İlham Əliyev: “Niyazinin dirijorluq
sənəti xalqımızın böyük
dəyəridir”
Prezident görkəmli dirijor, maestro Niyazinin Bakıda
abidəsinin açılış mərasimində iştirak edib
Bakının Niyazi küçəsində
yerləşən parkda
görkəmli dirijor,
SSRI Xalq Artısti,
maestro Niyazinin abidəsinin
açılış mərasimi
olub.
APA-nın
məlumatına görə,
Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı maestro Niyazinin
abidəsinin açılışını
edib.
Abidənin hündürlüyü 3, pyedestalının
hündürlüyü isə
1 metrə yaxındır. Heykəlin üst
plitəsi royalın qapağı formasındadır.
Abidənin pyedestalı isə
qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.
Dövlət başçısı mərasimdə
çıxış edib. O, Niyazinin
Azərbaycan dirijorluq məktəbinin əsasını
qoyduğunu bildirib və qeyd edib
ki, bu gün
onun davamçıları
öz sənəti ilə bizi sevindirirlər.
“Niyazi böyük
Üzeyir Hacıbəylinin
layiqli davamçısı
idi. Niyazi Azərbaycan dirijorluq
məktəbinin əsasını
qoyub və bu gün onun
davamçıları öz
sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox
böyük töhfə
verib. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı,
Azərbaycan xalqını
həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını
nümayiş etdirirdi.
Onun dirijorluq sənəti xalqımızın böyük
dəyəridir və
demək olar ki, Azərbaycan bəstəkarlarının bütün
simfonik əsərlərinin
birinci dirijoru Niyazi olub.
Dünyada və sovet məkanında
dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl
bəstəkar idi, onun əsərləri bu gün də
yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü
büruzə verib.
Niyazinin çox böyük ictimai fəaliyyəti də olub. O, bir neçə çağırış
Azərbaycan Ali Sovetinin
deputatı seçilib.
Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilib.
O, Sovet İttifaqının
Xalq Artisti adına layiq
görülüb. Sovet İttifaqının
ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının
qızıl ulduzu ilə təltif edilib. Bu təltiflər
və eyni zamanda, ona verilmiş
beynəlxalq mükafatlar
doğrudan da onu göstərir ki, Niyazi böyük
şəxsiyyət, böyük
sənətkar və Azərbaycan xalqının
layiqli nümayəndəsi
idi. Biz haqlı
olaraq onun sağlığında da
onunla fəxr edirdik, bu gün
də fəxr edirik.
Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri
bağlayırdı. Heydər Əliyev
həmişə Niyaziyə
çox böyük diqqətlə, qayğı
ilə yanaşırdı.
Dəfələrlə Niyazi müəllim
və Həcər xanım bizim evimizdə olublar. O məclislərdə mən
də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox
gözəl xatirələri
olmuşdur, gözəl
əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox
böyük yumor hissi var idi.
Doğrudan da o xatirələr
bu gün də mənim yaddaşımda yaşayır,
bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə
görürük ki, Niyazi dahi şəxsiyyət
idi və yenə də deyirəm, o, xalqımızı
ləyaqətlə təmsil
edirdi.
Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük
diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin
xatirəsini yaşadırıq,
əbədiləşdiririk. Son bir neçə il ərzində
şəhərimizin mərkəzində
ardıcıllıqla görkəmli
mədəniyyət xadimlərinin
– Fikrət Əmirovun,
Qara Qarayevin, Bülbülün, Rəşid
Behbudovun abidələri
açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə
Niyazinin abidəsi də açılır.
Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan
teleradio şirkətinin
simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır,
bu gün də Niyazinin möhtəşəm, çox
gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə
uyğun abidəsi açılır.
Onu da qeyd
etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin
yubiley tədbirləri
dövlət səviyyəsində
qeyd ediləcək. Bülbülün 120 illik,
Tofiq Quliyevin, Cövdət Hacıyevin
100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara
Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu
əlamətdar tarixlər
dövlətin tam dəstəyi
ilə yüksək səviyyədə keçiriləcək.
Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti
çox güclü milli-mənəvi köklər,
əsaslar üzərində
qurulubdur. Biz müstəqil,
müasir ölkəyik.
Ancaq bizim gücümüzün
mənbəyi milli tariximizdir, keçmişimizdir,
mədəniyyətimizdir. Biz xalq olaraq
öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi,
dilimizi, ədəbiyyatımızı
qoruya bilmişik və bu gün
də qoruyuruq.
Azərbaycan xalqı öz görkəmli nümayəndələri
ilə fəxr edir. Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət
nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını
göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə
çox böyük və dəyərli töhfələr vermişik.
Bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır.
Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun”.
Sonra Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, bəstəkar, xalq artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, xalq rəssamı, heykəltəraş Ömər Eldarov çıxış ediblər.
Prezident İlham Əliyev abidənin önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq fəaliyyətinə ötən əsrin 30-cu illərində başlayıb. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürən Niyazi 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazıb. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı adına, Nehru adına beynəlxalq mükafata layiq görülüb. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Dövlət başçısı mərasimdə iştirak edən mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
Sonda xatirə şəkli çəkdirilib.
525-ci qəzet.- 2017.- 3 fevral.- S. 1, 2.