Bakıda ilk rus-müsəlman qız məktəbinin açılışı münasibəti ilə

 

Cümhuriyyətə aparan yollar: qadın təhsili

 

Gələn il bir əsrlik yubileyini qeyd edəcəyimiz Azərbaycan Cümhuriyyəti 1918-ci ilin mayında tarix səhnəsinə qədəm qoymuşdu.

Cümhuriyyətə aparan yollar isə həmin tarixdən  yarım əsr əvvəl - Mirzə Fətəlinin komediyalarından, Həsən bəy Zərdabinin “Əkinçi”sindən, Bakıda oynanılan ilk teatr tamaşasından, Rusiya və Avropa universitetlərinin azərbaycanlı məzunlarından, xalqçılıq hərəkatına və inqilabi mübarizəyə qoşulan tələbələrimizdən başlamışdı.

Qoridəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan bölməsinin açılmasını da, S.M.Qənizadə və H.Mahmudbəyovun təşəbbüsü ilə Bakıda rus-müsəlman məktəblərinin bütöv bir şəbəkəsinin yaradılmasını da, “Daha belə yaşamaq olmaz!” düşüncəsini paylaşan narazı ziyalıların meydana çıxmasını da Cümhuriyyət ucalığına aparan yolun pillələri saymaq mümkündür.

Haqqında məhdud məlumata malik olduğumuz Bakı Dumasının azərbaycanlı qlasnılarının gələcək paytaxtın özünüidarəsi ilə bağlı fəaliyyəti də milli parlamentarizm ənənələrinin ilk rüşeymləri, toxumları sayıla bilər.

Məşhur xeyirsevər Hacı Zeynalabdin Tağıyevin Bakının birinci qəzetini-”Kaspi”ni 1898-ci ildə mətbəəsi ilə birlikdə alıb H.Zərdabi və Ə.Topçubaçov başda olmaqla “müsəlman ziyalılarının” ixtiyarına verməsi də ən azı cəmiyyətin rus dilində yazıb-oxumağı bacaran qabaqcıl hissəsinin milli hisslərinin, vətən və torpaq duyğusunun üzə çıxmasında mühüm rol oynamışdı. Cümhuriyyətə aparan yol səmtini, istiqamətini həm də buradan götürmüşdü.

Çox tez-tez və haqlı qürur hissi ilə Azərbaycan qadınının seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl qazandığını vurğulayırıq. Əgər 1901-ci ildə Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovun birgə səyi ilə Bakıda, bütün islam Şərqinin tarixində  ilk dəfə  yeni tipli rus-müsəlman qız məktəbi açılmasaydı, bu böyük uğura imza atmaq çox çətin, bəlkə də imkansız  olardı. Təhsilli qadınlarsız, yeni düşüncəli analarsız müasir  dövlət qurmaq asan məsələ deyildi. Cümhuriyyət hökumətin və parlamentinin müxtəlif qurumlarında məhz bu məktəbin yetirmələri sırasından çıxmış reminqtonçu (makinaçı), stenoqrafçı, mühasib, kargüzar, tərcüməçi qadınlara, gənc qızlara təsadüf etmək mümkündü.

Bu baxımdan Azərbaycanda qadın təhsilinin  ağılla, düşünülmüş şəkildə həyata keçirilməsi də, heç şübhəsiz, Cümhuriyyətə aparan addımlardan idi.

Qurucu atalardan biri - Əlimərdan bəy Topçubaşov gələcək müstəqil milli dövlətimizlə bağlı bütün proseslərin mərkəzində idi. Səbrlə, uzaqgörənliklə müstəqilliyin bünövrəsini qoyurdu. Üzərində işlədiyim “Cümhuriyyətə aparan yollar” silsiləsindən onun “Kaspi” qəzetində 1901-ci ildə dərc olunmuş qadın təhsili ilə bağlı proqram mahiyyətli məqaləsini oxuculara təqdim edirəm.

Bizdə maarifin inkişafına ehtiyac son dərəcə böyük, son dərəcə gözə- çarpandır. Digər tərəfdən isə  gənclərimizin tərbiyə və təhsilini üzərinə götürə biləcək həqiqi maarif ocaqları o qədər azdır ki, qarşısına qoyduğu vəzifənin səciyyəsindən asılı olmayaraq hər yeni məktəbin açılışı vətəninin xeyrini  istəyən insanların ürəyini sevinclə doldurur. Biz hər yeni məktəbə ölkənin maarif müəssisələrindən biri kimi baxaraq onların simasında hər dəfə yeni zəka məbədinin meydana gəlməsini alqışlayırıq. Çünki hiss edirik ki, məktəblərin sayının artması və nəticədə maarifin geniş yayılması bizi işığın zülmət, xeyrin şər üzərində qələbəsinə daha da yaxınlaşdırır.

Əgər hər yeni məktəbin açılışı cəmiyyətin qabaqcıl hissəsində belə təbii sevinc hissi doğurursa, indiyə qədər misli-bərabəri görünməyən, tarixdə ilk dəfə təsis edilən tamam fərqli maarif ocağı haqqında nə demək olar? Elə bir maarif ocağı ki, taleyin hökmü ilə ilk dəfə zülmətdən işığa pəncərə açır? Həm də yalnız Qafqaz  deyil, bütün Rusiya, hətta  dünya müsəlman əhalisinin bu işıqdan indiyə qədər qısqanclıqla  gizlədilmiş böyük bir kəsiminin kədərli həyatını nəcib ziyası ilə nura qərq edəcək maarif ocağı vasitəsi ilə!

Müsəlmanların əqli və tərbiyəvi inkişafı yolunda yeni dövrün carçısı kimi ortaya çıxan həmin maarif ocağı Bakı şəhərinin əsl-nəcabətli fəxri vətəndaşı Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə təsis olunmuş İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbidir. Məktəbi təsis edən səxavətli xeyriyyəçinin adı məşhurluğu ilə vətəninin hüdudlarından kənarda da yaxşı tanınır. O, xeyriyyəçilik işini hər zaman ürəyinin hökmü saymış imkanlı müsəlmanların ən həssas qəlbli nümayəndəsi kimi hörmətlə  anılır.

Dininə və milliyyətinə fərq qoymadan bütün imkansızlara əl tutan Hacı Zeynalabdin Tağıyev xeyirxah işləri həqiqətən də köməyə ehtiyacı olanların yardımına yetişməyin vacibliyi və zəruriliyi fikrindən çıxış edərək görür. O, milyon sahiblərinin yoxsulları öz səxavətindən uzaq tutmaq ənənəsi kimi məhdud və təhqiramiz düşüncədən çox uzaqdır.

Həm də cənab Tağıyev bütün digər məsələlərlə müqayisədə xalq maarifinin yardımına həmişə daha böyük  həvəs və səy göstərir.

Bu baxımdan Hacı Zeynalabdin Tağıyev - heç yerdə, heç bir təhsil görməyən, amma maarifin qadir gücünə varlığı qədər inanan bu böyük təbii ağıl sahibi təhsilin atəşin tərəfdarı kimi  maarif məsələləri barədə təmasda olduğu hər kəsi inam və enerjisinin gücü ilə heyrətdə qoyur. Yalnız  günümüzün ziyalı şəxslərinin dilindən eşidilməsi mümkün olan fikirlər səsləndirməklə cənab Tağıyev həmsöhbətini öz qeyri-adi maarif təşnəliyi ilə əfsunlayır. O, məktəbi  həqiqətən sevir. Maarifin ehtiyac və tələbatına daim həssaslıqla yanaşır.

Cənab Tağıyevin fəxri himayədar kimi hər il müəyyən miqdar məbləğ ianə etdiyi, yaxud onlarla şagirdinə təqaüd verdiyi bütün təhsil müəssisələrinin adlarını burada sadalamağa lüzum görmürəm. Şagirdlərə birdəfəlik maliyyə ayırmaları şəklində göstərdiyi çoxsaylı maddi yardımdan başqa o, ictimai-dövlət səviyyəli, yaxud yerli əhəmiyyətə malik hadisələrdən   nəcib, xeyirxah bir şəkildə maarifin xeyrinə istifadə edir. Bu münasibətlə Bakıda Aleksandr Nevski məbədinin bünövrəsinin qoyulması və Gürcüstan ekzarxının şəhərimizə gəlişi zamanı ianə etdiyi 10 min rublu xatırlatmaq yerinə düşərdi. Həmin məbləğin 3 min rublu Bakıdakı pravoslov məhəlli kilsə məktəbinə verilmiş, 7 min rublu isə Bakı qəzasının xalq məktəblərinin ehtiyaclarına sərf olunmuşdu. Yəqin ki, Bakı qəzasının Mərdəkan kəndində ayrıca bağçılıq məktəbinin açılması da çoxlarının yadındadır. Cənab Tağıyev həmin məktəb üçün gözəl bina tikdirmiş, geniş bağ saldırmış və onların saxlanması üçün on minlərlə rubl vəsait ayırmışdı.  Son zamanlar bu xeyirsevər insan azyaşlı cinayətkarlar üçün peşə məktəbləri və islah düşərgələrinin yaradılması ilə məşğul olan  Qafqaz komitəsinə 20 min, Peterburq xeyriyyə cəmiyyətinə 10 min, Bakıda açılan Kommersiya məktəbinə 50 min rubl yardım göstərib.

Cənab Hacı Zeynalabdin Tağıyevin ümumən xeyriyyəçilik, ələlxüsus da təhsil sahəsində göstərdiyi nəcib fəaliyyət artıq çoxdan ölkə əhalisi, ən çox da müsəlmanlar arasında ona bəzən bütləşdirmə, ilahiləşdirmə səviyyəsinə çatan  həqiqi hörmət və ehtiram qazandırıb. Xeyirxah əməlləri, bütün nəcib və faydalı işlərə həssas münasibəti sayəsində cənab Tağıyev digər müsəlman zənginlərindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Çünki o, tək bizim bölgənin deyil, Rusiyanın daxili quberniyalarında yaşayan müsəlmanlarının da  ictimai xarakterli işlərinə mütləq bu və ya digər şəkildə yardım göstərir. Sadalanan ali keyfiyyətlərinə yerli müsəlmanlar artıq çoxdan cənab Tağıyevi özlərinin digər imkanlı müsəlman qardaşlarına nümunə göstərməyə öyrəşiblər. Bu sonuncular bəlkə də bakılı xeyriyyəçidən daha zəngindirlər. Lakin mənəvi keyfiyyətləri, nəcibliyə və işığa bağlılıqları ilə ondan çox kasıbdırlar. Xeyirxahlıq isə insanın ölümündən sonra özünə Yer üzündə qoyub getdiyi ən yaxşı abidədir.

Heç şübhəsiz, cənab Tağıyevin indiyə qədərki maarifçi-xeyriyyəçi fəaliyyətinin zirvəsi Bakıda açılan rus-müsəlman qız məktəbidir. Tək ona görə yox ki,  bu işə 200 min rubldan çox vəsait sərf edib. Əsas məsələ isə onun özünün qız məktəbinə verdiyi böyük önəm, müsəlman qızlar üçün ilk təhsil ocağının müsəlmanların gələcək mənəvi inkişafında oynayacağı rolla bağlıdır.

İslam ümmətinin ümumi  cahilliyi, ərəb əlifbasının çətinlikləri, şəriət qaydaları və Quran hökmlərinin  savadlı təfsirçilərini yetişdirmək üçün nizamlı məktəblərin olmaması nəticəsində müsəlman qadınının - bu hava və işıqdan məhrum, yarı dustaq varlığın düşdüyü son dərəcə acınacaqlı vəziyyət islam xalqlarının ümumi geriliyinin başlıca səbəbləridir. Bunlar həm də günümüzün mühüm, təcili həllini gözləyən məsələləridir. Müsəlman xalqların gələcəyi  həmin müşküllərin təxirə salınmadan və düzgün çözülməsindən asılıdır.

İslam dünyasının bütün kəskinliyi ilə üzə çıxan və çözülməyənə qədər müsəlmanların sonrakı normal mövcudluğunu, xüsusən də müasir xalqların mədəni-iqtisadi mübarizəsində hər hansı şəkildə iştirakını qeyri-mümkün edən həlli vacib  ehtiyacları tədricən bizimkilərin də beyninə batmağa başlayır. Onlar bütün ömürlərini içərisində keçirdikləri ağır şəraitin dözülməzliyini görürlər. Bu vəziyyətin fəsad və zərərini  daha aydın şəkildə anlayırlar.

Məhz bu səbəbdən də Bakıda müsəlman qızları üçün təhsil müəssisəsinin açılması xəbəri islam aləmini həyəcana gətirdi. İmperiyanın müsəlman əhalisi yaşayan vilayətlərdən içərisində bizim redaksiya da olmaqla Bakıya həyəcanlı sorğular gəlirdi: bu nə cür məktəbdir, proqramı necədir, təlim-tərbiyə personalı kimlərdən ibarət olacaq? Və s. və i.a. Məktubların çoxunda müsəlman qadını üçün təhsil ocağının yaradılmasına ehtiyatlı inamsızlıq da əksini tapıb: cənab Tağıyev bu işə vaxtından əvvəl başlamayıb ki? Müsəlman kütləsinin cahil təbəqəsinin, ən əsası islam ruhanilərinin məsələyə münasibəti necə olacaq?

Etiraf etməliyik ki, qoyulan suallar yenə də öz raison d`etre-sini (fr. “təsir qüvvəsini” - tərc.) saxlamaqdadır. Onları doğuran başlıca səbəb isə tək  müsəlman ziyalılarının deyil, nə qədər utancverici görünsə də, ibadət etdiyi dini təlimlə,  əsaslandığı şəriət qaydaları ilə səthi tanış olan müsəlmanların son nəticədə Mühəmməd dininə sərgilədikləri baxış və anlayışlardır.

İslamla bağlı son dərəcə yanlış anlayışlar içərisində müsəlman qadınının cəmiyyətdəki yeri və mövqeyi ilə bağlı baxışları xüsusi fərqləndirmək lazımdır. Mühəmməd Peyğəmbərə və yaratdığı Qurana yalnız mənfi, hətta deyərdim ki, düşməncəsinə yanaşmağa adət etmiş toplum üzvləri, müsəlman qadınının fəlakətli vəziyyətində təbii ki, islamın birbaşa təsirini görürlər: “Bu müsəlman peyğəmbəri və onun  şəriəti öz hümmətini qadının kişiyə sadəcə  kölə olduğuna, ev işləri görmək və ərinin əylənməsini təmin etmək üçün yaradıldığına inandırmaqla zərif cinsi hüquqsuz ev heyvanı durumuna salmışdır”.

Mühəmmədin adına bu cür “təlim” uyduranlar sadəcə unudurlar ki, yer üzündə nizamlı, mütəşəkkil insan birgəyaşayışı yaratmaq istəyən islam banisi təbiətin özünün birlikdə, həmrəy və bərabərhüquqlu mövcudluq üçün xəlq etdiyi iki əks cinsin nümayəndələri arasında qeyri-bərabərliyi din vasitəsi ilə qanuniləşdirmək kimi əxlaqsız və antisosial təlimə heç cür tərəfdar çıxa bilməzdi,  heç vəchlə onu yaymağa çalışmazdı.

Məhvə məhkum olan belə dini təlim  ardıcıllarına cəmiyyət əxlaqına zidd həyat tərzi aşıladığına görə elə başlanğıcda, rüşeym halında heçliyə qovuşmalı idi. Amma ərəb Peyğəmbərinin davamçıları, gördüyümüz kimi, Yer kürəsinin müxtəlif hissələrinə yayılıblar. İndi onların sayı yüz milyonlarla ölçülür. Durmadan  artıq, çoxalırlar.

Biz qəzetimizin səhifələrindəki bir sıra məqalələrdə ətraflı nəzərdən keçirilən bu mövzu ilə bağlı yenidən müzakirə açmaq niyyətində deyilik. Yalnız onu demək istərdik ki, İslam Peyğəmbəri “kişi və qadın eyni nütfədən yaranıb” (Quran, Ən-nisa surəsi)  fikrini irəli sürməklə qadına bütün şəxsi, ailəvi və əmlak haqları verib, qadınla kişi arasında bərabər hüququ vəziyyət yaradıb, bu yolla da  qadının ictimai-mənəvi gücünü kişi ilə bərabər səviyyəyə qaldırıb.

Lakin ilkin bərabərhüquqlu vəziyyətinə baxmayaraq müsəlman qadını zaman keçdikcə haqlarını itiribsə və artıq çıxılmaz duruma düşübsə, burada Mühəmmədin dini qətiyyən günahkar deyil. Günahkar islam xalqlarının tarix boyu məruz qaldıqları sosial-məişət münasibətləridir. Günahkar Mühəmməd təliminin əsrlər boyu cahil, lakin hər yerə əlləri çatan müsəlman ruhaniləri vasitəsi ilə məruz qoyulduğu təhriflərdir. Gizli deyil ki, onlar şəriət hökmlərini ya öz xeyirlərinə, ya da Şərq padşahları və hər cür hakimiyyət sahiblərinin istəyinə uyğun dəyişdirməklə əslində oyuncağa çevriliblər.

Həm ayrıca fərdlərin, həm də bütöv cəmiyyətlərin, xalqların həyatı heç zaman qanunun, yaxud dinin müəyyənləşdirdiyi dar çərçivəyə sığışdırıla bilməz. Özündə ən mütərəqqi başlanğıcı ehtiva edən insan həyatı əksər hallarda gözə görünmədən işini görən ətraf mühitin, məkanın və zamanın təsiri altında bu və ya digər formalara, şəkillərə düşür. Ayrılıqda götürülmüş hər hansı  cəmiyyətdəki “faktiki vəziyyət” həmin cəmiyyətin yaşayış qaydalarının, adət-ənənələrinin əsrlər boyu biri-birinin üzərinə qalaqlanmış həyat şərtləri məcmusundan başqa bir şey deyildir. Bu qaydalar, bu adət-ənənələr nə qədər mənfi səciyyə daşısalar da, nə qədər  zərərli olsalar da, keçmişin ağır irsi kimi tez vaxtda unudula bilməzlər. Onların tərəfdarları var və belələri gələcəkdə də olacaqlar. Həmin tərəfdarların bəziləri cahillikləri, bəziləri isə şəxsi qazanc, yaxud digər təmənnalı  məqsəd güdmələri səbəbindən həmişə keçmiş dövrlərin “tapdanan hüquqlarının” müdafiəsinə qalxmağa hazır olacaqlar.

Müsəlman qadınının vəziyyəti də, təəssüflər olsun ki, belə qapalı dairə içərisindədir. O, indi hüquqsuzdur. Haqları daha güclü cins tərəfindən tapdanır. Öz ağlını və təbii istedadını inkişaf etdirmək imkanından məhrumdur. Bir sözlə, “Allahın və Peyğəmbərin bəxş etdiyi” hər şey əlindən alınıb.

Müsəlman qadınını mövcud fərəhsiz, acınacaqlı vəziyyətdən yalnız məktəbin, maarifin köməyi ilə çıxarmaq mümkündür.

Bakıda açılan İmperatriçə Aleksandra Fyodorovna adına rus-müsəlman qız məktəbi sözün həqiqi mənasında müsəlman qadınının əqli-mənəvi inkişafının əsasını qoyacaq birinci təhsil ocağı kimi böyük əhəmiyyətə malikdir. Həm də bu o anlama gəlməməlidir ki, müsəlmanlar indiyə qədər qadın təhsilinin nə olduğunu bilməyiblər, yaxud qızlarını oxutmayıblar. Şərq ölkələrinin çiçəklənmə çağı yaşadığı qüdrətli dövrlərində Bağdad, Qahirə, Kordova və başqa elm mərkəzlərindəki akademiyalarda hətta professor kürsüsü tutan yüksək təhsilli alim müsəlman qadınlarının adları onları yetişdirən mükəmməl təhsil müəssisələrinin mövcudluğundan xəbər verir. Məşhur Fəxrin-Nica, Bağdad mədrəsələrində ədəbiyyatdan mühazirələr oxuyan Ümmül-Xeyir Fatimə və Ümmül-İbrahim əl-Yezdani, qadınlara və kişilərə ilahiyyat fənnini öyrədən Əl-Əruziyyə,  Kordovadakı qrammatika və rapsodiya professoru Ümmül-Üla, poeziya və teologiya professoru Ümmül-Üləma kimi müsəlman qadınları öz dövrlərinin ən savadlı, bilikli adamları sayılırdılar.

Müsəlman qadınının həyatın bütün sahələrində ağıl və biliyini nümayiş etdirmək imkanına malik olduğu şərəfli dövr təəssüf ki, artıq tarixə qovuşub. Lakin bu nümunə öz növbəsində islamın qətiyyən maarifə düşmən münasibət bəsləmədiyinin, əksinə, Mühəmməd dininə sitayiş edən xalqların tərəqqiyə qovuşması üçün böyük stimul yaratdığını sübuta yetirir. Amma bir şərtlə ki, Peyğəmbərin vəsiyyətləri təhrif olunmasın!.. Müsəlman qadınını indiki alçaldılmış duruma salmaqla rəzil qapalı rejimdə saxlamağa tərəfdar çıxanların hamısı yuxarıda sadalanan adlar qarşısında xəcalət çəkməlidirlər. Və yalnız indi mütərəqqi ziyalıların Konstantinopolda, Qahirədə, Kəlküttədə, Bombeydə məktəblər açıb müsəlman qadınının əqli-mənəvi vəziyyətini təhsil yolu ilə  yüksəltmək üçün gördükləri işlər müəyyən müsbət nəticələr verəcəyi təqdirdə “din bacılarına” münasibətdə buraxılmış səhvlər bir qədər islah edə bilər.

Bütünlükdə Qafqaz ölkəsi və bizim Rusiya müsəlmanlarına gəldikdə isə, indiyə qədər onlar arasında müsəlman qızların təhsili üçün düzgün təşkil edilmiş məktəblərin mövcudluğu barədə heç bir şey bilmirik. Yalnız səksəninci illərdə (XIX əsr nəzərdə tutulur - V.Q.) Tiflisdə müsəlman qızları üçün xüsusi institutun yaradılmasına göstərilən təşəbbüslə bağlı məlumatımız var. Həmin təhsil müəssisəsi bölgənin imkanlı müsəlmanlarından daxil olan ianələr və dövlət xəzinəsindən ayrılacaq subsidiya hesabına təşkil olunmalı idi.

Lakin yeri gəlmişkən, qızğın tərəfdarlarından birinin də həmin dövrdə keçmiş Qafqaz canişinliyinin baş idarə rəisi vəzifəsində çalışan mərhum general Staroselski olduğu ideya baş tutmadı. Çünki müsəlman qızları üçün xüsusi təhsil ocağı yaradılmasının yersizliyi, hətta təhlükəliliyi haqqında lüzumsuz söz-söhbət yayan adamlar peyda oldular.

Səksəninci illərin ortalarında  eyni Tiflis şəhərində müsəlman xeyriyyə cəmiyyətinin binası qoyuldu. Cəmiyyət tezliklə öz vəsaiti hesabına ibtidai məktəb açdı. Lakin təəssüf ki, imkansızlıq ucbatından az bir zaman keçməmiş həm cəmiyyət, həm də qız məktəbi fəaliyyətini dayandırmalı oldular.

Yuxarıda xatırlatdıqlarımızdan başqa müsəlman qızlarının təhsili üçün göstərilən hər hansı qayğı və təşəbbüs cəhdi bizə məlum deyil.

Doğrudur, şəhərlərdə, hətta Qafqaz ölkəsinin əksər kəndlərində, az qala   bütün islam əhalisi arasında qızlar üçün “ev məktəbləri” adlandırıla biləcək təhsil ocaqları mövcuddur.  Yəni, gənc qızlar savadlı və Quran oxumağı bacaran qadının, nadir hallarda isə mollanın yanında toplaşıb bir qayda olaraq müsəlman məktəblərində öyrədilən fənlər üzrə dərs keçirlər.  Bura ilk növbədə məna və məzmununu anlamadan Quran qiraəti  daxildir. Qızlar üstəlik tikiş və toxuma kimi əl işləri də öyrənirlər. Belə məktəblər indi də az deyil.

Müsəlmanları, təbiri-caizsə, tam vəhşiləşməkdən qoruyub saxladığına görə bu cür müəssisələrin lüzumu üzərindən tam xətt çəkmək olmaz. Onların müsəlman əhali arasında böyük populyarlığa malik olması da qazandıqları əhəmiyyətin başqa göstəricisidir. Bəlkə də ciddi şəkildə yenidən qurulduqları təqdirdə “ev məktəblərindən” müsəlmanların maariflənməsi işində yararlanmaq olardı. Lakin buna baxmayaraq yenə deməyə məcburuq ki, həmin məktəblərdə hökmran olan sxolastik üsul və qayda-qanunlar onları həqiqi təhsil ocaqları saymağa imkan vermir. Bu mənada Bakı rus-müsəlman qız məktəbi tam əsasla zaman baxımından Rusiyada müsəlman qızların müasir təhsilə yiyələnmələri üçün yaradılmış ilk həqiqi tədris müəssisəsi sayıla bilər. Lakin o, tək xronoloji ardıcıllıq baxımından birinci deyil. Müsəlman həyatının indiki şərtləri, xalq kütlələri arasında qadına münasibətdə hökm sürən mövcud meyarlar və oxşar tədris müəssisələrinə irəli sürülən tələblər baxımından yanaşdıqda da  nümunəvi quruluşu ilə birinciliyini bariz şəkildə göstərir. “Kaspi” qəzetinin 183-cü sayında məzmunu ilə oxucuları tanış etdiyimiz  məktəb əsasnaməsindən də göründüyü kimi, tədris ocağının təşkil prinsipləri, təlim-tərbiyə işinin qoyuluşu kor qəzəb və cahillik içərisində xarakterinin fərqinə varmadan ümumən maarif müəssisələrinə qarşı çıxan, şüursuz şəkildə hər “yeniliyin” yalnız və yalnız dini, ictimai və ailəvi əsaslara qarşı çıxdığı, habelə sevə-sevə göz üstündə qorunub saxlanan əski dövrlərin adət-ənənələrini dağıtdığı haqqındakı cəfəng baxışları paylaşan qadın təhsili əleyhdarlarını da razı salmalıdır.

Təəssüflər olsun ki, məktəbin təsisçisi müsəlman əhalinin əksər hissəsini təşkil edən belə köhnəlik tərəfdarlarının üstündən tamamilə xətt çəkməyə qadir deyil. Bu səbəbdən də məktəb əsasnaməsinin tərtibi zamanı ümumən  müsəlman kütlə arasındakı maarif anlayışını və onların qadın təhsilinə münasibətlərini nəzərə almaq labüdlüyə  çevrilmişdi. Bu, sadəcə güzəşt deyildi. Bu daha çox bizim müsəlmanların mövcud əqli-mənəvi vəziyyəti şəraitində qaçılmaz olan bir fəaliyyət şəkli idi. Və yəqin ki, maarifin yayılması ilə bağlı hər cür təşəbbüsün faydalı nəticələr verməsinin təminatı baxımından zəruri addım idi. İndiki konkret nümunədə müsəlmanları inandırmaq lazım idi ki, Bakıda təsis olunan rus-müsəlman qız məktəbi sadəcə bizim qızlarımıza gələcək qadın, həyat yoldaşı və ana kimi müəyyən zəruri biliklər vermək məqsədinə xidmət edir. Məktəbdə aldıqları biliklər onları ailədən uzaqlaşdırmayacaq, ailə ənənələrinə yadlaşdırmayacaq, gələcək həyat yolunda heç birini dilindən və dinindən, həyat şərtlərinin özünəməxsusluqlarından təcrid etməyəcək. Başa salmaq lazım idi ki, müsəlman qızına təhsil vermək ona yalnız öz dilini unudub rusca danışmağı öyrətmək deyil. Bu, həm də zövq və səliqə ilə geyinməyi bacarmaqdır.  Ərinin sədaqətli həyat yoldaşı uşaqlarının əsl anası kimi qalmaqla bir sırada asudə  vaxtından da ağılla istifadə etməyi öyrənməkdir. Əlbəttə, sadalanan şərtlər  ümumən, bütün qız məktəblərinə münasibətdə rəhbər tutulmalıdır. Lakin müasir mərhələdə müsəlman qızlarının təlim-tərbiyəsini ilk dəfə üzərinə götürən məktəb bu şərtlərə daha həssas və yüksək səviyyəli cavab verməli idi. Yalnız belə şəraitdə başlanğıc mərhələdən müsəlman cəmiyyətinin rəğbətini qazanmaq, ən çox da eqoist ehtiraslarını təmin etmək üçün qadını ətraf aləmdə baş verən hər şeydən xəbərsiz saxlamağı məqbul və əlverişli sayan ikiüzlülərin natəmiz ümidlərini puça çıxarmaq mümkün və son dərəcə vacib idi.

Şübhə etmirik ki, Bakı rus-müsəlman qız məktəbi sadaladığımız və arzu olunan şərtlərin səviyyəsinə yüksəlməyi bacaracaqdır.

Zənnimizcə, buna ən yaxşı zəmanət ilk növbədə məktəb əsasnaməsinin açdığı təşkilati imkanlardır. Həmin imkanlar müsəlman nöqteyi-nəzərindən zəruri sayılan bütün tələbləri təmin etməyə şərait yaradır. 

Bu baxımdan diqqətimizi daha çox çəkən cəhətlərə nəzər salaq: mahiyyət etibarı ilə məktəb qapalı təlim-tərbiyə müəssisəsidir. Ora istisnasız şəkildə yalnız müsəlman qızları qəbul olunur. Birsinifli ibtidai məktəblər üçün müəyyən  edilmiş proqrama əsasən ümumi təhsil üçün zəruri fənlərdən başqa islam ilahiyyatı və tatar dili (Azərbaycan türkcəsi  -V.Q.) öyrədiləcək. Məktəb müdirəsinin, rus və tatar dilləri, habelə, ilahiyyat müəllimlərin müsəlman olması vacib şərtdir. Bütün xidmət personalı da müsəlman qadınlar arasından seçiləcək. Əlavə peşə sinfində müsəlman ailəsi üçün zəruri sayılan əl işləri və evdarlıq öyrədiləcək. Nəhayət, məktəbin himayədarlar şurasının tərkibinə islam icmasından seçilmiş hər iki cinsin nümayəndələrindən başqa Müsəlman Ruhani İdarəsinin təmsilçisi - Bakı quberniya qazısı da daxil edilib.

Verilən məlumatlardan da göründüyü kimi, qadın məktəbinin təşkili zamanı müsəlmanların nöqteyi-nəzərləri baxımından zəruri sayılan bütün şərtlərə imkan daxilində əməl olunub.

Məktəbin qarşıya qoyduğu məqsədlər necə həyata keçiriləcəkdir?  Bu artıq təlim-tərbiyə işçilərinin və himayədarlar şurasının vəzifəsidir. Fikrimizcə,   rus-müsəlman qız məktəbinin bütün gələcək uğurları ilk növbədə enerji və rəftardan, təlim-tərbiyə işinin vicdanlı və peşəkarcasına aparılmasından asılıdır. Əlbəttə, biz hər yeni başlanmış iş üçün səciyyəvi və qaçılmaz olan nöqsan və qüsurlardan danışmaq niyyətində deyilik. Maraqlandığımız əsas məsələ müsəlman qadın məktəbinin xüsusiyyətləri ilə bağlıdır. Bunu deyərkən ilk növbədə  əsasnamədə göstərilən şəraitin yaradılması və ona dönmədən əməl edilməsini nəzərdə tuturuq. Yalnız belə olduğu təqdirdə məktəb müsəlman qızlarının təhsil və tərbiyəsi üçün həqiqi maarif ocağına çevrilə bilər.

Bu mənada biz  məktəb personalının və himayədarlar şurasının artıq təşəkkül tapmış tərkibinə çox böyük ümid bəsləyirik. Məktəbin müdirəsi və nəzarətçi-müəllimləri, habelə himayədarlar şurasının  müsəlman üzvləri ziyalı müsəlmanlar sırasına daxil olan şəxslərdir. Bu isə bizə məktəbin işlərinin uğurla aparılacağını, təlim-tərbiyə heyəti və himayədarlar şurası üzvlərinin üzərlərinə götürdükləri çətin sayılmasa son dərəcə məsul vəzifəyə məhəbbət və şövqlə yanaşacaqlarını düşünməyə əsas verir. Bütün müsəlman cəmiyyəti qarşısında din qardaş və bacılarının sabahı  ilə bağlı olduqca mühüm bir işin məhz onlara tapşırılmasından doğan vəzifə borcunun şərəflə yerinə yetirilməsi duyğusu  bu şəxslərin gələcək mütəvazi, lakin son dərəcə əhəmiyyətli fəaliyyətlərində səfərbəredici stimul rolunu oynamalıdır.

Nəhayət, himayədarlar şurasının üzvləri arasında Bakı şəhər başçısı, yerli qadın gimnaziyasının müdirəsi, kişi gimnaziyasının direktoru, xalq məktəblərinin direktoru kimi şəxslərin olması da nəzərdən qaçırılmamalıdır.

Rus-müsəlman qız məktəbinin maraqlarını onun binasının tikilməsi üçün təmənnasız torpaq sahəsi ayıran Bakı şəhər özünüidarəsi və digər tədris ocaqları  ilə əlaqələndirərək ümid edə bilərik ki, bu şəxslər qız məktəbinin təsərrüfat, ən əsası isə pedaqoji fəaliyyətini düzgün qurmasına müsbət təsir göstərəcəklər.

Rus-müsəlman qız məktəbinin təşkili ilə bağlı diqqət yetirdiyimiz şərtlər,  fikrimizcə, o qədər düşünülmüş və məqsədyönlüdür ki, onların lazımi şəkildə həyata keçirildiyi təqdirdə nəinki yeni təhsil ocağının gələcək uğurlarını indidən mümkün saymaq mümkündür; həm də ümid etmək olar ki, bu məktəb özündən sonra gələn oxşar müəssisələr üçün də nümunə rolunu oynayacaqdır. İki ildən bəri bizim müsəlmanlar arasında qız məktəbinin açılması ilə bağlı dövr edən ideyanın təsiri altında, bu günlərdə aldığımız xəbərə görə, tezliklə İrəvanda da  belə bir maarif ocağının açılması nəzərdə tutulur. Həm də qətiyyən şübhə etmirik ki, yerli müsəlmanlar üçün bu məktəb yeganə nümunə kimi qalmayacaqdır. Çünki müsəlmanların təhsili ideyası məhsuldar torpağa atılmış saf toxum kimi tezliklə nəcib və xeyirxah bəhrələrini verməlidir.

Belə bəhrələr sırasında ilk növbədə faydalı təşəbbüsün uğurlu davamını görürük. Proses məntiqi şəkildə rus-müsəlman qız məktəbinin proqramının genişlənməsinə gətirib çıxarmalıdır. Deməyə lüzum varmı ki, çox tezliklə bir sinifli ibtidai məktəb kursu burada təhsil alan müsəlman qızları üçün qeyri-kafi görünəcəkdir?  Onlar təhsillərini yenə davam etdirmək istəyəcəklər. Bu tamamilə təbii tələbat gündəliyə rus-müsəlman qadın progimnaziyasının, sonra isə gimnaziyanın təşkili məsələsini çıxaracaqdır.

Düşünürük ki, həmin məsələ yenə bizim Bakıda öz həllini tapacaq. Və bu işin öhdəsindən gələnlər də indi müsəlman qızlarının təhsili ideyasını hələlik başlanğıc  mərhələdə həyata keçirənlər olacaqlar. Rus-müsəlman qız məktəbinin təsisçisi Hacı Zeynalabdin Tağıyev əbəs yerə pansionu ilə birlikdə qadın progimnaziyasının, hətta bütöv gimnaziyanın yerləşə biləcəyi belə bir bina tikdirməyib! İmperatriçə Ülya həzrətlərinin adını daşıyan birinci rus-müsəlman qız məktəb  təkamül yolu ilə böyümə, inkişaf prosesində müsəlman qızlarına verilən biliklərin əhatə dairəsini o qədər genişləndirməlidir ki, onlar zaman keçdikcə öz əqli və mənəvi keyfiyyətləri sayəsində başqa xalqların savadlı qızları ilə eyni səviyyədə dayanmağı bacarsınlar.

Təbii ki, bu gələcəyin vəzifəsidir. Hələlik isə müsəlman qızlarının təhsil almaları kimi gözəl və nəcib bir işin möhkəm təməli qoyulub. Bu elə mühüm addımdır ki, onun mövcudluğundan kənarda bizim müsəlmanların əqli-mənəvi inkişafını və iqtisadi yüksəlişini təsəvvürə gətirmək mümkün deyil.

Tam zamanında dindaşlarının yardımına gələn Hacı Zeynalabdin Tağıyev özünün bu məsələyə münasibətində qadını ailədə son dərəcə yüksək tutub “Cənnət anaların ayaqlarının altındadır” -deyən Mühəmməd Peyğəmbərin kəlamına dürüstlüklə əməl etdiyini göstərmişdir.

Ailənin əsası kimi yalnız ağıllı qadın cəmiyyət və dövlət üçün bu mühüm institutun nə dərəcədə zəruri olduğunu  başa düşə bilər. Yalnız bilikli qadın öz uşaqlarına - gələcək vətəndaşlara bütün sonrakı həyatlarının istiqamətini təyin edən əqli-mənəvi inkişafın ilk təkanını verə bilər.

Lakin ağıllı ana olmaqdan ötrü müsəlman qadınına ilk növbədə şəraitin hökmü ilə əlindən alınmış qadın və insan haqlarını qaytarmaq lazımdır. Qadın  bu haqqı yalnız məktəbin köməyi ilə geri ala bilər. Çünki yalnız məktəb  ona vaxtı ilə nikah əqdi zamanı zəif cinsin hüququnu məhdudlaşdırmaq istəyən xəlifə Ömərə bir ərəb xanımının məsciddə, hamının gözü qarşısında dediyi sözləri öyrədə bilər. O, xanım demişdi: “Ey mömünlərin əmiri, Allahın və Peyğəmbərin bizə - qadınlara bəxş etdiyi neməti əlimizdən almağa  haqqınız yoxdur!”

 

“Kaspi”, ¹ 207-208, 23-24 sentyabr 1901-ci il

 

Rus dilindən tərcümə: Vilayət Quliyev

 

Əlimərdan bəy TOPÇUBAŞOV

 

525-ci qəzet.- 2017. - 4 fevral.- S. 8, 9, 11.