Mustafa Çəmənli:
"Mən müharibəyə bağlı insanam, ona görə
bu mövzuya müraciət etməyi özümə borc bilirəm"
Müsahibimiz tanınmış yazıçı,
publisist Mustafa Çəmənlidir.
Bu günə
qədər müəllifin Qarabağ müharibəsi
mövzusunda “Fred Asif”, “Mübariz”, “Ruhların üsyanı”,
“Üçyaşlı əsir” adlı sənədli və bədii
nəsr əsərləri nəşr olunub.
Dəfələrlə nəşr olunan “Xallı
gürzə” tarixi romanı, Qarabağ xanlığına,
onun yaradıcısı Pənah xan Cavanşirə həsr
edilib.
“Ölüm mələyi” tarixi romanın, “Leyli və Məcnun”
- 100 il səhnədə”, “Sənət hekayələri” kimi dəyərli
kitabların müəllifidir.
- Mustafa müəllim, bu yaxınlarda
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarı, Birliyin katiblərini, həmçinin
bir neçə tanınmış yazıçı və
şairi qəbul etdi. Görüş çox maraqlı və
səmərəli keçdi, cəmiyyətimiz
üçün dəyərli məsələlər
müzakirə olundu. Görüşdən sonra
yazıçı və şairlər hərbi hissələrdəki
kitabxanaları daha da zənginləşdirmək
üçün avtoqrafları ilə kitablar
bağışladılar. Yəqin ki, yazıçı
olaraq siz də bu təşəbbüsdən geri
qalmayacaqsınız.
- Əlbəttə, mən bu təşəbbüsü
ürəkdən alqışlayıram. Çox məmnuniyyətlə
bu xeyirxah işə qoşuluram. Təkcə bu gün
deyil, hələ qanlı döyüşlər gedən illərdə
də həmkarlarımla
hərbi hissələrə, torpaqlarımızın müdafiəsində
dayanan əsgərlərlə görüşə gedirdim. O
ağır günlərdə hərbçilərimizə mənəvi
dayaq durmaq lazım idi. 1992 və 1993-cü illərdə rəhmətlik
Söhrab Tahirlə, Ağacavad Əlizadə və başqa
ziyalılarımızla Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl
və Ağdam, Tərtər bölgələrindəki
döyüşçülərlə görüşlərimiz
olub. Bu görüşləri tez-tez
xatırlayıram. Sanki bütün bunlar
dünən olub. Bir fikri də dilə gətirmək
istəyirəm. Dünyanın ən
böyük foto-obyektivinin çəkmədiyi şəkilləri
insanın gözü çəkə bilər. O illərdə
cəbhə bölgəsinə etdiyimiz səfərləri,
zabit və əsgərlərlə keçirdiyimiz
görüşləri gözümlə yaddaşıma
çəkmişəm. Mənim
üçün yaddaşıma köçmüş o şəkillər
həmişə canlıdır, diridir. İstənilən
vaxt yaddaşıma boylanıb o illərdəki hadisələrə
baxa bilirəm. O ağır günlərdə təkcə
görüşlərlə, çıxışlarla kifayətlənməyib
vətənpərvərlik mövzularında məqalələrlə
də mətbuatda çıxış edirdim. Bir
ziyalı kimi düşmən üzərində qələbəmiz
naminə əlimdən gələni əsirgəməmişəm.
Yeri gəlmişkən, deyim ki, həmin günlərdə
vətənpərvərlik mövzusunda yazdığım məqalələrə
görə Yazıçılar Birliyinin diplomuna layiq
görülmüşdüm.
- Sizin Azərbaycanın Milli Qəhrəmanı
Asif Məhərrəmov haqqında yazdığınız “Fred
Asif” adlı sənədli romanınızı oxucular maraqla
qarşıladı. Bu roman necə yarandı,
necə araya-ərsəyə gəldi?
- Hər
hansı bir kitab mənbəyini, mövzusunu müəyyən
hadisələrdən alır. Batalyon komandiri Asif Məhərrəmovla
cəbhə bölgəsinə olan səfərlərin birində
tanış olmuşdum. Onun
müharibəyə şüurlu münasibəti diqqətimi
cəlb etmişdi. Fred Asif qorxmaz
döyüşçü və şəxsiyyət idi.
O, döyüş bölgəsində şəhid olmasa da,
soyuq səngərlərdə sağlamlığını
itirmişdi. Bunun nəticəsi olaraq 1994-cü
ildə vəfat etmişdi. Onun qəhrəmanlığını
əbədiləşdirmək üçün sənədli-bədii
əsər yazdım. Beləcə, “Fred
Asif” romanı yarandı. Mən bu əsərdə
sənədliliklə bədiiliyi qovuşdurmağa
çalışmışam.
Qəhrəmanı oxucuya olduğu kimi,
realistcəsinə təqdim etmişəm. Heç bir uydurmaya, şişirtməyə yol verməmişəm.
Əsasən şahidlərdən eşitdiklərimi
qələmə almışam. Siz dediyiniz
kimi, bu əsər oxucular tərəfindən rəğbətlə
qarşılandı. İki dəfə nəşr
olundu. Bilirsinizmi, hər qəhrəmandan
da kitab yazmaq olmur. Məni Asif Məhərrəmov
haqqında kitab yazmağa vadar edən onun müharibəyə
olan şüurlu münasibəti idi.
- Mustafa müəllim, nə idi bu
şüurlu münasibət? Qəhrəmanın
müharibəyə şüurlu münasibətini bilmək
oxucular üçün də maraqlı olardı.
- Asif Məhərrəmov batalyon komandiri idi. Əldə
silah düşmənlə vuruşurdu. Məqsədi
torpaqlarımızı erməni
işğalçılarından qorumaq idi. Gecəsi-gündüzü səngərlərdəydi.
Təbii ki, üstümüzə mərmi
yağdıran düşməni gül-çiçəklə
qarşılamırlar. Asif də bir
komandir kimi düşməni susdurmaq üçün atəş
əmri verirdi. Amma o, hər dəfə
düşmən mövqelərinə atəş açmaq əmri
verdikdə deyirdi ki, ya Allah, mənim atdığım güllə
nə qadına, nə də uşağa dəyməsin.
Bu, çoxlarının yaxşı
tanıdığı qəhrəmanın fəlsəfəsi
idi. O müharibədə günahsız, dinc adamların
qanının tökülməsini istəmirdi. Onun
atəş hədəfi yalnız düşmənin
döyüşçüsü idi. Azərbaycan
zabiti, Azərbaycan əsgəri bu ürəklə, bu humanist əqidə
ilə döyüşürdü. Amma
görün ermənilər bizim əsirlikdə olan
qadınların, uşaqların başına nə oyunlar
açıblar, ağlasığmaz işgəncələr
veriblər.
- Kitabınız nəşr olunandan
sonra hərbi hissədə təqdimat mərasimi də
keçiribsiniz.
- Bəli,
kitab işıq üzü görəndən sonra Azərbaycanın
Milli Qəhrəmanı Asif Məhərrəmovun xidmət
etdiyi və komandiri olduğu hərbi hissədə təqdimat
mərasimi keçirdik. Milli
televiziyamızın hərb vətənpərvərlik
şöbəsinin əməkdaşları da tədbirdə
iştirak edirdi. Zabit və əsgərlər
həmin tədbirdə fəal iştirak edirdilər. Onlar qəhrəmanın keçdiyi həyat və
döyüş yolundan bəhs edən əsəri çox
maraqla qarşıladılar. Təqdimat mərasimində
əsgərlər qarşısında çıxış
etdim. Qəhrəmanla bağlı xatirələrimdən
söz açdım. Yurdumuzun müdafiəçiləri
ilə görüşdən mənəvi zövq aldım.
Bu təqdimat, bu görüş mənim
üçün yaddaqalan oldu. Hərbçilərə
olan sevgim, istəyim daha da artdı. İstənilən
gün, istənilən an mən hərbçilərlə
görüşə hazıram.
- Sanki sizin qələminiz qəhrəmanlıq
və vətənpərvərlik mövzusuna köklənib. Aradan illər keçəndən sonra Azərbaycanın
Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında da
“Mübariz” adlı sənədli povest yazdınız.
- Qəhrəmanlar
haqqında mütləq yazmaq lazımdır. Çünki
onlar böyüməkdə olan nəsillər
üçün örnəkdir, qəhrəmanlıq nümunəsidir.
Mübariz İbrahimovun qəhrəmanlığını
eşidəndə, sanki, damarımda qanım coşdu, onunla
qürur duydum, fəxr etdim. Qəhrəman
haqqında yazmaq üçün vaxt itirmədən onun
doğulub boya-başa çatdığı Biləsuvar rayonuna
yollandım. Mübarizin valideynləri və
yaxınları ilə görüşüb haqqında kifayət
qədər məlumat topladım. İşlər
çox uğurlu alındı. Az
zaman çərçivəsində sənədli povest
yazıb çap etdirdim. Bu, Mübariz
İbrahimov haqqında yazılan ilk kitab idi. Sevindirici haldır ki, “Mübariz” povestindən
müvafiq fraqmentlər həm tarix, həm də ədəbiyyat
dərsliklərinə salınıb. Bu,
çox müsbət hadisədir. Şagirdlər
Mübariz haqqında yazılanları böyük maraqla
oxuyurlar. Məni tez-tez Mübariz
İbrahimovla bağlı keçirilən tədbirlərə
dəvət edirlər. Belə mərasimlərdə
qəhrəman barədə danışmaqdan çox məmnun
oluram. Bir neçə dəfə müəllimlər
Mingəçevirdən, Gəncədən dərs prosesində
mənə telefon açaraq şagirdlərlə canlı
bağlantı yaradıblar. Şagirdlərin
qəhrəmanla bağlı suallarına cavab vermişəm.
Bu çox yaxşı bir nümunədir.
Müharibə şəraitində
yaşadığımız indiki günlərdə qəhrəmanlığı
tərənnüm edən əsərlərin təbliği, tədrisi
çox vacibdir. “Ruhların üsyanı”,
“Üçyaşlı əsir”, “Xallı gürzə” və
başqa kitablarım Qarabağ müharibəsinin
ağrı-acılarına, tarixi keçmişinə həsr
olunub. Qarabağ mövzusunda yazdığım məqalələrimi
ingilis, fars, rus dilllərinə tərcümə
etdirmişəm ki, qoy başqa millətlər də erməni
vəhşiliyindən məlumatlı olsun.
- Sizi müharibə və qəhrəmanlıq
mövzusuna bağlayan hansı hisslərdir?
- Bir var, hərdən televizorda müharibə səhnələri görəsən, yaxud Qarabağla bağlı bir tabloya baxıb təsirlənib nəyisə yazasan, bir də var ki, müharibənin içindən keçəsən, onun ağrı-acısını yaşayıb sonra yazasan. Uşaqlığım, gəncliyim Qarabağda keçib. Mən özüm müharibəyə bağlı insanam. Ona görə də bu mövzuya müraciət etməyi özümə borc bilirəm. Bunu məndən düşdüyüm mühit, yaşadığım zaman tələb edir. Ağdam rayonunun Çəmənli kəndində dünyaya göz açmışam. 1988-ci ildən bəri güllə səsləri eşidə-eşidə yaşayırıq. Torpaqlarımızın erməni qəsbkarlarının tapdağı altında qalması bir yazıçı, bir ziyalı, bir vətəndaş kimi məni çox ağrıdır. Qarabağın hər yerini qarış-qarış gəzmişəm. O yerlər mənim üçün çox doğma və əzizdir. Soruşsalar ki, mənim üçün dünyanın ən əziz yeri haradır? Fikirləşmədən deyərdim ki, mənim üçün ən doğma və fəxr elədiyim, öyündüyüm, sevdiyim yer Şuşadır, Şuşa qalasıdır. Bizim o tərəflərə yolumuz düşəndə valideynlərim demirdilər ki, Şuşaya gedirik, deyirdilər Qalaya gedirik. Mənim üçün bu qala həmişə məğlubedilməzlik rəmzi olub. Şuşa bizim qürur mənbəyimizdir. Tarix kitablarından oxumuşdum ki, neçə-neçə cahangirlər, sərkərdələr bura hücum etsələr də, qalanı fəth edə bilməmişdilər. Bu yolda məğlub olmuş, başlarından keçmişdilər. Şuşa həqiqətən alınmaz bir qala idi. O yerlərə ayağım dəyəndə özümü güclü hiss edirdim. Belə möhtəşəm qalanın nə vaxtsa ermənilərin zəbt edəcəyini heç ağlıma da gətirməzdim. Amma ağlımıza gəlməyənlər başımıza gəldi. Alınmaz qalamız, Şuşamız ermənilərin caynağına keçdi. Bu acı xəbər ürəyimizi dağladı. Qarabağı bu qədər ürəkdən sevməsəm, qəlbən bağlanmasam müharibədən bəhs edən bu əsərləri yaza bilməzdim. Məni müharibə mövzusunda yazmağa təhrik edən hiss yurd itkisi, Vətən sevgisi, doğma yerlərin həsrətidi. İnanıram ki, bir gün sevinc hissləri bu həsrəti yuyub aparacaq. Nəhayət üzümüz güləcək.
- “Burdan bir
atlı keçdi” bədii publisistik kitabınız da tarixilik
baxımından çox qiymətlidir.
- Həqiqətən də o çox dəyərli bir əsərdir. Bu kitab əsasən Qarabağın tarixinə, keçmişinə, qəhrəmanlarına və etnoqrafiyasına həsr olunub. Maraqlı və dəyərli olduğuna görə iki dəfə nəşr olunub. Bu əsərdə məni düşündürən ümdə məsələlərdən biri tarixi şəxsiyyətlərimizin xalqın yaddaşında necə hifz olunması və tarixi keçmişinə münasibətidir. Gənclərimiz bu əsərləri oxusalar tariximizi daha da yaxşı öyrənərlər.
- İnsanı qəhrəmanlıq
göstərməyə sövq edən vətənpərvərlik
hissləridir. Bəs bu hiss insanda necə yaranır, necə
formalaşır?
- Haradasa auditoriyaya girib desən ki, hamınız Vətəni sevin, heç şübhəsiz bir tapşırıqla, əmrlə, çağırışla heç kim vətənpərvər olmayacaq. Vətən sevgisi gərək insanın içindən gəlsin. Əgər insan qəhrəmanlığı tərənnüm edən çoxlu kitablar oxuyarsa, yəqin ki, vətənpərvər böyüyəcək. “Koroğlu”, “Qaçaq Nəbi” və başqa qəhrəmanlıq dastanları, qəhrəmanlıq nağılları gənclərə vətənpərvərlik hissləri aşılayır. Bu ali və müqəddəs hisslərin formalaşmasında ailə və məktəbin də rolu əvəzsizdir. Yəni ədəbiyyat, söz sənəti insanın həm dünyagörüşünü artırır, həm də onda vətənpərvərlik hisslərini formalaşdırır desək, yəqin ki, yanılmarıq.
- Erməni əsirliyinə
düşənlər geri qayıdandan sonra onlara ermənilərin
verdikləri işgəncələr haqda eşitdikdə adam dəhşətə
gəlir. Düşmən bizə qarşı çox
amansızlıq göstərir. Amma nədənsə bizdə
bu qəddarlıq yoxdu.
- Müqəddəs kitablarda da yazılıb ki, sənə zülm edənin qarşısına mütləq çıxmalısan. Əgər düşmən sənin torpağını işğal edibsə, millətinə zülm edibsə təbiidir ki, onun qarşısına silahla çıxmalısan. “Lazım gələrsə silaha sarılarıq” ifadəsini çox tez-tez eşidirik. Bu sözlər çox təkrarlandığından bir az urvatdan düşüb. Məncə, bu günlərdə biz hamımız Vətənin müsəlləh əsgəri olmalıyıq. Torpaqlarımızın azad olunmasının yolunu bunda görürəm. Ötən illər göstərdi ki, ermənilər sülh istəmir, onlar müharibə tərəfdarıdırlar. Məncə işğalçı ilə elə öz dilində danışmaq lazımdır.
Müsahibəni
yazdı: Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.- 2017.- 4 fevral.- S.10.