Kəlbəcərli xatirələrin
sızlatdığı poetik yaddaş
Və ya üç qərib
baxış: Qəriblikdə çimir etməyən şair
"Çimir etmir qərib
könlüm, oyaqdı,
Dəlidağdan ürəyimə
qan axdı.
Öz üstümə şölə
saçmır nə vaxtdı,
Öləziyən
çırağım da beləymiş".
Nəsib Nəbioğlu
Dünən kənddən
şəhərə - Çaykənddən Bakıya gəlmişdi
Nəsib Nəbioğlu. Yaman darıxırdı kənd üçün...
Qayıdıb Bakıdan kəndə
baxırdı, quş olub kəndə uçmaq istəyirdi. Axı, hələ
də anasının həniri hopmuş balaca yorğanın
istisi çıxmamışdı canından.
Sonra da Bakıdan dünyavi bir şəhərə
- Moskvaya getdi... Yenə darıxırdı.
Səsli-küylü Moskvada dinclik tapa bilmirdi.
Özünü yalqız, tək-tənha hiss
edirdi. Oradan da çiyninin üstündən
burulub Moskvadan Bakıya baxırdı. Bakıya
uçmaq istəyirdi. Axı, Bakı Kəlbəcərə
bir ayaq yaxın idi. Burnunun ucu göynəyirdi,
nəfəsi təngiyirdi Kəlbəcər üçün.
Qalmışdı çar-naçar, döyükə-döyükə...
Gözlərini ha zilləsə
də, Şimaldan Cənuba - Kəlbəcərin
Qoçdaş yaylağı, İlxı qoruğu,
Ayğır bulağı görünmürdü ki,
görünmürdü. Sağa-sola burulduqca elə bilirdi
çiyinləri mane olur, qoymur o dağlar görünə.
Öz-özünə deyinirdi: "Niyə boyum bir az da uzun
döyül, heç çiyinlərimə məhəl
qoymayam, hündürdən baxam o yerləri görəm".
Heyifsilənməyinə
baxmayaraq, ürəyində bir qut da vardı ki, mənim
haylı-haraylı bir elim, ərənlər məskəni bir
Kəlbəcərim var.
- Bəs sonra, sonra nə oldu? İndi nə düşünür Nəsib Nəbioğlu?
Eh! Kəlbəcər, Kəlbəcər...
Ta bundan betər dərd olar? Otuz min illik
yaşam tarixi, altı min illik insan həniri olan o daşlar
diyarı yenidən daşa dönüb, daş qalaqlara
çevrilib. Ta elimiz-obamız yoxdu o yerlərdə. Yalnız və yalnız ata-babaların narahat
ruhları dolaşır.
...Yenəmi boylanır Nəsib Nəbioğlu
o dağlara? Bəli, boylanır. Yenə də
baxır... ümidini üzmür, fikirləşir ki, şair
Sücaət demişkən:
Bir gün gülə-gülə
qayıdacaqdı
Ağlaya-ağlaya
köçən Kəlbəcər.
Gəl, etiraf edək ki, Nəsib
müəllim, indi sizin bu üçüncü
baxışınız əsl boynubükük, qərib
baxışdı. İndi qəribdən də qəribsən... Onçu çimir çala bilmirsən. "Kimsəsiz kür uşağa dönmüsən".
Həm də uşaqlıq dəcəlliyin
yadından çıxmır. Şıltaqlıq
idmin burnundan getməyib. Yenə də nənənin
cəhrəsini qurdalayırsan. Cəhrənin
fırlanan oxunun altına balaca kömür qoyub onu
cırıldadırsan. Amma indi
uşaqlıq əyləncəsi kimi yox, dərdini
dağıtmaq üçün cəhrəynən əylənirsən.
Nənənin cəhrə əyirə-əyirə dediyi
bayatı səsini, inək sağa-sağa oxuduğu eydirməni,
dodaqaltı tırınqını, "qım-qıma"nı, ("Nənəm, ay nənəm, bijim,
ay bijim... südünü ver, qurtar, töküldü,
qaldı işim" və s.) eşidib özünü
ovundurmaq, o çağlara qayıtmaq istəyirsən. Hovurunu almadan, nəfəsini dərmədən, qəddini
düzəltmədən... danı diri tutursan (yəni Dan
ulduzunu batmağa qoymursan). Dan sökülsə
də, sən çimir çalmırsan, gözün Kəlbəcəri
axtarır. Kəpənək kimi əlimizdən
uçub gedən dəcəl uşaqlığımıza, gəncliyimizə
qayıdırsan.
Uşaq vaxtı mən də yaman dəcəldim,
Nəsib müəllim! Yorulmazdım,
yatmazdım. Bəzən dağ
alaçığında çətənin arasından
düşən şimşək işığında, ay
işığında heç çimir çalmazdım.
Diqqətim alaçığın
çölündə yatıb gövşəyən ala inəyimizin
ağzının marçıltısında, bəzən də
qoyunların ağılında duz yalaması yalayan
qoşabuynuz Qafqaz təkənin tərpənən
saqqalında olurdu. Bunların
hamısını çöldəki süd kimi
aydınlıqda görürdüm.
Ay çəkiləndə isə dağların kölgəsi alaçığın üstünə düşürdü. Arxaca qaranlıq çökürdü. Bəzən də qorxurdum, - qoyunlarımızı canavar qırar, - deyə düşünürdüm. Eh... bu dağları kim belə düzəldib, dik qoyub buralara, kölgəsi üstümüzə düşür, - deyərək fikirləşirdim.
Bəzən də sübh tezdən gün yağlananda - heyvanlar şəvinə gələn vaxt bulaqda əl-üzümü yuyanda, yuxusuzluqdan şişib, altı torbalanan gözümə su vurmaq üçün ovcumu bulağın qabağına tutub doldurmaq istəyəndə dəcəlliyim tutardı. Xuruşlanardım. Barmaqlarım keyləşəndə əlimi çəkərdim. Bu səfər də başlayırdım əlimi hovxurmağa ki, donu açılsın. Yenə öz-özümə deyinirdim: "Eh! Bu suyu kim belə soyudub, gətirib bu dağın başından çıxardır, ey!.. Gör kəndimiz harda qalıb, qabağından da çay axır. Bəs bu suyu altdan yuxarı, yerin altından kim gətirib? Mən onu niyə görmürəm?.."
Hörmətli oxucu! Mövzudan kənara çıxsam da, məqsəddən uzaqlaşmıram. Məqsədim, xəmiri səmimiyyətdən yoğrulmuş, mayası kənd ruhundan tutulmuş, dili qafiyə ilə açılıb, əli şair qələmi tutan Nəsib Nəbioğlunu heç kəsə bənzəməyən ruhu, təbi və yolu olan, cəhrəmizi, tavamızı, çömçəmizi, xurcunumuzu, farmaşımızı Dəlidağdan Moskvaya aparıb, oradan da Avropaya, lap uzaqlara, o taylara göndərən müasir Azərbaycan şairi kimi təqdim edim.
Kəlbəcərin o gözəl dağlarında doğulub, böyüyüb, yuxarıdakı mənzərələri gözü ilə çəkib saxlayan, mənim kimi bu hissləri keçirən söz-sənət sahibi, özü demiş: "Çiçəkdən yaşmaq tutan" dağların sərt suyu ilə sulanıb ovxar götürmüş qələm sahibi, gözəl şairimiz Nəsib Nəbioğlu əlbəttə qəriblikdə çimir çalmayacaqdı. Yazacaq, hey yazacaq, vaxtı fövtə vermədən yazacaq.
Həsrətdən qovrulan bir qərib kimi,
Bülbülü qəm əkən çölə dönmüşəm.
Doğma el həsrəti gözlərimdədi,
Leysana dönmüşəm, selə dönmüşəm.
Və yaxud,
Çöküb cana ağrı- acı neyləyim,
Düşür yada qardaş-bacı, neyləyim.
Göynəyir burnumun ucu, neyləyim,
Orta ocağının közündən ötrü.
Qoşmadan göründüyü kimi, şair örənimiş mövzu seçmir. Nə də ki, şeirin üstünə korşalmış qələmlə getmir. Şeirin bəndini elə buduyur ki, misra kənara çıxmır, misranı elə buduyur ki, sözün budağı kənara çıxmır. Sözün yanaqları allanmayınca, söz nazlanmayınca onu misraya buraxmır. Sözün əl-ətəyini elə yığışdırır ki, şeir nazlı gəlin kimi əlçatmaz görünür. Oxucu zirvəyə qalxdıqca söz altun sərvət kimi göz qamaşdırır.
Budur Nəsibin sadə dili, qələmi, əndazadan çıxmayan, olduğu kimi görünən şair təbiəti, söy-kökünə bağlılığı, ocaq daşlarımızdan aldığı istiliyi, büründüyü təzə kəfrəm yorğandan duyduğu ana həniri, ata həsrəti.
Boylanıram elə gendən,
Gözlərim sel olur hərdən.
Ata qəbri küsüb məndən,
O dağlarda qaldı ana.
Nəsib müəllimin yaradıcılığı ilə tanış olduqda görürsən ki, yeni fikir səhifələri vərəqlənir, qatı açılmamış duyğular baş qaldırır.
Kədər-qəm düşər izimə,
Atın həsrət dənizinə.
Heç qoymayın yer üzünə,
Göylərdə basdırın məni.
Onun torpağa, vətənə bağlılığı, anaya sədaqəti, ataya sitayişi, məhəbbətə pərəstişi özünəməxsus çalarlarla çatdırılır oxucuya. Sözün sığalından oxucunun ruhu incimir. Çünki hər şeir bəndində bir özjül qafiyə var.
Yağış olub, çiskin olub,
qar olub
O yerlərə ələnəydim,
kaş, yenə!
Gədiyində, bərəsində
azaydım,
Dumanına bülənəydim,
kaş, yenə!
Və yaxud,
O dağlar sirrini verməz heç
kimə,
Demirəm, mənə də sirrini
versin.
Biryolluq qoynuna sığınmaq
üçün
Bir qarış
çiçəkli yerini versin.
Vətən
torpağının, o dağların tək bircə
qarışı şair üçün cənnət qədər
geniş, kürreyi-aləm qədər böyükdür.
O, dağlardakı qaranlıq məzar
evini ana bətnindəki dünyaya bənzədir. Ana bətnində
qan əmib dünyaya gəlmişəmsə, dağlarda da qar əmib, ruhən
buz baltası kimi olaram deyir.
Nəsib Nəbioğlunun
dilində söz əriyini əzdirmir, sıyılıf
tökülmür, sözün iliyi üzülmür,
kündəyə dönüb küt getmir. Oxucunun dilində
qazmax bağlayır.
Nəsibəm, bilmirəm nədir
qismətim,
Getdiyim cığırlar
çətindən çətin.
Oduna çatıldım; bu məhəbbətim
Məni qəbrə kimi
yandıracaqdır.
Həm də bu məhəbbətin
Kəlbəcərdə mayası
çalındığını deyir. Axı, bu
mayanın acıtması qaymaqçiçəyindən, kəklikotundan,
dağ keçisinin, cüyürün qursağından, bir də
ki, anamın şalın ucuna düyüb saxladığı
mixək dənəsindən tutulub (Nənələrimiz
mayanı belə hazırlayardılar). Bu mayanın nə
rəngi qaçmayıb, nə də ki, tamı
dəyişilməyib.
Salam Kəlbəcərim,
başına dönüm,
Yaman darıxmışam,
gülündən ötrü!
Dağları-daşları lərzəyə
salan
Leysan
yağışından, selindən ötrü.
Bu gərgin zamanın,
dövrün ayaq-baş vuran, lax-lax siyasətiynən,
haqsızlığıynan barışmır şair Nəsib. İnsanları
yurdundan-yuvasından didərgin salan, dəryalarda qərq eləyən,
insan ömrünün kəndirini kəsən dünya siyasətçilərinin
havasına oynamayın deyir. Onları haqq dərgahına
layiq bilmir, ora yön çevirməsinlər, tanrıya əl
uzatmasınlar deyir:
Dağılan, talanan yuvam
ayrıdı,
Bu haqsız dünyayla davam
ayrıdı.
Mən dağlar oğluyam, havam
ayrıdı,
Sən deyən havaya oynamaram
mən.
Və yaxud,
Ağlın qarışqa
ağlıdır,
Huşun-başın dərin
deyil.
Yuxarıya əl uzatma,
Dərgah sənin yerin deyil.
Nəsib Nəbioğlu mənfur
qonşularımızın çirkin sifətlərini, məkrli
niyyətlərini özlərinə oxşar, özlərinə
yaraşan tərzdə şərh edir. Görün,
şair qələmə yumor ucluğu taxıb, sadə bir el
misalıynan "donuzu darıdan necə
çıxarır".
Böyük şairimiz, buluddan
çətir bağlayıb dağların dumanıynan,
çiskiniynən danışan Məmməd Araza
yazdığı şeirində deyir:
Bəxtim gətirməyib qonşu
sarıdan,
Keçib çəpərimdən,
aşıb barıdan.
"Ho-ho deməyinən
çıxmaz darıdan",
Necə başa salaq donuzu, Məmməd?!
Şair qoşmada
sözü sapdırmır, büdrətmir. Büdrəyən
sözü də misradan çıxardır, ona pənah
durmur, get, öz hininin üstünə qon
deyir.
Ona görə də Nəsibin
ən sadə şeirlərində belə misranın
üzü cilalıdı, cızılmır. O, sözün
dabanını qaldırır, dəyirman kimi xamırlamağa,
dişəkdən düşməyə qoymur. Sözün
özəyinə çatmayınca misradan çıxmır.
Sözün işartısını tez
seçir, hənirini tez duyur. Söz
qarşısında çeçəmir, əndikmir. Sözün səsini öz səsinə
qoşmağı bacarır. Bu səsin
haqqa tez çatacağına əmindir. Yenə də
böyük ustada xitabən,
Kədər bu torpaqdan uzağa
qaçsın,
Çiçəklər ətrini
üstümə saçsın.
Tanrım o dağların yolunu
açsın,
Qoymasın gözümdə
murazı, Məmməd! - deyir.
Nəsib Nəbioğlu həm
də sözə qızırqalanmır, nə də
sözü başına buraxmır. Şeirdə dəymədüşər
söz, qafiyə işlətmir. O, həmişə
sözü xarradıb, yetişdirib işlədir. Həm də qafiyəni irdələmir. Amma sözü hövsüyür,
qılçığını çıxardır, qafiyənin
kələ-kötürünü sığallayıb cərgəyə
salır, qoşma sarayının bəzək daşına
çevirir. Şair sözü
xışmalayıb tökmür, çiçəktək dəstələyib
misraya düzür. O heç vaxt sözdən azeylənmir. Bu da Nəsibin poeziya ustalığı, şair
memarlığıdır.
(Ardı var)
Vəliyəddin
MİSİROĞLU
Yazıçı-publisist,"Qızıl qələm"
mükafatı laureatı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
525-ci qəzet.-
2017.- 2 fevral.- S.6.