Londonda Viktoriya və Albert Muzeyində Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun təntənəli
təqdimatı keçirilib
Azərbaycan və Böyük Britaniya arasında qarşılıqlı münasibətlərin elmi, humanitar, mədəni və digər sahələrdə inkişafında yeni mərhələ Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun yaradılmasıdır (www.bfsac.org.uk).
Dünyanın ən böyük dekorativ-tətbiqi incəsənət və dizayn muzeyi olan, 1852-ci ildə əsası qoyulmuş Viktoriya və Albert Muzeyində Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (2016-cı il sentyabrın 27-də rəsmi qeydiyyatdan keçib təsis edilən) təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda Böyük Britaniya və Azərbaycan ictimaiyyətlərinə Fondun fəaliyyət istiqamətləri elan olunub.
Bu Fond Birləşmiş Krallıqda elm və mədəniyyət sahələrində Azərbaycan və Qafqazla bağlı aparılan bütün işlərin davamlı, uğurlu, perspektivli olmasını və beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə şəffaf və ədalətli dəstək üçün yaradılıb.
Azərbaycana həsr olunmuş bu cür mühüm tədbir ilk dəfə idi ki, yerli qüvvələrin, ingilis elmi-ictimai, mədəni-siyasi strukturlarının yüksək dəstəyi ilə, bütün ənənəvi qaydalara riayət etməklə və bu hadisəyə uyğun olaraq nüfuzlu incəsənət məbədində - Viktoriya və Albert Muzeyində keçirildi.
Bu təqdimat günü, şübhəsiz, Azərbaycan elmi və mədəniyyəti tarixinə daxil olacaq. Bayram gecəsində fəxri qonaqlar arasında bir-biri ilə sərbəst şəkildə ünsiyyət yaradan və möhtəşəm incəsənət əsərləri ilə əhatəyə alınmış görkəmli elm və mədəniyyət xadimləri, siyasi və ictimai xadimlər var idi. Onlar Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun layihələrinin həyata keçirilməsi üçün birgə fəaliyyətlərdən danışırdılar. Səmimi ab-hava tədbirin xüsusi əhəmiyyətindən xəbər verirdi - indiyə qədər dünyanın heç bir nüfuzlu elmi strukturu və universiteti dünya əhəmiyyətli mədəniyyət mərkəzində Azərbaycanla bağlı belə məzmunca böyük tədbir keçirməmişdi. Viktoriya və Albert Muzeyindəki elmi və mədəni gecə soyuq London havasına baxmayaraq, auranın yaratdığı hərarətlə isinərək başladı.
Tədbirdə Birləşmiş Krallığın elmi akademik dairələrinin nüfuzlu üzvləri, Böyük Britaniya hökuməti və parlamentini təmsil edən şəxslər, Böyük Britaniya Baş nazirinin Azərbaycan, İraq və Türkmənistan ilə ticarət üzrə xüsusi nümayəndəsi Baronessa Nikolson, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvləri Lord Malkolm Brus və Lord Maykl German iştirak ediblər.
İştirak edən alimlər arasında məşhur tarixçi, Londonun SOAS Universitetinin ərəb tarixi üzrə professoru Hyu Kennedi (https://www.soas.ac.uk/staff/staff36939.php), 1636-cı ildə Oksford Universitetində təsis edilən Laudian professoru vəzifəsini icra edən ərəb ədəbiyyatı üzrə professor Culiya Brey (http://www.orinst.ox.ac.uk/staff/iw/jbray.html), Oksford Universitetinin Rusiya və Avrasiya Mərkəzinin direktoru, professor Roy Allison (http://www.sant.ox.ac.uk/people/roy-allison), Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri Edmund Hertsoq (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/people), Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Britaniya tərəfdən rəhbəri, professor Robert Hoyland (https://en.wikipedia.org/wiki/Robert_G._Hoyland), SOAS Universitetinin Şərq musiqisi üzrə professoru, İranşünaslıq Mərkəzinin üzvü Oven Rayt (https://www.soas.ac.uk/staff/staff32029.php), həmin universitetin İslam incəsənəti üzrə professoru, SOAS Universitetinin xəzinələri layihəsinin direktoru Anna Kontadini (https://www.soas.ac.uk/staff/staff30791.php), ABŞ-ın Luiziana ştatının Tuleyn Universitetinin Səfəvilər dövrü üzrə tədqiqatçı alimi, professor Elio Brankaforte (http://www2.tulane.edu/liberal-arts/german-slavic-studies/elio-brancaforte.cfm), Britaniyanın Ekseter Universitetinin islamşünas professoru Robert Qliv (http://socialsciences.exeter.ac.uk/iais/staff/gleave/), Şotlandiyanın Sent Endryus Universitetinin orta əsrlər üzrə islamşünas professoru Endryu Pikok (https://www.st-andrews.ac.uk/history/staff/andrewpeacock.html), Kembric Universitetinin Qazaxıstan Mərkəzinin direktoru, doktor Siddhart Saksena (http://www.devstudies.cam.ac.uk/people/professor-siddharth-montu-saxena), Darem Universitetinin aparıcı arxeoloq alimi, doktor Dan Lorens (https://www.dur.ac.uk/archaeology/staff/?id=6585), qədim və orta əsrlər dövrü üzrə tarixçi alim, BBC və digər beynəlxalq telekanallarda yayımlanan elmi-maarifləndirici verilişlərin məşhur aparıcısı və müəllifi doktor Bettani Hyus (https://www.bettanyhughes.co.uk/about) və başqalarının adlarını çəkmək olar.
Tədbirdə, həmçinin diplomatik missiyaların və yerli işgüzar dairələrin nümayəndələri də iştirak edirdilər.
Gecədə Azərbaycandan da fəxri qonaqlar - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademiki, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, professor Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar İttifaqının sədri, Xalq Yazıçısı Anar Rzayev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, eləcə də orta biznesin nümayəndələri və Böyük Britaniyada yaşayan azərbaycanlılar iştirak edirdilər.
Gecənin açılışında Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin rəhbəri, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva qonaqları salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin Fondun təqdimat mərasiminə dəstəyini və marağını məmnunluqla qarşıladığını qeyd etdi. Giriş nitqində professor Nərgiz Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət göstərən Nizami Gəncəvi Mərkəzinin (http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/), Azərbaycanın tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və təbliğində aparılan işlərin və ölkəmiz üçün vacib olan bu Mərkəzin elmi-strateji məqsədlərinin əhəmiyyətini vurğuladı.
Professor Nərgiz Paşayeva giriş
nitqində dedi:
-Hörmətli qonaqlar! Bu gün sizi burada görməkdən şadam.
Bu gözəl gecə Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun yaradılmasına
həsr olunub. Bu hadisəni qeyd edənədək
biz müəyyən və həlledici olan ilkin mərhələni
qət etmişik. XXI əsrə qədər
elm bir çox suallara cavab verə bilib. Bununla
belə, hələ çoxlu suallar alimləri, insanları,
universitetləri maraqlandırmaqda davam edəcək. Cavabların axtarışı prosesinin özü də
intellektual və mənəvi aktdır və cəmiyyətin
inkişaf səviyyəsini müəyyən edir. Tərəfimizdən
yaradılan Britaniya Fondu - bizim başladığımız
iş, bizim təşəbbüsümüz müvəqqəti,
ötəri, formal xarakter daşımır. Artıq
üç ildən çoxdur ki, biz Oksford Universitetinin bir
hissəsiyik, burada yaradılmış Nizami Gəncəvi adına Elmi Mərkəzin nəzdində Azərbaycan
elmini təmsil edirik. İşlədiyimiz 5 illik
akademik elmi-tədris planı iki ildən sonra başa
çatır. Vacib amil ondan ibarətdir ki,
bu, sadəcə universitetlərarası münasibətlərin
təcrübə mübadiləsi mərhələsi deyil,
çünki biz Oksford Universitetində tamamilə yeni akademik,
peşəkar qurumu təmsil edirik. Biz
bütün universitet prosesinin bir hissəsiyik və Azərbaycanın
Oksford Universiteti ilə ilk akademik sabit və ciddi əlaqəsiyik.
Bizim əsas məqsədimiz əbədi Oksford
Universitetinin ayrılmaz tərkib hissəsi olmaq,
dünyanın tanınmış, nüfuzlu intellektual cəmiyyətinə
daxil olmaqdır. Biz yaxşı
anlayırıq ki, bu sadə, bəsit və
yüngüllüklə əldə edilən yol deyil. Buna görə də biz tez və asan uğura
köklənməmişik. Qarşılıqlı
istək və Oksford Universitetindəki hörmətli həmkarlarımızın
dəstəyi sayəsində biz mühüm,
başlanğıc və vacib akademik
addımlarımızı atdıq.
Professor
Nərgiz Paşayeva Azərbaycanın Şərqdə
demokratik dəyərlərin formalaşmasında və
dünya mədəni irsinə töhfəsində xüsusi
rolunu qeyd etdi:
- Böyük Britaniya güclü
ənənələri və şanlı tarixi olan
böyük dövlətdir. Mənim ölkəmin
- Azərbaycanın da fəxr olunası dəyərləri
var. Müsəlman dünyasında ilk parlamentli respublika 1918-ci
ildə məhz Azərbaycanda yaradılıb. Azərbaycan Demokratik Respublikası qısa müddət
ərzində Şərqdə demokratik parlament sistemi
üçün şərait yarada bildi. 1918-ci
ildə müstəqil Azərbaycanın bütün vətəndaşları
milliyyətindən və dinindən asılı olmayaraq bərabər
hüquqlar əldə etdi, ilk universitet yaradıldı,
parlament çoxpartiyalı idi, kişilər və qadınlar
bərabər səs hüququna malik idi. 1919-cu
ilin noyabrında mətbuat üzərində senzura ləğv
edildi. 60 qəzet və jurnal
buraxılırdı, dini fanatizmi tənqid edən
karikaturaların dərc olunduğu kəskin satirik jurnallar
çap olunurdu. Üzeyir Hacıbəyli tərəfindən
Şərqdə ilk peşəkar muğam operası
yaradıldı, mesenat Zeynalabdin Tağıyevin köməyi
ilə qızlar üçün dünyəvi gimnaziya
açıldı, Azərbaycan ədəbiyyatında yeni
janrlar yarandı, səhnə incəsənəti və teatr
inkişaf etdi, qədim Şərq şəhərində
Avropa memarlıq ənənələrinə uyğun
binaların tikintisinə başlanıldı və nəticədə
bu ona gətirib çıxardı ki, Bakı Şərq və
Qərbi birləşdirən rəmzə çevrildi. 1918-ci ilin dekabrında Bakının general-qubernatoru,
Britaniya təbəəsi Tompson Bakıda parlament binası
üzərində müstəqil Azərbaycanın
üçrəngli milli bayrağının daimi
ucaldılması barədə fərman imzaladı.
Bəli, Azərbaycan mənim
Vətənimdir, mən Vətənimi sevirəm və onun
haqqında çox danışa bilərəm. Azərbaycan mədəniyyəti
bütün müsəlman və ümumbəşəri mədəniyyətin
mühüm tərkib hissəsidir. Müəyyən mənada
o unikaldır, belə ki, özündə türk və fars dünyalarını əks etdirərək
kontekstini Avropa və rus mədəni ənənələri
ilə zənginləşdirib. Azərbaycan
dilində böyük şairlər – Nəsimi və
Füzuli, eləcə də dünyada məşhur olan
Şah İsmayıl Xətai yazıb-yaradıb. Qorunub saxlanan yazılı dastanın əfsanəvi
qəhrəmanı Dədə Qorqud da öz nəğmələrini
türk dillərinin Azərbaycan ləhcəsində oxuyurdu.
Bizim üçün
böyük şərəfdir ki, Fondumuzun təqdimatı məhz
Viktoriya və Albert Muzeyi kimi bir yerdə keçirilir. Britaniya taxt-tacı
həm keçmişdə, həm də indi dünya mədəniyyəti
və incəsənətinin nailiyyətlərinə dəyər
verib və onların nadir nümunələrini toplayıb.
Təsadüfi deyil ki, unikal “Şeyx Səfi”
xalçası və İslam mədəniyyətinin bir
çox digər eksponatları məhz burada bütün
dünyaya təqdim olunub və buradaca gələcək nəsillər
üçün qorunub saxlanılır. Uzaq
keçmişdə – VIII-XIII əsrlərdə İslam elm və
mədəniyyətinin qızıl dövründə, eləcə
də erkən orta əsrlərdə Şərq çox vaxt
astronomiya, fəlsəfə, nəqqaşlıq, “1001 gecə”
nağılı, cəbr, kimya və tibb sahələrində
böyük kəşflər, ellin mədəniyyətinin fəlsəfi
əsərlərinin yunan dilindən ərəb dilinə ilk tərcümələri
ilə təsəvvür edilirdi. Təəssüf
ki, bu gün Şərqin böyük və gözəl ənənələrinin
davamı əvvəlki əzəmətini və gözəlliyini
itirib. Böyük İslam mədəniyyəti
öz fəxarətli və füsunkar imicini geri
qaytarmalıdır. Düşünürəm
ki, müasir dünyada alimlər və universitetlər
arasında açıq və sərbəst əlaqələr,
xüsusilə də əsl alimlərin düzgün, ədalətli
mövqeyi bir çox humanitar faciələrin
qarşısını ala bilər. Yaxın
keçmişdə də belə olub – repressiyalar,
qırmızı terror, “soyuq müharibə” dövründə
təkcə tvist rəqsinə görə və ya caz musiqisinə
həvəsə görə insanların Vətən xaini elan
oluna bildiyi ölkədə görkəmli şəxslər məhz
belə xilas olunurdu. Sovet, eləcə də
Azərbaycan alimləri obyektiv tarixi həqiqətdən və
kontekstdən məhrum olunurdu, ideoloji möhür var idi,
süni və yanlış elmi metodologiyalardan istifadə etmək
lazım gəlirdi, tam informasiya blokadası var idi.
Belə bir deyim var – “gec
olsun, güc olsun”. Bizim bu gün etmək istədiklərimiz
gələcək nəsillər üçün çox
vacibdir. İnanıram ki, Böyük
Britaniyada yaradılmış Britaniya Fondu bizim çoxdan
gözlədiyimiz platforma olacaq. Elmi mövzuların,
sualların birgə öyrənilməsi üçün
imkanların yaranması bunu təsdiq edir – Bərdədə
elmi arxeoloji ekspedisiya, üç magistr və üç
doktorantın təhsil alması, dünya şöhrətli
alimlərin iştirakı ilə iki beynəlxalq konfransın
keçirilməsi, məşhur rus alimi
Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsərinin
rus dilindən ingilis dilinə akademik tərcüməsi
üzrə görülən böyük iş. Gələcəkdə digər mühüm və zəruri
layihələr həyata keçiriləcək. Amma sabah bu gündən asılıdır: əgər
bu gün bizdən sonra gələnlər üçün –
elmin çətin yollarını seçən gələcək
gənc mütəxəssislərə, alimlərə, tələbələrə
yol açmaq istəsək.
On il əvvəl
mən bu il 20 illiyini qeyd edəcək İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri oldum. Yeni yaradılmış
Fond da bu illər ərzində unudulmaz Lord Freyzerlə, indi isə
bütün komanda ilə, Lord Germanla birgə mədəni-xeyriyyə
layihələrini həyata keçirdiyimiz bu Cəmiyyətin
fəaliyyəti üçün yaxşı dayaq olacaq. Bizim “Purcell” məktəbi və Uels Kral Musiqi və
Dram Kolleci ilə əməkdaşlığımızı
qeyd etmək kifayətdir. Beləliklə,
Azərbaycanı və Qafqazı öyrənən Britaniya
Fondu real və dayanıqlı müsbət nəticə verən
ciddi plan və işlər üçün əlverişli
elmi zəmin yaradacaq.
Daha sonra Nərgiz Paşayeva dedi:
- Bu Fond şəxsi
maraqları ilə məhdudlaşan və özünün
heç bir həqiqi zəhməti olmadan şəxsi reklamla
çırpışanlara deyil, həqiqi istedadlara və qiymətli
ideyalara dəstək və inam verəcək. Müasir
dünyaya olan yeni təhdidlərə qarşı yeni
müdafiələr yaradılsa da, əsas dəyərlər
– elm, təhsil, mədəniyyət, idrak və əlbəttə
ki, mənəviyyat, sevgi və ədalət hissi hər zaman
ümumi təhlükəsizliyin ən yaxşı təminatı
olacaq. Britaniya məhz bu yolla – inkişaf
etmək istəyənlərə və bacaranlara hər
cür şəraiti yaratmaqla böyük dövlət oldu.
İnsanın ruhunda və fikirlərində
boşluq və işığın yoxluğu
olmamalıdır. Bu, Oksford Universitetinin
şüarında da çox gözəl əksini tapıb:
“Mənim Tanrım işıqdır!” Azərbaycanda savadlı
və alim adamı “ziyalı” adlandırırlar, bu söz
“daxilən nurlu”, “işıq gətirən” mənasını
verir.
Fondumuzun adı onu göstərir
ki, biz Qafqazın və regionun öyrənilməsinə diqqət
ayıracağıq. Qafqaz təkcə coğrafi anlayış
deyil, və bu region müasir Avropa elmi kontekstində kifayət
qədər öyrənilməyib. Bizim məqsədimiz
Oksford Universiteti ilə birgə məlum faktları birləşdirə,
sistemləşdirə və cəmləşdirə bilmək
və bu məsələyə obyektiv elmi yanaşma
üçün bütün şəraiti yaratmaqdır.
Bizdə Qərb alimlərinin tanış olmadığı
çoxlu arxiv, əlyazma materialları var. Uzun müddət ərzində
Qərb alimləri ilə müstəqil, peşəkar, sərbəst
tərəfdaşlıq əlaqələri bağlı idi,
bir çox alimlərin əsərləri peşəkar,
akademik səviyyədə Avropa dillərinə tərcümə
olunmurdu. İndi isə yersiz həyəcan,
qeyri-sağlam rəqabət və elmdə təsadüfi
insanlar olmadan, ümumdünya elmi yanaşmalar sistemi üzrə
böyük multimədəni və multietnik region olan
Qafqazı ətraflı şəkildə öyrənməyin
vaxtı çatıb.
Çox vaxt kiçik
cığırlar gözlənilmədən açılan
geniş ərazilərə aparır. İnanırıq ki,
bizim plan və təşəbbüslərimiz real imkanları
əks etdirir və gələcəkdə bizi həm
elmi-akademik, mədəniyyətlərarası, həm də
insani-ictimai əhəmiyyətli böyük perspektivlər
gözləyir. Əminəm ki, nə vaxtsa hazırda
dünyada yaşayan 40 milyon azərbaycanlının
bütün mədəni-tarixi aspektlərini və irsini
özündə cəmləşdirən şimallı-cənublu
Böyük Azərbaycan obrazı özünü yeni müstəvidə,
həm Şərqin, həm də Qərbin digər
xalqları ilə əlaqəli şanlı həqiqət və
möhkəm tarixi ənənələr əsasında
göstərəcək və nəhayət, Böyük Azərbaycanın
tarixi obyektiv həqiqətlər və akademik tədqiqatlar əsasında
öyrəniləcək və yazılacaq. Necə
deyərlər, “yolu gedərək dəf edərlər” və
biz nəticə olaraq bunların öhdəsindən gələcəyik.
Professor Nərgiz Paşayeva
hər kəsə Fondun səmərəli fəaliyyətinə
göstərdiyi yardıma görə minnətdarlığını
bildirib.
Çıxışının
sonunda Azərbaycanı və Qafqazı öyrənən
Britaniya Fondunun sədri professor Nərgiz Paşayeva deyib:
-Mən bütün burada olanlara,
muzey rəhbərliyinə, bütün sponsorlara və
şirkət rəhbərlərinə, öz həmvətənlərimə,
xüsusilə də Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinə
5 illik akademik elmi-tədris planının maddi-texniki
bazasının reallaşdırılmasına göstərdiyi
ilk sponsor yardımına görə İsgəndər Xəlilova
ürəkdən təşəkkürümü bildirmək
istəyirəm. Mən mərkəzimizin
yaradılmasında Robert Hoylandın və Edmund Hertsoqun,
ümumilikdə bizi öz həmkarları kimi qəbul edib
hörmətlə yanaşan Oksford Universitetinin bütün rəhbərliyinin
əvəzolunmaz rolunu xüsusi qeyd etmək istəyirəm.
Fondun Qəyyumluq Şurasının
bütün üzvlərinə, Böyük Britaniyanın
aparıcı universitetlərinin hörmətli alimlərinə
– professor Robert Qlivə, professor Robert Hoylanda, professor Endryu
Pikoka, Britaniya Fondunun yaradılması təşəbbüsünü
ilk gündən dəstəkləyən Lord Malkolm Brusa təşəkkür
edirəm. Həmçinin Moskva Dövlət Universiteti və
Bakı Dövlət Universitetində çalışan
bütün həmkarlara, mənə dəstək verən tələbələrimə,
bu gecədə iştirak etmək üçün Bakıdan
gələnlərə, bugünkü tədbirin təşkilatçılığında
iştirak edənlərə də təşəkkürümü
bildirmək istəyirəm. Bizimlə şəxsən tanış olmayan, lakin Böyük Britaniyada
başladığımız işi anlayan və qiymətləndirən,
başqaları üçün səmərəli ola biləcək
işlərə laqeyd qalmayan və diqqət yetirən Azərbaycan
vətəndaşlarına təşəkkürümü bildirirəm.
Siz olmasaydınız, heç nə
alınmazdı.
Özüm haqqında onu deyə
bilərəm ki, mən həmişə universitetin tələbə
və müəllim vəhdətinə sadiq olmuşam və
1978-ci ildən bəri universitet mənim ikinci evimdir. İcazə
verin mənim üçün bu unudulmaz gündə, həyatımda,
tərbiyəmdə böyük rol oynamış iki əziz
şəxsin xatirəsini yad edim. Geriyə
nəzər salaraq, nənəm Gövhər xanıma borclu
olduğumu anlayıram. O, mənə “nəğmənin
təsirinin səsin gurluğunda olmamasını”
anlatmış. Unudulmaz babam, məşhur
jurnalist Nəsir İmanquliyev isə mənə ən
böyük dayaq olmuş, öz gücümə inam
yaratmış və digərlərinin uğurlarını
tanımağı və onlara hörmət etməyi öyrətmişdir.
Professor Nərgiz Paşayeva
təntənəli gecənin qonaqlarının gurultulu
alqış sədaları altında
çıxışını başa vurdu.
Oksford Universitetinin Şərqşünaslıq
fakültəsinin professoru, Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzinin Britaniya tərəfdən rəhbəri
professor Edmund Hertsoq çıxışında Britaniya
akademik dairələrində Azərbaycanın və
Qafqazın dərindən öyrənilməsinin əhəmiyyətini
qeyd edib:
-Məndən əvvəl
çıxış edən professor Nərgiz Paşayeva Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondu haqqında kifayət
qədər ətraflı məlumat verdi. Azərbaycan və Qafqazın dərindən öyrənilməsinin
Britaniyanın akademik dairələri üçün nə dərəcədə
vacib məsələ olduğunu bir daha vurğulamaq istəyirəm.
Lakin bu sahədə həm Böyük Britaniya universitetləri,
həm də digər ölkələrin universitetlərində
mövcud olan vəziyyət haqqında bir qədər fikirlərimi
bildirmək, Oksford Universitetində Nizami Gəncəvi
proqramı çərçivəsində görülən
işlərdən bəhs etmək və gələcək
planlarımız haqqında fikir mübadiləsi aparmaq istərdim.
Böyük Britaniyada istər
Azərbaycan haqqında, istərsə də Qafqaz regionu
haqqında tədqiqatlar hazırda çox cüzi, natamam
xarakter daşıyır. Bəzi proqramların
nəzdində müəyyən regionda danışılan
dillər, regionun bəzi ölkələri haqqında müəyyən
pərakəndə proqramlar həyata keçirilir. Lakin kompleks şəkildə Azərbaycan və onun
digər region ölkələri ilə əlaqələri hələ
ki, davamlı və təfərrüatlı şəkildə
tədqiq olunmur. Sovet İttifaqının
süqutundan sonra bu 20 ildən çox müddət ərzində
əsas işlər nə sahədə olub? Bu işlər əksər hallarda qısamüddətli
layihələr çərçivəsində aparılan tədqiqatlar
idi. Onların bəziləri çox gözəl nəticələr
verdi. Yəni müxtəlif mütəxəssislər
hər hansı mövzu üzərində üç ildən
beş ilə qədər müəyyən
layihələr çərçivəsində müəyyən
tədqiqatlar aparırdılar. Lakin təəssüflə
qeyd etmək istəyirəm ki, həmin layihələrin maliyyələşdirilməsi
tükənəndə işlər
dayandırılırdı və onların nəticəsi
heç də nəzərəçarpacaq dərəcədə
olmurdu. Daxilən bu qədər rəngarəng və zəngin
bir regionun az tədqiq olunması, Azərbaycan kimi dövlətin,
Azərbaycan mədəniyyətinin, ətrafındakı
ölkələrlə çox sıx əlaqədə olan
bir dövlətin az tədqiq olunması bizdə böyük
təəssüf hissi doğurur.
Böyük Britaniyanın
akademik dairələrində Azərbaycana dair mövzular, adətən,
müxtəsər şəkildə və cüzi formatda
inkişaf etdirilirdi. Dünyanın bu hissəsini tədqiq edəndə
müxtəlif ölkələrin əlaqələrinə
çox böyük diqqət yetirilməlidir. Məsələn, Çinin Böyük İpək
Yolu layihəsini izləyərkən istər-istəməz bu
Yolun Azərbaycandan da keçdiyini görürük. Getdikcə qloballaşan dünyada həmin tədqiqatlar,
geniş kontekstdə müxtəlif ölkələrin bir-biri
ilə əlaqələrinin dərindən öyrənilməsi
həddindən artıq böyük əhəmiyyət kəsb
edir. Oksfordda istər Azərbaycan, istərsə
də Qafqaz regionuna aid tədqiqatlara həmişə geniş
kontekstdə yanaşılırdı və hazırda da biz bu
yanaşmanın tərəfdarıyıq. Professor Nərgiz
Paşayeva, professor Robert Hoyland artıq 4 il, ola bilsin ki, bundan
da əvvəl bu məsələ ilə məşğul
olanda mən böyük iftixar və fərəh hissi ilə
Nərgiz xanımın və bizim
yanaşmalarımızın üst-üstə
düşdüyünü gördüm. Bu da
bizi çox həvəsləndirən bir amil idi ki, biz onun əsasında
əvvəlcə haradasa 3 illik layihəni
planlaşdırmışıq. Yəni məqsəd
Oksford Universitetində Azərbaycana, daha geniş kontekstdə
Qafqaz regionuna dair tədqiqatların aparılması, həmin
tədqiqatların gələcək perspektivləri
haqqında düşünmək və gələcəkdə
onları davam etdirmək yollarının
araşdırılması idi.
Bizim gördüyümüz
işlərin arxeoloji aspektləri haqqında sizə bu gecə
daha təfərrüatlı məlumat veriləcək. Konfransların keçirilməsi,
eyni zamanda müəyyən elmi əsərlərin tərcümə
edilməsi bizim mərkəzin əsas iş istiqaməti kimi
artıq professor Nərgiz Paşayeva tərəfindən
vurğulanıb. Onu da qeyd edim ki, bu işlər
bizim universitetimizdə Azərbaycan, ümumiyyətlə,
Qafqaz regionu haqqında tədqiqatları yeni müstəviyə
çıxara biləcək bir istiqamətdir və biz bunun
üzərində də çalışırıq. Lakin mən aspirantura səviyyəsində tədqiqatların
aparılmasını vurğulamağı bir daha özümə
borc bilirəm. Bildiyiniz kimi, artıq dünya
miqyasında müxtəlif ali təhsil
müəssisələri arasında Oksford bir nömrəli
universitet kimi tanınıb. Aspirantlara göstərdiyimiz
dəstəyə görə biz Şimali Amerika universitetlərinə
nisbətən xeyli irəliləmişik. Hazırda
iki fəlsəfə doktoru və iki magistrlə bu proqram
çərçivəsində verdiyimiz dəstək bizim
çox yüksək göstəricilərimizdən biridir.
Fürsətdən istifadə edərək,
İsgəndər Xəlilova maliyyə dəstəyi
üçün öz təşəkkürümü bildirmək
istəyirəm ki, məhz onun dəstəyi sayəsində həmin
işlərin aparılması mümkündür. Bizim əməkdaşlığımızın ilk
mərhələsi artıq sona yetmək üzrədir.
Çalışacağıq ki, həmin iş artıq
mütəmadi olaraq aparılsın. Biz müəyyən
bir işi görəndən sonra tamamilə yoxa çıxan
bir layihə formatında fəaliyyət göstərmək
niyyətində deyilik. Ümidvarıq ki, Azərbaycanı
və Qafqazı öyrənən bu proqramla Qafqaz
regionundakı xalqların dillərini, tarixlərini tədqiq
edəcək, memarlıq, incəsənət, arxeologiya və
regiona aid olan digər sahələrin bizim daimi iş
proqramlarımızın ayrılmaz tərkib hissəsinə
çevrilməsi üçün əlimizdən gələni
əsirgəməyəcəyik.
O ki qaldı tədqiqatlar
aparılmasına, bu sahədə işin daimi şəkildə
görülməsi həddindən artıq böyük əhəmiyyətə
malikdir. Çünki məhz bu yolla biz bu və
ya digər fənləri daimi tədris planlarımıza daxil
etməyə müvəffəq olacağıq. Britaniya
Fonduna bizə bu sahədə göstərdiyi dəstəyə
görə minnətdarlığımızı bildiririk və
ümidvarıq ki, gördüyümüz bu iş uzunmüddətli
və davamlı olacaq. Mən bir şeyi qeyd etməyi
özümə borc bilirəm. Əgər
professor Nərgiz Paşayeva bu işə belə peşəkar
yanaşmasaydı, heç vaxt bu uğurları əldə edə
bilməzdik. Mən müxtəlif akademik tədbirlər
çərçivəsində Qafqaz regionuna 1980-ci illərdən
bəri mütəmadi olaraq səfər etmişdim və nadir
hallarda professor Nərgiz Paşayeva kimi məqsədli, cəsarətli
şəxslərlə görüşmüşdüm.
Yəni biz belə şəxslərlə çox geniş
elmi proqramların həyata keçirilməsinə müvəffəq
ola bilərik.
Çıxışımın
sonunda mən vitse-kansler Luiza Riçardsonun mesajını da
sizə çatdırmağı özümə borc bilirəm. Bizim
vitse-kanslerimiz bu gün bizə qoşula bilmədiyinə
görə təəssüfünü bildirib. Lakin o, həm Nərgiz Paşayevaya, həm də
akademik işlərə dəstəyinə görə Mərkəzin
ilk sponsoru İsgəndər Xəlilova öz təşəkkürünü
bildirir. Çatdırmaq istəyir ki, gələcəkdə
Britaniya Fondunun Oksfordla birgə bu sahədə görəcəyi
işlərə onun tərəfindən hərtərəfli
dəstək göstəriləcək.
Azərbaycanı və Qafqazı
öyrənən Britaniya Fondunun Britaniya tərəfdən təsisçisi
Lord Malkolm Brus çıxışında qeyd edib ki, Azərbaycandakı
tolerantlıq bir çox ölkələr üçün
örnək ola bilər:
-Mən təsisçilər
arasında yeganə adamam ki, heç bir elmi dərəcəm
yoxdur. Belə bir Fondla, Oksford Universiteti ilə və
bu universitetin nəzdində həyata keçirilən
proqramlarla işləmək mənim üçün çox
böyük bir fürsətdir. Onu da qeyd
edim ki, bir parlament üzvü kimi mən Aberdin dairəsindən
seçilmişəm və bu da istər-istəməz neft sahəsi
ilə əlaqələrimin yaranmasına səbəb olub.
BP-nin baş qərargahı məhz mənim
seçildiyim dairənin ərazisində yerləşir.
Dəfələrlə Bakıya səfərlərim
zamanı BP nümayəndələri ilə təmasda olanda
görürdüm ki, çox vaxt onların Azərbaycan və
ümumilikdə Qafqaz regionu haqqında məlumatları o qədər
də geniş deyil. Lakin Azərbaycanda
keçirdiyim vaxtlarda mən çox maraqlı bir təcrübə
qazanmışam və bu təcrübəni də sizinlə
bölüşmək istərdim. Azərbaycanın
ən cəlbedici cəhətlərindən biri bu ölkənin
əsrlər boyu kübar, dünyəvi bir cəmiyyət kimi
mövcud olmasıdır. Eyni zamanda, dini
dözümlülük və tolerantlıq bu ölkəni səciyyələndirən
amillərdən biridir. Hazırda
böhranlara bürünmüş bu dünyada Azərbaycanın
təcrübəsi çox təqdirəlayiqdir və
ümidvaram ki, bu sahədə aparılan akademik işlər
bu ölkənin təcrübəsinin dünya miqyasında
tanınmasında mühüm rol oynayacaq. Məhz
buna görə, istər bu Fonda, istərsə də bu proqrama
göstərilən hər hansı yardım
qarşılıqlı anlaşma və ən mütərəqqi
təcrübələrin daha geniş şəkildə tətbiq
olunmasına böyük yardımçı olar. Bu, həm Böyük Britaniyanın, həm də Azərbaycanın
xeyrinə aparılan bir işdir.
Oksford Universitetinin Nizami Gəncəvi
Mərkəzinin Britaniya tərəfdən rəhbəri,
Oksford və Nyu-York universitetlərinin professoru Robert Hoyland da tədbirin
əhəmiyyətini vurğulayıb:
- Mən ilk növbədə professor
Nərgiz Paşayevaya xüsusi təşəkkürümü
bildirmək istərdim. Onunla ilk
görüşümüz 2013-cü ildə olmuşdu. Mən həmin vaxt Azərbaycanda arxeoloji
qazıntıların imkanlarını öyrənmək istəyirdim,
çünki bundan öncə Suriya və İraqda
apardığım arxeoloji qazıntılar təəssüflər
olsun ki, vaxtından əvvəl bitməli idi. Görüşümüzün ən gözəl təəssüratı
ondan ibarətdir ki, bu işlərimizin qərəzsiz, təfərrüatlı
və heç bir müdaxilə olmadan həyata keçirilməsi
üçün bizdə, demək olar, eyni həvəs var
idi. Gənc tələbələrə istər
maliyyə, istərsə də intellektual baxımdan hərtərəfli
yardımın göstərilməsi də bizi birləşdirən
ümumi məqsəd və amallarımızdan biri idi.
Bu ilk təşəbbüsümüz getdikcə bizi daha
geniş üfüqlərə gətirib
çıxarmışdı ki, onların nəticələrindən
biri Oksford Universitetində Nizami Gəncəvinin adını
daşıyan belə bir elmi mərkəzin
açılması, müxtəlif elmi əsərlərin Azərbaycan
və rus dillərindən ingilis dilinə tərcümə
edilməsi və beləliklə, tələbələr
üçün daha geniş imkanların yaradılmasından
ibarət idi.
Məndən öncə
çıxış edən Edmund Hertsoqun sözlərinə
qüvvət, bu ümumi təşəbbüsümüzün
müvəqqəti xarakter daşımaması və yaxud
qısamüddətli bir layihə formasında olmaması
üçün biz onun davamlılığını təmin
etmək məqsədilə eyni zamanda Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun yaradılmasına nail
olmuşuq. Beləliklə, Azərbaycan və
Qafqazı öyrənən Britaniya Fondunun təsis tədbirinə
qoşulduğunuza görə hər birinizə səmimi qəlbdən
təşəkkürümü bildirirəm və xüsusən
bu işin aparıcı qüvvəsi olan professor Nərgiz
Paşayevaya öz minnətdarlığımı bildirmək
istəyirəm.
Qeyd edək ki, Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondu Azərbaycanın
qədim şəhəri Bərdədə Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzinin alimləri tərəfindən
aparılan arxeoloji qazıntılara da mühüm dəstək
göstərib. Tədbir zamanı qonaqlara professor Robert
Hoylandın rəhbərliyi altında keçirilən bu
elmi-arxeoloji ekspedisiyanın nəticə və
tapıntıları təqdim olundu. Təqdimatı
interaktiv formatda doktor Pol Vordsvos keçirdi. Qonaqlar böyük maraqla indiyədək məlum
olmayan unikal faktların açıqlandığı məruzəni
dinlədi. Bu araşdırmalar çox
mühüm elmi nailiyyətdir və şübhəsiz ki, Azərbaycanın
tarix salnaməsində öz yerini alacaqlar.
Gecənin qonaqları Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun təqdimatı
barədə təəssüratlarını
bölüşüblər.
İngiltərə-Azərbaycan Cəmiyyətinin
Britaniya tərəfdən həmsədri, Böyük Britaniya
parlamentinin Lordlar Palatasının üzvü Lord Maykl German
Fondun yaradılması və fəaliyyətinin vacibliyini qeyd
edib: “Azərbaycanın sehri ondadır ki, bu ölkəni
çoxları tanımır. Bu, Şərqlə
Qərbi, Şimalla Cənubu özündə birləşdirən,
bəşəriyyətə, onun mədəniyyəti və
irsinə unikal töhfə vermiş çox gözəl
diyardır. Azərbaycan bəşəriyyətin
inkişafı yolunun ən yaxşı cəhətlərini qəbul
edib. Ona görə də bu ölkə
haqqında bilmək, onun tarixini, mədəniyyətini,
dünya mədəniyyətinin inkişafına töhfəsini
öyrənmək çox vacibdir. Britaniya
Fondunun yaradılması Azərbaycanın bütün bəşəriyyət
üçün əsl dəyərinin dünya ictimaiyyətinə
çatdırılması üçün mədəni-tarixi
zərurətdir. Böyük Britaniya bu
yolda hər cür dəstəyini göstərəcək”.
AMEA-nın prezidenti, akademik Akif
Əlizadə Azərbaycanın milli dəyərlərinin
Böyük Britaniyada və Avropada təbliğ olunmasında
professor Nərgiz Paşayevanın fəaliyyətini
vurğulayıb: “Londonda Viktoriya və Albert Muzeyində tədbirin
keçirilməsi möhtəşəm hadisədir və bu,
Azərbaycanın elm və mədəniyyət tarixində
öz yerini alacaq. Nərgiz Paşayevanın təşəbbüsü
ilə Oksford Universiteti nəzdində böyük Nizami Gəncəvinin
adını daşıyan mərkəzin yaradılması və
uğurlu fəaliyyəti elmi dairələrdə böyük
marağa səbəb olub. Buna görə mən
AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevaya
elmimizə yeni nəfəs gətirdiyi və Azərbaycan adına bu qədər xeyirli işlər
gördüyü üçün səmimi qəlbdən təşəkkürümü
bildirirəm”.
Milli Azərbaycan Tarixi Muzeyinin
direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanla
Böyük Britaniya arasında mədəni körpülərin
yaradılmasının, iki ölkənin muzeyləri
arasında elmi fəaliyyətin genişləndirilməsinin
vacibliyini qeyd edib: “Bu tədbirdə dünya şöhrətli
alimlərin iştirakı bu tarixi hadisəyə böyük
diqqətin cəlb olunduğunu, tədbirin elm və mədəniyyət
xadimləri arasında marağa səbəb olduğunu və
münasibətlərimizin inkişafına böyük
töhfə verəcəyini göstərir”.
BDU-nun ilahiyyat fakültəsinin
dekanı, akademik Vasim Məmmədəliyev
tolerantlığın təbliğatı işində Fondun fəaliyyətinin
böyük əhəmiyyətini qeyd edib: “Oksford Universitetinin
Nizami Gəncəvi Mərkəzi Böyük Britaniyada Azərbaycanı
öyrənən ilk və yeganə elmi strukturdur və
tanınmış alimlər arasında hörmət
qazanıb. Yeni yaradılmış Britaniya Fondu
öz üzərinə böyük elmi perspektivləri,
fundamental tədqiqatları əhatə edən faydalı
missiya götürüb və mədəni-sosial əlaqələrin
genişləndirilməsinə kömək edəcək”.
Sonda qonaqlara istedadlı gənc
skripkaçı Elvin Qəniyevin və dünya şöhrətli
muğam ifaçısı, Azərbaycan xalq artisti Alim
Qasımovun iştirakı ilə sürəkli
alqışlarla qarşılanan konsert proqramı təqdim
olunub.
Vüqar
imanov
Sevil
Mikayılova
525-ci
qəzet.- 2017.- 2 fevral.- S.4, 6.