... Hələ ki oğlumun başı açıqdır

 

Dekabrın 27-də Mərkəzi Klinik Xəstəxanada oğlum Toğrulu əməliyyat edən beyin cərrahı Vüqar Mirzəliyevə ithaf edirəm...

 

"Təcili yardımda" bir oğlan gedir,

Halı pərişandı... Beyni qan gedir....

İlahi, gəldi görən başına ?!.

Bir maşın şütüyür sazaqlı yolda -

Barı o saldığın yola bağışla....

Başıma kül yağır qar əvəzinə,

O telli oğlanın cavan ömrünü

Gen-bol yağdırdığın külə bağışla....

Futbol oynayanda dəyən topdumu...

Bu bəla TOP olub onu tapdımı..

Bəla top kimidir, top bəla kimi,

Barı göndərdiyin topa bağışla...

Əlim ətəyində, Uca Yaradan...

Ondan əsirgəmə şəfqət nurunu,

Oğlum nicat tapa..

tapa...bağışla....

Top-top oynamağı sevərdi bir vaxt.

Top kimi uşaqdı, bir az toppuşdu.

Aylar ilə döndü, günlər ötüşdü...

Tez-tez qol vurardı mənim qapıma.

Zatən Ataların qapısı açıq -

Oğul gəlişinə, qız gedişinə...

Verdiyin uşaqdı... bir az böyüyüb...

İlahi, aldığım topa bağışla...

Bir zaman aldığım uşaq topuna...

 

***

 

...Cərrah stolunda bir telli oğlan,

Palata önündə boynum bükükdü...

İlahi, adamam, günahım çoxdur...

Gəl as boğazımdan Haqq Tərəzini-

Pislik eləmişəm - öz ayağıma yaz...

Yaxşılıq etdimsə, ver əvəzini...

Sənə yalvarıram....,

oğluma dəymə.....

Qapında itinəm, İt şairinəm...

 O telli oğlanın başına qıyma,

Onun yaşı var... yaşadı ki...

Yenə xəstəxana qapılarında,

Palata önündə duran qardaşım

bir zaman yol gedib Məkkəyə sarı

 Barı o getdiyi yola bağışla...

Cərrah stolunda bir telli oğlan,

Daraq əvəzidi cərrah bıçağı -

Darağa ilişən telə bağışla...

Daraq yaddan çıxsa,... məni Yaradan,

Bıçağa ilişən telə bağışla...

 

***

 

Başım nələr çəkdi bu qeylu-qalda -

Mənim başsız başım, papaqsız başım...

İlişib qalmışdım bir dar dalanda

Başım dumanlıydı, söz qarışıqdı...

Bu səs hardan gəlir, qışqırıqdı?...

Dost əli uzandı tələbəlikdən -

Su səpdi könlümə, toxdadım bir az...

"Bəxtiyar, məni komsomola yaz..."

Hələ ki oğlumun başı açıqdır...

 

Gənclik illərində Qış şəhərində

Bir zaman başıma corab hörənlər -

O qızlar deyəsən çıxmışdı yaddan..

Deyirəm yaxşı yadıma saldın...

Qışın şaxtasında corab geyirəm

Soyuqdan qoruyur ayaqlarımı...

Yollar buz bağlayıb, yol qarışıqdır...

Corabı başıma geyinim gərək -

Hələ ki oğlumun başı açıqdır...

 

Ürəyim üşüyür, əlim bir yana...

Bu müsibətdi, bu qələtdi?,

İlahi,... örəsən bu sazaqdı?

Hərdən yağış yağır, hərdən qar yağır....

Görəsən yağmağa yermi qəhətdi ...

Hələ ki oğlumun başı açıqdır...

 

Kimdir qəfil döyən ömür qapımı...

Az qala darvaza çıxsın yerində.

Bəlkə bu gələn oğlumdur elə..

Tez durum tələsik açım qapını..

Bəla çağrılmamış qəfil qonaqdır...

Səhv salıb bəlanı bala bilmişəm...

Hələ ki oğlumun başı açıqdır..

 

Yüz dəfə demişəm dərsə gedəndə...

"Başına papaq qoy, hava soyuqdur...

Telinmi dağılar, a telli oğlan?.."

Kamil bir papaqçı olsa da insan

Daim ələ düşmür bir kamil həkim..

Sən harda qalmısan, ay papaq tikən?..

 

Sən harda qalmısan, ay papaq satan?...

 Bilirəm, çıxmışıq Böyük çilədən...

Bilirəm, çıxmışıq Kiçik çilədən..

Qarşıda Boz aydır... Çöl yaşıllıqdır...

Papaq tikən kimdir, papaq satan kim...

Mənim vüqarımı sınmağa qoyma...

Sənə üz tuturam, ay Vüqar həkim...

Hələ ki oğlumun başı açıqdır...

 

P.S. Səməd Vurğuna istinad etdiyim "Bəxtiyar, məni komsomola yaz" misrası ilə əslində tələbə yoldaşım professor Bəxtiyar Əliyevə işarə vurulur..

 

fevral 2017-ci il

 

Akif ƏHMƏDGİL

 

525-ci qəzet.- 2017.- 7 fevral.- S. 7.