Dünya da, söz də insandan keçir...

 

Professor Cahangir Məmmədlinin təzəcə nəşr olunmuş “Dünya sözə qalacaq...” kitabını oxuduqca onun nə qədər məsuliyyətli ədəbiyyatşünas, kamil jurnalist, sinkretik yaradıcılığa malik ziyalı, qələm sahibi olduğunu gördüm.

Mən onu səviyyəli tədqiqatçı, məhsuldar alim kimi çoxdan tanıyırdım. Maraqlı elmi-nəzəri, publisistik məqalələrində, xüsusən “Jurnalistikanın müasir inkişaf meylləri”, “Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri” monoqrafiyalarında C.Məmmədlinin  müasir və qlobal problemlərlə maraqlandığının, “Tarixdə insan, insanda tarix”, “Jurnalist və zaman”, “Sənətkar və vətəndaşlıq borcu”, “Şəxsiyyət olmağa aparan yollar” və digər müasir məsələlərə dair fikir və mülahizələrinin şahidi oldum. Yalnız ədəbiyyatşünaslıq məsələləri ilə bağlı araşdırmalarına əsasən deyə bilərəm ki, o, bədii və elmi fikrin müstəqim amili olan söz, nitq, geniş mənada dil və üslub məsələlərinə obyektiv yanaşmaları, səmərəli müşahidə və axtarışları ilə sahibi ulu tanrı olan dünyaya, fikrin-düşüncənin tərcümanı, ifadə forması olan sözə xüsusi ehtiyat - məhəbbət və məsuliyyət hissi ilə yanaşmış, müasir ədəbi-bədii ehtiyacların tələb və prinsiplərindən kənara çıxmamışdır.

Etiraf edim ki, mənə C.Məmmədlinin haqqında bəhs etdiyim kitabını oxudan və o haqda məqalə yazmağa məni vadar edən kitabın adında olan “Dünya” və “Söz” ifadələri oldu. Son dərəcə təbii seçim və tapıntı olan “Dünya sözə qalacaq...” ifadəsi, əslində çox şey deməkdir. İlk öncə hər ikisi - Dünya da, söz də insan faktıdır.

Dünya və söz C.Məmmədlinin həm jurnalistlik, həm də ədəbiyyatşünaslıq axtarışlarında əsas mövzulardan olmuşdur. Dünya və tarixin əlifbası olan söz haqqında müxtəlif mövzularda tədqiqatlar aparılmış, maraqlı fikirlər söylənilmişdir. Deyilənlərin və söylənilənlərin hamısında fikrin, düşüncənin, bütövlükdə dünyanın taleyi, insan və bəşəriyyətin məcmusu olan söz birmənalı şəkildə ideal varlıq kimi qarşılanmışdır. İndiyə qədərki “Biz sözü sevdik”, “Söz ürəkdən gələndə”, “Söz aləminə səyahət”, “Söz tarixin yuvası” və digər bu qəbildən olan tədqiqatlarda çox maraqlı mülahizələr söylənilmişdir. C.Məmmədli daha irəli gedərək sözün xarakter və funksiyası haqda müasir tələblərə uyğun orijinal mülahizələri ilə ədəbiyyatşünaslığın diqqətini cəlb edə bildi.  C.Məmmədliyə görə dünyanın əşrəfi insan olduğu kimi, insanın da əşrəfi ağıllı sözdür. Xalq hikmətlərindən,  klassik söz sərvətlərindən yaradıcı şəkildə bəhrələnərək sözün varlığı haqda olan düşüncələrini nümunə kimi seçdiyi ədəbi şəxsiyyətlər timsalında ümumiləşdirib.

Kitabdan aydın olur ki, C.Məmmədli ədəbi-bədii söz haqqında klassik deyimlərə tam bələddir. N.Gəncəvinin “Sözün də su kimi lətafəti var”, “Düşüncəsiz bir söz kimə gərəkdir”, M.Füzulinin “Ver sözə əhya ki, tutduqca səni xabu əcəl, eylər ol saət səni ol uyqudan  bidarı söz”, A.Tufarqanlının “Söz bir olsa zərbi kərən sındırar” və digər bu qəbildən olan kəlamlar C.Məmmədliyə haqq vermişdi ki, desin “Dünya sözə qalacaq...”. Söz insandır, söz dünyadır, söz tarixdir. O ki qaldı, zaman-dövr-şəraitdən asılı olmadan “lal duyğulara həyat verən, onları sinənin dar qəfəsindən çıxarıb, həyatın sağlam havası ilə qovuşduran”, duymağa, düşündürməyə, nəticə çıxarmağa vadar edən kamil bədii sözə sahib və hakim olmaq, artıq ucalıqdır, əsəri tanıtmaqdır, klassik olmaqdır. Şirvanşah Axsitan N.Gəncəviyə “Ey söz dünyasına hakim Nizami...” deyəndə tamamilə haqlı idi. Bu baxımdan “Dünya sözə qalacaq...”da XX və XXI əsr söz xiridarlarından verilən seçmələr kitabın səviyyəsi, məziyyətləri barədə xoş təəssüratlar yaratmaqla, yaşadığımız günlərin ədəbi-bədii salnaməsini bir daha xatırladır, yada salır, ədəbi ictimaiyyəti bu günü və sabahı düşünməyə, nəticə çıxarmağa sövq edir.

Kitab, XX əsrin klassiklərindən olan ustad Mir Cəlal müəllim haqda oçerklə başlayır. Kim idi Mir Cəlal, necə oldu ki, o, milli və bəşəri düşüncənin ictimai, elmi və bədii fikrinin klassiki oldu? C.Məmmədli bu suallara ustadın ədəbi-bədii irsindən çıxış edərək cavab verir, onun alim-nasir-müəllim-ictimai xadim portretini yaratmağa çalışır. Yenilikçi, yaradıcı, istiqamətverici şəxsiyyət olduğunu, məktəb yaratdığını xüsusi məhəbbətlə qeyd edir. Lirik-romantik, satirik-xatirə hekayələri, novellaları ilə yenilikçi nasir olduğunu, iri həcmli əsərləri, romanları ilə XX əsr bədii nəsrini zənginləşdirdiyini, elmi-nəzəri fəaliyyəti ilə müasir ədəbiyyatşünaslığa, ədəbi tənqidə istiqamət verdiyini vurğulayır.

Mir Cəlal yaradıcılığının qüdrəti bir də onda idi ki, o, zamanın ədəbi-bədii ruhunu tuta bilirdi. Müasir ədəbiyyatşünaslıq elminin tələb və ehtiyaclarını, vaxtında, düzgün qiymətləndirməyi bacarırdı. Onun “Füzulinin poetikası”, “Azərbaycanda ədəbi məktəblər”, “Klassiklər və müasirlər” və digər elmi-nəzəri əsərləri artıq XX əsr ədəbiyyatşünaslığının nüfuzu sayılırdı. Onun bütün XX əsr ədəbiyyatını tədqiqata cəlb etməsi, bədii nəsrin hüdud və imkanlarını vaxtında görməsi, düzgün qiymətləndirməsi, xüsusilə klassiklərdən öyrənməyi təbliğ etməsi, müasir ədəbiyyatın, sənətin məntiqi inkişafını təmin etmək arzusu ilə bağlı idi. Mir Cəlal qüdrətli alim və nasir idi. Ədəbiyyatımızın bir çox yaradıcılıq sahələri haqda ilk və cəsarətli hökmlər Mir Cəlalın adı ilə bağlıdır. Kitabda Mir Cəlal yaradıcılığına həsr olunmuş oçerk xüsusi məhəbbətlə yazılmışdır.

C.Məmmədli özünəməxsus üsluba, deyim tərzinə malik alimdir. “Dünya sözə qalacaq...” publisist üslubda yazılsa da, əsrin ədəbi-bədii salnaməsi haqda aydın təsəvvür yaratdığı üçün maraqla oxunur.

Mir Cəlal haqqında yazılan oçerk bir də ona görə diqqəti cəlb edir ki, C.Məmmədli burada ədibdən bəhs edən çoxsaylı yazılardan nümunələr verir, Mir Cəlal tədqiqatının sistemli, əbədi olaraq davam etdirilməsini xatırladır.

Kitab seçmə məqalələrdən ibarət olduğu üçün C.Məmmədlidən daha başqa ustad sənətkarlardan bəhs etməyi tələb etmək olmaz. Mir Cəlal haqqında yazanlar və yaxşı yazanlar çoxdur. Bu, xüsusi, ayrıca təhqiqat mövzusudur. C.Məmmədli isə daha çox özünə məlum olan əsərlərlə, tədqiqatlarla ədibin elmi-nəzəri irsinə aydın münasibətini bildirir.

C.Məmmədlinin ədəbi proseslərdən seçimi də, əsasən, düzdür, səviyyəlidir. Kitabda onun iyirmi səkkiz adda məqaləsi toplanmışdır... Deyə bilərəm ki, məqalələrin hər biri, haqqında söhbət gedən obyekt haqda aydın təsəvvür yaratmaq səviyyəsindədir. Məqalələrə adların verilməsi də mətləbə, materialın xarakterinə uyğundur. Məsələn, “Sənətkarın estetik ideallar sistemi”, “Anar yaradıcılığı zaman, mühit və talelər kontekstində”, “Elçinlə ədəbiyyat söhbəti” ətrafında söhbət”, “Yollara yağan yağışın poetik ovqatı”, “İşığa gedən yolun roman taleyi”, “Afaq Məsud - bütün cizgiləri ilə”, “Dəlicəsinə sevmək ovqatı”, “Mikrovətən haqqında makro düşüncələr” və s. kimi sərlövhələrin həm bədii, həm də publisistik üslubu göz qabağındadır.

Kitabda mənim diqqətimi xüsusi cəlb edən Xalq yazıçısı Elçin və Anar haqqındakı oçerklər oldu. “Elçinlə ədəbiyyat söhbəti” ətrafında söhbət” və “Anar yaradıcılığı zaman, mühit, talelər kontekstində”. Hər iki yazıda C.Məmmədlinin ədəbiyyata, sənətə hörməti və məhəbbətilə yanaşı, Elçin və Anar simasında həqiqi vətəndaş, qələm sahiblərinə, yaradıcı, ustad sənətkarlara, müasir ədəbi prosesə xüsusi hörmət və məhəbbət ifadə olunur. Hər iki oçerkdə, hər iki sənətkarın yaradıcılığına aydın münasibət və qayğı, sənət naminə fədakarlıqla yanaşı məsuliyyət hissi, ədəbiyyata sevgi vardır. C.Məmmədli haqlı yazır ki, “Anar heç vaxt tükənən yazıçı deyil. Hətta informasiya texnologiyasının, internet dünyasının bədii sözə yaratdığı etinasızlıq çağında belə Anar “Ağ qoç, qara qoç” romanını yazmaqla bu etinasızlığa meydan oxudu”. Və yaxud “Elçin bir yazıçı və bir ədəbiyyatşünas kimi Azərbaycan ədəbi mühitində fenominal hadisədir”. Hər iki oçerkə C.Məmmədlinin görkəmli alim-sənətkarlara; Y.Qarayev, akademik İ.Həbibbəyliyə və digərlərinə istinad etməsi, yaxşı mənada bəhrələnməsi oçerklərin uğurlu alınmasına müsbət təsir göstərmişdir.

Kitabda xoş məramla yazılan səviyyəli oçerklər çoxdur. “Yollara yağan yağışın poetik ovqatı”, “İşığa gedən yolun roman taleyi”, “Şəxsiyyətin və yaradıcılığın uyarlıq məqamı”, “Yenidən yaşanan ömür yolu: Vaqif Səmədoğlu “Kaspi”də” məqalələrindən alınan təsiri də mən minnətdarlıqla qəbul etdim. Bu oçerklərin hər birində C.Məmmədlinin publisist gücünün təsirini, poeziyaya olan duyumunun, sevgisinin işığını gördüm. Onun müasir, istedadlı qələm sahibi olduğuna şübhəm qalmadı. Öz-özümə dedim ki, nə yaxşı ki, belə yaradıcı istedadlar var.

Kitabda C.Məmmədlinin gənc istedadlara Pərvin kimi yazıçı və ədəbiyyatşünasa, Yaşar Əliyev kimi yazıçı-jurnalistə və başqa tədqiqatçılara müasir ədəbiyyat və sənət naminə minnətdarlıqla münasibət, ümid bəslədiyini gördüm. Bu, əsl alim, sənətkar yolu, ziyalı münasibətidir.

Nəzərimi cəlb eləyən tədqiqatlar içərisində “Milli ədəbiyyatımızın Azərbaycannaməsi” və “Akademik İsa Həbibbəylinin yaradıcılıq dünyası” oçerkləri oldu. Hər ikisini həvəslə oxudum. İsa Həbibbəylinin Azərbaycanşünaslıqla bağlı yaradıcı, yenilikçi xidmətləri bir-bir yaddaşımdan  gəlib keçdi. Onu da bilirəm ki, İsa Həbibbəyli daima axtarışda olan, yenilikçi, yaradıcı alimlərdəndir. Mən onun tədqiqatlarının əksəriyyətinə bələdəm. C.Məmmədquluzadə haqqında çox yazılsa da, İsa Həbibbəyli heç kimi təkrar etmədən böyük M.Cəlilin ədəbi-bədii portretini daha dolğun yaradan, son dərəcə istedadlı alimlərdəndir. C.Məmmədlinin İsa Həbibbəyli haqqında oçerki məni bir daha bu fədakar alimin ədəbi irsini varaqlamağa məcbur etdi. Bu oçerkdə İsa Həbibbəylinin yaradıcı alim portretini gördüyüm üçün C.Məmmədliyə yeni-yeni uğurlar arzulayıram.

Əlbəttə, mən “Dünya sözə qalacaq...” kitabının bütün oçerklərini təhlil etmək, onlar haqqında mülahizələr söyləmək fikrində deyiləm. Diqqətimi cəlb edən əsas məsələlərdən biri budur ki, C.Məmmədli hər bir oçerkində tədqiq etdiyi mövzunun özəlliklərini önə çıxarmağı, təqdim etməyi bacarır. Məsələn, akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü, istedadına hamımızın sevgi bəslədiyimiz Nizami Cəfərovun kamil yaradıcılıq axtarışlarının müasir ədəbiyyatşünaslıq elmi üçün dəyərini nümayiş etdirə bilir. C.Məmmədli göstərir ki, İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ilə bu böyük ədibə həsr olunmuş çoxsaylı əsərlərin həqiqi qiymətini verir, səviyyəli polemika mədəniyyətilə bu sahədə özünü göstərən mübahisəli məsələlərə aydınlıq gətirir və ən əsası, isə Mirzə Cəlil mühitini, bu mühitin ədəbi dünyasını birər-birər yeni nəsil oxucuya təqdim edir”. Belə təqdimat forması C.Məmmədlinin bütün yaradıcılığına xas olan uğurlu cəhətlərdəndir.

“Dünya sözə qalacaq...” məqalələr toplusu müasir Azərbaycan ədəbiyyatı və mədəniyyəti ətrafında söhbət açan səviyyəli bir nümunədir. Bu yolda C.Məmmədliyə daha yeni uğurlar arzulayıram.

 

Abdulla ABASOV

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.14.