Tarzən Allahyar
Cavanşirov yad edildi
Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Allahyar Cavanşirovun anadan olmasının 110 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə filologiya elmləri doktoru Gülhüseyn Kazımlı sənətkarın ömür yolundan, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən danışıb.
Qeyd edilib ki,
Allahyar Cavanşirov
Şuşada Aslan ağanın ailəsində dünyaya
göz açıb. Kiçik yaşlarından qramofon vallarında və el şənliklərində böyük
sənətkarların ifasını
dinləyən Allahyar
tarzənliyə böyük
həvəs göstərib. O, 15 yaşından
başlayaraq qardaşı
Xanı tarda müşayiət edib. Musiqiçi qardaşların sorağı
tezliklə bütün
Qafqaza yayılıb.
Sonralar Bakıya köçən A.Cavanşirov
M.Maqomayev adına
Azərbaycan Dövlət
Filarmoniyasında işə
düzəlib, 1939-cu ildən
1969-cu ilə kimi orada çalışıb.
İkinci Dünya müharibəsi
illərində ön
cəbhədə əsgərlər
qarşısında dəfələrlə
çıxış edib,
filarmoniyanın kollektivi
ilə birlikdə bir çox ölkələrdə qastrol
səfərində olub.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti
günlərində çıxışına
görə Fəxri fərmana layiq görülüb.
Tarzən Allahyar Cavanşirov 1972-ci ildə Bakıda vəfat edib.
Xatirə gecəsi xalq və bəstəkar mahnıları, muğamdan
ibarət konsert proqramı ilə davam edib.
525-ci qəzet.- 2017.- 4 fevral.- S.15.