Vaxtında atılmış
mühüm və uğurlu addım
Tanınmış ictimaiyyət
nümayəndələri Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılmasını və 5 illik fəaliyyətini
yüksək qiymətləndirirlər
Azərbaycanda fəaliyyətilə
xüsusi seçilən, ictimaiyyətin diqqət mərkəzində
olan dövlət qurumları sırasında Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin özünəməxsus
yeri var.
Məlum olduğu kimi, sözügedən
sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi,
onun müasir tələblərə uyğun qurulması məqsədilə,
Prezident İlham Əliyevin 13 fevral 2012-ci il
tarixli fərmanına əsasən, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti yaradılıb. Beləliklə,
bugünlərdə Xidmətin fəaliyyətinin 5 illiyi tamam
olur.
Azərbaycan Mətbuat
Şurasının sədri, millət vəkili Əflatun
Amaşov Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
mətbuatın cəmiyyətdəki roluna, jurnalistlərlə
əməkdaşlığa ciddi əhəmiyyət verməsini
təqdirəlayiq hal kimi önə çəkib. Ə.Amaşovun fikrincə, Dövlət Xidmətinin
gördüyü işlərin, keçirdiyi tədbirlərin
müntəzəm olaraq ictimaiyyətə
çatdırılması məhz bunun nəticəsidir.
Çağırış-səfərbərlik
sahəsində atılan məqsədyönlü addımlar
bu konstruktiv əməkdaşlıq hesabına geniş,
dolğun və obyektiv şəkildə
işıqlandırılır.
Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti ilə Mətbuat Şurası arasında da səmərəli
əlaqələr qurulduğunu bildirən Ə.Amaşov Xidmət
rəhbərliyinin və media nümayəndələrinin
iştirakı ilə keçirilən geniş formatlı tədbiri
xüsusi vurğulayıb: “Ümumiyyətlə, ötən 5
ildə bu Xidmətin media ilə əlaqələri yüksələn
xətt üzrə davam edib. Azərbaycan Milli Mətbuatının
140 illik yubileyi Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətində
xüsusi tədbirlə qeyd olunub. Həmin
tədbirdə bir qrup media nümayəndəsi “Hərbi vətənpərvərlik
tərbiyəsində xidmətlərinə görə” diplomu
və qiymətli hədiyyələrlə
mükafatlandırılıb. Bu isə
Xidmət rəhbərliyinin mətbuata, jurnalistlərə diqqətinin,
həssas münasibətinin daha bir sevindirici təzahürü
kimi qiymətləndirilə bilər”. Mətbuat
Şurası sədrinin sözlərinə görə, Xidmətin
fəaliyyətilə bağlı diqqətəlayiq cəhətlərdən
biri də regionlarda təşkil edilən və böyük
maraqla qarşılanan “Vətənin müdafiəsinə
hazıram!” devizli tədbirlər silsiləsidir: “Cəmiyyətdə
hərbi vətənpərvərlik hissinin yüksəldilməsi
naminə keçirilən ümumrespublika rəsm və
yazı müsabiqələri də mühüm səciyyə
daşıyır. Bu baxımdan, Xidmətin 5 illiyi ilə əlaqədar
təşkil olunmuş və yenicə yekun vurulmuş
“Sabahın əsgəri” yazı müsabiqəsinin əhəmiyyətini
xüsusi vurğulamaq istərdim. Ümidvaram ki,
fəaliyyətinin ilk 5 ili uğurlarla yadda qalan Dövlət
Xidmətinin nailiyyətləri davamlı olacaq”.
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin katibi Rəşad Məcidin
fikrincə, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
ötən 5 ildəki fəaliyyəti bu qurumun ölkə rəhbərliyinin
yüksək etimadını və ictimai gözləntiləri
doğrultduğunu sübut edir: “Əlbəttə,
böyük bir qurum olan bu Xidmətin fəaliyyətindəki
davamlı uğurlar onun rəhbərliyinin yüksək səriştə
və peşəkarlığından irəli gəlir. Bu baxımdan da, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin yaradılması, səlahiyyətlərinin
genişləndirilməsi vaxtında atılmış
mühüm və uğurlu addımdır. Dövlət Xidmətinin həm orduya
çağırış, həm də gənclərin hərbi
xidmətə hazırlığı, yeni nəsildə vətənpərvərlik
ruhunun yüksəldilməsi naminə gördüyü
işlər olduqca təqdirəlayiqdir. Bu
sahədə Xidmət tərəfindən ardıcıl təşkil
edilən effektli tədbirlər ümumən mediamızın
diqqət mərkəzindədir. “525-ci qəzet”
olaraq biz də bütün bu tədbirləri hər zaman həssaslıqla
izləyir və işıqlandırırıq. Konkret nümunələr kimi qeyd edim ki, “Əsgərə
məktublar” və “Sabahın əsgəri” adlı yazı
müsabiqələri son dərəcə faydalı,
maraqlı idi. Düşünürəm
ki, bu müsabiqələrin həm yeni nəslə, həm də
ədəbi mühitə çox müsbət təsiri oldu,
kifayət qədər reaksiya doğurdu. İnanıram
ki, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar əldə
edəcək”.
Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının sədri, millət
vəkili Azay Quliyevin fikrincə, Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidməti keçən beş il müddətində
fəaliyyətini yüksək səviyyədə qurmağa
nail olub: "Xidmət ölkədə gənclərin həqiqi
hərbi xidmətə yola salınması və
qarşılanma prosesini əsl bayram ovqatında keçirir.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müvafiq sərəncamları
ilə ildə dörd dəfə təşkil olunan bu tip tədbirlər
Azərbaycanın bütün şəhər və
rayonlarında Xidmətin yerli strukturları tərəfindən
uğurla həyata keçirilir. İctimaiyyət
nümayəndələrinin, o cümlədən QHT-lərin
də yaxından iştirak etdiyi bu tədbirlər ordu ilə
xalq arasında çox səmimi və effektiv ünsiyyət
vasitəsinə çevrilib. Xidmətin
xüsusilə hərbi yönümlü QHT-lərlə
yaxından əməkdaşlığı digər dövlət
qurumları üçün örnək olacaq səviyyədədir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədr müavini, “Xalq cəbhəsi” qəzetinin
baş redaktoru, politoloq Elçin Mirzəbəyli isə qeyd
edib ki, sözügedən qurumun yaradılması
bütövlükdə hərbi xidmətə
çağırış sisteminə yenilik gətirib:
“Müstəqil qurum kimi bu qurumun yaradılması bundan öncə
mövcud olan bir sıra neqativ halların aradan
qaldırılmasına zəmin yaradıb. Hazırda
çağırış prosesin şəffaflığı
ölkə vətəndaşları tərəfindən də
müsbət qiymətləndirilir”.
E.Mirzəbəyli hesab edir ki, bu sahədə
aparılan islahatlar özünü doğruldur və effektiv nəticələr
verir: “Xidmətin bütün güc strukturları ilə
qarşılıqlı əməkdaşlığında da
bu tendensiya nəzərə çarpır. Ona
görə də, düşünürəm ki, bu 5 illik fəaliyyət
kifayət qədər uğurlu nəticələrlə yadda
qalıb”.
Çağdaş cəmiyyətdə
media ilə əlaqələrin önəminə toxunan E.Mirzəbəylinin
fikrincə, sözügedən qurumun Mətbuat xidməti bu
baxımdan üzərinə düşən vəzifələri
bacarıqla və lazımi məsuliyyətlə yerinə
yetirir.
Dövlət Xidmətinin gənclərdə
vətənpərvərlik ruhunun yüksəldilməsi,
onların hərbi xidmətə hazırlığı ilə
bağlı həyata keçirdiyi tədbirləri yüksək
qiymətləndirən politoloq bildirib ki, səfərbərlik
xidmətinin bu istiqamətdə atdığı addımlar da
öz müsbət nəticələrini verməkdədir.
Ehtiyatda Olan Zabitlər
Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn
Sarıyev Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
fəaliyyətini yüksək qiymətləndirir: “Bu Xidmət
yarandığı gündən yüksək səviyyəli
fəaliyyəti ilə diqqəti çəkib. Son dövrlər
ölkədə keçirilən hərbi təlimlər
zamanı Səfərbərlik Xidmətinin Müdafiə
Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyəti
buna misaldır. Bu təlimlər zamanı
uğurla həyata keçirilən səfərbərlik prosesi
Dövlət Xidmətinin öz işini günün tələblərinə
uyğun qurmasının nəticəsidir. Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
Silahlı Qüvvələrimizin tərkibində özünəməxsus
yer tutur. Bu, ehtiyatda olan zabitləri
sevindirir. Çünki biz də hər
zaman özümüzü Silahlı Qüvvələrin və
Səfərbərlik Xidmətinin tərkibində
görürük, hər zaman səfərbər olmağa
hazırıq”.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun
sədri Umud Rəhimoğlu hesab edir ki, adıçəkilən
Dövlət Xidmətinin ötən 5 ildəki fəaliyyəti
bir sıra uğurlu cəhətlərlə xüsusən
yaddaqalan olub: “Xidmətin müasir hərbi
çağırış sisteminin
formalaşdırılması, səfərbərlik işinin təşkili,
eləcə də gənclərdə vətənpərvərlik
hissinin yüksəldilməsi istiqamətində
yürütdüyü fəaliyyət yüksək qiymətləndirilməlidir.
Gənclərin hərbi xidmətə
hazırlığı, yeni nəsildə vətənpərvərlik
ruhunun gücləndirilməsilə bağlı görülən
təqdirəlayiq işlər də bu sıradadır”.
Fond sədrinin sözlərinə görə, səfərbərlik
xidməti ilə vətəndaş cəmiyyəti
institutları arasında mövcud olan sıx və faydalı əməkdaşlıq
müsbət nəticələr verməkdədir: “Ölkənin
bütün şəhər və rayonlarında gənclərin
vətənə hərbi xidmət borcunu yerinə yetirməyə
yola salınması, bununla bağlı tədbirlər
keçirilməsi artıq ənənə halını
alıb. “Vətənin müdafiəsinə
hazıram” devizli tədbirlər də ümumi işin xeyrinə
olan addımlardandır. Bunların bir
neçəsində Xidmətin dəvətilə mən də
iştirak etmişəm və müşahidələrim bunu
deməyə əsas verir ki, həmin tədbirlər kifayət
qədər effekt doğurur. Yeniyetmələr
və gənclər belə tədbirlərdə yüksək
fəallıqla iştirak edirlər. Ümumiyyətlə
bütün bu cəhətlər üzrə baxdıqda Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin keçən 5 il ərzində
gördüyü işlər uğurlu
sayılmalıdır”.
Azərbaycan Qarabağ
Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin sədri Mehdi Mehdiyev Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin yaradılmasını bu istiqamətdə
müstəsna əhəmiyyətli addım hesab edir. Onun sözlərinə
görə, Xidmət birbaşa fəaliyyət sahəsində
uğurla çalışmaqdan əlavə, Qarabağ əlillərinə,
şəhid ailələrinə, müharibə
veteranlarına da xüsusi diqqətlə yanaşır: “Biz
2016-cı ilin aprel hadisələri zamanı səfərbərlik
xidmətinin təşkilatçılığı ilə cəbhə
bölgəsinə səfərlər etdik. Orada
şəhidlərimizin dəfn məsələsinin təşkil
edilməsini, Qarabağ əlillərinə və əlil
olmuş digər şəxslərə xüsusi
yanaşmanı gördük”.
Prezidentin yürütdüyü siyasətə
uyğun olaraq Səfərbərlik Xidməti rəisinin
Qarabağ əlilləri, şəhid ailələri,
müharibə veteranlarına xüsusi diqqət göstərdiyini
deyən M.Mehdiyev bildirib ki, general Arzu Rəhimov bölgələrdə
qəbul keçirən zaman birinci növbədə bu
kateqoriyadan olan vətəndaşları qəbul edir və
onların problemlərinin həllinin sürətlənməsində
yardımçı olur: “Qarabağ əlillərinin bir hissəsi
artıq dövlət xidmətində işlə təmin
olunublar. Hətta onların içində idarə
rəisi, şöbə rəisi və xidmətin baş idarəsində
işləyənlər var”.
Rəhbərlik etdiyi təşkilatla
Dövlət Xidməti arasında əlaqələrin yüksək
səviyyədə olduğunu diqqətə çatdıran
M.Mehdiyev vurğulayıb ki, əməkdaşlıq bu gün
də davam etməkdədir.
Müasir həbri
çağırış sisteminin
formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyə
işlərinin həyata keçirilməsində Səfərbərlik
Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən
Əfqanıstan Müharibəsi Veteranları İctimai
Birliyinin sədri Məhəmməd Vəliyev rəhbərlik
etdiyi təşkilatla dövlət xidmət arasındakı səmərəli
əməkdaşlıq əlaqələrindən də məmnunluqla
söz açıb.
Çernobıl Əlilləri
İttifaqının sədri Mirhəsən Həsənov isə
bildirib ki, sözügedən Dövlət Xidmətinin
yaradılması və peşəkar fəaliyyəti sayəsində
əvvəllər bu sahədə mövcud olan bəzi problemlər
aradan qaldırılıb: “Çernobıl Əlilləri Cəmiyyəti
üzvlərinin Xidmətə müraciətlərinə daima
diqqətlə yanaşılır və tez bir zamanda, qanun çərçivəsində,
ədalətli həllini tapır”.
M.Həsənov qeyd edib ki,
işğal olunmuş torpaqlarımızın düşməndən
azad edilməsi istiqamətində aparılacaq hərbi əməliyyatlar
zamanı Çernobıl əlilləri vətənin
bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin
sırasında döyüşməyə hər zaman
hazırdır.
20 Yanvar Cəmiyyətinin sədri
Sultan Əzimzadə də Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin bu Cəmiyyətin nümayəndələrinə,
onların ailə üzvlərinə həssas münasibətini
sevindirici hal kimi önə çəkib.
Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı isə bildirib ki, Dövlət Xidmətinin təşkilatçılığı ilə gerçəkləşdirilən “Vətənin müdafiəsinə hazıram” layihəsi olduqca əhəmiyyətli tədbirlər silsiləsidir: “Azərbaycanın bütün bölgələrini əhatə edən bu vacib tədbirlərə mən də böyük həvəslə qatılıram. Öz çıxışlarımla, ifalarımla vətənpərvərlik təbliğatının aparılması işinə töhfə verməyə çalışıram. Bunun üçün yaradılan şərait isə, sözsüz ki, ilk növbədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, onun yerli qurumlarının səmərəli işinin nəticəsidir”.
Ceyhun ABASOV
525-ci qəzet.- 2017.- 4 fevral.- S.6.