Milli Kitabxanada gənc yazarlarla görüş
Fevralın 3-də Milli
Kitabxanada gənc yazarlarla görüş
keçirilib. Görüş Mədəniyyət
və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
(ASAN Xidmət) birgə
təşkilatçılığı ilə reallaşan "Gəncliyin səsi" festivalı çərçivəsində
təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin kino yaradıcılığı və filmlərin təbliği sektorunun aparıcı məsləhətçisi, yazıçı Elşad Əliyev ənənəvi festival günlərində yaradıcı gənclərin iştirakı ilə konsertlər, görüşlər, sərgilər təşkil olunduğunu bildirib. Vurğulayıb ki, bu gün Azərbaycan yaradıcı gəncliyi dövlətimizin qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hər il bir neçə gənc yazarın Prezident təqaüdünə layiq görüldüyünü vurğulayan E.Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi ölkə başçısının gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.
Çıxış edənlər bildiriblər ki, "Gəncliyin səsi" festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Festival paytaxtla yanaşı, bölgələri də əhatə edən layihə gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.
Gənc Ədiblər Məktəbinin üzvləri olan yazarlar çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüş gənc müəlliflərin öz yaradıcılıq nümunələrinin
təqdimatı və fikir mübadiləsi
ilə davam edib.
525-ci qəzet.- 2017.- 7 fevral.- S. 7.