Adında və fırçasında işıq
daşıyan
Dünyanı və
insanları hamının gördüyündən fərqli
olaraq daha dəqiq və daha dərin duymaq artıq istedaddır. Lakin həm də
hamının görə və duya bilmədiklərini hər
kəsin bacarmadığı bir tərzdə göstərə,
ifadə edə bilmək artıq ikiqat istedaddır.
Yəni şairlik, rəssamlıq, heykəltəraşlıq
etmək, yaxud musiqiçi olmaq, əslində, insanlarla gözəlliyin
və hər dürlü yaşantının əsrarəngiz
dünyası arasında naqil, körpü, vasitəçi
olmaq qabiliyyətidir. Bu isə həmin
yaradıcıları sıra-sıra insanlardan seçdirən
daha üstün duyğunluq, bilgi yükünün
çoxluğu deməkdir.
Qədim yunan müdriki isə
təsdiqləyirdi ki, çox bilgidə çox dərd var. Və
o səbəbdən böyüklük dərəcəsindən
asılı olmayaraq, bircə sənətçi tapa bilməzsiniz
ki, rəvan həyat sürmüş, hamınınkına
oxşayan adi ömür yaşamış olsun.
Rais Rəsulzadə
könlü bu xalqa min məhəbbət teli ilə
bağlı dəyərli nəslin övladı kimi
dünyaya gəldi. Adətən, şanlı nəsillər,
məşhur soyadlar dünyayla ilk təmaslarından
insanın qarşısında yollar, qapılar açır,
arxa, dayaq olur.
Raisin babası Məhəmməd
Əmin Rəsulzadə bir millət aşiqi, vətən
sevdalısı idi və qürbətlərdə dünyadan
köçəndə dilindən qopan son kəlmə
üç dəfə təkrarladığı əziz “Azərbaycan”
sözü olmuşdu.
Tale və tarix elə bir qismət
yazdı ki, Rais ona həyatın sınaqları ilə
üz-üzə gəlməyə başladığı ilk
illərdən himayədar olmalı soyadına görə elə
dünyaya göz açdığı andan acılar
daddı.
O, üzərində “xalq düşməni”
damğası və Azərbaycandan kənarda doğuldu. Elə uşaqlıqdan əzizləri ona
soyadının şərəfini də, təhlükəliyini
də anlatdılar. Başa saldılar ki,
bu soyadı daşımaq ilk növbədə məsuliyyətdir,
ləyaqətini uca tutmaqdır və Rəsulzadə olaraq daim
zəhmətdən usanmamağı, mənəvi
dürüstlüyü əməlinlə sübut etmək zərurətidir.
Həm də lap kiçik yaşlarından bunu da ruhuna, beyninə
həkk etməyə çalışdılar ki, zamanın gərdişi
səni hər hərəkətinə və sözünə
özünün nəzarətçi olmağını tələb
edir; hamı ilə ürəyin istədiyi qədər sərbəst
danışa və hərəkət edə bilməzsən,
bu quruluş sənə və nəslinə inanmır, ən
azı dost kimi baxmır, sən hər an hər işinlə
sübut etməlisən ki, heç də bu cəmiyyət
üçün təhlükə deyilsən, əksinə, gərəklisən,
ən nümunəvi vətəndaşlardansan. Beləcə,
daim özünü də, nəslini də, soyadını da
qorumalısan!
Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının önündə gedənlərdən
olmuş Məhəmməd Əmin Rəsulzadəni,
çoxdan həyatda yox idisə də, sovet quruluşu var
olduğu müddətdə özünə ən qatı
düşmən saydı.
Türkiyədə, siyasi
mühacirətdə olduğundan sovet dövlətinin xəfiyyə
caynaqları ona çatmadı, qisası buradakı qohum-əqrəbasından
aldı. Həbsə atdı, sürgünlərə
yolladı, təqib etdi, sıxışdırdı.
Və heç kim
də heç vəchlə fərz edə bilməzdi ki,
bütün bunlar haçan bitəcək.
Əlbəttə, ehtimal etmək
çətin deyildi ki, nə qədər sovet rejimi var, Rəsulzadələr
siyasi etibarsızlar cərgəsində qalacaqlar. Lakin bu rejimin
haçan süqut edəcəyini, ümumən nə vaxtsa
çöküb-çökməyəcəyini ağla
sığışdırmaq müşküldən-müşkül
idi.
Rais Rəsulzadə belə
bir alın yazısı ilə 1946-cı ilin noyabrında
sürgündə, Qazaxıstanın Alma-Ata (indi Almatı)
vilayətinin Kirov rayonunda anadan oldu. Elə
uşaqlığından bəxtin daha bir zərbəsini
daddı, 3 yaşından anasız qaldı. Təbii ki, məktəbi də ana dilində deyil,
rusca oxuyası oldu. Lakin belə bir
mühit və ömür şərtləri nə onu
sındıra, ruhdan sala, qəddarlaşdıra bildi, nə də
qəlbindəki Azərbaycan sevgisini bir gilə
azaltmağı bacardı.
Yaxşı şahmat
oynayırdı. Yaşına yaraşmayan uzaqgörənliklə
neçə gedişi əvvəlcədən müəyyənləşdirməyi
bacarırdı. Şahmat
çempionatında məktəbdə birincilik də
qazanmışdı. Lakin şahmat
taxtası arxasında qalib çıxmaq onunçün nə
qədər asan idisə, həyat şahmatının
çarpaşıq labirintlərində azmamaq, büdrəməmək,
ən düzgün gedişi vaxtında edə bilmək, həm
də xeyli irəlini də öncədən görə bilmək
qəlizdən-qəliz idi.
Raisin atası Azər rəssam
idi, xoşbəxt günlərində, hələ vətəndə,
Bakıda olduğu çağlarda rəssamlıq məktəbində
təhsil almışdı və sürgün illərində
rəssamlığı həm də ailəni dolandırmaq
üçün onunçün çörək
ağacına çevrildi (doğrudur, Məhəmməd
Əmin Rəsulzadənin də əl qabiliyyəti vardı,
atası da mahir xətt ustasıymış. Fəqət
Azərə və onun ardınca Raisə də rəssamlıq
qabiliyyəti, zənnimcə, ana xəttindən
keçmişdi. Məhəmməd
Əminin həyat yoldaşı Ümbülbanu da, onun
bacısı Umgülsüm də xoşagəlim rəsmlər
çəkir, göyçək tikmələr toxuyurdular.
Elə Umgülsümün uşaqları Oqtayla
Toğrula, həyatdan erkən getmiş Cığataya rəsmçəkmə
istedadı həmin xətlə bəxş olunmuşdu).
Və rəssamlıq vergisi qanla Raisə
də pay verildi.
Elə şagirdlik
dövründə artıq onu balaca rəssam kimi etiraf etdilər
və divar qəzetləri, müxtəlif stendlər,
ayrı-ayrı tədbirləri bəzəyən
yazıların, plakatların hamısı onun əlindən
keçirdi.
Ancaq Rais qabiliyyətləri ilə elə məktəbin
dörd divarı arasına sıxılıb qalsaydı, Rəsulzadə
olmazdı!
İlk nisbətən uğurlu hesab
etdiyi fırça, qələm təcrübələrindən
örnəklərə əlavə etdiyi sənədlərini
Moskvaya, N.Krupskaya adına Ümumittifaq
Qiyabi İncəsənət Xalq Universitetinə göndərir.
Bəyənirlər, qəbul edirlər və
Rais Rəsulzadənin yetərincə güclü rəssamlar
olan müəllimləri bu cavanda sabahın qabil bir rəssamını
gördüklərini gizlətmirlər. Bu
qiymətlərini tez-tez dilə də gətirirlər və
ona istedadının ifadəsi üçün meydan da
açırlar.
Raisin əsərləri həmin
Qiyabi Xalq İncəsənət Universitetinin təşkil
etdiyi sərgilərdə nümayiş etdirilməyə
başlanır.
Orta məktəbi, həm də
o qiyabi universiteti bitirəndə artıq Raisin ortaya
çıxarılmalı 50-60 əsəri vardı.
Ürəyi isə onu
Bakıya sarı çəkirdi. Nə qədər
başa salsalar da ki, hər halda Rəsulzadə soyadını
daşıyan şəxs kimi burada, Qazaxıstanda, ya
uzaqbaşı Rusiyanın harasındasa olmağın daha
münasibdir, Rais vətənin nəbz kimi daxilində vuran
cazibəsindən qurtula bilmirdi.
Atası Azər
anlayırdı balasını Azərbaycanda nələr
gözləyə bilər və həmin nələrin nədən
ibarət olduğunu açmadan, hər halda xəfif cəhdlərlə
çalışırdı oğlunu fikrindən
daşındırsın.
“Axı harada qalacaqsan, necə
yaşayacaqsan?” – deyərək Raisi ən azı məişət
çətinlikləri ilə hürkütməyə can
atırdı.
Raisi isə Rəssamlıq Məktəbindən
əvvəl Azərbaycan çəkirdi və indi 70-nin
tamamında bunu özü mənə söyləyir: “Məktəb
bəhanə idi”.
Və sanki artıq başqa
dövranın olduğunu unudaraq sayıqlığını əldən
vermədən, hansısa kənar qulağın eşidəcəyindən
ehtiyatlanırmış kimi pıçıltı ilə əlavə
edir: “Başa düşürsünüz də məni?”
1965-ci ildə gəlir Bakıya və
işlərindən bir-iki nümunəyə baxan kimi bəyənirlər
və Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbində qəbul imtahanlarına
buraxılmasını mümkün sayırlar. Ancaq
attestatına baxınca mövqe dəyişir.
İmtina edildiyini eşidincə 4 min
kilometr məsafə adlayaraq Karaqandadan Bakıya sənədlərin
qəbulunun son günündə və axırıncı
saatında yetişmiş Raisin ürəyi yerindən qopur:
“Belə attestatla biz səni buraya götürə bilmərik!”.
Gözləri dolur Raisin.
Sənədləri qəbul edən tədris
hissə müdiri Ağabala İskəndərov aparır onu
otaqlardan birində oturub işləyən rəssam, məktəbin
yeni direktoru Əyyub Məmmədovun yanına: “Alə
Əyyub, bu uşağın başına ağıl qoy”.
Əyyub Məmmədov
iki-üç “yaxşı”dan başqa bütün qiymətləri
“əla” olan gəncə canıyananlıqla: “Bala, Ağabala
müəllim düz deyir, bu attestatla sən universitetə, ali
məktəblərdən birinə get, rəssamlığını
eləyərsən də!” deyir.
“Yox, mən bura istəyirəm,
xahiş edirəm, götürün!”
İmtahanları müvəffəqiyyətlə
verir, qəbul olunur məktəbə. Di gəl, nə
yaşamağa yeri vardı, nə işləməyə şəraiti,
nə babat dolanmağa imkan verəcək gəliri, nə də
kiminsə qapısını döyərək kömək istəməyə,
dəstək ummağa üzü.
Bakıya, Azərbaycana gələndə
artıq ömrü boyu onunla qalacaq bir düsturu daxilən
özü üçün qəti müəyyənləşdirmişdi:
hər məşəqqətə dözməli, hər
narahatlığı öz gücünə adlamalı, hər
məqsədə özü nail olmalıdır.
1965-1969-cu illər arası,
Rəssamlıq Məktəbində oxuduğu vaxtlarda hər
halda yataqxana vardı və yanında yoldaşlarının
olması, minnətsiz gecələyəcəyi bir
ünvanın varlığı onun işini xeyli
yüngülləşdirirdi. Digər tərəfdən, qohumu
Toğrul Sadıqzadə əsərlərinə baxıb
Raisin qabında nə olduğunu duyunca dinməz-söyləməz
emalatxanasının açarının bir nüsxəsini
çıxarıb vermişdi ona ki, nə vaxt istəyirsən
get işlə, istəyirsən lap yaşa orda.
Ancaq bütün həyatı
boyu nəslinə xas gözütoxluqla, təvazö ilə,
iddiasızlıqla yaşamağa adət etmiş Rais yaxın
qohumu və xeyirxahı Toğrulun bu iltifatından da nadir
hallarda yararlanmağı münasib saymışdı.
Əsl müsibətsə Rəssamlıq
Məktəbini başa vuraraq hərbi xidmətə getməsi,
1971-ci ildə əsgərliyi başa vuraraq yenidən
Bakıya qayıtmasından sonra başlandı.
Daha nə yataqxana vardı, nə tələbə
yoldaşlar ki, ən kasıb günlərində tikələrini
bölüşsünlər, nə də məvacib
alacağı iş yeri.
Tanışlarından biri
Raisə təxminən onu xilas etməyə bərabər məsləhət
verir.
İş bundadır ki, Rəssamlar
İttifaqının o vaxtlar təşkilatın
ayrı-ayrı sənətkarlara rahat işləmələri
üçün emalatxanalar verməkdən savayı birdəfəlik
rəsmi sifarişləri yerinə yetirməkdən
ötrü də müəyyən müddət
üçün qeyri-yaşayış sahələri
ayırmaq ixtiyarı varmış.
Rais müraciət edir,
köhnə dostları və müəllimləri də bu
niyyətin baş tutması üçün saqqal tərpədir
və ona sabiq Suren Osipyan, indiki Süleyman Rüstəm
küçəsində ağzınacan tullantılarla ləbələb
bir zirzəmi ayırırlar.
Və Rais etiraf edir ki, bir
neçə gün içərisini boşaltmaqdan
ötrü olmazın əziyyət çəkdiyim bu
qaranlıq, bu nəmişlik otaq mənə veriləndə
dünyanın xoşbəxti idim.
Küçənin
ovaxtkı erməni adını qəsdən yazıram. Dünyanın gərdişinə
baxın ki, bu yurda müsəlman Şərqində ilk dəfə
respublika quruluşunu ərməğan etmiş, bu millətə
istiqlalı dadızdırmış möhtəşəm
kişinin nəvəsi bu vətənin paytaxtında o zamanlar
Ermənikənd adlanan, ermənilərin ən gözəl mənzillərdə
şelləndiyi yerdə adam kimi
yaşanılmağa layiq olmadığı üçün
“qeyri-yaşayış” sahəsi adlandırılan zirzəmidə
ona bircə otaq verilməsinə görə özünü bəxtiyar
sanırmış!
Rais Rəsulzadə peşəkar
rəssamdır, ən müxtəlif forma və janrlarda asudəcə
işləyə bilir və işləyib də. Qrafikası da
var, akvareli də, yağlı boyayla işlənmiş əsərləri
də gözəldir. Portretlər də
çəkib, natürmortlar da, kompozisiyalar da yaradıb.
Amma o, ilk növbədə mənzərə
ustasıdır. Bu, söz yox, onun daxili
ehtiyacından, zövqündən, sənətdəki
özünəməxsus yol seçimindən irəli gələn
bir hal kimi qiymətləndirilə bilər. Amma mənim fikrimcə, burada da onun tərcümeyi-halının
təsiri olmamış deyil.
Üzeyir bəy Hacıbəyli
1908-ci ildən başlayaraq 1920-ci ilə qədər hər il azı bir opera, bir operetta, bolluca ictimai-siyasi
məzmunlu məqalələr yazır. Lakin
1920-ci ildən sonra o susur, illərcə əsasən
muğamın, xalq musiqisinin nəzəri problemləri ilə
məşğul olur və 1937-ci ildə ona bütün
müdhiş siyasi girdablardan nicat verəcək “Koroğlu”
ortaya çıxanadək yeganə iri və sanballı əsəri
“Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası olur.
Səbəbsiz deyildi. Çünki sovetin
ilk günlərindən başlayaraq Üzeyir bəy mütəmadi
səksəkənin əsarətində idi, hər an tutulacağını, güllələnəcəyini,
Sibirə göndərilə biləcəyini göz altına
almışdı. Ona görə də yüz
cür siyasi tərsyozmalar, şərləmələrə əsas
verə biləcək hər hansı mətnin altında
imzasının olmasından çəkinirdi və hətta
“Koroğlu” da onun tək operasıdır ki, librettonu
özü yox, Məmməd Səid Ordubadi qələmə
aldı. Ehtimal edirəm ki, sosialist
gerçəkliyində başının üzərində
siyasi repressiyaların amansız qılıncını daim
hiss edən Rais və Rais taleli neçə-neçə
başqa yaradıcı həmin qatmaqarışıq tarix kəsiyində
özlərini mümkün xatalardan sığortalamaq
üçün imkanları çatdıqca bu təhər tədbirli
davranmağa, suyu da üfürə-üfürə içməyə
səy ediblər.
Təbiət təsvirinə ən bədxahın
da siyasi don geydirə bilməsi çətin idi və ola bilsin, Rais də həmin səbəbdən
bu səmtə üz tutmuşdu (müəllimlərimdən
ikisi cavanlığında yaxşı şair olsa da, elə həmin
gizli vahimənin ucbatından şeirdən əl çəkmişdi.
Əkrəm Cəfər həbs olunub
azadlığa çıxandan sonra xəlvəti yazsa da,
şeirlərini daha üzə çıxarmaqdan vaz
keçmişdi, Mübariz Əlizadə isə ətrafındakı
tuthatutları görəndən sonta şairliyin
daşını atmış, ürəyini yalnız farsdilli
klassiklərdən etdiyi hədsiz gözəl bədii tərcümələrlə
soyutmuşdu. Bu, onların özlərinin
mənə etdiyi etiraflardır. Amma həmin
etiraflarsız da o təlatümlü, burulğanlı əyyamları
çox araşdırdığımdan bu göynəkli həqiqətə
başqa onlarca qırıq taleyin nümunəsindən də
aşinayam).
İki maşın zibil
çıxarandan sonra həm emalatxana, həm mənzil kimi
istifadə etdiyi, həyətdən 11 pillə
aşağıda yerləşən o yeraltı daxmada Rais Rəsulzadə
12 il yaşadı və gözəllik yaratdı.
Əvvəlcə burada heç
elektrik, qaz xətləri də yoxmuş, soyuq qış
günlərində paltosuna bürünüb
yatırmış və lazım olan rənglərin
hamısını əldə etməyə pulu çatmayanda
yediyi marqarindən ağ boyaya
qatırmış ki, fərqlı çalar ala bilsin. Bu minvalla əsərləriylə yatıb-durduğu
o qazmada Rais hətta fırçasını özünə
boğaz ortağı da etmişdi.
Əsas o idi ki,
qapısını apxayınca açıb girəcəyi
öz ünvanı vardı, istədiyi qədər sərbəst
işləmək fürsəti qazanmışdı və bu
arada Nadir Əbdürrəhmanovun təklifi ilə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinə
də daxil olur.
1972-1977-ci illər arası ali təhsil alır və 1978-ci ildə
institutu bitirən kimi oradaca müəllim kimi fəaliyyətə
başlayır.
Hər işində ardıcıl,
etibarlı olan Rais Rəsulzadə bu təhsil ocağına da
sədaqətli çıxıb, artıq neçə
müddətdən bəri Rəssamlıq Akademiyasında gənclərlə
biliklərini, təcrübələrini
bölüşürsə də, indiyədək doğma
APİ-sində də dərs deməkdə davam edir, orada Təsviri
sənət kafedrasının dosentidir.
Quruluş, siyasətlər,
kəc dövran onu və taleyini yerin altına yönəltmişdi.
Ancaq Rais Rəsulzadə kimi
yenilməzlər ən qaranlıqda da parlamağa, yerin dibindən
də bir çiçək, bir fidan kimi pöhrələnib
dikəlməyə qadir olurlar.
Həmin işığı az daxmada Rais işıq dolu tablolar yaratdı,
Azərbaycanın əlvan mənzərələrini lövhələrə
köçürdü.
Sevdiyi, ömrünü
bağladığı həyat yoldaşı Leyla xanlm da ruhca
ona uyğun insandır ki, bu yeraltı mənzilə bir saraya gələn
kimi vüqarla gəlin köçdü.
Və dünya dəyişməyə,
asta-asta nahaqın beli qırılmağa, ədalət,
düzlük yerini tapmağa başladı.
1978-ci ildən Rəssamlar
İttifaqının üzvü olan Rais Rəsulzadənin əsərləri
tədricən qanad açdı, ölkələr
dolaşdı, Azərbaycanda və xarici ölkələrdəki
sərgilərdə – Kubada (Havana, 1980), Əfqanıstanda
(Kabil, 1981), Polşada (1988), ABŞ-da (Hyuston, 1989), dəfələrlə
İstanbulda, Moskvada... tamaşaçılarla
görüşdü.
Zirzəmidən, nəhayət ki,
qurtularaq xudmani mənzilə də köçdü,
ayrıca emalatxanası da oldu, üstlərindəki “xalq
düşməni” damğası da silindi, nəslinə
dağ çəkmiş sovet rejimi də tarmar oldu,
şanlı babası Məhəmməd Əmin Rəsulzadənin
adı və xatirəsi ən coşqun sevgilərin
dalğasında Azərbaycana qayıtdı da (Azər
Bakıya ilk dəfə 1988-ci ildə, Meydan hərəkatının,
SSRİ-yə qarşı insanların kütləvi
çıxışlarının başlandığı
günlərdə gəlmişdi. 1991-ci ildə yenə
qayıtdı. Oğlu Raislə bazar günlərindən
birində yollanır Şəhidlər xiyabanını ziyarət
etməyə. Birdən uzaqdan
başının dəstəsi ilə o vaxtlar
Naxçıvanda yaşayan Heydər Əliyev
görünür. Qəfilcə iti gözləri elə
gendən Azəri tutan Heydər Əliyev yaxınlaşır
onlara: “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu
Azərsinizmi? Bir dəfə televizorda
görmüşəm sizi”.
Azər qayıdır ki, bəli,
mənəm, üstümüzdən “xalq düşməni”
damğasını atıb qayıtdıq vətənə. Heydər Əliyev də dərhal
dillənir: “Mən də üstümdən kommunist
damğasını atdım!”).
...Dövran rəngdən-rəngə
düşür, dəyişdikcə çox insanları,
çox dəyərləri, çox münasibətləri dəyişir.
Raissə elə həmin
Raisdir.
İşləməkdən
doymayan, Azərbaycanın gözəlliklərini lövhələrdə
əbədiləşdirməkdən usanmayan, mülayimliyi, nəzakəti,
təvazökarlığı, nəcibliyi ilə illər,
oinllər boyu zərrə də azalmayan Rais.
Heç vaxt
şan-şövkətli, izzətli, sayğılı
soyadının kölgəsinə qısılmamış, bu
soyadın verə biləcəyi bəhrələrdən
yararlanmamış, əksinə, iftixarlı soyadını
öz dəyərli əməlləriylə bir qədər də
yüksəltmiş Rais.
Rais Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Qarabulaq kəndi”, “Göycəkəndin vadiləri”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “İsmayıllı, Lahıca gedən yol”, “Şəkidə bahar”, “Şuşada”, “Kürdə küləkli gün”, “Dəniz kənarında qəsəbə”, “Gədəbəy. Slavyanka mənzərəsi”, “Şahdağ” və neçə-neçə belə aydınlıq dolu, rənglərin, onların saysız çalarlarının, bir-birinə ehmallı keçidlərinin yaratdığı bayram ovqatı göz oxşayır, ürək dincəldir və qatarlanaraq bizə Azərbaycanın bu istedadlı rəssamının yurd vurğunu gözləriylə görünən misilsiz xəritəsini təqdim edir.
...“Ra” qədim şumerdə “Günəş” demək idi, “is” işıq, istilik.
Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əminin yadigarı Rais Rəsulzadənin varlığında və yaratdığı hər əsərdə var!
Var və nə qədər ki nəfəsi gedib-gəlir, həmişə də onunla olacaq!
Axı o, Rəsulzadədir, axı o, rəmzdir!
Axı o, Məhəmmədin
əmanətidir!
525-ci qəzet.-
2017.- 2 fevral.- S.5.