“Gəncliyin səsi”
incəsənət festivalı davam edir
Fevralın 2-də
Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət)
birgə təşkilatçılığı ilə, Gənclər
Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət
festivalının açılışı olub.
AZƏRTAC xəbər
verir ki, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev əlamətdar gün münasibətilə gəncləri
təbrik edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1997-ci ildən başlayaraq fevralın 2-si Gənclər
günü kimi qeyd edilir.
Nazir diqqətə
çatdırıb ki, Gənclər günü ölkəmizdə
müxtəlif tədbirlərlə qeyd olunur. Hər ilin
sonunda il ərzində görülən işlərə nəzər
salınır, gənclərin həyata keçirdiyi layihələr
təhlil olunur, dəyərli layihələrə gənclər
cəlb edilirlər. Ölkəmizdə dövlət siyasətinin
ən böyük prioritetlərindən birinin gənclərin
inkişafı olduğunu vurğulayan nazir bildirib ki, Ulu
Öndər tərəfindən təsis olunan bu gün ildən-ilə
daha geniş qeyd edilir.
Mədəniyyət
və incəsənətin inkişafını gəncliyin
baxışından kənarda təsəvvür etməyin
mümkünsüzlüyünü söyləyən
Ə.Qarayev “Gəncliyin səsi” incəsənət
festivalının keçən il ilk dəfə təşəbbüs
kimi irəli sürüldüyünü və böyük
marağa səbəb olduğunu söyləyib. Bildirilib ki,
bir neçə gün davam edəcək festival çərçivəsində
paytaxtla yanaşı, bir sıra bölgələrdə də
mədəniyyətin müxtəlif sahələrini əhatə
edəcək tədbirlər keçiriləcək. Festivala
Prezident təqaüdçülərinin konserti ilə start
veriləcək.
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov gəncləri
təbrik edib, bu günün qeyd olunması ilə gənclərin
cəmiyyətdə xüsusi rolunun
vurğulandığını söyləyib.
Könüllülük fəaliyyəti barədə
danışan İ.Kərimov bu fəaliyyətin
inkişafın simvollarından biri olduğunu deyib. Bildirilib
ki, ASAN könüllülərin sayəsində ölkədəki
könüllülük fəaliyyətinə yeni təravət
gəlib. On min gəncdən ibarət ASAN könüllülər
hərəkatı bir çox layihələr həyata
keçirib. Bunlardan ən yaddaqalanları mədəniyyət
sahəsində olan layihələrdir. İ.Kərimov rəhbərlik
etdiyi qurumun “Gəncliyin səsi” incəsənət festivalına
öz töhfələrini verməyə hazır olduğunu
deyib.
Daha sonra
Prezident təqaüdçüləri konsert proqramı ilə
çıxış ediblər. Muğam Mərkəzinin
foyesində gənc istedadların əsərlərindən
ibarət rəsm sərgisi təşkil edilib. Əsərləri
nümayiş olunan gənc rəssamlara diplomlar verilib.
Qeyd edək ki,
festival çərçivəsində gənc Prezident təqaüdçülərinin
konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla
görüş, gənc rejissorların filmlərinin
nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin
könüllülərinin təqdimatında Əli
Əmirlinin “7 məhbusə” tamaşasının
premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin
könüllülərinin həvəskar
tamaşasının premyerası, Sabirabad və ətraf rayon
gənclərinin və ASAN könüllülərinin
iştirakı ilə konsert və Bakı Xoreoqrafiya
Akademiyası tələbələrinin konsertinin keçirilməsi
nəzərdə tutulur.
Fevralın 6-dək
davam edəcək festivalın tədbirləri Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq
Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət
Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi və
Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil
olunacaq.
525-ci qəzet.- 2017.- 4 fevral.-
S.13.