Azərbaycanlı
molokan
Fevralın 23-ü Anatoli
Banişevskinin ad günüdür. Əvvəlki illərdə
olduğu kimi, yenə 2-3 jurnalist, ölkənin futbol ictimaiyyətinin
10-15 təmsilçisi həmin gün ikinci Fəxri Xiyabana
yollanacaq, dahi futbolçunun məzarı başında ürək
sözlərini söyləyəcək.
Ənənəvi olaraq, kimi onu “Azərbaycanın
futbol günəşi”, bir başqası “Qol kralımız”
adlandıracaq, dildən pərgar olan bir kimsə də deyəcək:
“Banişevski kimi futbolçular yüz ildə bir yetişir”.
Eləcə guşənişin olmağı hər şeydən
üstün tutan “obıvatel”lər isə xorla bildirəcəklər:
“O, əsl bakılı idi, əsl azərbaycanlı idi və
bütün ömrü boyu əsl bakılı, azərbaycanlı
olaraq da qaldı”...
Geniş anlamda, bunların
hamısı həm doğru, həm də şişirtmədir:
Banişevskidən qabaq bizim dörd dəfə SSRİ
çempionu adını qazanan, Azərbaycan futbolunun yetirmələri
arasında ilk dəfə hamıdan qabaq Sovet
İttifaqının yığma komandasında oynamağa dəvət
alan, Milandakı məşhur “San-Siro”
stadionunda İtaliya yığma komandasının
qapıçısı Lorenso Buffonun qoruduğu qapıya - əfsanəvi
“Milan” klubunun qapısına 25 dəqiqə ərzində 4
(dörd!) TOP vuran, “SSRİ-nin əməkdar
idman ustası”, “SSRİ-nin əməkdar məşqçisi”
fəxri adlarına layiq görülən futbolçumuz
vardı və elementar məntiqə görə, ən dəbdəbəli
təriflər də onun ünvanına söylənməliydi.
Lakin qəribə görünsə də, bizim
üçün məhz həmin futbolçu deyil, 15 illik
idmançı karyerası ərzində meydançanın rəqibə
aid olan hissəsində “baş girləyən” və daim (!) həndəvərində
iki “keşikçi” saxladan, eləcə buna görə minlərin
ürəyindən tikan çıxaran sarışın “9
nömrə” Azərbaycan futbolunun ustalıq etalonuna
dönüb. “Niyə”sinin sadə cavabı var: Banişevski
futbolda nəyə nail ola bilibsə, hamısı
gözümüzün önündə, BİZİM komandada
baş verib; o, birinci dəstədə də BİZİM
“Neftçi”ni təmsil eləyib, Sovet futbolçuları
arasında birinci olaraq “Marakana”da Braziliya yığma
komandasının qapısına qol vuranda da! Və aydın məsələdir
ki, belədə onun ünvanına “futbol günəşimiz”,
“qol kralımız”, “yüz ildə bir yetişən yeganə
futbolçu”, “əsl bakılı, əsl azərbaycanlı”
kimi təşbehlər işlədənlər qətiyyən
səhv etmirlər!
Bununla belə, danılmaz bir həqiqət
də var: Anatoli Banişevskinin uzun illər boyu nümayiş
etdirdiyi oyundan yaranan təəssürat onun
saysız-hesabsız pərəstişkarlarına o qədər
valehedici təsir göstərmişdir ki, bu futbolçunun
idman və idmandankənar həyatı ilə bağlı hər
şey əsatir donuna bürünmüş, erkən
cavanlıqdan tutmuş, futbolçu karyerasının qürub
çağınadək yol verdiyi əyintilər, büdrəmələr,
o cümlədən yaddaşlarda həmişəlik “9
nömrə” kimi qalacaq molokanın yaşıl
meydançalarda çıxış etdiyi bütün
dövr ərzində istisnasız olaraq MƏRKƏZ
HÜCUMÇUSU mövqeyində oynamasına baxmayaraq, kifayət
qədər yüksək məhsuldarlığa nail
olmaması, indiki meyarlar baxımından yanaşsaq, ortabab
dayaq yarımmüdafiəçi qədər (mən hələ
milli çempionatlar səviyyəsində keçirdiyi 533
oyunda 193 dəfə fərqlənən hollandiyalı Ronald
Kumanı - “anadangəlmə” MƏRKƏZ
MÜDAFİƏÇİSİNİ demirəm!) TOP
vurması da 60-cı illərin ortalarında bir göz
qırpımında ucaldığı şöhrət
Olimpindən onu endirə bilməmiş və elə bunun
özü Banişevski mifinin əbədilik olaraq Banişevski
həqiqətini üstələməsinə gətirib
çıxarmışdır. Halbuki insan və
futbolçu kimi Anatoli Banişevskinin həqiqi qiymətini verə
bilmək üçün onu olduğu kimi, necə varsa eləcə
tanımaq və tanıtmaq çox vacibdir. Özü də
hansısa konyunktura xatirinə yox, FUTBOLUN özünün xətrinə!..
***
Anatoli Andreyeviç Banişevski Azərbaycanın
futbol səmasında qəfildən peyda olan meteor idi: sürətlə
axdı, parlaq işıq saçdı və özündən
sonra dərin iz qoyaraq söndü. Özü də
elə bir iz ki, onu nə insan yaddaşından, nə də
futbol tarixindən silmək mümkün olacaqdır.
O, adi - ötəri insan və
qeyri-adi istedad idi. İnsan kimi sahibi olsa da,
istedad kimi yiyəsiz idi. Bu mənada mən onun 90-cı
illərin əvvəllərində dilə gətirdiyi
“Kaş dünyaya 25 il gec gələydim - insan kimi yaşamaq,
özünü azad hiss etmək, heç kəsdən çəkinmədən
ürəyindən keçənlə məşğul olmaq
üçün” - arzusuna haqq qazandırıram.
Çünki XX əsrin 90-cı illərində 25
yaşlı Banişevskinin, məsələn, Milan
“İnter”ində, “Yekədiş” Ronaldonun yerində
oynamayacağına fələyin özü də yüz faiz əminliklə
“yox!” - deyə bilməzdi yəqin. Öz
dövründə isə bizim hamımız - o cümlədən,
Banişevski də - onun nadir istedadının qəsdinə
durmuşduq və hər birimizdən daha çox onun
özü həmin istedada qənim oldu...
***
... Bir anlığa göz önünə gətirin. 1991-ci ilin avqust ayının əvvəlləridir. SSR İttifaqını təşkil edən müttəfiq respublikaların hamısı kimi Azərbaycan da adının böyründəki “sovet sosialist” sözbirləşməsiylə artıq vidalaşıb; Rusiya Federasiyası SSR İttifaqı tərkibində suverenliyini elan edərək ümumxalq səsverməsi yoluyla özünün ilk prezidentini seçib; Baltikyanı respublikalar SSRİ-nin tərkibindən çıxdıqlarını bir ildən çoxdur ki, konstitusiyalarında təsbit eləyiblər; Sovet dönəminin ən ünlü gürcü dissidenti, indi isə Gürcüstan dövlətinin prezidenti olan Zviad Qamsaxurdia Moskvanın təkidli çağırışlarına məhəl qoymayaraq, SSRİ prezidenti ilə görüşə getməkdən inadla boyun qaçırır... Bütün bunlara baxmayaraq, İttifaq dövləti, onun bütün atributları hələ qalmaqdadır, təxminən 70 il mövcud olmuş imperiyanın cəmi-cümlətanı beş aydan sonra tarixin arxiv səhifəsində yaşamağa məhkum olunacağını proqnozlaşdırmaq da təbii ki, asan iş deyildir. Amma hər halda nəhəng imperiya məkanında cərəyan edən proseslər “sonun əvvəli”nə aşkar işarədir. Bax, elə bu günlərdə hələ cavan olan (cəmi 45 yaşı var!), lakin zahirən azı 60 yaşlı qocanı xatırladan Anatoli Andreyeviç Banişevski unudulmaz həmkarımız Adil Qaçayoğluna “Ülfət” qəzeti üçün müsahibə verir: “Mən siyasətbazlığı öz ləyaqətimdən aşağı sayıram, siyasətlə həqiqi mənada məşğul olmaq isə mənim imkanlarımdan xaricdir. Amma qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi: “Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm”. Heç kəsə deməmişəm, indi sizə deyirəm: hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam... Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam... Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm...”
***
“Dnepr”in qapısına vurduğu sonuncu qoldan sonra isə A.Banişevski Moskvada nəşr olunan və uzun illər ərzində keçmiş SSRİ məkanındakı qəzet köşklərində əl altından satılan “Futbol-Xokkey” həftəliyinin müxbirinə demişdi: “Dnepr”lə matçda yüzüncü topumu vurdum və “Neftçi” “Qriqori Fedotov klubu”na daxil oldu. Yox, mən səhv etmirəm: “Neftçi” deyiləndə həmişə öz doğma komandamızı nəzərdə tuturam. Mən bu komandada böyüyüb boya-başa çatmışam, onunla fəxri kürsüyə qalxmışam, onunla güclülər dəstəsini tərk etmişəm və yenə də bu dəstəyə qayıtmışam. Oynamağı qurtardıqdan sonra, əlbəttə ki, “Neftçi”nin qızğın pərəstişkarı olacağam”.
Məşhur rus və
Sovet jurnalisti, həmin “Futbol-Xokkey” (“Futbol”) həftəliyinin
redaktoru olmuş Lev Filatov da 80-ci illərin ortalarında
yazırdı: “Banişevski bu günədək
bakılıdır; nə Moskvayla, nə Kiyevlə,
çempion olan heç bir klubla onu şirnikləndirə bilmədilər.
O, yığma komandaya da Bakı meyarları ilə gəlirdi,
hey təəssüflənirdi ki, doğma klubda olduğu kimi,
Edik Markarovla bir yerdə oynamaq ona qismət olmur. Belədə
nə deyəsən? Hər kəs ürəyinin
hökmünə tabe olur. Gözəl bakılı
hücumçular Ələkbər Məmmədov və Yuri
Kuznetsov daha çox Moskva “Dinamo”sunda şan-şöhrətə
yiyələndilər. Markarov da “Ararat”a keçdi və
orada çempion oldu. Banişevski heç yana getmədi.
Hökm verməyin mümkün olmadığı bir vəziyyətdir:
klubuna və doğma şəhərinə tərifəlayiq sədaqətlilik
göstərilir və güman etmək olar ki, istedad da buna
qurban verilir. Hərçənd biz indi deyə
bilmərik ki, Moskvada və ya Kiyevdə Banişevskinin taleyi
necə olacaqdı? Yalnız mücərrəd
şəkildə, bəxtəbəxt güman etmək olar ki,
yaxşı olacaqdı. Hücumçu
kimi. Bəs insan kimi?
... Bakı xeyli
yaxşı ustalar yetişdirmişdir. Lakin
təkcə Banişevski bütün qollarını
özünün cavanlıq çağlarının klubunda
oynayarkən vurmuşdur; o, üst-üstə bütün
bakılılardan daha çox öz şəhərini ölkənin
yığma komandasında təmsil etmişdir”.
Biz Ələkbər Məmmədovla
haqlı olaraq fəxr edirik. Amma çox vaxt belə
bir fakta da göz yumuruq ki, Ələkbər Əmiroviç
futbolda bütün uğurlarını “Neftçi”dən kənarda
qazanıb və məhz Azərbaycandan kənardakı nailiyyətlərinə
görə futbol salnamələrinə düşüb.
Kim deyə bilər ki, Banişevski də - bizimki olaraq
qala-qala! - kənarda daha yüksək
uğurlara sahib olmayacaq, Azərbaycan futbolunun adına daha
artıq şöhrət qazandırmayacaqdı?! Axı təbiətən Banişevski Azərbaycanın
hesabına şöhrət Olimpinə yüksələn və
sonra da Azərbaycana arxa çevirən namərdlərdən
deyildi. Və yəqin ki, o da elə Ələkbər
müəllim kimi, dünyanı gəzib dolaşandan sonra yenə
son sığınacağı-nı doğma Bakısında
tapacaqdı!
Banişevski Azərbaycan futbolu
üçün doğulmuşdu; ömrünü,
sağlamlığını Azərbaycan futbolu naminə
qurban vermişdi; sonucunu da Azərbaycan futboluna vəsiyyət
etmişdi: “Başıma bir iş gəlsə, AFFA-ya xəbər
verərsiniz” - demişdi!..
Və bu məqamda da Banişevski
qanı qanımızdan, soyadı soyadımızdan olan
neçə-neçə azərbaycanlıya İnsanlıq,
Vətəndaşlıq dərsi vermişdi!..
***
Lev Filatovun
“Hücumçular” kitabında (Moskva, 1986) dərc olunmuş
Banişevski haqqında essedə qeyd edildiyi kimi,
“İstedadlı hücumçunun çəlpəşik
taleyi (...) təkcə onun özünə məxsus deyildir. Bu taleyə bəzək-düzək
vurmağa da ehtiyac yoxdur. Yuxuya getməzdən
qabaq futbol rəşadətləri göstərməyi
arzulayan oğlan uşaqlarının isə bu tale barədə
qısaca da olsa, xəbər tutması pis olmazdı”.
Banişevski əfsanəsi və Banişevski həqiqəti haqqında “Banişevski olduğu kimi” adlı kitabımı mən də elə bu məqsədlə yazdım və 2002-ci ilin fevralında AFFA-nın dəstəyi ilə 1000 nüsxə tirajla nəşr etdirdim. (Yeri gəlmişkən, həmin kitabın 600 nüsxəsi bu gün də yaşadığım mənzilin daimi “sakini”dir...)
***
... Banişevskinin doğum günü... Sağ qalsaydı, bu il cəmi-cümlətanı 71 yaşını qeyd edərdi. Təəssüf ki, əfsanəvi “9 nömrə”miz indi təkcə qədirbilən insanların xatirələrində yaşayır. Eyni zamanda bu da bir təsəllidir ki, bizim bu günlərimizdə ədalətsiz zəmanənin ədalətsizliklərini görməməyə də dəyər: çoxdandı fikir verirəm ki, Sovet futbolunun tarixindən ağızdolusu danışanlar heç yerdə, bircə kərə olsa da, Anatoli Banişevskinin adını çəkmirlər. Hərçənd... bunun da izahını tapıram: sovet futbolunu indi rus futbolu kimi təqdim edirlər, Banişevski isə heç vaxt rus futbolunda oynamamışdı. O, anadangəlmə Azərbaycan futbolçusuydu və Azərbaycan da birmənalı şəkildə etiraf etməlidir ki, bütün meyarlar baxımından XX ƏSRDƏ BU TORPAQDA YETİŞƏN ƏN BÖYÜK FUTBOLÇU ELƏ BANİŞEVSKİ OLUB.
Banış...
Banya...
Tolik...
Anatoli Andreyeviç...
Sadəcə, BANİŞEVSKİ!!!
İstedadın ərköyünlüyünün
qurbanı olan dahi “9 nömrə”miz!..
Şakir YAQUBOV
525-ci qəzet.- 2017.- 4 fevral.- S. 24.