Azadlığımızın güzgüsü:
“Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı” ikicildliyi
Çağdaş dünyadakı vəziyyəti,
XXI əsrin idarəetmə qanunlarını, böyüklərin kiçiklər üzərində hökmranlığı
prinsipinin dəyişilməzliyini müşahidə
etdikcə
bir daha əmin oluruq ki, müstəqilliyimiz ən böyük qazancımız,
qürur yerimizdir.
Həm də xoşbəxtliyimizdir! Axı müstəqillik
bütöv bir ölkənin, xalqın yox, həm də
ayrı-ayrı insanların
qazancıdır.
Kimisi çıxışlarıyla, kimisi əsərləriylə,
kimisi siyasi iradəsiylə, kimisi qanı ilə, kimisi sadəcə, dualarıyla qazanıb bu səadəti. Həm özü
qazanıb, həm də xalqına, millətinə, ölkəsinə
qazandırıb. Bu mənada Azərbaycanın
müstəqilliyi həm
də onun ədəbiyyatının nailiyyəti,
qələbəsidir. Çünki azadlıq duyğusu,
azad olmaq arzusu bir insandan
başlanır, xalqın
özünüdərkindən keçir. İnsana isə hansısa
siyasi gedişlərdən,
ictimai proseslərdən
daha artıq söz təsir edir; azadlığı tərənnüm edən
söz, kimliyimizi anladan, müstəqilliyə
layiq olduğumuzu isbat edən söz. Bu sözün
isə yaşı heç şübhəsiz
ki, 25 il
deyil.
“Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı” ikicildliyi
də məhz bu düşüncəni,
bu yanaşmanı ehtiva edir. M.F.Axundzadə
adına Milli Kitabxanadakı təqdimat mərasimində
kitabın elmi redaktoru, akademik İsa Həbibbəyli bu məqamı xüsusi vurğulamışdı.
Və bu monoqrafik, 1890 səhifəlik bitkin əsərin əsas konsepsiyasını izah etmişdi. İsa müəllimin çıxışına
qulaq asdıqca bir anlıq ədəbiyyatımızı göz
önündən keçirir
və düşünürdüm.
Məgər Mirzə Fətəli Axundzadənin,
Mirzə Cəlil Məmmədquluzadənin, Mirzə
Ələkbər Sabirin,
Əbdürrəhim bəy
Haqverdiyevin və adını sadalamadığım,
əsərlərində azadlığı
tərənnüm edən,
millətin özünü
tanıması üçün
gecə-gündüz çalışan
neçə-neçə sənətkarın
yazdıqları “Müstəqillik”
demirdimi? Deyirdi. Müstəqillik elə Mirzə
Cəlilin “Molla Nəsrəddin”indən, Həsən
bəy Zərdabinin “Əkinçi”sindən, Sabirin
“Hophopnamə”sindən başlanğıc
götürmüşdü. İsa Həbibbəyli həm kitabxanadakı çıxışında,
həm də kitaba yazdığı geniş ön sözdə bu məqamları xüsusi vurğulayıb. Yəni kitabda
daha əvvəlki dövrlərə panorama, yaxud
XX əsrin 60-cı illərində
ədəbiyyata gələn
nəslin yaradıcılığının
Sovet dönəminin də araşdırma mövzusu olması təsadüfi deyil. Çünki məhz 60-cı illərdən
ədəbiyyatda yeni bir təmayül, yeni yanaşma (əslində, daha azad bir yanaşma!)
yarandı ki, bu dövr poeziyasını,
nəsrini də “Müstəqillik” anlayışı
altında təhlil etmək olar. Lakin bütün bu Müstəqqilliyə zəmin yaradan, ora gətirən ədəbiyyatla yanaşı,
daha doğrusu, onun davamı kimi son 25 ilin ədəbi prosesi, həm daha əvvəlki
nəsillərin, həm
də yeni gələn imzaların bu zaman kəsiyindəki
yaradıcılığının təhlili ədəbiyyatşünaslıq
elmimizdə yeni bir hadisədir.
Kitabın “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı 1990-cı illərdə” adlı birinci cildindəki yazılara, portret-oçerklərə
nəzər saldıqca
burdakı “dramaturgiya”nı da duymaq olar. Burda
həm müstəqilliyə
gətirən yolun, həm 20 Yanvar kimi faciələrimizin, həm Qarabağ müharibəsinin, Ümummilli
lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində
möhkəm təməllər
üzərində duran
Azərbaycanın ədəbiyyatımızda
əksi göstərilir,
tədqiq olunur. Qeyd etmək lazımdır ki, bu, Müstəqil
Azərbaycan ədəbiyyatına
tamam yeni bir baxışdır.
Ədəbiyyatşünaslıq elmi üçün
isə böyük bir qazancdır. Və elə bu səbəbdən
kitab işıq üzü gördüyü
ilk gündən müxtəlif
fikirlərə, hətta
polemikalara, müzakirələrə
yol açıb.
Xatırlayıram, ikicildliyin
Nizami adına
Ədəbiyyat İnstitutundakı
təqdimatından bir
gün əvvəl, çalışdığım Pedaqoji Universitetin Azərbaycan və dünya ədəbiyyatı
kafedrasında da müəllim həmkarlarımızla
müzakirələr aparmışdıq.
Kafedra müdirimiz, elmi rəhbərim, professor Himalay Qasımov bu əsərin əslində,
tarixi araşdırmalardan
da önəmli olduğunu demişdi. Çox çəkmədi
ki, Himalay müəllim ikicildlik haqqında mahiyyətə
yönəli, maraqlı
bir məqalə ilə mətbuatda çıxış etdi və elə həmin məqalədə
də bu əsərin əhəmiyyəti
dəqiq ifadə olundu:
“Azərbaycan Milli Elmlər Akademiyasının zəngin
tarixi və yaşarlı ənənəsi
olan Nizami adına Ədəbiyyat
İnstitutunun elmi- intellektual axtarışlarının,
gərgin zehni əməyinin bəhrəsi
olan bu kitablar
hər kəsi qürurlandırır. Düşüncə bu fundamental araşdırmaların
fəsil və bölmələri müstəvisində
irəlilədikcə tariximiz,
taleyimiz və ədəbiyyatımızın özəl dəyərləri
qəlbimizə hopur, tarixləşir və sonucda insanı vəcdə gətirir.
Qlobal düşüncə çevrəsi
ilə mühüm maraq kəsb edən bu fundamental tədqiqat əsəri Azərbaycanımızın şanlı
müstəqillik tarixinə
ən layiqli töhfədir. Ədəbiyyat nəzəriyyəsini, ədəbiyyat
tarixini, ədəbi tənqidi bir araya gətirərək problemlərinin incələnməsinə
yönələn bu kitablarda sözügedən
çağın ədəbiyyatına
münasibətdə tarixiliklə
müasirlik sintez təşkil edir. Bunu deyərkən biz tədqiqat
əsərinin strukturunu,
onun mümkün rakurslarda mövzu, ideya və janr
özəlliklərinin nəzəri-estetik
baxımdan konseptual təhlilini, tədqiqini və elmi ümumiləşdirməsini
nəzərdə tuturuq”.
Hörmətli professor Himalay Qasımovun fikirlərinin davamı kimi bir məqamı
da xüsusi vurğulamaq istərdim. Bilirik ki, 2015-ci ildə Elmlər Akademiyasının
70 illik yubiley mərasimində Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev alimlərimizə müstəqilliyimizin
25 illiyini əks etdirən kitab yazılmasını tövsiyə
etmişdi. Nizami adına Ədəbiyyat
İnstitutunun kollektivinin,
başda akademik İsa Həbibbəyli olmaqla, hazırladığı
ikicildlik həmin çağırışa cavab
olaraq, bir yubiley hədiyyəsi, eyni zamanda, ictimaiyyətə
hesabatı kimi ərsəyə gəlib.
Məhz bu faktdan çıxış
edərək demək
olar ki, “Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatı”
ikicildliyi ədəbiyyatşünas
alimlərimizin sadəcə
araşdırması, tədqiqatı
yox, həm də vətəndaşlıq
mövqeyidir.
Bu məqamda
kitabın elmi redaktoru, böyük təəssübkeş, akademik
İsa Həbibbəyli
ilə bağlı bir şəxsi müşahidəmi bölüşmək
istərdim. 2015-ci ildə
İtaliyanın Milan şəhərində
baş redaktorumuz Rəşad Məcidin italyan dilinə çevrilmiş şeirlər
kitabının təqdimat
mərasiminə gedirdik.
Yadımdadır ki, həmin
səfərimizdə məni
ən çox təəccübləndirən məqamlardan biri İsa müəllimin uzun və yorucu
yolçuluqdan sonra necə həvəslə,
şövqlə gördüyü
işlərdən danışması,
ideyalarını bizimlə
bölüşməsi idi.
Səhv etmirəmsə, Naxçıvan
xanlığının bayrağını
necə əldə etmələrindən, bu xəbərə necə sevinməyindən danışırdı
İsa müəllim.
Və mən düşünürdüm
ki, görünür,
bütün uğurların
kökündə məhz
bu işini sevmək, hər kiçik, ya böyük nailiyyətə
görə ürəkdən
sevinmək bacarığı
durur. İsa müəllimin elə
bu şövqü, ədəbiyyata sevgisi, həvəsi haqqında söz açdığım
ikicildliyi araya-ərsəyə
gətirən səbəblərdəndir.
Və heç şübhəsiz,
bu əsərlərdən
yararlanan, bəhrələnən,
bunlara istinad edən hər kəsə bu sevincdən, daha dəqiq desəm, belə zəngin ədəbiyyatımızın varlığına görə
qürur hissindən
pay düşəcək.
Xalq yazıçısı Anar
yaradıcılığı mövzusunda dissertasiyamı
yekunlaşdırdığım ərəfədə bu əsərin işıq üzü görməsi şəxsən mənim üçün göydəndüşmə
oldu. İsa müəllimin Anar
haqqında irihəcmli
oçerkindən, həmçinin
60-cılar nəslinin yaradıcılığını
təhlil edən digər yazılardan istifadə etdim və ikicildlik dərhal ədəbiyyat siyahıma da əlavə olundu. Deməyim budur ki, bu
əsər artıq öz uğurlu taleyini yaşamağa başlayıb. Neçə-neçə gənc tədqiqatçılar
ondan faydalanır, istifadə edirlər.
Bütöv bir əsər adlandıra biləcəyimiz
bu kitabların əsas üstün cəhəti çoxcəhətli,
çoxşaxəli olmasıdır. Ümumiləşdirilmiş irihəcmli məqalələrlə
yanaşı, dövrü
daha dəqiq anlamaq üçün verilən ayrı-ayrı oçerklər də son dərəcə uğurludur.
Həmçinin, yalnız paytaxtdakı
ədəbi prosesin yox, həm də
bölgələrdəki mühitin
tədqiqata cəlb edilməsi mühüm məqamdır. Bu baxımdan,
professor Asif Rüstəmlinin
Vaqif Aslan, Məmməd Alim, professor Vaqif Yusiflinin Ənvər Əhməd, Novruz Nəcəfoğlu,
Barat Vüsal, Ramiz Qusarçaylı və digər bölgələrdə
yaşayıb-yaradan sənətkarlarla
bağlı məqalələri
yeni informasiyalar verir.
Əsərin ikinci cildi “Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı müasir
mərhələdə” adlanır. Bu cilddə təkcə artıq ədəbiyyat tarixində öz yeri olan yazıçıların
müasir mərhələdəki
yaradıcılığı deyil, həmçinin ədəbiyyata yeni gələn, bəlkə hələ özünü
təsdiq etməmiş
gənclərin də
əsərləri tədqiq
olunub. Bu da müəlliflərin gənclərə etimadının
göstəricisidir.
“Müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatı” ikicildliyi
təkcə ədəbiyyatımıza,
ədəbiyyatşünaslıq elmimizə deyil, bütöv tariximizə, millətimizə töhfədir.
PƏRVİN
525-ci qəzet.-
2017.- 4 fevral.- S.15.