Gənc rəssamların sərgisi açılıb

 

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 2 fevral - Gənclər Günü münasibətilə açılan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov ənənəvi rəsm sərgisinin təşkilini yüksək dəyərləndirib.

Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu müasir Azərbaycan gəncliyinin sənətə bağlılığından xəbər verir. Sərginin təşkilinin gənclərə dəstək məqsədi daşıdığını söyləyən F.Xəlilov əsərləri sərgidə nümayiş olunan gənc rəssamları təbrik edib, uğurlar arzulayıb.

Gənclər İdman Nazirliyinin gənclərlə şöbəsinin müdiri İndira Hacıyeva sərginin əhəmiyyətindən söz açıb.

İ.Hacıyeva deyib: “Sərginin özəlliyi ondan ibarətdir ki, burada ancaq gənc fırça ustalarının əsərləri yer alıb. Sərgidə 200 gənc rəssamın müxtəlif janr mövzulu 300-dək sənət əsərinin nümayiş olunması sevindirici haldır. İstedadlı gənclərin gələcəkdə öz sahələrinə uyğun inkişaf etmələrinə səylərimizlə dəstək göstərməliyik”.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S.13.