Xalq Artisti Firəngiz Şərifova anılıb

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatrkino aktrisası, Xalq Artisti Firəngiz Şərifovanı yad edib.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri xiyabana gələn sənət ocağının yaradıcı kollektivi sənətkarın qəbrini ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar.

Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək unudulmaz sənətkarın ifa etdiyi obrazlardan, geniş yaradıcılıq potensialından və hər bir obraza xüsusi yanaşma tərzindən danışıb.

Bildirilib ki, Azərbaycan teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya göz açan Firəngiz Şərifova Üzeyir Hacıbəylinin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında “Oqtay Eloğlunda Sevər və bir az sonra “Sevil”də Gündüz rollarında çıxış edib.

Diqqətə çatdırılıb ki, 2014-cü il fevralın 20-də dünyasını dəyişən Firəngiz Şərifova Azərbaycan teatr sənətinin inkişafına və təbliğinə böyük töhfələr verib və bir-birindən maraqlı, yaddaqalan obrazlar qalereyası yaradıb.

 

525-ci qəzet.- 2017.- 7 fevral.- S. 7.