına qar yağırdı və qar yağdıqca Ordubadın dağları çiçək-çiçək ağarırdı...

Ordubadın baramaçılıq, ipəkçilik fabrikində işləyən, bu yolla bacısını və özünü aclığın ölüm pəncəsindən xilas edən balaca Məmməd həyatın amansız çətinliklərinə mərdliklə sinə gərdi, dəyanətlə dözdü və ömrün, taleyin böyük yaradıcılıq yollarına çıxdı...

Axşam savad kurslarından, kəndli gənclər məktəbindən,daha sonra Naxçıvan Pedaqoji Texnikumundan keçən o yolların başlanğıcında qəribə, qeyri-adi bir işıq çağırdı onu - baharın ağappaq gülləri kimi gülgün, sirli-sevdalı söz işığı... O qəribə, qeyri-adi işığın diqtəsi, çağırışıyla Tiflisdə çap olunan “Yeni fikir” qəzetinə müxbir məktubları göndərir, aylar, illər ötdükcə kağıza-qələmə daha çox bağlanır, sözün tilsimli cazibəsinə daha çox düşürdü.

“Ordubad klubunun halı” adlı məqaləsi ilk dəfə 1924-cü ildə Tiflisdə, “Yeni fikir” qəzetində çap olunanda Məmməd Əkbərin cəmi 15 yaşı vardı. İstər Bakıya, istər Tiflisə və başqa şəhərlərə, müxtəlif mətbuat orqanlarına göndərdiyi məqalələr, cəsarətli tənqidi yazılar əl-əl gəzir, diqqəti cəlb edirdi.

Bir müddət sonra tale yolları onu Bakıya gətirdi, burada çap olunan “Kommunist”, “Kəndli” qəzetlərinin redaksiyalarına yönəltdi. Bu redaksiyalarda işlədi; işgüzarlığı, kəndli sadəliyi, halallığı, təvazökarlığı, ən əsası, külçə istedadıyla diqqəti cəlb etdi, xeyirxah, işıqlı adamların rəğbətini, sevgisini qazandı. O xeyirxah, işıqlı, böyük insanlardan biri də qüdrətli qələm sahibi Məmməd Səid Ordubadi oldu. Böyük yazıçı, həmyerlisi Məmməd Səid Məmməd Əkbərə taleyüklü kömək, qayğı göstərdi, çətin vaxtda əlindən tutdu.

O, həyatın min bir çətinliyindən, ağır, əzablı sınaqlarından keçdi, yetimliyin, aclığın yalquzaq əllərindən qurtulub mərdanə bir qeyrətlə, halal bir inadkarlıqla ayaq üstə dura bildi. Ən çətin anlarında, on bir yaşında yeganə ümidi, dayağı olan Gülsüm nənəsini itirib bacısı Tərlanla kimsəsizliyin ac yollarına düşəndə də, ailəsinin bütün var-dövləti əlindən alınanda, yad qapılarında çobanlıq, muzdurluq edəndə də, ümidinə, inamına, qəlbinin, ruhunun səmalarından onu çağıran ağ çiçəkli dünyaya üz tutdu, özünə, öz gələcəyinə inandı Məmməd Əkbər.

Sanki tale dözümünü yoxlayır, göylər sınağa çəkirdi onu. Bu sirli yoxlanışdan, ilahi hökmünün göylər sınağından şərəflə çıxdı, öz həyat kitabını yazmağa başladı Məmməd Əkbər Həmzə oğlu... Ordubad ipək zavodunda usta şagirdi, axşam savad kurslarının dinləyicisi olması, kəndli gənclər məktəbində, Naxçıvan Pedaqoji Texnikumunda, 1930-1934-cü illərdə isə Bakıda, Universitetin Dil və Ədəbiyyat fakültəsində təhsil alması, “Yeni fikir”, “Şərq qapısı”, “Kommunist”, “Yeni yol” və “Kəndli” qəzetlərində, “Şərq qadını”, “Molla Nəsrəddin”, “İnqilab və mədəniyyət” jurnallarında gərgin axtarışlar, yaradıcılıq uğurları onu polad kimi bərkitdi,ciddi yazıçı-publisist kimi tanıtdı. Cənubi Azərbaycanda, “Qızıl əsgər” qəzetindəki hərbi müxbir kimi fəaliyyəti, Rostov, Donbas, Voroşilovqrad, Lisicansk, Mozdok, Taqanroq ətrafında döyüşləri əks etdirən silsilə oçerkləri, “Şadman”, “Kolxoz tarlalarında”, “Qaliblər”, “Sürəyya”, “Həyatımızdan səhifələr”, “Sumqayıtın gənc inşaatçıları”, “Dostlar və tanışlar”, “Yeni həyat yaradanlar” kimi çoxsaylı kitabları özünəməxsus sənət taleyinin ədəbi səhifələrinə döndü. 1947-51-ci illərdə Bakı şəhər sovetinin deputatı da oldu, “Qaqfqazın müdafiəsinə görə”, “Böyük Vətən müharibəsində əmək rəşadətinə görə” medallarıyla da təltif edildi. Lakin bütün bunlardan əvvəl, o, həyat adlı bir universitetin narahat, fəal, fədakar, qalib məzunu olmuşdur. 1944-cü ildən başlayaraq otuz il müddətində “Ədəbiyyat qəzeti”nin məsul katibi, Xalq yazıçısı, akademik Mirzə İbrahimovun dili ilə deyilsə, “bel sütunu” olan Məmməd Əkbər heç vaxt ad-san, ucuz ədəbi şöhrət ardınca qaçmadı, nəsr,publisistika, tərcümə sahəsində fədakar yaradıcı əməyi ilə halal sənətkar ömrü yaşadı.

Onu otuz ildən artıq işlədiyi “Ədəbiyyat qəzeti” redaksiyasında da, geniş ədəbi ictimaiyyət arasında da, evində, ailəsində də hamı sevir, xətrini əziz tutur, hörmət və ehtiram göstərirdilər. Həyatda olanda da, haqq dünyasına qovuşanda da bu sevgi öz yüksək mərtəbəsində qaldı. Görkəmli şair İsa İsmayılzadə onun yoxluğundan doğan kədəri 1983-cü ildə “Ulduz” jurnalının səhifələrində, “Məni telefona çağırın...” adlı şeirində əbədiləşdirmişdi.

O, əzəl gündən yazıya könül vermişdi, ürəyinin bağlı hücrələrini, qırxıncı qapısını yazının üzünə taybatay açmışdı. Yazıyla üz-üzə qalanda, qəlbinin, ruhunun doluluğunu yazıya boşaldanda sanki dünyaya yenidən gəlirdi, xoşbəxt olurdu Məmməd Əkbər. Yazıya könül versə də, “Ədəbiyyat qəzeti”ndəki ağır işdən vaxt tapıb gündəlik yazmamışdı və buna tez-tez təəssüflənirdi: “Gündəlik yazmaq, həyatda şahidi olduğun əhəmiyyətli və maraqlı hadisələri, eşitdiyin ibrətamiz sözləri yadigar saxlamaq hər bir mədəni adam üçün, xüsusən ədəbiyyat və mətbuatla bağlı olan şəxslər üçün lazım və vacibdir. İnsan yaşa dolduğu illərdə ötən günləri öz yaddaş süzgəcindən keçirib xatirələr yazmağa ehtiyac duyanda bu kəsirini hiss edib çox peşimançılıq çəkir. Böyük ədibimiz Məmməd Səid Ordubadi haqqında söhbət açmaq istəyəndə gündəlik yazmağıma təəssüfləndim”.

Beləcə, təəssüflənə-təəssüflənə ötən çağlar, unudulmaz dostlar, böyük sənət adamları haqqında xatirələr yazırdı Məmməd Əkbər. Günlərin bir günü mikrofon önündə Cəfər Cabbarlı haqqında danışmışdı. İndi həmin lent yazısı Azərbaycan Radiosunun qızıl fondunda saxlanılır. Bu, qocaman sənətkarın böyük Cəfər Cabbarlı haqqında səmimi xatirələri, qiymətli səs yadigarıdır...

Məmməd Əkbər Azərbaycan milli mətbuatında, xüsusilə, “Ədəbiyyat qəzeti”ndə on illər boyu davam edən gərgin əməyi, fədakar fəaliyyəti, nəsr və publisistikamıza verdiyi özünəməxsus töhfələri, eləcə də yüksək ziyalı mədəniyyəti, hay-küysüz vətənpərvərliyi ilə ədəbi ictimaiyyət, elm və sənət adamları arasında dərin hörmət və məhəbbət, həqiqi, halal nüfuz qazanmışdı. Böyük ədəbiyyatşünas alim, akademik Əziz Mirəhmədov Məmməd Əkbərə həsr olunan “Mətbuat və ədəbiyyat fədaisi” adlı məqaləsində yazırdı:

“Bizim indiki mətbuat və ədəbiyyatımızda oçerk janrı artıq keçmiş mövqeyində deyil. Qırx-əllinci illərdə isə mətbuatın fəal janrları cərgəsində idi. Əvəz Sadıq, Nurəddin Babayev, İbrahim Novruzov və bir çox başqa yazıçılarımızın qələmindən çıxan əsərlərin xeylisi oçerkdi. Yəni canlı həyat, canlı insanlar haqqında canlı üslubda yazılmış əsərlər...

“Kolxoz tarlalarında”, “Sürəyya”, “Sumqayıtın gənc inşaatçıları”, “Qaliblər” kitablarının adından göründüyü kimi, Məmməd Əkbər kəndlərdə, kolxozlarda, tikintilərdə müşahidə edib bəyəndiyi həyat lövhələrini, gözəl sifətləri göstərirdi. Bu əsərlərdə dövrün nəbzi vururdu. Bu öz yerində. Həmin lövhələrdə müəllifin əməkdən, əməkçidən duyduğu sevinclə vuran ürəyi aşkar görünürdü”.

Fədakar elm xadimi, böyük alim-vətəndaş Abbas Zamanov 1985-ci ilin martında qələmə aldığı “Yaşamaq və yaşatmaq əzmi” adlı əsərində Məmməd Əkbərin bədii yaradıcılığından xüsusi bir sevgi, sayğı ilə söz açırdı:

“Məmməd Əkbər kitablarından birini “Həyatımızdan səhifələr” adlandırmışdır. Bu ad onun bütün yaradıcılığı üçün səciyyəvidir. Məmməd Əkbərin yazdıqlarının hamısı həyatdan-gəlmədir. O, cəmiyyətin aşağı qatlarının həyat tərzinə, mənəviyyatına, quran, yaradan əllərin qüdrətinə yaxşı bələd idi. Məhz buna görə Məmməd Əkbərin hekayələrində, oçerklərində və reportajlarında dərin həyatilik və səmimiyyət vardı. Bu sətirləri yazmadan əvvəl mən Məmməd Əkbərin “Şadman”, “Həyatımızdan səhifələr”, “Qaliblər”, “Sürəyya”, “Yeni həyatı yaradanlar”, “Dostlar və tanışlar”, “Hekayələr, oçerklər, xatirələr” kitablarını oxudum. Sadəcə “oxudum” demək azdır, maraqla oxudum, bunlardakı əhvalatların sadəliyinə, mənəvi-tərbiyəvi təsir gücünə heyran qaldım və inandım ki, Məmməd Əkbər yaşamaq və yaşatmaq əzmi ilə yazıb-yaratmış, onun ürəyi həmişə insanları xoşbəxt görmək arzusu ilə çırpınmışdır”.

Xalq şairi Sabir Rüstəmxanlı “Qırıq karandaşın silinməz yazıları” məqaləsində Məmməd Əkbərin unudulmaz sənəti və şəxsiyyəti haqqında yazırdı:

“Tanınmış nasir, publisist, qəzetçi Məmməd Əkbər jurnalistikamızın ustadlarından və veteranlarından biri idi. 1929-cu ildən başlayaraq bütün ömrünü, yaradıcılıq taleyini Azərbaycan jurnalistikasının inkişafına sərf etmişdi. O vaxt respublikada mövcud olan, demək olar ki, bütün iri qəzet və jurnallarda çalışmışdı. Amma qırxillik ədəbi taleyinin böyük hissəsi öncə “Ədəbiyyat qəzeti”, sonra “Ədəbiyyat və incəsənət” adlanan və bütün yazıçılar üçün sevimli olan qəzetlə bağlı olmuşdu...

Otuzuncu, qırxıncı illərin gurultulu, patetik üslubları, yazı tərzi içərisində Məmməd Əkbərin həyat və adamlar haqqında sadə, insancasına düşünməsi və yazması ilə onun təvazökar həyat tərzi arasında qəribə bir uyğunluq var. Bu yazı tərzi Məmməd Əkbərin xarakterini göstərirdi, onun həyatdan və xalq taleyindən uzaq, dövrün saxta rəngləri ilə boyanmış ritorik yazılara etirazı idi. O, Stalin dövründə də, ondan sonra da təmkinini pozmadan, aludə olmadan, şirnikmədən, aldanmadan sakit, təmkinli bir üslubda yazıb-yaratmışdı”.

32 yaşına qədər evlənməmişdi; öz butasını, öz yarını, yarısını axtarırdı. Gördüyü bütün ağrı-acıların, əzabların əvəzinə tale yoluna gözəl, sədaqətli bir qız çıxdı - Səyyarə - Şuşalı qızı...

Bir-birinə butalar kimi qovuşdular, könül verdilər; bir könüldən min könülə aşiq-məşuq oldular. Sevgiləri bulaqlar kimi duru, göylər kimi dərin oldu Məmmədlə Səyyarənin...

Günlərin bir günü 32 yaşlı Məmməd Əkbərlə 16 yaşlı şuşalı qızı Səyyarənin nişanına yığışdı qohumlar, dostlar. Görkəmli elm və sənət adamları - Məmməd Cəfər Cəfərov həyat yoldaşı Səlimə xanımla, Məmməd Arif Dadaşzadə xanımı Zümrüdlə, Əvəz Sadıq xanımı Əfruzla, Məmməd Rahim xanımı Mələklə və başqaları məxsusi bir hədiyyə ilə gəlmişdilər nişan mərasiminə. Əliağa Vahidin hədiyyəsi bədahətən deyil, Səyyarə xanıma həsr etdiyi qəzəl oldu.

Toy günü 1941-ci ilin 22 iyununa təyin edilmişdi. Tale elə gətirdi ki, həmin gün müharibə başladı, Məmməd Əkbərlə Səyyarə xanım nişan mərasimiylə kifayətlənməli oldular. Əliağa Vahidin gözəl Səyyarəyə həsr etdiyi qəzəl hər dəfə oxunanda həmin nişan yada düşür, xoş xatirələr bulaq kimi qaynayırdı...

Bəli, İkinci Dünya müharibəsinin başlamasıyla 1941-ci il 22 iyun gününə təyin edilən toy təxirə salındı. Yüz minlərlə həmvətəni kimi, Məmməd Əkbər də qanlı-qadalı cəbhə yollarına üz tutdu...

1941-42-ci illərdə döyüş səngərlərindən sevimli Səyyarəsinə göndərdiyi 34 məktub Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində - 555 saylı şəxsi fondda saxlanılır. “Əzizim, mehribanım və sevimli yoldaşım, Səyyarə!..” sözləriylə başlayan həmin məktublar əyilməz, məğrur bir qəlbin səmimi sevgi dastanını xatırladır. O məhəbbət dolu məktublardan Məmməd Əkbərə məxsus duyğu zirvələrinin, ağ çiçəkli dünyanın səsi gəlir...

Belə deyirlər ki, Yalçın Rzazadənin ifasında “Şirin dil” mahnısını dinləməkdən doymazdı. Hamıya, xüsusilə, gənclərə Azərbaycan dilini sevməyi, həmişə uca tutmağı məsləhət görərdi...

Məmməd Əkbər qayğıkeş, sədaqətli, fədakar adam idi. Sənəti ilə şəxsiyyəti bir-birini tamamlayır, bütöv vəhdət yaradırdı. Mahir publisist, istedadlı yazıçı, fədakar jurnalist, “Bolqar hekayələri”, “Serb nağılları”, “Mənim dostlarım”, “Misir hekayələri”, “Çin hekayələri”,rus, Ukrayna, Pakistan, Filippin, Litva, Latviya, Özbəkistan, Meksika, Kanada, İtaliya, Belorus, Amerika, Vyetnam və başqa ölkələrə məxsus nəsr nümunələrinin, Serb, Xorvat, Sloven, Makedon nağıllarının tərcüməsi ilə yaranan neçə-neçə tərcümə kitabının müəllifi idi. Məmməd Əkbər həm də etibarlı, mərdanə dost kimi hamının sevimlisinə çevrilmişdi. Ona inanır, güvənir, etibar edirdilər. Buna inanmaq üçün Məmməd Əkbərə ünvanlanan çoxsaylı məktubları oxumaq kifayətdir.

O, ədəbiyyatın iddiasız yolçularından, ədəbi mətbuatın ağır yükünü çəkənlərdən biri idi. Nəsr, publisistika və tərcümə sahəsində onlarla kitabı çap olunmuşdu, 30-40-50-ci illərin ən məhsuldar publisistlərindən olan Məmməd Əkbər on illər ötdükcə ləpədöyən qayaları kimi cəmiyyət dənizinin sahillərinə çəkilmişdi. Zaman-zaman hücum çəkən dalğalara səbrlə sinə gərirdi, təmkinlə dözürdü: “Bütün çətinliklər müvəqqətidir - ölənə kimi” deyirdi Məmməd Əkbər. “Hər çətin asan olur - amma çətin asan olur” - deyirdi Məmməd Əkbər. Və onun bu müdrik, əzabkeş sözləri zərb-məsələ dönüb ədəbi mühitin, ədəbi düşüncənin  ruhuna, ovqatına təsir göstərirdi. Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Üzeyir Hacıbəyli, Əliağa Vahid, Cəfər Cabbarlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, Əvəz Sadıq, Məmməd Arif, Məmməd Cəfər, Mir Cəlal, Mirvarid Dilbazi, Abbas Zamanov, Əziz Mirəhmədov kimi nüfuzlu elm və sənət adamları onu yüksək qiymətləndirir, “Ədəbiyyat cəfakeşi”, “Mətbuat fədaisi”, “Ədəbiyyat qəzeti”nin bel sütunu” adlandırırdılar. Bu, halal, sadə, iddiasız sənətkar taleyinin qismətidir. Bu dünyada cəmi 65 il yaşayan Məmməd Əkbər ədəbiyyatın əbədi dünyasına daxil ola bildi.

İllər, on illər boyu övladlarına, ən yaxın, məhrəm adamlarına Azərbaycanın müstəqillik, istiqlal yollarından danışar, üçrəngli, ay-ulduzlu bayrağımızın enməz ucalığından sonsuz sevgiylə söz açardı. Dəniz sahilində, Bakının ləpədöyənində gəzə-gəzə gizli pıçıltılarının işığına sığınardı: Bizim öz milli bayrağımız var, inşallah, müqəddəs bayrağımız Bakının, Azərbaycanın başı üstündə əbədi ucalar...

Bu, Məmməd Əkbərin ən böyük arzusu, ümidi idi. Arzusu həyata keçdi, istəyi murada qovuşdu, ümidi gerçəyə döndü, ruhu əbədi xoşbəxt oldu...

 

Sadıq ELCANLI

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S. 16 - 17.