Vəliyəddin Misiroğluna Moskvadan məktub

 

Çox hörmətli və mənim üçün əziz olan həmyerlim Vəliyəddin müəllim! Sizi səmimi qəlbdən salamlayıram, möhkəm cansağlığı arzulayıram! Yaradıcılığınızda həyatınızda uğurlar diləyirəm!

Vəliyəddin müəllim, bu gün mənə mənim yaradıcılığıma həsr etdiyinizÜç qərib baxış: Qəriblikdə çimir çalmayan şairadlı yazınızı oxudum çox təsirləndim. Çox kövrəltdiniz məni. İnanın ki, o yazını göz yaşı içində oxudum. Əslində mən bu yazını gözləmirdim. Çünki belə bir səmimi yazını mənə doğma əziz olan kəlbəcərlilərimdən gözləməmişəm. Yəni 40 illik yaradıcılığımda ilk dəfədir ki, mənə bir köynək yaxın olan adamlarımdan biri belə dəyərli, səmimi, təbii bir yazı həsr edib. Siz bir qələm adamı kimi bu yazınızla məncə, mənim yeni tərcümeyi - halımı yazdınız. Mənim müxtəlif illərdə müxtəlif səpkidə yazdığım şeirlərimi təhlil etdiniz, məna çalarlarını izah etdiniz, real həyatı əks etdirmək baxımından bədii dəyəri ilə seçilən şeirlərimə təzədən can verdiniz. Şeirlərimdəki konkret bədii parçalara müraciət edərək təhlil apardınız.

Mənim kitablarıma yazılan ön sözləri tanınmış qələm adamlarının mənim yaradıcılığım haqqında yazdıqları fikirlərdən fərqli olaraq sizin yazınız mənim üçün çox dəyərlidir. Yaradıcılığımla bağlı istər rus dilində, istərsə Azərbaycan dilində çox sayda yazılar, məqalələr içində bu yazını, məhz sizin yazınızı o yazılardan dəyərli hesab edirəm, üstün tuturam. Sizin Kəlbəcərin ən gözəl ənənələrinə dayaqlanan, milli özünəməxsusluğu ilə seçilən, folklorumuza, klassik irsimizə, həm müasir ədəbiyyatımıza möhkəm bağlı olan zəngin diliniz var. Dilimizin bütün incəliklərinə baş vuraraq mənim şeirlərimi dərin bədii təhlil süzgəcindən ustalıqla keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran ikinci bir Kəlbəcər şairi, jurnalisti, yazıçısı tanımıram. Siz həm şairanə ruha, poetik ifadə tərzinə malik bir qələmdaşımızsınız. Bu sizin Azərbaycan dilinin zəngin söz xəzinəsinə, çoxçeşidli çalarına, bu dilin şəhdi-şəkərinə dərindən bələd vurğunluğunuzdandır ki, yazılarınız poetikliyi, özünəməxsusluğuyla seçilir. Dilinizdəki xalq deyimləri, Kəlbəcər ləhcəsinin gözəllikləri, ifadələr yazınızın bədii dəyərini artırmaqla yanaşı, dil baxımından emosional axıcı olmasını təmin edir.

Vəliyəddin müəllim, məqalələrinizin rolu dilçilik baxımından böyükdür. Danışığımızın, ləhcəmizin, adət-ənənələrimizin qorunub saxlanmasına canlı sübutdur. Azərbaycan dilinə keçən əcnəbi sözlərin müqabilində dilimiz yurdumuzun şirin ləhcəli bölgəsi kimi Kəlbəcər dialektində işlənən sözlərlə əvəz edilərək çirklilikdən xilas edilməlidir.

Ürək ağrısıyla qeyd etmək istəyirəm ki, dönə-dönə başı bəlalar çəkmiş, öz vətənində qaçqın kimi yaşamağa məruz qalan Kəlbəcər camaatı uzun illərdir ki məskunlaşdıqları rayonlarda öz ləhcələrindən mərhum olunmaqdadırlar. İndi Şəkidə məşkunlaşan Şəki ləhcəsiylə, Bakıda məskunlaşan Bakı ləhcəsiylə danışır və kəlbəcərlilərə mənsub olan o gözəl ləhcəmiz də tədricən əriyib itməkdədir,biz o gözəlliyi bir daha görməyəcəyik. Dilin varlığı, inkişaf etdirilməsi leksiona yalnız yeni sözlərin daxil edilməsi deyil, həm də qədim və unudulmuş sözlərimizin saxlanıb qorunmasıdır.

Hər bir dilin tarixi həmin dildə danışan xalqın tarixi ilə bağlı olur. Bizimdilimiz, nə nitqimiz, nə də ləhcəmiz elə-belə öz-özünə yaranmayıb axı. Kəlbəcər dialekti də, çox əsirli tarixi inkişaf yolu keçərək cilalanaraq sizin kimi vətənpərvər, yurdsevər insanların sayəsində müasir dövrümüzə gəlib çıxmışdır.

Vəliyəddin müəllim, bu gün sizin göynəyə-göynəyə yazdığınız bu məqalə Kəlbəcərin təkcə cənnət bir məkan olduğunu deyil, o bölgənin özünəməxsus folkloru, ləhcəsi, danışıq dilinin necə gözəl olduğunu göstərir. Sizin əksər yazılarınızda heç kəsdən indiyənəcən eşitmədiyim və məni heyrətə gətirən sözləri gördüm. Dilinizin zənginliyinə bir daha valeh oldum.

Təbii hamımızın bir arzusu var ki, kəlbəcərlilər öz dədə-baba yurdlarına qayıtsınlar. Heç olmasa sizin kimi insanların qoruyub saxladığı, dilimizin o gözəlliyini, o ləhcəmizi doğma yurdumuza qaytara bilək. Kəlbəcərin özünə xas olan ənənələrini qoruyaq. Deməyim odur ki, Kəlbəcərə kəlbəcərli kimi qayıdaq, hansı ləhcə ilə danışırdıqsa, o ləhcəni unutmayaq. Vəliyəddin müəllim, görəsən bizdən sonra ümumiyyətlə, belə şirin dialektlə danışan və belə bənzərsiz danışıq tərzinə, yazı manerasına məxsus olan kəlbəcərlilər tapılacaqmı?

Düşünürəm ki, belə yazılar doğma yurda vətənpərvərlik hisslərini möhkəmləndirir, xalqı öz tarixi keçmişinə dəyər və ənənələrinə daha da sıx bağlayır. Çox geniş söz ehtiyatına malik olan Kəlbəcər ədəbi-mühiti formalaşıb. Müasir dönəmdə yeni düşüncəli və bir-birindən istedadlı gənc kəlbəcərli şairlərimiz yetişməkdədir.Bunları qoruyub saxlamaq, dəyərləndirmək hər birimizin borcudur.

Əziz Vəliyəddin müəllim! Bu yazınız qürbətdə yaşayan, Kəlbəcər dağları boyda qəlbində yük daşıyan bir yaradıcı adam kimi tənha olmadığımı mənə xatırlatdı, ümidimi özümə qaytardı. Mənə və mənim yaradıcılığıma belə diqqət yetirdiyinizə görə, şeirlərimə verdiyiniz dəyərə görə, Sizə bir daha səmimi minnətdarlığımı bildirirəm.

 

24.01.2017

 

Nəsib NƏBİOĞLU

 

525-ci qəzet.- 2017.- 4 fevral.- S. 23.