İki bəstəkarın çin olmuş arzusu
Bütün bəstəkarlar eyni arzu - əsərlərini daim eşitmək arzusu ilə yaşayırlar. Bəstəkarın bu arzusu
çin olduqca dinləyicinin ruhu dincəlir. Axı, musiqi
ruhun qidasıdır.
Bu niyyətlə də bu
yaxınlarda iki istedadlı bəstəkarın çin
olmuş arzularının - əsərlərindən ibarət
yaradıcılıq gecələrinin qonağı oldum. Müxtəlif vaxtlarda Kamera
və Orqan musiqisi zalı öz
qapılarını iki bəstəkarın musiqisini dinləmək
üçün dinləyicilərinin üzünə
açdı.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və Bəstəkarlar
İttifaqının dəstəyi ilə Azərbaycan bəstəkarlıq
məktəbinin tanınmış nümayəndəsi,
professor, əməkdar müəllim Adilə Yusifova və Azərbaycan
bəstəkarlıq məktəbinin daha bir tanınmış
nümayəndəsi, Bəstəkarlar İttifaqının
katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcovun
yaradıcılıq gecələrinin keçirilməsi soyuq
qış günlərinə özünəməxsus bir hərarət
qataraq musiqisevərlərin yaddaşında silinməz izlər
buraxa bildi.
Adilə Yusifova və Sərdar Fərəcov...
Eyni dövrün iki müxtəlif üslublu bəstəkarı...
Bəstəkarlıq məktəbinin iki fərqli qolu...
İki müəllimin - C.Hacıyev və X.Mirzəzadənin
xeyir-duası... Ənənə və müasirliyə iki
yaradıcı baxış... Zərafətin və zabitənin,
duyğusal və
məntiqi təfəkkürün özünəməxsus
ifadəsi... Lakin dinləyici
üçün eyni tərzdə xoş təəssurat və
zövq dolu anlar...
Həm Adilə Yusifova, həm də Sərdar Fərəcov
öz dinləyiciləri üçün hesabatı məhz
kamera-instrumental əsərlərindən ibarət konsert
proqramı ilə təqdim etdilər. Baxmayaraq
ki, hər iki bəstəkarın yaradıcılıq irsi janr
baxımından kifayət qədər zəngindir.
Simfoniya, simfonik süita,oratoriya, operetta, musiqili komediya, kino və
dram tamaşalarına musiqi, uşaqlar üçün opera, müxtəlif şairlərin
sözlərinə mahnı və romanslar bəstəkar S.Fərəcovun
demək olar ki, bütün janrlarda qələminin
sınamasını nümayiş etdirir. Eləcə
də A.Yusifova irsi də müəyyən
yaradıcılıq sferası ilə məhdudlaşmayaraq
uşaq səhnə janrları, kamera, vokal-instrumental əsərlərə
müraciət baxımından diqqəti cəlb edir. Lakin hər iki bəstəkarın kamera musiqisinə
olan sevgisi məhz əsərlərinin sayı, tərkibi
baxımından rəngarəngliyindən aydın bəlli
olurdu. Belə ki, Adilə xanım Yusifova yubiley gecəsi
üçün tar və fortepiano, violonçel və
fortepiano, orqan, kvartet, vokal,
balaban, qoboy üçün ansambl əsərlərini, Sərdar
Fərəcov isə skripka, kamança, orqan, tar, kanon və
fortepiano üçün çoxsaylı əsərləri ilə
yanaşı simli kvartetini də dinləyicilərinin
ixtiyarına verdi. Səhnədə balacaların ifasında
böyük şövqlə səslənən hər
iki bəstəkarın uşaq musiqisi səmimi, zərif
melodiya, maraqlı səhnə tərtibatı baxımdan
alqışlarla qarşılandı.
Qeyd edək ki, Adilə xanım
üçün uşaq musiqisi
yaradıcılığının əsas istiqamətlərindən
biridir və yubiley gecəsi məhz bəstəkarın 3
saylı C.Hacıyev adına UMM-nin "Renessans" xoru (xormeyster Mehin Orucova) və
F.Əmirov adına 6 saylı onbirillik UİM-nin " Odlar
yurdu" rəqs kollektivinin (bədii
rəhbər Zülfiyyə İbrahimova) birgə ifasında səslənən
"Yaz nağılı"
kantatasından VI və VII hissə ilə açıldı.
Öz yaradıcılıq gecəsində
son musiqi nömrəsi kimi təqdim etdiyi Uşaq Filarmoniyasının
"Şəms" xorunun ifasında səslənən
(xormeyser Dilarə Əliyeva) 4
uşaq mahnısı ilə
("Aşpazların mahnısı", "Küpəgirən
qarı", "Dələ", "Buratino") Sərdar Fərəcov uşaqlara
olan məhəbbətini səmimi duyğularla ifadə etdi.
Hər iki gecənin
proqramı maraqlı şəkildə təşkil
olunmuşdu. A.Yusifovanın yubiley
gecəsinin əvvəlində Bəstəkarlar
İttifaqının katibi, əməkdar incəsənət
xadimi Zemfira Qafarova çıxış edərək,
bəstəkarın yaradıcılıq naliyyətlərini,
Azərbaycan musiqi mədəniyyətindəki
fəaliyyətini vurğuladı.
Daha sonra
musiqişünas Aytən Manafova bəstəkarın
yaradıcılıq xasiyyətnaməsindən, üslub
xüsusiyyətlərindən ətraflı bəhs edərək,
səslənəcək hər bir əsər haqqında məlumat verdi. Bəstəkarın hər əsəri
yazarkən keçirdiyi duyğular, müşahidələr,
hiss və təəssuratlarla tanışlıq dinləyiciyə bu əsərləri
yaxından qavramağa, bəstəkarın fikirlərini tam dərk
etməyə
yardımçı oldu.
Musiqişünas Nərgiz Kərimovanın Sərdar
Fərəcov haqqında
hazırladığı
geniş məruzə isə poetik, zərif ifadə tərzi
ilə bəstəkarın füsunkar musiqisini dinləmək
üçün bir növ bələdçi
rolunu oynadı. Bəstəkarın zəngin, çoxşaxəli
yaradıcılıq irsinə nəzər salan
musiqişünas sözü musiqiyə verdi.
Beləliklə, Kamera və Orqan musiqisi zalı
çağdaş Azərbaycan musiqisinin iki bəstəkarının
maraqlı və özünəməxsus əsərlərini
öz yaddaşına yazdı.
Adilə
Yusifovanın yubiley gecəsində həmçinin, yenicə
işıq üzü görmüş "Mən bu
dünyaya mübarizə üçün gəlmişəm
" kitabının təqdimatı da keçirildi. Bu kitab bəstəkarın atası,
tanınmış musiqiçi, Azərbaycanın ilk
professional təhsil almış hərbi dirijoru Niyazi Kərimovun
90 illik yubileyi münasibəti ilə yazılmışdı. Onu da qeyd etmək
lazımdır ki, Adilə xanım artıq ikinci sanballı
monoqrafiyasını təqdim edir. İlk işi böyük bəstəkar,
müəllimi C.Hacıyevə həsr olunub. Bu kitab
istedadlı tələbənin öz müəlliminə olan minnətdarlıq
hissinin ən yuksək nümunəsi kimi qiymətləndirilə
bilər.
"Mən bu dünyaya
mübarizə üçün gəlmişəm"
kitabı Niyazi Kərimovun maraqlı, məhsuldar həyat
yolunun salnaməsidir. Monoqrafiyanın hər səhifəsi
Niyazi Kərimovun ağır uşaqlıq illəri,
musiqiçi kimi ilk addımları, naliyyətlərini əks
etdirir. Bu monoqrafiyada Niyazi Kərimovun bütün ömrü boyu
yazdığı kitablar, müxtəlif məqalələr
toplanılıb. Niyazi Kərimov həmçinin,
iti qələm sahibi də olmuş, monoqrafiyada onun iki balet
librettosu, avtobioqrafik povesti də yer alıb. Adilə xanımın Niyazi müəllimin incə,
duzlu-məzəli yazılarını da böyük
qayğı ilə toplayaraq bu monoqyarifaya daxil etmişdir. Kitabın ən əhəmiyyətli
hissəsinin isə Niyazi Kərimovun nəfəs və zərb
alətləri orkestri üçün Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət işləmələri təşkil
edir ki, bu işləmələrdən
indi də istifadə olunur. Niyazi Kərimovun fəaliyyətinin
böyük qismi Musiqi texnikumu ilə bağlı olduğundan
təqdimat üçün söz əməkdar incəsənət
xadimi, professor Nazim Kazımova verildi. Nazim Kazımov Niyazi müəllimlə bağlı
səmimi xatirələrini bölüşdü.
Növbəti musiqi əsəri orqan
üçün "Freska" idi.
Əsər bəstəkarın bir həyat, yaşamaq,
mübarizə haqqında düşüncələrinin
toplusudur və Adilə xanımın adı çəkilən
kitabda yaşadığı
duyğuların musiqili ifadəsidir.Professor, əməkdar
müəllim, Rasimə
Babayevanın gözəl ifası
sözlə ifadəedilməz abu-hava yaratdı. Orqan möhtəşəm tembri ilə
Sərdar Fərəcovun yaradıcılıq gecəsini də
bəzədi. Orqan üçün prelüd və fuqa
(ifaçı: S.Kərimova) bəstəkarın polifonik
ustalığının göstəricisi kimi dinləyicilərin
marağına səbəb oldu. Bir qədər
haşiyə çıxaraq da qeyd edək ki, bu S.Fərəcovun
orqan üçün ilk əsəri deyil. Orqan üçün ən böyük əsəri
1991-ci ildə yazdığı "Nizaminin xatirəsinə"
Qəsidə əsəridir.
A.Yusifovanın musiqi gecəsində bir-birinin ardınca səslənən
tar və fortepiano üçün "Meh gətirdi" və
violonçel və fortepiano üçün "İki səs"
əsərləri ilk ifa olaraq, bəstəkarın bu janra olan
marağının göstəricisi
idi. "Meh gətirdi" bəstəkarın bu tərkibdə ikinci əsəridir.
Əsərin adı onun bədii məzmununu tam
ifadə edirdi. Əsər respublikanın əməkdar
artisti Sahib Paşazadə və beynəlxalq müsabiqələr
laureatı Səidə Tağızadənin ifasında səsləndi.
"İki səs" bəstəkarın 2013-cü
ildə yazdığı violonçel və fortepiano
üçün əsəridir.
Yubiley gecəsində bu əsər də ilk dəfə
səsləndi. "İki səs" bəstəkarın iki
gəncin məhəbbətindən aldığı təəssuratların , daha doğrusu
yaxşı tanıdığı iki gəncin-ifaçının sevgi
qığılcımlarının əsl məhəbbət
atəşinə çevrilməsi müşahidələrinin
məhsuludur. Səmimi duyğular Adilə Yusifovanın musiqisi, eləcə də
maraqlı bədii yozumda, məhz bu əsərin qəhrəmanları- Səidə
Tağızadə və Aleksey Miltıxın ifasında dinləyicilərə
təqdim olundu.
Yubiley gecəsində səslənən
sonuncu əsər -
simli kvartet, vokal, qoboy və balaban üçün
"Xəyallarımdakı şəhər"
fantaziyasıdır (Sözləri R.Mirzəyeva). Məlumdur
ki, yeni səyahətlər, yeni təəssuratlar bəstəkarlar
üçün
yeni mövzu və ideyalar deməkdir. Adilə xanım da bu əsərini müxtəlif
şəhərlərdə olarkən müşahidələri
əsasında yazmışdır. Bu bəstəkarın
xəyalında olan , yalnız onun
özünə bəlli olan, bəlkə də heç
olmayan bir şəhərdir. Professionlal kollektivin (Respublikanın
xalq artisti Uran Seyidov, əməkdar artistlər-Vaxtanq
İmanov,Gülnaz İsmayılova, Aleksey Miltıx; Soltan Məmmədova,
Fərman Talıbov, Nurlan Gəncəli, Nərgiz Əliyeva,
dirijor beynəlxalq müsabiqələr laureatı Fərhad
Qarayusifli) ifasında təqdim
olunan bu əsər yubiley gecəsinin
son möhtəşəm akkordaları kimi səsləndi.
Yeri gəlmişkən qeyd edək
ki, məhz Dövlət simli kvartetin ifasında Sərdar Fərəcovun
1 saylı simli kvarteti təqdim olundu və bu kvartet bəstəkarın əsərlərində
millilik və müasirlik vəhdətinin bariz nümunəsidir.
Sərdar Fərəcov gözəl melodistdir. Onun demək olar ki, bütün əsərlərində melodik başlanğıc üstünlük təşkil edir. Bu, xüsusilə bəstəkarın skripka üçün yazdığı üç pyes ( Skerso- ifaçı: Ü.Mustafayev; "Ulduzlu gecə" -ifaçı: N.Hüseynzadə; "Sentimental vaes”-ifaçı: Z.Əliteva), kamança üçün "Unutma" (ifaçı: M.Şahgəldiyeva) və xüsusilə gecənin dinləyicilər tərəfindən ən çox bəyəndiyi "Surpassing love" musiqi əsərində müşahidə olunurdu. Əsər Dövlət Fortepiano triosu və Fəridə Məmmədovanın ifasında dinləyənləri riqqətə gətirdi. Məhz Fəridə xanımın qəlbəyatan səsi ilə təqdim edilən H.İsaxanlının sözlərinə yazılmış iki lövhə bəstəkarın vokal əsərləri haqqında tam təəssurat yaratdı.
Onu da qeyd etmək vacibdir ki, S.Fərəcovun dinləyiciləri ilə musiqili görüşündə ifaçılar, musiqi kollektivlərinin peşəkarlığı bəstəkarın gözəl musiqisinin təqdimatında həlledici rol oynadı. Musiqi gecəsində Xəzər Universitetinin kamera orkestri ( bədii rəhbər Z.Sadıxova), Dövlət Simli Kvarteti, Gənclik kavarteti, Dövlət fortepiano tiosu, Milli Konservatoriya, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Q.Qarayev adına 8 saylı UİM-nin şagirdləri əsl peşəkarlıq nümayiş etdirdilər. Bəstəkar və ifaçı tandemi dinləyici zövqünə şərait yaratdı.
Əlbəttə ki, həm A.Yusifova, həm də S.Fərəcovun təqdim etdikləri musiqi çələngi müəyyən bir yaradıcılıq yolunun hesabatıdır, lakin yekunu deyil. İrəlidə böyük layihələr, yeni əsərlər bəstəkarları gözləyir. Bu gün hər iki sənətkar məhsuldar çalışır. A.Yusifova, eləcə də S.Fərəcov təkcə bəstəkar kimi deyil, musiqi ictimai xadim kimi ölkəmizin musiqi həyatında fəalliyyət göstərirlər. Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru olan S.Fərəcovun Üzeyir bəyin mənəvi irsinin qorunmasında, bəzi əsərlərinin bərpa və yeni redaktəsində , ümumilikdə müasir dövrdə Üzeyirşünaslıqda misilsiz xidmətləri var. Əlbəttə ki, onun bir musiqi ictimai xadim kimi fəaliyyəti bununla məhdudlaşmır. Gözəl qəlbli xanım bəstəkarımız isə həmişəki kimi uşaqlara olan sevgi və qayğısını davam etdirir, bu gün A.Yusifova F.Əmirov adına 6 saylı UİM-nin direktoru kimi yeni musiqiçi nəslinin formalaşmasında əlindən gələni əsirgəmir.
Bəstəkar yaşadıqca yaradır, yaratdıqca yaşayır. Yaradıcılıq uğurlarınız bol olsun sevimli bəstəkarlarımız!
Aytən MANAFOVA
Musiqişünas
525-ci qəzet.-
2017.- 2 fevral.- S.7.